İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində bir şagirdə düşən orta xərc təxminən 15000 dollar olduğu halda, bir neçə ölkə bu göstəricini xeyli üstələyir. Onlar insan kapitalının inkişafına böyük resursların yatırılmasını uzunmüddətli iqtisadi prioritet hesab edirlər.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil məlumat bazasının son göstəricilərinə əsasən, alıcılıq qabiliyyəti pariteti (PPP) nəzərə alınmaqla, 2026-cı ildə bir şagirdə ən çox vəsait xərcləyən 10 ölkəni təqdim edirik:
1. Lüksemburq – 31439 dollar.
Lüksemburq bu göstərici ilə liderdir və digər dövlətləri xeyli qabaqlayır. Kiçik əhali, güclü maliyyə bazası və keyfiyyətli, çoxdilli təhsilə yönəlmə – dünyada bir şagirdə düşən ən yüksək investisiyanı şərtləndirən məhz bu amillərdir. Bununla yanaşı, burada müəllimlərin əməkhaqqı da dünya miqyasında ən rəqabətədavamlılardan biridir.
2. Norveç – 22558 dollar.
Norveçin büdcəsi ölkənin ümumi rifah modelini əks etdirir, burada təhsil ictimai nemət sayılır. Sabit maliyyələşmə həm şəhərlərdə, həm də ucqar regionlarda azsaylı sinifləri, pedaqoqların yüksək əməkhaqqını və müasir infrastrukturu təmin edir.
3. Avstriya – 20942 dollar.
Avstriya güclü dövlət maliyyələşməsini yaxşı strukturlaşdırılmış akademik və peşə sistemi ilə uğurla birləşdirir. Bir şagird üçün nəzərdə tutulan yüksək büdcə ilə rəsmi təhsili və praktiki təcrübəni bir-biri ilə əlaqələndirən dual təhsil modeli maliyyələşdirilir.
4. ABŞ – 20 387 dollar.
Mərkəzsizləşdirilmiş strukturuna baxmayaraq, Amerika Birləşmiş Ştatları liderlər arasında qalmaqdadır. Doğrudur, maliyyələşmə ştatlar və dairələr üzrə əhəmiyyətli dərəcədə fərqlənir, lakin ümumi investisiyalar müasir laboratoriyalara, aparıcı tədqiqat institutlarına və dünyada qabaqcıl mövqeyini qoruyub saxlayan ali təhsil sektoruna yönəldilir.
5. Cənubi Koreya – 19805 dollar.
Cənubi Koreyanın təhsil sistemində güclü dövlət maliyyələşməsi və əhəmiyyətli özəl xərclər bir-biri ilə vəhdət təşkil edir. Büdcə maliyyələşməsinə müxtəlif məktəbdənkənar təhsil proqramları da əlavə olunur ki, bu da ölkədəki son dərəcə rəqabətli akademik mühiti daha da gücləndirir.
6. Danimarka – 19229 dollar.
Danimarka üçün prioritet bərabər əlçatanlıq və şagirdlərin rifahıdır. Ölkənin təhsil sistemi davamlı dövlət investisiyaları ilə dəstəklənərək əməkdaşlığı, kreativliyi və sosial yardımı təşviq edir.
7. Niderland – 19186 dollar.
Niderland sabit şəkildə yüksək xərcləri qoruyub saxlayır və eyni zamanda yüksək təlim nəticələri nümayiş etdirir. Ölkədə maliyyələşmə şagirdlərə erkən yaşlardan akademik və ya peşə istiqaməti üzrə ixtisaslaşma imkanı verən çevik sistemə sərf olunur.
8. Böyük Britaniya – 19072 dollar.
Böyük Britaniyada təhsil xərcləri, xüsusilə ali təhsil və tədqiqat istiqamətlərində yüksək səviyyədədir. Bununla belə, ölkədə dövlət məktəblərinin maliyyələşmə problemləri və regional qeyri-bərabərliklə bağlı narahatlıqlar hələ də aktual olaraq qalır.
9. Belçika – 19024 dollar.
Belçikanın dil icmalarına bölünmüş təhsil sistemi yenə də böyük həcmdə maliyyələşdirilir. Ayrılan investisiyalar güclü məktəbəqədər təhsilə və müxtəlifyönlü orta məktəblərə yönəldilir.
10. Kanada – 18733 dollar.
Onluğu hər bir şagirdə sabit şəkildə yüksək investisiya qoyan Kanada tamamlayır. Kanadanın mərkəzsizləşdirilmiş təhsil modeli, xüsusilə savadlılıq və bərabərlik baxımından mükəmməl nəticələr göstərir və bununla da o, dünya liderlərinin yanında qərarlaşır.
Mənbə: bm.ge