Tarixdə bəzi günlər, anlar və məqamlar vardır ki, onlar heç vaxt unudulmur. Bunların içərisində hətta elələri vardır ki, xalq tərəfindən illərlə qeyd olunur. Bu cür unudulmaz, hətta sevinclə qeyd olunan günlərdən biri də həzrət Peyğəmbər Məhəmməd Mustafanın (s.ə.s.) doğum günüdür. Onun doğumundan 1400 ildən çox zaman ötsə də bun gün də o tarix yad edilir, müsəlmanlar tərəfindən qeyd olunur. Bunun səbəbi isə həzrət Məhəmmədin (s.ə.s.) gözəl bir ailə başçısı, örnək bir lider, bacarıqlı bir dövlət başçısı, sadiq bir dost, vəfalı bir yoldaş olması ilə birlikdə uca Allahın bir çox ayeyi-kərimədə Hz. Peyğəmbərə imanın Allaha imanla birlikdə zikr edilməsidir. Şübhəsiz, Allaha iman, Peyğəmbərinə imanı tələb etməkdə və bu imanı təsdiq ifadəsi Peyğəmbərinin adını da ehtiva etməkdədir. Uca Allah, möminlərə Hz. Peyğəmbərə sevgi və təzim göstərməyi əmr etmiş, özünün də ona nə qədər dəyər verdiyini, onun mövqeyini nə qədər ucaltdığını xatırlatmış və belə buyurmuşdur: “Allah və mələkləri Peyğəmbərə çox salavat gətirərlər. Ey möminlər! Siz də ona salavat gətirin və tam bir təslimiyyətlə salam verin” (Əhzab, 33/56).

 

Hz. Aişə qeyd edir ki, səhabələrdən hər hansı bir ailə başçısı evində nə edirsə o da eynisini edərdi. O, hər kəs kimi bir insan idi. Paltarını təmizləyər, qoyununu sağar və öz ehtiyaclarını özü görərdi. Hz. Peyğəmbəri uşaqlarla zarafatlaşarkən, nəvələrini gəzdirərkən, gənclərlə dərdləşərkən, alver edərkən, döyüş üçün xəndək qazarkən görmək mümkün idi.

 

Hz. Peyğəmbəri fərqli edən onu Allahın qorumuş olması idi. Həzrət Məhəmməd (s.ə.s.) uşaqlığından başlayaraq yanlış yollardan uzaq olmuş, ağlı və fərasəti ilə hər zaman seçilmişdir. Gəncliyində hər kəsin etibarını qazanmış, düzgünlükdən ayrılmamış, doğru sözlülüyü və etibarlılığıyla qureyşlilər arasında möhtərəmlik qazanmışdır. Bunun üçün də etibarlılığı ilə Muhammədul Əmin (Etibarlı Məhəmməd) ləqəbini almışdır. Bu baxımdan istər gəncliyində olsun, istərsə də peyğəmbərliyi dövründə olsun onunla ədavət aparan, düşmənçilik edənlər belə ən dəyərli əşyalarını ona əmanət edərdilər. Gənclik illərində Kəbənin təmirindən sonra Həcərül-Əsvəd daşının yerinə yerləşdirilməsi üçün Məkkənin öndə gələn şəxsləri bir ortaq yol tapa bilmədikləri zaman belə o mübarək insan bu məsələni zəkası ilə həll etmiş, kimsənin qəlbinin qırılmasına, münaqişə çıxmasına imkan verməmişdir.

 

Ticarət işləriylə məşğul olan, Qureyşin hörmətli və zəngin xanımlarından olan Hz. Xədicənin yanında işə başlamış, bir dövr sonra onunla evlənmişdir. Onun dürüstlüyünə, sadiqliyinə heyran qalan Xədicə bu evliliyə razı olmuşdur. Məhz bu evlilikdən də Qasım, Zeynəb, Ruqiyyə, Ümmü Gülsüm, Fatimə, Abdullah və İbrahim dünyaya gəlmişdir.

 

Həzrət Məhəmməd (s.ə.s.) gənclik illərində bütlərə ibadət etməmiş, Hira mağarasına çəkilər, onu yaradan uca bir varlığın olduğunu düşünüb dua etmişdi. 40 yaşına gəldikdə də bu yerdə Cəbrayılla görüşmüş və peyğəmbərliyi başlamışdır.

 

Bundan sonra Allahın dinini təbliğ etməyə, insanları qurtuluşa çağırmağa başladı. Bu dürüstlüyü, vəfalılığı görənlər onun izi ilə getməyə razılıq verdilər.

 

Bundan sonra edilən əziyyətlərin sayı artsa da, bu mübarizə bir çox insanın düşünməsinə və islama gəlməsinə daha çox köməkçi oldu. Daha sonra Mədinəyə edilən hicrətlə islamiyyət daha da genişləndi, möhkəmləndi. Təbii ki, Həzrət Məhəmmədin (s.ə.s.) üstün əxlaqı, nümunəvi davranışları insanların qəlbində daha geniş yer aldı. O, hər zaman ona beyət edən ümmətini düşündü, onların dünya və axirət qurtuluşları üçün çalışdı. Bu dövr insanlıq tarixinin bəlkə də ən xoşbəxt dövrü olduğu üçün elə tarix kitablarında da xoşbəxtlik dövrü mənasını verən “Əsri-səadət” olaraq qeyd olundu. Çünki o, insanları cəhalətin caynağından qurtararaq aydın və günəşli günlərə çıxardı. İnsan kimi rəftar görməyən kölələri ən uca məqamlara gətirdi, qız uşaqlarının qətlinə son verdi, oxumağa və təhsilə dəyər verdi. Yeri gəldi evində həyat yoldaşına kömək etdi, yeri gəldi küçədə körpələrlə oyun oynadı, yeri gəldi müəllim oldu. Döyüşdə müzəffər bir komandir, sülhdə ədalətli bir rəhbər oldu. 63 illik həyatında hər zaman Allahın dinini yaymağa və bu dinin mənsublarına xidmət etməyə çalışdı. Onu 1400 ildir xatırladan xüsusiyyətləri saymaqla bitirmək olmaz.

 

Elə bu günlərdə də islam aləmi o mübarək insanın mövlud gününü qeyd etməkdədir. Mən də bu vəsiləylə hər birinizi təbrik edirəm.

 

Hacı BƏKİROĞLU