Qəzetlərdə, sosial şəbəkələrdə və internet portallarında bir çox insanımızın tənqidi yazıları ilə və yaxud bu insanların gündəm barədəki aktual yazıları ilə qarşılaşıram. Bu zaman mənim də fikrimdən gündəmlə əlaqədar yazılar və yaxud da tənqidi yazılar yazmaq keçir. Ancaq mən daha çox yaşayış, məişət, insanlar və bu kimi bir sıra mövzularda yazmağı bacarıram. Nə bilmək olar, bəlkə gələcəkdə gündəmin nəbzini ən yaxşı tutanlardan biri də mən olacağam. Mənim seçdiyim mövzu bu deyil. Burada öz yazı tərzim barədə oxuculara məlumat vermək istədim. İndi isə qayıdıram yazmaq istədiyim mövzuya.

 

Əvvəlcə hedonizm adlanan bir fəlsəfi görüşdən bəhs etmək istəyirəm. Nədir hedonizm? Hedonizm kəlməsi yunan dilindəki “hedone” - “zövq” kəlməsindən düzəldilib, mənası isə “zövqçülük” deməkdir. Hedonizm fəlsəfəsi qədim Yunanıstanda meydana çıxmışdır, bu fəlsəfənin banisi filosof Sokratın da şagirdi olan filosof Aristipposdur. Aristippos öz fəlsəfəsini açıqlayarkən hər davranışın səbəbinin xoşbəxt olmaq istəyi, nədənsə zövq almaq istəyi olduğunu deyir. Həmçinin Aristippos da daxil olmaqla hedonizm fəlsəfi görüşünü dəstəkləyənlər həzzin əslində mütləq mənada yaxşı olduğunu, insana davamlı həzz verən şeylərə yönəlməyin ən yerində davranış olduğu görüşünü müdafiə edirlər. Bir sözlə, bu fəlsəfi görüşə görə, həyatın mənası davamlı həzz duymaq, həzz duymaq üçün nəsə etməkdir. Bu barədə daha ətraflı danışmaq istəyirəm.

 

Hedonizm fəlsəfəsində həzz təbiəti etibarı ilə yaxşı; ağrı, kədər isə təbiəti etibarı ilə pisdir. Bu fəlsəfi yanaşma bir baxıma zövqün ağrı və kədərə üstünlüyünü xoşbəxtlik adlandırır. Bunlar bir yana dursun, hedonizmin bir neçə növləri də vardır. Yəni hedonistlər də bir neçə növə ayrılır. Kəmiyyətə önəm verən hedonistlər, zövqün rifah üçün nə qədər mühüm olduğunu, zövqün sadəcə olaraq miqdarının çox və az olmasına bağlı olaraq dəyərli olduğunu deyirlər. Onlar zövqün müddətinin uzunluğu, qısalığı, qüvvətliliyi və zəifliyi ilə maraqlanırlar. Bu hedonizm növünü müdafiə edənlər, ümumiyyətlə, heyvani, bəsit və əxlaqsız zövqlərə həddindən artıq dəyər verməklə ittiham edilirlər. Keyfiyyətə önəm verən hedonistlər zövqün keyfiyyəti ilə maraqlanırlar və zövq keyfiyyətinin zövq üzərində böyük təsiri olacağını düşünürlər. Normativ hedonistlər insanların tək və ana motivasiyasının zövqlər olmalı olduğunu söyləyirlər. Digər tərəfdən hedonizmin bu növünün tərəfdarları insanların etdiyi bütün hərəkətlərin səbəbinin ağrı, kədər və zövq olduğunu deyirlər. Altruistik hedonizm isə bir fəaliyyətin və ya qərarın əxlaqlı olub-olmadığına qərar verməyin tək yolunun bütün insanlar üçün zövq yaradıb-yaratmadığına baxmaq olduğunu deyirlər. Bu fəlsəfi görüşə görə, həyatın mənasının davamlı olaraq həzz duymaq olduğunu qeyd etmişdim, əslində isə belə olmadığını deyirlər bir çoxları. Yəni həyatın mənası davamlı olaraq həzz duymaqdan ibarət deyil. İnsan əgər yaşayırsa, onun bu yaşayışına qəm də daxildir, xoşbəxtlik də, zövq də, ağrı da.

 

Hedonizmin bütün növlərinin tənqidə layiq olmasına baxmayaraq (hətta fikir adamları tərəfindən müəyyən qədər tənqid olunub da) insanlar hedonistdir. Ancaq burası var ki, bəzən zövq alınan bir şey daha sonra adiləşə də bilir. Yəni  insan bu gün zövq almaq üçün nəsə edirsə və bundan böyük zövq alırsa, ancaq həmin şeyi sabah edənda həmin dərəcədə deyil, nisbətən az zövq duyur. Əlbəttə ki, bu cür zövqlərə daha çox  mənəvi zövqlər daxildir.

 

Əslində isə bütün dadlar suyun dadı kimidir. Yadıma gəlir, çox kiçik yaşlarımda, evimizdən bir qədər uzaqda tarlamız var idi. Anam məni də yanına alardı, tarlaya işləməyə gedərdik. Bəzən özümüzlə su aparmazdıq. İşimiz çox olduğu üçün uzun müddət evə gedə bilməzdik, möhkəm susuzlayardıq. Mən isə çox kiçik olduğum üçün təkcə evə gedə bilməzdim. Axşam olub evə gedəndə, su içəndə, içdiyimiz suyun dadını dünyadakı sərinlədici içkilərin heç biri verməzdi, hansı ki, o sərinlədici içkiləri adi vaxtlarda içərdik və o qədər həzz almazdıq. Daha sonralar da tarlaya işləməyə gedəndə və özümüzlə su aparmayanda sevinərdim, sevinərdim ki, yenə möhkəm susuzlayacam, susamış vəziyyətdə evə gedəcəm və su içməyin dadını doyunca hiss edəcəyəm. Yəqin ki, oruc tutub bir gün axşama susuz qalanlar məni daha yaxşı başa düşərlər. Əslində su dünyanın ən dadsız şeyidir, ancaq onu möhkəm susayıb sonra içəndə dünyanın dadlı şeyi olur. Yəni insan əzab çəkməsə həzz almaq onun üçün adi bir şey olar, qəmgin olmasa xoşbəxtliyin ləzzətini anlaya bilməz, acmasa yeməkdən zövq ala bilməz, eləcə də susuzlamasa suyun dadını bilməz. Yaşayın. Yaşama qəm çəkmək də daxildir, xoşbəxt olmaq da, ancaq siz mənə baxmayın, suyu çox için.

Vüqar VƏKİLOĞLU