“Hökumət tərəfindən qeyri-ciddi təşəbbüs, imperator modeli və “terror aktı”. Bunun ümumtəhsil komponentinə heç dəxli yoxdur” – Qafqaz Universitetinin professoru və Təhsil Nazirliyində milli tədris planının inkişafı üzrə keçmiş koordinatoru Niko Silaqadze məktəblərdə 11 illik təhsilin tətbiq edilməsi qərarına münasibət bildirib.

 

Mütəxəssis EDU.ARIS.GE-yə verdiyi müsahibəsində şagirdə, məktəbə, milli tədris planına və ümumiyyətlə, ictimaiyyət üçün gözlənilən ziyan barədə ətraflı danışıb. O, həmçinin 11 illik təhsilin əlavə hansı dəyişikliklərə səbəb olmasından, yeni prinsiplərə uyğunlaşmaq üçün sistemdə hansı işlərin aparılmalı olduğundan da söhbət açıb.

 

 

– Cənab Niko, niyə 11 illik təhsil “pisdir”?

 

– Bu suala cavab vermək üçün ictimaiyyətə məktəbin niyə mövcud olduğunu xatırlatmağımız lazımdır.

 

Məktəb bir növ ailənin davamıdır – şagirdin qayğıkeş mühitdə olduğu və özünü mühafizədə hiss etdiyi institutdur. Uşağa fərdi azadlıq axtarışında, yaxud özünü realizə etməkdə kömək edən məkandır. Bəzən məktəbə müştəri gözü ilə baxırlar, misal üçün, əmək bazarı, yaxud konkret malın marağından irəli gələrək... Amma onun əsas funksiyası həmişə şagirdin fərdi inkişafı olub və indi də belədir. Hətta orta pillədə belə, diqqət nisbətən daha çox peşəyönümlülüyə və ali təhsilə yönəldildikdə də. Buradan irəli gələrək, ümumtəhsil mütəxəssisinin təhsil müddətinin azaldılmasını dəstəkləməsi, yaxud anlayışla başa düşməsi aydın deyil.

 

Təhsil Nazirliyinin ümumtəhsil üzrə kurator müavini belə təşəbbüsü alqışlayırsa, bu, adi oksomorindir. Təxminən belə: insana söz azadlığını qorumaq tapşırılsın, o isə azad televiziya və qəzetlərin sayının azaldılmasını dəstəkləsin.

 

– Ümumtəhsil kuratorunun bu qərara münasibəti necə olmalıdır?

 

– Real olaraq, cavab belə olmalıdır: birmənalı şəkildə qəbul olunmazdır.

 

– Niyə?

 

– Çünki uşağın məktəbdə olma müddətini niyə məhdudlaşdıracağımızı bizə başa salmaları mümkünsüzdür. Bu niyə bəyənilir. Dövlətin uzunmüddətli ümumi təhsili, uşaqların inkişaf etdiyi, özlərini müdafiədə hiss etdiyi (biz böyüklər bir qayda olaraq belə sosial mühitdə yaşamaqdan məhrumuq) məkanı maliyyəlşdirməsindən yaxşı bəyanatı ola bilməz. Belə qarışıq ölkədə belə bir məkandan imtina etməyi hansı arqumentlə doğrultmaq olar?

 

Aydındır ki, bu gün məktəbin çox problemi var. Amma bu onun sosial funksiyasını dəyişmir. Bu funksiyanın qeyri-müəyyən arqumentlərlə azaldılması deyil, onun həyata keçirilməsinin qayğısına qalmaq lazımdır.

 

– Daha konkret desəniz, 11 illik təhsil qərarı qəbul etməklə şagird nə itirir, ondan nəyi almış oluruq?

 

– Yalnız şagirdin deyil, bütün ictimaiyyətin əlindən şagirdin inkişafına yönəlmiş institutu, ictimai məktəbi alırıq. Məktəb niyə, necə və kim tərəfindən işğal olunur? Bunu dərk etmək üçün ictimaiyyətə milli tədris planının nə olduğunu xatırlatmalıyıq.

 

Müxtəlif ictimai qrupların məktəbə müxtəlif marağı və münasibəti var. Məsələn, bütün fənn mütəxəssisləri istəyir ki, məktəbdə onun fənni güclü tədris olunsun. Siyasətçilər istəyir ki, onların siyasi partiyasının ideologiyası məktəb şəraitində daha çox təsvir olunsun. Universitetlərin və müxtəlif ictimai strukturların, patriarxlıq, yaxud konkret qeyri-hökumət təşkilatının şəxsi marağı var. Praktiki olaraq hamı istəyir ki, məktəbə “sifarişçi gözu ilə” baxsın və kurikulumun onların istədiyi məzmunda yazılmasına cəhd göstərsin.

 

Milli tədris planı isə bir növ filtrdir ki, bu tələbləri balanslaşdırır. Onun konsepsiyası və dizaynı imkan yaradır ki, hansısa səviyyədə bütün tərəflərin marağı nəzərə alınsın. Ancaq bu elə edilsin ki, əsas istiqamət itməsin – məktəbi yenidən şagirdin fərdi inkişafının xidmətində saxlasın.

 

Əgər milli tədris planı yoxdursa, məktəb müxtəlif qruplar arasında hakimiyyət uğrunda mübarizə poliqonuna çevriləcək. Bunun ilk əlamətlərini bu gün artıq görürük – bu yaxınlarda keşişlərin müəyyən dəyərlər haqqında danışmaq üçün məktəblərə daxil olmasına icazə verildi və ümumi təhsilin milli məqsədlərinin yenilənməsi prosesi ictimai razılaşmadan daha çox müəyyən siyasi tezislərin irəli sürülməsinə bənzəyirdi. Lakin bütün bunlar hələ də mövcud milli tədris planı ilə məhdudlaşır, balanslaşdırılır. Təhsil siyasəti sənədi statusunu və aydın konseptual xüsusiyyətlərini itirdiyi bir vəziyyətdə məktəb təhsili getdikcə daha çox hakimiyyətdəki qrupların subyektiv maraqları və zövqləri ilə dolu fənlərin öyrənilməsinə bənzəyəcək.

 

11 illik məktəblə əlaqədar qərar milli tədris planını məhv etmək deməkdir. Onun konsepsiyası və məntiqi pozulur. Bu 10+2 formatına da aiddir.  Bunun çərçivəsində Təhsil və Elm Nazirliyi bir neçə ay əvvəl yenidən işlənmiş fənn standartlarını dərc etdi.

 

Milli tədris planının tənəzzülü bu gün başlamasa da, bu gün daha çox hiss olunur. Əvvəllər təhsil sisteminin müxtəlif komponentlərinin, məsələn, müəllimlərin peşəkar inkişafı sxeminin və ictimai məktəblərin təsdiq prosesinin niyə milli tədris planı əsasında qurulmadığı mübahisəli idi, lakin indi təhsil proqramlarının bütün çərçivəsinin mövcud tədris planına heç kimin diqqət yetirmədiyi bir vəziyyətlə qarşılaşırıq. Hökumət 11 illik təhsil elan etməklə açıq şəkildə bildirdi ki, ümumi təhsilin inkişafına cavabdeh olan qurumlar ibtidai sifarişi yerinə yetirənlərdir. Onlar bu gün 10+2 sifariş verə və təhsili profilləşdirə, sabah standartların sözdə “keçid versiyalarını” yazıb dərc edə bilərlər, ertəsi gün isə bundan sonra təhsilin 11 illik olduğunu, indiyə qədər deyilənlərin əhəmiyyətsiz olduğunu deyə bilərlər. “Tanrı dedi ki, işıq olsun və işıq oldu”... Kobaxidze dedi ki, 11 sinif olsun və bunu təhsil sisteminin rəhbərləri təkrarladılar, sanki bu təşəbbüsün ya təhsil islahatı, ya da milli tədris planının hazırlanması prosesi ilə əlaqəsi varmış.

 

– Yəni siz belə görürsünüz ki, 11 illik təhsilə qayıtmaq qərarı ilə milli tədris planı təhsil siyasəti sənədi kimi qorunub saxlanılmır?

 

– Əlbəttə, milli tədris planı sənədi burada daha yoxdur. Təhsil siyasəti sənədini itiririk. Çünki 11 illik təhsil qərarı təhsil ekspertləri dairəsindən gəlmir, nə də onlara bağlanmır. Bu qərarda, ümumiyyətlə, ümumtəhsil mütəxəssislərinin səsi pıçıltı ilə də eşidilmir. Təhsil Nazirliyində işlədiyim dövrdə bununla bağlı çox müzakirələr görmüşəm ki, orta pillə necə qurulmalıdır. Amma tam məsuliyyətlə deyirəm – heç kim, heç vaxt, nə zarafatla, nə ciddi, nə beynəlxalq təcrübəni qeyd etməklə, nə də ölkənin keçmişinə müraciət etməklə 11 illik təhsil haqqında heç nə deməyib. Aydındır ki, bu qərar “yuxarıdan” gəlib. “Aşağıdan” isə artıq 10+2 formatında yenidən işlənmiş tədris planının olduğunu doğru-düzgün izah edə bilmədilər. Ola bilsin, bu format 11 illik təhsil ideyasından daha perspektivli ola bilərdi.

 

Məlum olur ki, həm mövcud milli tədris planı, həm də 10+2 formatında hazırlanmış yenidən işlənmiş tədris planı dağılıb, mövcud olan heç bir şey artıq məna kəsb etmir. Milli tədris planı artıq siyasət sənədi kimi deyil, ümumi, vahid konseptual sənəd kimi burada, bu məkanda görünmür. Mənim üçün məktəbin funksiyasının səhv başa düşülməsi ilə yanaşı, bu qərar siyasəti müəyyən edən sənədlərdən biri kimi milli tədris planının tamamilə dağılmasını vurğulayır.

 

Təhsil siyasətinin bununla heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, Təhsil Nazirliyində çalışan yüksək vəzifəli partiya rəsmilərinin və texnokratik administratorların PR bəyanatları var. Onlar bu məhsulun hansı proseslə inkişaf etməli olduğu barədə heç bir sual vermədən, bu gün bir məhsul, sabah isə başqa bir məhsul üzərində işləmək üçün mövzu üzrə mütəxəssislər təyin edirlər. Bundan daha böyük cinayət müəllimlərdən və direktorlardan partiya aktivləri kimi istifadə etməyə çalışmaları olardı.

 

– Milli tədris planının funksiyasının pozulmasını qeyd etməklə bizə çox ağır vəziyyəti göstərmiş oldunuz. Necə düşünürsünüz, təhsil siyasəti sənədinə və ümumiyyətlə, 11 illik tədris təcrübəsinə bu cür ziyan vurmaq nəyə gətirib çıxara bilər? Gürcüstan beynəlxalq təhsil tədqiqatlarında hansı yerdə olacaq? Mövcud vəziyyəti nəzərə alaraq, yaxın və uzunmüddətli perspektivdə şagirdin, məktəbin və təhsilin inkişafı baxımından şəxsən nə görürsünüz?

 

– Təsdiqlənmiş faktdır ki, ümumtəhsil sistemində bu gün vəziyyət yaxşı deyil – mən beynəlxalq tədqiqatların nəticələrini nəzərdə tutmuram – onları düzəltməyə ehtiyac yoxdur; əsas problem məktəblərdə təhsil prosesinin lazımi şəkildə getməməsi və təhsilin məqsədlərinə çatmaq üçün lazım olan atmosferin olmamasıdır. Başqa sözlə desək, məktəb ona həvalə olunmuş sosial funksiyanı yaxşı yerinə yetirmir.

 

Milli tədris planı təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına aparacaq işlərin istiqamətlərini müəyyən edir. Onun tətbiqi şagirdlərin təlim prosesinə daha çox cəlb olunması və məktəbin institusional inkişafı ilə əlaqələndirilir. Təəssüf ki, bu proses o qədər də uğurlu deyil – direktorların siyasi əsaslarla təyin edilməsi, müəllimlərin partiya aktivləri kimi istifadə edilməsi cəhdləri, məktəblərdə dəstək xidmətlərinin qeyri-sabit paylanması buna əhəmiyyətli dərəcədə mane olur. Buna baxmayaraq, milli tədris planında göstərilən ayrılmış məqsədli istiqamətlər hələ də təhsil müəssisələrində maraqlı pedaqoji təcrübələrin inkişafına töhfə verir – milli tədris planının proses deyil, məhsul olacağı vəziyyətdə; siyasi sənəd deyil, məsələlərin siyahısı olacağı bir vəziyyətdə, bu cür səylərin artıq mümkün olmayacağı aydındır. Sistemin artıq didaktikanı və inkişaf prosesini düzgün istiqamətə yönəldə biləcək bir “kompası” olmayacaq.

 

Məktəbin təkmilləşdirilməsi və inkişafı ilə bağlı diskurs tamamilə dağılacaq. Bu tamamilə arxa plana keçəcək. Məktəb bir şey öyrətdiyimiz, onu niyə, hansı metodlarla öyrətdiyimizi bilmədiyimiz bir məkana çevriləcək. Hökumət əsasən təlim və əmək bazarı haqqında danışdığı üçün məktəb, yəqin ki, heç kimin hansı proseslərin baş verdiyini bilmədiyi bir növ təlim mərkəzinə çevriləcək. Məktəb təlim mərkəzi deyil, hələ Con Dyui deyirdi ki, “məktəb həyata hazırlıq deyil, həyatın özü məktəbdir”. Beləliklə, bu məktəbin sosial funksiyasının məhvinə gətirib çıxaracaq – bir sözlə bu suala belə cavab verə bilərik.

 

Bu sanki möhür vurmaq deməkdir, çünki bu birbaşa bir ifadədir – siz heç vaxt 11 illik təhsildən bəhs etməmisiniz, heç vaxt düşünməmisiniz, heç vaxt 11 illik təhsilin nəyisə inkişaf etdirməyin bir yolu ola biləcəyini qaçırmamısınız, ona görə də danışdığınız, etdiyiniz, müzakirə etdiyiniz, təcrübəniz olan hər şeyə tüpürüm, 11 illik olacaq və qurtardı! Siz oturub məhsulları sıraladınız, müəllimlər isə dərsi məhsula çevirdilər... Siz 11 illik proqrama qərar verdiniz və s.

 

Yaxın və uzaq gələcəkdə nəyin daha pis olacağı barədə ətraflı danışmaq xoş deyil. İslahat elan edildikdə və Baş nazir, təhsil naziri, onun müavini bu barədə bir ağızdan danışdıqda, müzakirə mövzusu vəziyyətin necə yaxşılaşdırıla biləcəyi olmalıdır, nəyin daha pis olacağı deyil.

 

– 11 illik təhsil proqramına keçdikdə şagirdlərin proqramı nə dərəcədə 100 % mənimsəyəcəyini düşünürsünüz, bu mümkündürmü, yoxsa yenə də proqramdan nələrinsə çıxarılacağını gözləməliyik?

 

– Nə mövcud, nə də yenidən işlənmiş tədris planı 11 illik formata uyğun gəlmədiyi üçün, şübhəsiz ki, çıxarılacaq.

 

İlk növbədə, 10+1, yoxsa 9+2 ilə məşğul olacağımıza qərar vermək lazımdır. 10+1 praktik olaraq ümumi təhsilin orta səviyyəsinin ləğvi deməkdir ki, bu da Təhsil Nazirliyinin hazırkı rəhbərləri üçün belə həddindən artıqdır. Müvafiq olaraq, 9+2, yəni doqquz illik əsas və iki illik orta təhsil səviyyəsi qəbul edəcəyimiz daha çox ehtimal olunur. Bu format yenidən işlənmiş tədris planı ilə uyğun gəlməyəcək.

 

– Yəni milli tədris planının yenidən nəzərdən keçirilməsinə ehtiyac varmı? Bu yaxınlarda 10 illik baza səviyyəsinin tətbiqi artıq bu cür işlərin həyata keçirilməsinə təkan verib.

 

– Əlbəttə. 10+2 formatının əsas xüsusiyyəti profilli tədris idi. Əsas səviyyədə şagird məktəb fənlərinin bütün konturlarını tam şəkildə görə bilirdi, orta səviyyədə isə saat cədvəli iki hissəyə bölünürdü. Bunun təxminən 40-50 faizi məcburi inteqrə olunmuş fənlərlə doldurulmuşdu və bu fənlər vasitəsilə əsas səviyyədə əldə edilən biliklər sözdə “spiral prinsip”ə uyğun olaraq dərinləşdirilmişdi. Qalan saatlar hər bir fənn sahəsi üzrə təklif olunan gücləndirilmiş kurslara həsr olunmuşdu. Uşaq maraqlarına uyğun olaraq onlardan bir neçəsini seçə bilərdi.

 

Proqramı bu şəkildə qruplaşdırmaq asan deyildi. Proqramın inkişaf prioritetini qorumaq və əsas təhsil üçün tam bir çərçivə təmin etmək üçün çox iş görüldü. Bunun üçün müxtəlif fənlərin tədris mövzuları orta məktəbin əsas səviyyəsinə gətirildi. Bu effekti əldə etmək üçün kimya tədrisinə 7-ci sinifdən başlamaq və hətta 7-10-cu siniflərdə kompüter texnologiyalarının tədrisi zəruri idi.

 

Əlbəttə ki, 11 illik təhsil olduğu halda bu yanaşma artıq saxlanıla bilməz. Onun tətbiqi hətta dörd illik baza səviyyəsi şəraitində belə asan deyildi.

 

– Siz dəfələrlə 10+2 formatında yenidən işlənmiş tədris planını müsbət kontekstdə qeyd etmisiniz. 10+2 sistemi niyə yaxşıdır, bunun nəticələrini yəqin ki, artıq görməyəcəyik, niyə bəyənirdiniz?

 

– 10+2-ni bəyənirdim, çünki bu şagirdlərə daha çox azadlıq verirdi və məktəbin funksiyasını gücləndirirdi.

 

Qeyd etmək lazımdır ki, sistemdə həmişə 12-ci sinifdən düzgün istifadə ilə bağlı problemlər var idi. Hamı onun 2006-cı ildə əlavə edilməsinin bir nailiyyət olduğunu qəbul etsə də, heç bir mərhələdə onu həqiqətən mənimsəmək mümkün olmayıb. Əvvəlcə “Abitur” haqqında kifayət qədər qeyri-müəyyən bir fikir yarandı, sonra aksent “CAT” imtahanlarına yönəldildi və nəhayət 10+2 formatı məktəblərdə sınaqdan keçirilənə qədər keçid standartları da yaradıldı.

 

10+2 12-ci sinif və orta təhsil probleminə maraqlı bir həll yolu idi və sistemdə maraqlı prosesləri təşviq edə bilərdi. Bu uzun müddət hazırlanmışdır. Onda ümumi təhsilin təsviri əks olunurdu. 11 illik təhsil isə tamamilə vacib bir modeldir. Ümumi təhsil komponentinin bununla heç bir əlaqəsi yoxdur. Görünür, onlar heç məsləhətləşmə aparmayıblar. Bu hökumətin tipik “terror aktıdır”, hökumət nə deyirsə desin, əsasdır, qalanının isə əhəmiyyəti yoxdur! Kaliqula atını senator etdiyi kimi, Kobaxidze də təhsil sisteminə 11 sinifli məktəb tətbiq etdi.

 

– Və sonda, ümid edirsinizmi ki, bu qədər böyük işin görülməsi zərurəti və bunun üçün çox vaxt tələb olunması bu qərarın həyata keçirilməsinin mümkünsüzlüyünə gətirib çıxaracaq? Axı əvvəllər də bir çox təhsil islahatı ideyası olub ki, onlar gerçəkləşməyib...

 

– Düşünürəm ki, belə də olacaq. Ümidimi itirmirəm, bu, həyata keçirilməyəcək, çünki söhbət çox qeyri-ciddi bir təşəbbüsdən gedir.

 

 

Mənbə: edu.aris.ge

Gürcü dilindən tərcümə etdi

Aynurə ƏLİYEVA