Bəlkə də tək qız olmağımın nəticəsi idi ki, hamının xoşbəxt, qayğısız, ərköyün bildiyi qızcığaz daxilən özünü daim tək sayırdı. Düşünürdüm ki, bəlkə bacım olsa məni anlaya bilər, eyni xasiyyət olardıq. Bəzən özümün ruh ekizimi düşünür, təsadüfən onunla danışardım. Bəzən də anam xətrimə dəyəndə, bu gün gülməli görünsə də, özümü övladlıq xəyal edir, sonra da əsl anamı tapır və onların mənimlə tamamilə eyni fikirli adamlar olduğunu düşünərdim. Beləcə bu xəyallarla böyüdüm. Ünsiyyət problemim olmasa da daxilən tənhalığım da mənimlə böyüdü. Tanıdığım bütün qızlar mənim üçün yalnız bir sahədə uyğun olardı – kimi zövqü, kimi savadı, kimi evdarlığı, səliqəsi və s. ilə. Bir neçə sahədə ortaq olsam da kiminləsə tam uyğun ola bilmədim. Sadəcə yola verirdim. Çox adam məni özünə dost bilsə də, əslində heç dostum olmadı. Anam deyərdi ki, hamıyla dil tapırsan. O dili tapana qədər itən zaman məndən idi...
Bir-birinin əksi olmayan dünyada XX əsrdə məlum oldu ki, barmaq izləri təkrar olmurmuş. Nə qədər insan var, o qədər fərqli barmaq naxışları var. Mən bunu ilk dəfə biləndə möcüzənin marağından çaşmışdım. Sonralar düşündüm ki, yəqin adamların sayı da rəqəmlər kimidir – SONSUZ.
Sadəcə sıra sayları bir-birinə yaxın olduqca uyğunluq çoxalır, uzaqlaşdıqca azalır. Hansı adamlarla yaxın məsafədəyik onlara yaxşı dedik, uzaq olduqlarımızı pis bildik. Əslində isə hər kəs özü üçün haqlı və öz ədalətində imiş. Deməli, həyatda pis adam yoxmuş, yaxşı olmayan kimi, sadəcə baxır kimin gözündə.
Enşteynin nisbilik nəzəriyyəsini beləcə mən öz fəlsəfəmə tətbiq etdim. Vay-vay... Nələr gördüm, nələr. Sən demə bəddua yazan cadugər heç də günahkar deyilmiş, ona görə ki, birinə “pislik”, digərinə “yaxşılıq” edirmiş. Yəni yaxşılıq, pislik də nisbi imiş.
İnsanlar bir-biri ilə ona görə küsüşürlərmiş ki, onların sıra sayları bir-birinə uzaq imiş, hərəsi özünə görə haqlı. Onların anlaşması üçün zamana ehtiyac varkən, ən pisi isə odur ki, ortada olan yuyulmamış çömçələr öz çirkin əməlləri ilə qarışıqlıq salarmış. Anam elə adamlara “alaçatı” deyərdi, yəqin onun-bunun boğazına dolanan, məcburi sürüyən mənasında imiş...
Mətbəxdəyəm, tərəvəz şorbası bişirirəm. Pomidor, kök, sarımsaq, soğan, kartof, bibər, göyərti, vermişel, ədviyyatlar da öz yerində. Yenə düşüncələrimlə təkəm. Yekə qaşığı – ÇÖMÇƏNİ götürüb qarışdırdıqca mənə elə gəlirdi ki, qaşıq hər tərəvəzə yaxınlaşıb bir söz deyir, ona deyir acıdır, buna deyir duzludur və s. Onların da hərəsi bir tərəfdə üzür. Hələ su qaynamayıb. Çömçə öz işindədir, qarışdırır.
Elə ki yemək bişir, turş da, şirin də, acı da bir-birinə qarışır. Hər şey öz yerini tapır. Bu zaman o bulaşıq çömçəni aşbaz – həyat götürüb kənara atır. Qarışıb özünü təqdim edən şorba və təamı dadan üçün çömçə əhəmiyyətsiz olaraq kənarda qalır.
Deməli, kiminsə şəxsi həyatına müdaxilə etmək olmaz, yoxsa o bulaşıq çömçə kimi kənarda qalacağıq. Bir də, ən əsası odur, elə sözlər danışaq ki, üz-üzə gələndə utanmayaq. Unutmayaq ki, söz yarası heç vaxt sağalmır.
Həyat çox qısadır, doğrudan da dəyməz!
Alaçatı insanlara el arasında yuyulmamış çömçələr deyilir. Döğrudan da ömrümüzdə mənasız adamların mənasız fikirlərinə yer ayırmaq itirilmiş ömür olardı.
Anam söz gəzdirənləri heç sevməzdi, kimsə qeybət edəndə gülüb deyərdi ki, bax, ömrümüzün itirilmiş hissəsini yaşayırıq. Uşaqlıqda bu cümlənin mənasını tam dərk etməsəm də, bu gün o cümləyə Nobeldən də yüksək qiymət verərdim.
Doğrudan da yaşamaq istəyəndə çox az olan bu həyatı insan olaraq, ADAM kimi yaşamağa dəyməzmi?!
Esmira ƏLƏKBƏRLİ