Bu gün avropaların qəbul etmədiyi milli, etnik dəyərlərimizin fövqündə o qədər əxlaqi, mənəvi ucalıqlar var ki, sayaraq yazsam çox uzanar. Xülasə, bir neçəsinə nəzər salaq.
Bizim məktəbdə bir Əbəş müəllim vardı. Çox zəhimli müəllim idi. Sinfə ovuclarını bir-birinə sürtərək gəlirdi, yəni kimisə şapalaqlayacaq. Sinfimizdə bir inadkar, dəcəl oğlan vardı, həm də digər müəllimimizin nəvəsi idi. Başqa müəllimlər onu yola versələr də, Əbəş müəllim üçün fərqi yox idi – dərsə hazır deyildisə, dərsi pozan bir hərəkəti vardısa mütləq cəzalanmalıydı. Əbəş müəllimin məşhur şapalağından kimsə sığortalanmamışdı. Ani diqqətsizlik, dərs vaxtı parta yoldaşınla danışmaq, dərsə qulaq asmamaq, hazırlıqsız olmaq birbaşa cəzaya yaxınlaşmaq idi. Deməli, özünü sığortalamağın – müdafiənin yeganə yolu intizamlı olmaq idi. Müəllimin yaratdığı mühit istəmədən belə şagirdi özünütərbiyəyə yönəlirdi. Qorxudan, həyəcandan yaranan intizam həyati vərdişə keçirdi və özündən asılı olmadan bir tərbiyə, yəni böyüyə hörmət, ətrafa diqqət, özünə nəzarət yaradırdı.
Böyüklərlə pərdəli-məsafəli münasibət isə, bəlkə də, cəmiyyətimizi məhvərində saxlayırdı. Atanın yanında övladını qucağına götürüb əzizləməyi böyüyə hörmətsizlik hesab etməyən oğul avtobusda digər ataya yer vermədiyinin fərqində olmayacaq. Beləcə, tarazlığımız – böyük-kiçik tarazlığı pozulur. Qadının əxlaqı düşüncəsi ata-qardaş-oğul üçbucağının şərəfini öndə tutmaqla, heç bir dildə tərcüməsi olmayan NAMUS çərçivəsini yaratmışdı.
Beləcə, uşaqlara azadlıq verməklə “Əbəş müəllimləri” itirdik. Sonra böyüklərimizə baxdığımız müqəddəs nəzərlərimiz KORŞALDI, NAMUS çərçivəsini sındırmaqla mühitin əxlaq zəncirində qırıqlıqlar yarandı. Sonra, sonra da “sevgi azaddır”, “gənclik müstəqillikdir” deyərək mühitimizdə xeyli boşluqlar yaratdıq.
Şagirdlərə isə qəti acı söz demək olmaz, “112” nömrəsini ikinci sinifdən öyrətmişik...
Bugünkü özgürlüklər bizə nə verdi? Bəs biz valideynlər nə edirik? Hər nə var yıxırıq “partiya və hökumətin” üzərinə. Desəm hər şey məktəbdən başlayır... Yaxın keçmişin nənələrinin gündəlik sözünə çevrilmişdi: “Əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir”. Böyük mənası vardı...
“Əti sənin, sümüyü mənim” deyən babalar birdən-birə mollaxanadan allahsızlığa düşdülər. Bəs niyə allahsız olmadılar. Gizlicə ibadət də elədilər, ayinləri də etdilər, milli adətləri də qorudular. 70 il əsarətdə oldu, nə dilini itirdi, nə dinini, adətləri qorudu. Böyük bir imperiya nənələrimizə təsir edə bilmədi. Bəs o nənələrin nəvələri niyə bu gün hər qarşılaşdığı çətinlikdə günahkar gah dövləti, gah da mühiti görür?..
Həyata atılan uşaq körpə fidandır. Onu valideyn istiqamətləndirir. “Müəllimlər, görəsən, çörək yeyirmi” deyən nənələrin nəvələri “Müəllim kimdir mənim uşağıma acı söz deyə” deyirsə və bu uşağın şahidliyi ilə olursa, sabah bu təsir mütləq cəmiyyətə və ailəsinə yönələcək. Mütləq!
Hər gün məktəbə artıqlaması ilə xərclik gətirən şagird o pulu atanın, ya ananın necə əziyyət çəkməklə qazandığının fərqində olmadan xərcləyir. Axı o ana məktəbdə “Qazanılmış manat hekayəsi”ni öyrənmişdi. Bilirdi ki, o pulu özü qazananda əli yana-yana ocaqdan çıxarmayınca qədir bilməz.
“Mən dəblə geyinmədim, dırnaq, saç düzümü etməmişəm, qoy qızım etsin”; “mən kafedə rahat oturmadım, qoy oğlum otursun” deyərkən o oğul heç vaxt qazanılmış manatın qədrini bilməyəcək və ödəməni “borcunuzdur” deyə tələb edəcək.
Bəyənmədiyimiz köhnə əxlaq dərslərinin təkamülü məhz bu yollardan keçirdi. Bu gün 20 yaşı tamam olmamış oğlanalara avtomobil alan atalar öz yaşamadıqlarını övladına yaşatmaqla özləri də bilmədən onları kabusa doğru yönəldirlər. Son zamanlar yüksək sürət qurbanlarının faciəsi o qədər ardıcıl baş verirdi ki, nə günahkarları, nə səbəbkarları, nə də həqiqəti düşünməyə vaxt olurdu. Ən pis tərəfi o idi ki, böyük fəlakətlərdən bir kimsə nəticə çıxarmır. Arzuolunmaz nəticəyə səbəb axtaran ata-analar ən böyük VAYISIN özləri olduğunu düşünürmü; yəqin ki, güzgüdə görünən o böyük səbəbi görmək istəmir.
Bəli, həmişə səbəbi kimdəsə axtarmayaq. Mənim bildiyim bir həqiqət var: həyatda insanın özünün özünə etdiyi pisliyi də, yaxşılığı da özü etdiyi qədər kimsə edə bilməz.
Esmira Ələkbərli