Görəsən bizdən başqa daha hansı xalqlar pulla, rüşvətlə, hörmətlə, tanışlıqla, “ChatGPT” və digər qələtlərlə özünə, övladına ad-san, status, qiymət, vəzifə, diplom, titul, qızıl medal əldə edir, etdirir? Özünə hörmət edən adam da pulla, rüşvətlə, hörmətlə, tanışlıqla, “ChatGPT” və digər qələtlərlə özünə, övladına ad-san, status, qiymət, vəzifə, diplom, titul, qızıl medal əldə edərmi, etdirərmi? Kimi aldadırsınız axı?
Hansısa bir yaponun və ya almanın uşağı məktəbi qurtaranda qızıl medal alsın deyə müəllimlərə, məktəb direktoruna pul, rüşvət verməsini təsəvvür edirsinizmi? Yaxud Yaponiyada və ya Almaniyada hansısa müəllimin, məktəb direktorunun şagirdin valideyninin sosial statusuna, vəzifəsinə görə onun övladının məktəbi qurtaranda qızıl medal alması üçün əlindən gələni etməsini, etdirməsini təsəvvür edirsinizmi?
Niyə bizim hər şeyimiz göstərmək üçündür? Yeməyimiz, içməyimiz, geyimimiz, maşınımız, evimiz, hasarımız, toyumuz, yasımız, istirahətimiz, işimiz, hətta təhsilimiz – hamısı başqalarına göstərmək üçündür, başqaları ilə bəsə girmək üçündür, qonşudan dala qalmamaq üçündür. Axı bütün bunlar səni özün etmir, azad etmir, sən özün üçün yaşamırsan, ürəyin istədiyi kimi yaşamırsan; sən başqaları üçün yaşayırsan, ömrünü onun-bunun xoşuna gəlmək üçün çürüdürsən, başqalarının gözü üçün, baxışı üçün yaşayırsan.
Axı sənin hansı restoranda nə yeməyindən başqalarına nə? Sənin hansı marka geyinməyindən başqalarına nə? Sənin hansı maşını sürməyindən, neçə mərtəbəli evdə yaşamağından, hansı ölkədə istirahət etməyindən başqalarına nə? Bütün bunları özün üçün etmirsənsə, bütün bunlar səni özün etmirsə, bəyənmədiyin, özünü üstün bildiyin kütlədən sənin fərqin nədir, haran və nəyin artıqdır? Sənin yaşadığın cəmiyyət insanı geyiminə görə qarşılayıb, cibinə görə yola salsa da, ağlına görə yola salanların yanında bir qəpiklik dəyərin yoxdur və olmayacaq da. Olsa-olsa pulun artıq ola bilər ki, onunla da nə xarakter, nə istedad, nə bacarıq, nə ağıl ala bilərsən. Özündə olmayanları uşaqlarında görmək eşqi ilə onlara saxta diplom, yalançı professor titulu, qondarma vəzifə, attestat, qızıl medal ala bilərsən, amma içinin otu-suyu olmayandan sonra istəyir yeddi diplom, on yeddi qızıl medal al. Kimi aldadırsınız axı?
Axı Allahın imtahanı olduğu kimi, ağlın da imtahanı var; Allahın məşhər ayağı olduğu kimi, Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin də məşhər ayağı var və burada hər qoyun öz ayağından asılacaq, nə valideynin pulu, vəzifəsi hoyuna yetəcək, nə də məktəb direktorunun, müəllimlərinin bu pulun, vəzifənin kölgəsindəki canfəşanlığı. Və sən orta məktəbi qızıl medalla bitirib, ali məktəbə qəbul olmaq üçün imtahanlardan keçə bilməyəndə anlayacaqsan ki, biliyin, savadın olmaya-olmaya biliyi, savadı olanların haqqına girmisən, haqqını yemisən; səni bu günaha sürükləyən valideynin, müəllimlərin, məktəb direktoru da səninlə günah ortaqlarıdır, onlar səndən daha çox günahkardırlar, onlar qızıl medal ala bilməyən, amma imtahanlarda yüksək bal toplayan məzunların haqqını daha çox yeyənlərdirlər. Amma haqq yeyilsə də boğazdan keçməz, boğazda ilişib qalar.
Pulla, rüşvətlə, hörmətlə, tanışlıqla, “ChatGPT” və digər qələtlərlə orta məktəbi bitirəndə qızıl medal ala bilərsiniz, universitetə qəbul ola bilərsiniz; müəllimlər üçün imtahan testlərinin cavablarını ala bilərsiniz, bəs insanların haqqına girərək, haqqını yeyərək məşhər ayağında Allahın imtahanından keçə biləcəksinizmi?..
P.S.
Fürsətdən istifadə edib öz biliyinin, savadının gücünə imtahanlardan keçərək tələbə adını qazanan bütün məzunları və öz biliyinin, savadının gücünə müəllim imtahanını verən bütün müəllimləri ürəkdən təbrik edirəm, təhsillərində və işlərində bol-bol uğurlar arzulayıram!
Orta məktəbi bitirəndə qızıl medal verilən, amma imtahanlarda minimal balı belə toplaya bilməyən məzunlara, müəllim maaşı artsın deyə imtahan testlərinin cavablarını pulla alan müəllimlərə isə tövbə edərək oxuyub, öyrənmələrini məsləhət görürəm. Məktəblər bu cür müəllimlərdən təmizlənməlidir ki, qızıl medal alıb sonra da imtahanı verə bilməyən şagirdlərin sayı da azalsın. Onsuz da kimin potensialının nə olduğunu hamı yaxşı bilir. Kimi aldadırsınız axı?
Azər Musaoğlu