Gürcüstanın Təhsil və Elm Nazirliyinin təşəbbüsü ilə ictimai məktəb direktoru olmaq istəyənlərin sertifikatlaşdırılması prosesinə başlanılır.

 

Direktor olmaq istəyənlərin sertifikatlaşdırılması iki mərhələdən – test və müsahibə mərhələsindən ibarət olacaq.

 

Sertifikatlaşdırmada iştirak etmək istəyənlərin qeydiyyatı 24 oktyabrdan 4 dekabra qədər bu veb-səhifədə mümkün olacaq: directors.mes.gov.ge

 

Qeyd edək ki, sertifikatlaşdırma prosesində ən azı 3 illik iş təcrübəsi olan ali təshilli Gürcüstan vətəndaşları iştirak edə bilərlər.

 

Direktor olmaq istəyən şəxslər testin maksimum balının 60 %-ni topladıqları halda kompetensiya və bacarıqları uğurla keçmiş hesab olunurlar.

 

Test üçün tətbiq edilmiş minimal keçidi aşan şəxslər müsahibə mərhələsinə keçmiş olacaqlar. İkinci – müsahibə mərhələsi 2023-cü ildə keçiriləcək və yalnız bundan sonra direktorlar sertifikatlaşdırılmış hesab olunacaqlar.

 

Milli tədris planının inkişafı üzrə ekspert Nikoloz Silaqadzenin vebinarda bildirdiyinə görə, məktəb direktoru olmaq istəyənlər hər iki mərhələni uğurla keçmiş olmalıdır.

 

İctimai məktəb direktoru olmaq istəyənlərin sertifikatlaşdırma prosesində iştirak etmək üçün 35 lari ödəniş etmək lazımdır. Ödənişi “Liberty” Bankın istənilən filialında etmək mümkündür.

 

2020-ci ildə direktor olmaq istəyənlər üçün elan edilmiş seçim müsabiqəsi çərçivəsində artıq qeydiyyatdan keçmiş şəxslərə yenidən qeydiyyatdan keçmək lazım deyil.

 

Direktor olmaq istəyənlərin imtahan proqramı və test nümunələri 24 oktyabrdan “directors.mes.gov.ge” veb-səhifəsində yayımlanmağa başlayacaq.

 

Oktyabrın 26-dan “el.ge” veb-səhifəsində aşağıdakı mövzularla bağlı vebinar keçirilməyə başlayıb:

 

• Məktəb direktoru standartı;

• Təhsilin keyfiyyətinin idarəetmə mexanizmləri;

• Məktəbin strateji planlaşdırılması və inkişafı;

• Məktəb kurrikulumunun hazırlanması;

• Məktəb kurrikulumunun tətbiqi: şagirdə istiqamətlənmiş proses;

• Məktəb kurrikulumunun monitorinqi və qiymətləndirilməsi;

• İnsan resurslarının idarə edilməsi və inkişafı;

• İnsanların və proseslərin təhlükəsizliyi;

• Maddi və maliyyə resurslarının idarə edilməsi;

• Məlumat resursları və strateji kommunikasiya;

• Şagirdin hüquqlarının qorunması və onlara dəstək tədbirləri;

• Məktəb mədəniyyətinin yaradılması.

 

Sertifikatlaşdırma ilə maraqlanan şəxslər konkret suallarını qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər: directors@emis.ge

 

Tez-tez verilən sualların analizi əsasında 2022-ci il 30 oktyabrdan 16 dekabra qədər məlumatlandırma görüşləri keçiriləcək və maraqlananlar istədikləri məsələlərlə bağlı dolğun məlumat ala biləcəklər.

 

Gürcüstanın Təhsil və Elm Nazirliyinin əsas prioritetlərindən biri məktəb direktoru vəzifəsinə sağlam rəqabət şəraitində yüksək ixtisaslı və layiqli kadrların cəlb edilməsidir. Bu istiqamətdə son illərdə bir çox mühüm addımlar atılıb. Nazirlik direktorluq və məktəbin idarə edilməsinin yeni konsepsiyasını hazırlayıb və onun əsasında da 2022-ci ildə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq nəticəsində məktəb direktorunun yenilənmiş standartı hazırlanıb.

 

Yeni standart məktəb direktorunun maarif lideri olaraq funksiyasının gücləndirilməsinə yönəlib. Sənəddə direktorun funksiya-öhdəlikləri ilə yanaşı müasir tipli məktəb liderinin qane etməli olduğu bütün tələblər də müəyyən edilib.

Mənbə: etaloni.ge