Bəzən bir uşağın üzünə baxanda onun bu gününü deyil, gələcəyini düşünürük. Görəsən, böyüyəndə necə insan olacaq? Nəyə inanacaq, nəyi doğru, nəyi yanlış hesab edəcək? Qarşısına çıxan hər düşüncənin arxasıncamı gedəcək, yoxsa öz milli-mənəvi dəyərlərinəmi üstünlük verəcək?
Bu sualların cavabını sabaha buraxsaq gec qala bilərik. Çünki gələcək nəsil sabah formalaşmayacaq. O, bu gün bizim evlərimizdə, davranışlarımızla və övladlarımıza ötürdüyümüz dəyərlərlə yetişir.
Övladlarımızın yaxşı təhsil alması, peşə sahibi olması, maddi sıxıntı çəkməməsi üçün çalışırıq. Bəs onların necə insan olacağı barədə eyni həssaslığı göstəririkmi? Onlara yaxşı məktəb seçirik, amma özümüzün necə nümunə olduğumuzu unutmuruq ki? Bahalı telefon alırıq, lakin həmin telefondakı dünyadan onları qorumaq üçün nəsə edirikmi?
Halbuki uşaq həyatı ilk olaraq ailəsində tanıyır. Atasının anası ilə necə danışması, anasının insanlara münasibəti, ailədə problemlərin hansı yolla həll edilməsi onun dünyagörüşünün formalaşmasına təsirsiz ötüşmür. Biz övladımıza səbir, hörmət və dürüstlük haqqında nə qədər danışsaq da, davranışlarımız bunun əksini göstərirsə, sözlərimizin təsiri zəifləyəcək.
Qurani-Kərimdə Allah-Təala buyurur: “Ey iman gətirənlər! Etməyəcəyiniz şeyləri nə üçün deyirsiniz?” (Saff, 61:2). Bu ayə hər bir valideyn üçün ciddi bir özünüdəyərləndirmə çağırışıdır: Övladıma dediklərimi öz həyatımda tətbiq edirəmmi?
Uşağa doğru danışmağı öyrədib özümüz yalan danışırıqsa, ona səbir tövsiyə edib ən kiçik çətinlikdə əsəbiləşiriksə, hörmətdən danışıb başqalarını alçaldırıqsa, hansı nümunə ilə onu tərbiyə edirik? Övladlarımızın yaddaşında çox vaxt söylədiklərimizdən daha çox etdiklərimiz qalır.
İslamda övlad tərbiyəsi yalnız dini məlumatların öyrədilməsi ilə məhdudlaşmır. İman insanın vicdanına, davranışına və seçimlərinə istiqamət verən mənəvi dayaqdır. Uşağa Allahın hər şeyi gördüyünü söyləmək vacibdir. Ancaq o, böyüklərinin heç kimin görmədiyi yerdə belə dürüst davrandığını gördükdə bu həqiqəti həyatın içində daha dərindən dərk edir.
Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər! Özünüzü və ailələrinizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!..” (Təhrim, 66:6). Bu ilahi əmr ailə qarşısındakı məsuliyyətimizi xatırladır. Valideynin vəzifəsi yalnız övladının maddi ehtiyaclarını ödəmək deyil, onun imanına, əxlaqına və mənəvi dünyasına da sahib çıxmaqdır.
Əlbəttə, savadlı olmaq vacibdir. Lakin savadlı olmaqla yaxşı insan olmaq eyni şey deyil. İnsan çox şey bilə, yüksək vəzifə tuta və böyük qazanc əldə edə bilər. Amma dürüstlükdən, mərhəmətdən və ədalətdən uzaqdırsa, bütün bunlar onun şəxsiyyətindəki boşluğu doldura bilməz. Əsl təhsil insanın yalnız zehnini deyil, xarakterini də formalaşdırmalıdır.
Bu gün övladlarımızın tərbiyəsində ailə və məktəblə yanaşı, internet və sosial media da mühüm rol oynayır. Telefon ekranından qarşılarına çıxan fikirlər, həyat tərzləri və davranış nümunələri onların düşüncələrinə təsir edir. Burada məsələ texnologiyanı günahlandırmaq deyil. Əsas məsələ övladımızın bu dünyada öz yolunu necə seçəcəyidir.
Valideyn yalnız “Telefonu kənara qoy!” deməklə kifayətlənməməlidir. Övladının nə izlədiyini, nəyə maraq göstərdiyini, hansı fikirlərdən təsirləndiyini anlamağa çalışmalıdır. Daha da vacibi, onda doğru ilə yanlışı ayırd etməyə kömək edən möhkəm mənəvi meyarlar formalaşdırmalıdır. Çünki uşağı hər zaman nəzarətdə saxlamaq mümkün deyil. Ancaq ona düzgün seçim etməyi öyrətmək mümkündür.
“Nəsil təlaşı” yalnız valideynlərin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Valideyn övladına, müəllim şagirdinə, ziyalı cəmiyyətə, cəmiyyət isə gələcək nəslə qarşı məsuliyyət daşıyır. Gənclərin davranışından narazı qalanda “İndiki nəsil belədir” demək asandır. Çətin olan isə özümüzə sual verməkdir: Onlara hansı nümunəni göstərmişik? Hansı dəyərləri ötürmüşük? İman və əxlaq bizim həyatımızda nə qədər görünür?
Hacı Bəkiroğlu