Bir söz oxumuşdum. Harada oxuduğum yadımda deyil, bəlkə də hansısa kinoda eşitmişdim. “Ailə keçmişin bizə miras qoyduğu bir anlayış deyil. O, hər nəsildə yenidən qurulan bir dəyərdir”. Çox xoşuma gəlmişdi, çünki çox doğrudur.
Ailə cəmiyyətin ən mühüm dayağıdır. İnsan hər şeyi – sevgini, hörməti, mərhəməti, məsuliyyəti və paylaşmağı ilk ailədə öyrənir. Bir uşağın gələcəkdə necə bir insan olmağında ailəsinin böyük rolu var. Elə buna görə də ailədə baş verən dəyişikliklər təkcə bir evin daxilində qalmır, bütövlükdə cəmiyyətə təsir göstərir.
Təəssüflə qeyd etmək istəyirəm ki, son illərdə ailə münasibətlərində ciddi dəyişikliklərin baş verdiyinin şahidi oluruq. Əvvəllər ailədə vacib hesab edilən bir çox dəyərlər bu gün əvvəlki kimi qorunmur. Valideynlə övlad arasındakı münasibətlər, həyat yoldaşlarının bir-birinə qarşı davranışları, hətta böyüklərə münasibət də dəyişib.
Müasir insanın həyatı əvvəlki nəsillərin həyatından xeyli fərqlənir. Texnologiyanın inkişafı, sosial şəbəkələrin geniş yayılması, qadınların əmək bazarında daha fəal iştirakı, şəhər həyatının sürətlənməsi və insanların azad yaşamağa daha çox əhəmiyyət verməsi ailə münasibətlərinə də təsirsiz ötüşmür.
Əvvəllər ailədə “nə deyərlər?” düşüncəsi çox güclü idi. Hətta insanlar xoşbəxt olmadıqları münasibəti belə yalnız başqalarının qınağından qorxduqları üçün davam etdirirdilər. İndi isə insanlar öz həyatları ilə bağlı qərarları sadəcə öz istəklərinə uyğun verməyə çalışırlar. Bu, bir tərəfdən çox yaxşı dəyişiklikdir. Çünki heç kim sırf cəmiyyətin fikrinə görə zorakılığa, təhqirə və ya bədbəxt münasibətə məhkum edilməməlidir. Lakin bir çox insan şəxsi azadlığı məsuliyyətsizliklə qarışdırır.
Ailə sevgi ilə qurulur, amma səbir, fədakarlıq, qarşılıqlı hörmət və məsuliyyətlə də davam etdirilir. Artıq “biz” düşüncəsini “mən” düşüncəsi əvəz edir. Müasir dövrün ən böyük dəyişikliklərindən biri insanların şəxsi azadlıqlarına verdiyi dəyərin artmasıdır. Bu, əslində, sağlam düşüncədir. Lakin ailədə ən çox “mən” sözü işlədildiyi zaman o ailədə “biz” anlayışı zəifləyir. Kiçik fikir ayrılığı böyük mübahisəyə, mübahisə isə ayrılığa çevrilə bilir. İnsanlar bir-birini dinləmək əvəzinə haqlı çıxmağa çalışırlar. Halbuki sağlam ailədə vacib olan kimin qalib gəlməsi deyil, problemin həll edilməsidir.
Ailə münasibətlərini dəyişdirən əsas amillərdən biri də sosial şəbəkələrdir. Bu gün insanlar dünyanın hər yerində baş verənləri saniyələr içində görə bilirlər, başqalarının həyatını izləyir, onların evlərini, səyahətlərini, münasibətlərini və xoşbəxtlik görüntülərinə baxıb öz həyatları ilə müqayisə edirlər. Bu da ailədə söz-söhbət yaradır, valideynləri bir-birindən uzaqlaşdırır. Ən təhlükəlisi də elə budur: ailə üzvlərinin eyni evdə yaşaya-yaşaya bir-birindən uzaqlaşmağı. Hər an ata telefonda, ana sosial şəbəkədə, uşaq isə kompüter qarşısında olur. Bir evin içində üç ayrı dünya yaranır.
Əvvəllər ailələr süfrədə söhbət edir, dəyərlərdən, adət-ənənələrdən danışırdı, amma indi hər kəs süfrəyə əlində telefonla oturur. İnsanlar bir-birinin üzünə baxmır, qaldı ki söhbət edələr, dəyərlərimizdən danışalar.
Ailə dəyərlərindəki dəyişiklik uşaqların tərbiyəsində də özünü göstərir. Əvvəllər valideynlər daha sərt olurdular, indi isə bir çox valideyn övladının fikrinə daha çox əhəmiyyət verir. Bu da yaxşı haldır. Uşağın fikrini dinləmək, onun şəxsiyyətinə hörmət etmək həyatda formalaşması üçün vacibdir. Lakin valideynlə dost olmaq valideynlik məsuliyyətini unutmaq demək deyil.
Uşağa hər istədiyini vermək sevgi deyil. Bəzən uşağa “yox” demək də sevgidir. Ona məsuliyyət öyrətmək, etdiyi səhvin nəticəsini göstərmək, doğru ilə yanlışı ayırmağı öyrətmək valideynin əsas vəzifələrindən biridir.
Ailə dəyərlərindən danışarkən böyüklərə münasibəti də yaddan çıxartmaq olmaz. Əvvəllər nənə-baba ailənin ayrılmaz hissəsi idi. Yaşlıların məsləhətinə qulaq asılardı. Söhbət fiziki məsafədən yox, mənəvi məsafədən gedir.
Bəzi insanlar nənə-babasından uzaqda yaşasa da, onları hər gün xatırlayır, zəng edib halını soruşur. Amma bəzən də eyni evdə yaşayan insanlar bir-birinə qarşı tamamilə laqeyd olurlar. Deməli, ailə dəyərini müəyyən edən əsas məsələ birlikdə yaşamaq da deyil, bir-birinin həyatında olub-olmaqdır.
Ailə dəyərlərini qorumaq üçün keçmişə qayıtmağa ehtiyac yoxdur. Əsas məsələ keçmişin yaxşı dəyərləri ilə müasir dövrün müsbət imkanlarını birləşdirməkdir. Hörmət köhnəlməyib, sədaqət köhnəlməyib. Valideynə qayğı, övlada məsuliyyət, həyat yoldaşına hörmət, çətin gündə bir-birinin yanında olmaq da zamanla köhnəlməyən dəyərlərdir.
Müasir dövrdə bəzi dəyərlər dəyişir, amma dəyişən hər şey məhv olmur. Bəzi dəyərlər zamanla yenilənir, bəziləri isə öz əhəmiyyətini itirir. Əsas məsələ hansını qoruyacağımızı düzgün seçməkdir.
Afaq Azər