Zamanın sürəti qarşısında aciz qalan insanlıq daha bir 365 günlük marafonun sonuna yaxınlaşdı. Dekabrın sonudur, qazanılan qələbələrin və çıxarılan dərslərin yekunudur.

 

Bu il dünya üçün həm texnoloji sıçrayışlar, həm də qlobal çağırışlarla dolu bir dövr kimi yadda qaldı. Yeni il gəldi. Yenə gəldi. Hər il gəldiyi kimi. Küçələr işıqlandırılıb, vitrinlər parlayır, mağazalarda növbələr artıb. Bayram gəlir deyə sanki hər şey yaxşı olmalıdır. Gülmək lazımdır, sevinmək lazımdır, insanlar özlərini xoşbəxt kimi aparmağa başlayıb. Elə bil bu, bir məcburiyyətdir. Elə bil dekabrın sonunda kədər ləğv olunur.

 

Hamı tələsir. Kimisi hədiyyə almağa, kimisi süfrə qurmağa, kimisi də sosial şəbəkələrdə “ilin yekunu” statusunu paylaşmağa. Hamı nəsə sübut etməyə çalışır. Kimin ili daha dolu keçib, kimin şəkilləri daha parlaqdır, kimin gülüşü daha inandırıcıdır. Kim neçə ölkə gəzib, kimin nişanlısı, həyat yoldaşı il boyu nə qədər hədiyyə alıb və s. Axı çox maraqlıdır bizə.

 

Amma bu işıqların altında çox şey gizlənir. Danışılmayan yorğunluqlar, üstü örtülən problemlər, susdurulan həqiqətlər. Yeni il gəlir deyə borclar silinmir, ağrılar yox olmur, itkilər geri qayıtmır. Sadəcə hamı bir gecəlik bunları unutmağa çalışır.

 

Yeni il bir az da riyakarlıq mövsümüdür. İl boyu bir-birini görməyən insanlar birdən “dəyərlərdən” danışır. İl boyu qonşusunun halını soruşmayanlar bayram axşamı əli açıqlıq edir. Özü tox olan, başqasının ac olduğunu görməyənlər birdən “humanizm” sözünü xatırlayır.

 

Uşaqlar üçün Yeni il hədiyyə deməkdir. Amma hər uşaq üçün yox. Bəziləri yeni oyuncaqlarının qutusunu açır, bəziləri isə valideyninin üzünə baxıb “problem deyil” deməyi öyrənir. Kimisi isti evdə şənlik edir, kimisi isə soyuğun içində yorğanına bükülməyə məcbur qalır. Yeni il bu fərqi aradan qaldırmır, sadəcə üstünü örtür. Bunu anlatmaqdan dilimizdə söz qalmayıb, qələmimizin mürəkkəbi bitib, amma nə çarə...

 

Böyüklər üçün Yeni il ümid deməkdir deyirlər. Amma hansı ümid? Eyni problemlərin başqa tarixlə davamı? Eyni işsizlik, eyni ədalətsizlik, eyni qorxu? Təqvimdə 2025 yerini 2026 ilə dəyişir, amma sistem yerində qalır. İnsanlar isə hər il eyni sözləri deyir: “Bu il fərqli olacaq”. Olmur.

 

Bir də “şükür et” deyənlər var, hər şeyə baxmayaraq sus deyənlər. Sanki şükür etmək problemləri görməmək deməkdir. Sanki narazı olmaq nankorluqdur. Halbuki susmaqla heç nə düzəlməyib. Əksinə, çox şey elə susduğumuz üçün bu vəziyyətə gəlib.

 

Bu cəmiyyət bayramı sevir, amma məsuliyyəti yox. Şəkil çəkməyi sevir, amma paylaşmağı yox. Dua etməyi sevir, amma dəyişməyi yox. Hamı möcüzə gözləyir, amma möcüzə olmaq istəmir.

 

Yeni il gələndə ən çox da həqiqətlər susdurulur. Çünki həqiqət bayram əhvalını pozur. Qəza xəbərləri, xəstəxanalar, yoxsulluq, tək qalan insanlar – bunlar bayram mövzusu deyil. Ona görə də kənara qoyulur. Sanki görməsək yox olar. Bəs həmin o ailələr... övladı içəridə canıyla əlləşərkən həmin gün bayramı necə görsün gözü o ananın... Bir həftə öncə bir masada oturub bayram üçün planlar quran balası bayramda yanında deyil. Yerində qorxu var, ümid var, saatların yavaş-yavaş keçməsi var.

 

Kənardan baxanda hər şey davam edir. Musiqi çalır, fişənglər atılır, insanlar gülür. Amma onların dünyası artıq dayanıb. Onlar üçün vaxt bayram gecəsi ilə ölçülmür, reanimasiyadan gələn bir xəbərlə ölçülür. Bir göz açımı, bir barmaq tərpənişi, bir “stabil” sözü onların Yeni il arzusu olar. Heç kim bunu paylaşmır. Çünki bu, gözəl kadr deyil. Bayram lentinə yaraşmır, elə deyilmi?!

 

Bu həqiqətləri görməmək asandır. Amma onlar mövcuddur. Və bayram keçəndən sonra da orada qalacaqlar. Çünki həyat hər zaman belə olub, belə də olacaq, günlər, aylar ötür, yenə marafonumuza qaldığımız yerdən davam edirik.

 

Bəlkə də problem Yeni ildə deyil. Problem hər il eyni qalmağımızdadır, eyni biganəlikdə, eyni rahat vicdanda, eyni düşüncədə?..

 

Ümidvaram ki, bu il insanlara təkcə yeni arzular yox, düşüncə də gətirər. Özündən başqasını görməyi, yanındakının halını hiss etməyi, dünyaya bir az da məsuliyyətlə baxmağı öyrədər. Bəlkə bu dəfə insanlar yalnız öz həyatını deyil, başqasının yükünü də anlayar.

 

Aytən Fətullayeva