İnsanoğlunun həm daxili, həm də xarici mənliyi, kimliyi vardır. Xarici kimliklə var olmaq son zamanlarda yaman dəbə düşübdür. Fani dünyada aldadıcı gözəlliklər yetməmiş kimi bir də insanlar aldadıcı gözəlliklər arxasına düşüblər. İnsanın arxasına düşdüyü aldadıcı gözəllik isə xarici gözəllikdir. Xarici gözəllik də lazımdır. Bəs xarici gözəlliyə nələr aiddir? Misal üçün: geyimin səliqəli, təmiz olması və s. Ancaq günümüzdəki insanlar bunlara fikir vermək yerinə fikirlərini başqa yerlərə cəm ediblər. İnsan daxili ilə var olmağı bacarmalıdır. Daxili ilə var olmağı bacaran insan öz xarakteri ilə, xasiyyəti, bilik və bacarığı ilə var olmağı bacaran insandır ki, buna da bir az müdriklik lazımdır. İnsanoğluna bəxş edilmiş bu gözəlliklər var ikən aldadıcı fani gözəlliklərlə var olmaq sevdasındadır. Bu sevda nədəndir? Əslində bu sualın cavabı çox sadə və asandır. Sualın cavabı odur ki, daxili aləmini kəşf etməyən, daxilinin inkişafı üçün səy göstərməyən passiv insan asan yolu seçərək xarici kimliklə var olmağa çalışır. Xarici kimliyə aldanan, onun toruna düşən insanlar fikri, düşüncəsi qıt insanlardır. Bu gün keçmişi bəyənməyib lağlağı ilə baxanlar əslində keçmişin necə gözəl dövr olduğunu bilməyənlərdir. Əvvəllər insanlar anıldıqları zaman gözəl bilik-bacarıqları, xoş xasiyyətləri ilə anılırdılar, elə yad edilirdilər, çünki həyatda şəxsiyyətləri ilə izlər buraxırdılar. Şəxsiyyətlə iz buraxmaq da daxili kimliyin əsəridir. Ancaq indiki dövrdə şəxsiyyətlə iz buraxmaq nadirləşib. Belə halda da iz buraxmaq mümkün olmur.
Bir cəmiyyətdə gözəl izlər buraxmaq tərk edilməyə üz tutubsa, bu o cəmiyyətin aqibətinin xoş olmayacağına işarədir.
Cəmiyyətin var olması üçün şəxsiyyətlər gərəkməkdədir. Ancaq bu şəxsiyyətlər kəmiyyətlə ifadə olunmamalıdır, keyfiyyət baxımından da gerçək şəxsiyyətlər olmalıdır.
Xarici kimliyin istifadə edilməsi üçün dünya qollarını çərmələyib əməlli-başlı iş görməkdədir. Amma bu da bilinsin ki, qətiyyətlə xarici kimlik qalib olan deyil. Çünki daxili kimliyi yaşatmaq istəyənlər də az deyildir və qüvvələri də gözlə görülməyəcək qədər böyükdür.
Lamiyə Hacıyeva
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Qadınlar Şurasının sədri