Gürcüstanda fəaliyyət göstərən nazirliklərin sayı 12-yə qədər azaldılır.
YENİYOL.GE “bm.ge”yə istinadən xəbər verir ki, iyulun 29-da Baş nazir İrakli Kobaxidzenin bildirdiyinə görə, Regional İnkişaf Nazirliyi sentyabr ayından ləğv ediləcək.
Daha bir yenilik isə odur ki, hüquq-mühafizə orqanlarının koordinasiyası məsələləri üzrə Dövlət Naziri vəzifəsi yaradıldıqdan 3 ay sonra ləğv edilir. Lakin hökumətin yeni inzibati vahidi – Region siyasəti məsələləri üzrə Dövlət Naziri vəzifəsi yaradılır və bu vəzifəni Mamuka Mdinaradze tutacaq.
Dəyişikliklər nəticəsində hökumətin yenilənmiş strukturu 12 nazirlik və 2 Dövlət Naziri aparatı ilə təmsil olunacaq:
Təhsil, Elm və Gənclər Nazirliyi – nazir Givi Mikanadze;
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi – nazir Davit Sonqulaşvili;
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi – nazir Mariam Kvrivişvili;
Müdafiə Nazirliyi – nazir İrakli Çikovani;
İnfrastruktur Nazirliyi – nazir Revaz Soxadze;
Ədliyyə Nazirliyi – nazir Paata Salia;
Mədəniyyət Nazirliyi – nazir vəzifəsini icra edən Mixeil Kiknadze;
Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi – nazir Mixeil Sarcveladze;
Xarici İşlər Nazirliyi – nazir Maka Boçorişvili;
İdman Nazirliyi – nazir Şalva Qoqoladze;
Maliyyə Nazirliyi – nazir Laşa Xutişvili;
Daxili İşlər Nazirliyi – nazir Sulxan Tamazaşvili;
Region siyasəti məsələləri üzrə Dövlət Naziri – Mamuka Mdinaradze;
Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Naziri – Tea Axvlediani.
Gürcüstanın icra hakimiyyəti sistemi nazirliklərdən başqa xüsusi dövlət qurumlarını, nazirliklərin idarəetmə sahəsində olan tabe qurumları, ictimai hüquqi şəxsləri (İHŞ) və digər təşkilatları əhatə edir.
Öz növbəsində, xüsusi dövlət qurumları, Dövlət Nazirinin aparatından başqa, Dövlət Təhlükəsizliyi və Kəşfiyyat xidmətləri kimi qurumlarla təmsil olunur.
Tabe qurumlara gəldikdə isə, onların sayı dəyişkəndir. Nazirliklərin tabeliyində onlarca iri qurum fəaliyyət göstərir. Məsələn, Maliyyə Nazirliyinin tabeliyindədir: Gəlirlər Xidməti, Xəzinədarlıq Xidməti, Maliyyə Monitorinqi Xidməti və s. İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin tabeliyindədir: Dəniz Nəqliyyatı Agentliyi, Mülki Aviasiya Agentliyi, İnnovasiyalar və Texnologiyalar Agentliyi və başqaları. DİN-in çətiri altında isə: Fövqəladə Halların İdarə Olunması Xidməti, Patrul Polisi, Sərhəd Polisi, Mərkəzi Kriminal Polis və digər departamentlər fəaliyyət göstərir.
Mərkəzi hakimiyyət tərəfindən yaradılmış İHŞ-lərin (nazirliklərin sisteminə daxil olan agentlik və müəssisələrin) sayı yüzlərlədir və davamlı olaraq dəyişir. Məsələn, son qərarlarla bu il Mərkəzi Satınalma Qurumu və Milli Qastronomiya Agentliyi yaradılmışdır. Qeyd etmək lazımdır ki, korrupsiya və digər risklərə görə ictimai hüquqi şəxslərin sayı və ya zəruriliyi dəfələrlə qeyri-hökumət təşkilatlarının tənqidi qiymətləndirmələrinin mövzusu olmuşdur. O cümlədən, Dövlət Audit Xidmətinin hesabatlarında İHŞ-lərin təkrarlanan funksiyaları və ya qeyri-effektiv idarəetməsi ilə bağlı faktlar gətirilib.