İlk cümlənin bir yazı üçün nə qədər böyük rol oynadığının fərqindəyəm. Bilirəm ki, hamımız ilk cümlə ilə analiz edirik hər bir yazını, ona əsasən qərar veririk oxumağa davam edib-etməyəcəyimizi. Amma inanın ki, bu dəfə o sehirli sözləri tapa bilmədim. Bilmədim, hansı sözləri seçim ki, sizə “yolumuzun sonu yaxşı görünmür” deyə bilim. Ona görə də, xahiş edirəm, başlanğıcı özünüz seçin. Elə seçin ki, oxumağa davam edə biləsiniz.
Kitabsız ev yoxdur, məncə. İndi deməyin ki, əgər belə olsaydı cəmiyyətimiz tamam fərqli yerdə olardı. Nəzərdə tutduğum kitablar sadəcə rəflərdə deyil, zirzəmilərdə, köhnə əşyaların, qış ehtiyatlarının, istifadə olunmayan şeylərin yanında, bir küncə atılmış, beş səhifəsindən üçü əskik olan kitablardır. Bu xatırlatmadan sonra siz də təsdiqləyərsiniz ki, kitabsız ev yoxdur.
Cəmiyyətimizi formalaşdıran kitablardan çox onların qoyulduğu, saxlanıldığı yerlərdir. Nə zirzəmidə toz basmış, nə də hər gün tozu alınıb qızıldan rəflərdə sərgilənən kitablar dəyişdirə bilməz cəmiyyəti. Bizləri, gələcəyi sadəcə iki növ kitab dəyişdirə bilər. Birincisi, elə həyatımızdadır, günü-gündən bizi daha da çıxılmazlığa, biliksizliyə çəkən, “dərslik” adı ilə tanınan o kitablar. Gəlin niyə belə dediyimi sizə də açıqlayım.
Bunu yazarkən o qədər əminəm ki, tək deyiləm... Bəlkə də bu hiss mənə başlanğıcını seçə bilmədiyim bir yazını davam etməyə güc verir. Mən heç bir dərsi məktəb dərsliyindən öyrənməmişəm. Müəllimlərimiz həmişə köhnə kitabları tapıb oradan oxuyub-öyrənməyimizi məsləhət görüblər. Elə vaxtlar olub ki, sadəcə bir kitab tapa bildiyimiz üçün bütün dərsi oradakı məlumatı dəftərə köçürmək üçün xərcləmişik. Buna rəğmən hər gün çiynimizdə çəkisi öz çəkimizin üçdə, dörddə biri olan çantalarla getmişik. Birdən “yoxlama” gələr, başqa kitabdan oxuduğumuzu görər və məktəb üçün problem yaranar deyə...
Elə kitablar olub ki, sadəcə iki dəfə açıb baxmışıq – bir semestrin əvvəlində və bir də sonunda, dərslikləri təhvil verərkən. Onu da birdən arasında dəftərimiz, qələmimiz qalar deyə.
Hə, bir də mən arada vaxtım olanda musiqi kitabını vərəqləmişəm, həyatımda heç görmədiyim, varlığından belə xəbərim olmayan musiqi alətlərinin şəkillərinə baxmaq üçün.
İndi də hərdən qohum-qonşunun uşaqları gəlir yanıma, tapşırıqlarını izah edim deyə. Baxıram ki, kitabları təptəzədir, hamısı da son üç-beş ilin nəşrləridir.
O gün yenə bir uşaq gəldi yanıma. Tapşırığı izah etməmiş dedim mövzu izahına baxım. Bir-iki cümlə oxumuşdum ki, yadıma məktəb vaxtımdan qalmış riyaziyyat kitabı düşdü. Kitablarımı bir az qarışdırdıqdan sonra tapdım. Başladım oradakı izahı oxumağa və yenisi ilə müqayisə etməyə. Yanıma gələn uşağa dedim: “Gedəndə bu kitabı da apar, burada daha aydın izah olunub, həm də mövzuya aid misallar çoxdur”. İnanın ki, tarixin təkrarlanmağından heç bu qədər narahat olmamışdım.
Deməli, vəziyyət o qədər gərginləşmiş, pisləşmişdi ki, bizim dövrün kitabları yenilərlə müqayisədə daha yaxşı sayılırdı. Açığı, mən gələcəyin bir müəllimi kimi heç vaxt köhnə kitablarla öyünmək, “bizim vaxtımızda təhsil daha keyfiyyətli idi” demək istəmirəm. Çünki belə olmamalıdır. İnkişaf təhsilə bağlıdır.
Uzun illər nəyinsə dəyişməməsi, sabit qalması elə pisləşməsinə bərabərdir. Qaldı ki, bizdə, sabit belə qala bilmir.
Yenə deyirəm: mən gələcəkdə aldığım təhsillə öyünmək, şagirdlərə mənim bildiklərimi heç vaxt öyrənə bilməyəcəklərmiş kimi hiss etdirmək istəmirəm. Yaxud da sadəcə mənim bildiklərimlə yetinmələrini istəmirəm. Mən də hər il eyni şeyləri əzbərləmiş kimi onlara öyrətməyim, kənara çıxmalar yaşansın, analiz edə bilsinlər oxuduqlarını. Kitablar onları elə formalaşdırsın ki, mən onlara yetə bilmək üçün çalışıb-çabalayım. Lazım olsa suallara yetişə bilməyim, cavab tapmaq üçün həmişə araşdırmalar edim. İndiki və gələcək ilə müqayisədə keçmişin təhsili yetərsiz görünsün. “Yaşlı kadrlar işdən çıxsa, yerinə gələ biləcək gənclər çox azdır”, “İndiki oxumaq heç bir şeydir” deyilməyini istəmirəm.
Tək bir çıxış yolumuz var, bünövrəni sağlamlaşdırmaq, təhsili gücləndirmək. Bu da başda da vurğuladığım, ikinci növ kitaba keçid deməkdir. Yəni ehtiyac duyulan müvafiq dərsliklərə. Əks halda, çap olunmuş və olacaq kitabların hamısı ağac israfıdır. Yəni təbiətə həm özümüz inkişaf etməyərək, həm də onu yox edərək ikiqat ziyan vururuq.
Sonda yazımı hər bir məktəbin divarına vurulması lazım olan bir sözlə bitirmək istəyirəm. Riyaziyyat müəllimim həmişə deyərdi: “Siz bir gün riyaziyyatı mənim qədər bilsəniz, bununla öyünməyin. Çünki məndən daha çox bilməlisiniz. Sizdə həm mənim, həm mənim müəllimimin, həm də özünüzün biliyi, oxuduğunuz kitablar cəmlənməlidir. Bu da, əlbəttə, mənimkindən çox olmalıdır”.
Şüarımız hazırdır, dəyişiklik isə mütləqdir!
Hürnisə ƏHMƏDOVA