Yalan danışmaq elə bir zəncirdir ki, uzandıqca uzanır. Yalan da yalan gətirir. Bir də onda ayılırsan ki, özün də hiss etmədən yalanın ssenarisini özün yazırsan və şaxələyirsən.

 

Bacardığım qədər həyatı anlayandan yalandan uzaq olmuşam. Şirin yalana öyrəşənlər məni acı həqiqətlərimlə o qədər də sevməyiblər. Neynim, mən də beləyəm. Kiməsə xoş gəlmək üçün qaraya ağ deməmişəm hüquq yönümlü mühitdə. Şəxsi həyatda isə... Yox, o qədər də saf deyiləm, bəzi istisnalarım var. Nahaq danışmasam da, mənim yalanlarımın fəlsəfəsi var. Psixoloji, tədris, fizioloji terapiya yönümlü olduğunu zamanla gördüm.

 

​Onu da xüsusi qeyd edim ki, bu yalanlarım genetikdir. Şəcərə tarixini deyə bilmərəm, üç nəslin şahidiyəm. ​Məsələn, nənəmdə bir xüsusiyyət var idi, həmişə bir məclisdə olanda daha kasıbyana geyinəni, nə bilim, nəzərə alınmayanı, el dili ilə desək, “sayılmayanı”, özü demiş, “mətdiyərdi”, başa çəkərdi: “Nə gözəl paltarın var, mən də istəyirəm”, “Filan yeməyin dadlı idi”,  “Filan vaxt filan işin nə gözəl idi” və s. Bununla da o adamı diqqət mərkəzinə gətirərdi. Bu, nənəmin “ürəyi yumşaqlıq” taktikası idi, hansı ki, yalan deyirdi – nə o qadının geyimi onun zövqündə idi, nə bişirdiyini bəyənməzdi, sadəcə, o qadının “pislənməsini” ürəyi götürmürdü deyə yerində işlətdiyi yalanı ilə bir xeyirxahlıq edirdi.

 

​Nənəmin yalanları öz “kruqunda” keçərliydisə, anam da genetikadan gələn xoşməramlı yalanına öz əlavəsini etmişdi. Danışırdı ki, ali məktəbə qəbul imtahanı verirdim, yazılı ədəbiyyat imtahanında sərbəst mövzu “Sovetlər və təhsil” (təxmini belə mövzu olub) idi. Düşündüm ki, digər mövzuları təhlil etsəm, yaxud məzmun çıxarsam, səhv tapacaqlar, kəsmək asan olar. Sərbəst inşa yazsam daha yaxşıdır. Anam deyirdi ki, Nizami, Füzuli yetirən mədrəsə təhsilini tənqiddən başladım, gəldim Sovet təhsilinin bərabərliyinə. Leninin uşaqları sevməyini, uşaqlara məktubunu və s. ağlına gələn bir neçə ağlabatan cümləni Leninin sitatı kimi yazır və ətrafında fikir yürüdür. Heç kim risk edib “4” yazmayıb, nə də heç kim risk edib maraqlanmayıb ki, görək bu cümlələri Lenin deyib, ya yox. Anam beləcə yalanla qəbul imtahanından “5” alıb.

 

​Yadıma gəlir, bir dəfə də iki qonşumuz bir-biriylə danışmırdı, hər ikisi anama qeybət edirdi, anamsa yalandan onlara “Amma o sənin haqqında heç belə danışmır. Deyir, düzdür, boş şeyin üstündə incidik, artıq-əskik danışdıq, amma peşmanam. Bəlkə unudaq bu məsələni. O mənə filan yaxşı işlər etmişdi” – deyərək bildiyi hansısa köhnə xatirələri demişdi. Digərinə də eyni sözləri deyirdi. Onlar da bir-birindən xəbərsiz bir-birini bağışlamışdılar. İkisi də elə bilirdi digəri ona minnətçi düşüb. Beləcə, onlar anamın bu yalanı ilə barışdılar və bir daha küsmədilər. Bu yalanın şahidi isə yalnız uşaq sayıb anamın diqqət etmədiyi balaca qızı idi.

 

​Mən də üçüncü nəslin nümayəndəsi olaraq nənəmdən xoşməramlı yalanları, anamdan təhsil, təlim, “çıxış yolu” yalanlarını öyrənib öz mühitimə uyğun təkmilləşdirdim və həyat yolumda mənim də yalanlarım var.

 

​Məsələn, mən valideyn iclaslarında tənqid olunan bəzi şagirdləri yalandan tərifləyirəm, onlarda işıq gördüyümü, bir az da çalışsa çox irəli gedə biləcəyini deyirəm. Gördüyüm səhvlərini görməzdən gəlməklə onların doğrudan da irəli getməyinin şahidi olmuşam. İşini düzgün bacarmayan neçə kəsə “Sən cəhd elə, mütləq alınacaq” deyə-deyə onları elə həvəsləndirmişəm ki, özümün də inanmadığım nəticələr alınıb. Düzdür, buna indiki metodika ilə motivasiya deyirlər.

 

​Bu yalanlar nənədən gələn xoşməramlı yalan idi, anamdakı çıxış yolu yalanı idi, məndə motivasiya oldu, məndən sonra nə olacaq, bilmirəm. Onu bilirəm ki, əgər atdığın bir addımın içində xoş niyyət, nəticəsində sevinc varsa, o addımı atın, yalan da olsa atın...

 

Esmira Ələkbərli