Əsrlər, illər ötüb keçsə də bu dünyada dəyişməyən, mövcud olmağa davam edən biz insanlarıq. İnsan nədir? Yalnız nəfəs alan sümük və ət parçasından ibarət olan bir canlımı? Bəs o zaman nə üçün heyvanlar da biz insanlar kimi dəyər görmürlər? Onlar da insanlar kimi ətdən, sümükdən olan nəfəs alan canlılar deyillərmi?
İnsan həyatın bir parçasıdır. Əgər insanlar olmasaydı dünya olmazdı, bu gün istifadə etdiyimiz, gözlə gördüyümüz heç bir şey mövcud olmazdı. Görürsünüz, biz insanlar necə də vacib canlılar imişik. Bu günə qədər nələr ixtira edib, yaradıb bu insanlar, ancaq bu qədər şeyi ixtira edərkən, düzəldərkən əsas şeyi unutmuşuq – insanlığı.
İnsanlıq nədir? Təəssüflər olsun ki, artıq insanlığa çox nadir hallarda rast gəlmək mümkündür. Çünki bəzi insanlar beş-üç manata insanlıqlarını satırlar. İnsan dediyin şəxsdə vicdan, mərhəmət, sevgi hissi olar, bax, bizi digər canlılardan ayıran budur.
Türkiyə və Suriyada dəhşətli zəlzələ baş verdi. Bəlkə də mən həmin günə qədər zəlzələdən bu qədər qorxacağımı düşünməzdim, hətta yaşadığımız bu dövrdə zəlzələnin bu qədər ziyan törədəcəyinə belə inanmazdım. Nə yazıq ki, minlərlə insan öldü, yüzlərlə uşaq ailəsiz qaldı, atalar, analar övladlarını itirdilər...
Hanı ədalət?.. Bir günahkarın, işini doğru görməyən qatilin ucbatından minlərlə günahsız insan öldü. Axı o binaları tikən mühəndislər oxumuş şəxslərdirlər, diplomları var... Xeyr, istər bir yox, beş diplomu olsun, insanlıq olmadıqdan sonra nəyə yarar? Gözü ac, vicdan hissini itirmiş, guya oxumuş, diplomlu mühəndislər kağızdan binalara minlərlə insanları deyil, həmin insanlarla birlikdə minlərlə xəyalları, arzuları, sevincləri, xoşbəxtlikləri, xatirələri basdırdılar. Bu, insanlıqdırmı?
Nə üçün? Yüz manat artıq pul qazanacam deyəmi, isti, rahat evdə yaşayacam deyəmi, son model telefon işlədəcəm deyəmi, altımda bahalı maşınım olacaq deyəmi?.. Və dayanmadan bu cür başqa insanların haqlarına girmək... Bir gün etdikləri günahların qarşısında cavab verəcəklər, peşman olsalar belə heç nəyə yaramayacaq, çünki ölənlər bir daha o yaşadıqları gözəl günlərə geri dönə bilməyəcəklər, bir daha ata qızını görməyəcək, bir daha ailəliklə oturub axşam yeməyi yeyə bilməyəcəklər, bir-birlərinin üzlərinə bir daha baxmayacaqlar...
Dünyanın dörd bir yanından zəlzələ olan bölgələrə köməklik edilir – xilasedicilər, tibbi yardım, yemək, geyimlər, pul və s. Buna baxmayaraq, yenə də bu çətin gündə insanlıqlarını itirmişlər oğurluq edirlər: qızdırıcıları, sobaları, geyimləri, ərzaqları oğurlayırlar, hətta bəziləri uçmuş binaları gəzərək qızıl, pul və s. dəyərli əşyaları götürürlər. Öz ölümlərini düşünmürlər. Torpağın altına bu dünya malından yalnız kəfən götürürsən, amma o belə olmur bəzən. Kim bilir, bəlkə bir gün səni dəfn etmək üçün torpaq belə olmayacaq...
Bu həyatda dünya malı gəldi-gedərdi – yaşadığınız ev, istifadə etdiyiniz telefon, sürdüyünüz maşın, qızıllarınız və s. Yalnız və yalnız insanlıqdır qalıcı olan bu dünyada. Nə qədər ki yaşayırsınız, sevdiklərinizin qədrini bilin, qəlb qırmayın, axır-əvvəl bir gün bizlər də öləcəyik, nə zaman, harada, hansı şəkildə... bəlli deyil. Etmək istədiklərinizi təxirə salmayın, sonra gec olacaq.
Yazımı Lev Tolstoyun sözləri ilə bitirmək istəyirəm: “Hər kəs insanlığın pisə getdiyini qəbul edər, heç kim özünün pisə getdiyini qəbul etməz”.
Alina Fətullayeva