Anam süpürgəçidir. Bizim məktəbin süpürgəçisi. Birinci sinifdə oxuyanda buna görə utanırdım, çünki sinif yoldaşlarım mənə deyirdilər: “Ananla tualetdə qarşılaşdıq, unitazı təmizləyirdi!”, yaxud “Anan zibil qablarına sellofan torba keçirirdi!”. Mən bundan utanırdım və anamın başqa məktəbdə işləməsini, yaxud özümün başqa məktəbdə təhsil almağımı istəyirdim.
Sinif yoldaşlarımdan biri ingilis dili müəlliminin övladıdır və ona həmişə deyirlər: “Necə möhtəşəm anan var! Xaricdə təhsil aldığı necə də hiss olunur!”. Həmin müəllimin övladı olmağı çox istəyirəm, çünki hamı məni sevəcək və heç kim məni məsxərəyə qoymayacaq. Bir dəfə anama yenə dedim: “Bizim məktəbdə işləməyin xoşuma gəlmir!”. “Mənim də xoşuma gəlmir!” – deyə cavab verdi. Atamdan ayrılıb və özü pul qazanmaq istəyir. Başqa yerdə də təmizlik işində işləyir, ofisləri və evləri təmizləyir.
Anam ali təhsil almayıb. Bunu sinif yoldaşlarıma demirdim. Əvvəl uşaqlara demişdim ki, guya anam rəssamdır, amma emalatxanası rəsmləri ilə birlikdə yanıb, indi yeni emalatxana, kətan, boyalar almaq üçün süpürgəçi işləyir. Bütün uşaqlar buna inanmışdılar. Bir neçə həftə anama görə utanmadım. Ancaq bir gün dəhşətli hadisə baş verdi və anam ağlaya-ağlaya evə gəldi. Sinif yoldaşlarım ondan xahiş ediblər ki, rəsm çəksin. Anama qələm, kağız veriblər. Anam isə rəsm çəkə bilmədiyini deyib... Anam ağlayırdı, çünki uşaqlar mənim danışdığım yalanı anama danışmışdılar. Sonra anama gülüb çıxıb gediblər. Növbəti gün bütün sinif mənə güldü, məni yalançı deyə çağırırdılar.
Bir hadaisəni xatırladım. Bir dəfə müəllim telefonu çəkib əlimdən aldı və masaya çırpdı, telefon çatladı. Telefon mənim deyildi, anası ingilis dili müəllimi olan uşağın idi. Həmin qız müəllimin üstünə hücum etdi: “Mənim telefonumu niyə sındırdınız?!” Müəllim isə məni göstərərək ondan üzr istədi: “Mən elə bildim onun telefonudur, yoxsa Elzanın qızının telefonunu necə sındırardım!” Qəlbim nifrətlə doldu. Məktəbə də nifrət etdim, sinif yoldaşlarıma da, müəllimə də... İngilis dilini, rəsm çəkməyi öyrənməyən, məhz mənim təhsil aldığım məktəbdə tualet təmizləyən anama da nifrət etdim...
Müəlliflər: Maia Sarişvili, Aleks Çiqvinadze.
“Mənimlə dostluq et! Məktəbdə təkəm!” kitabından.
Kitab məktəb şagirdləri tərəfindən təqdim edilmiş real hekayələrə əsaslanır və İlia Ədalət İnstitutunun “Məktəbdə bulinqə qarşı sistem yaradılması üçün advokatlaşdırma/ “Mənimlə dostluq et! Məktəbdə təkəm!” layihəsi çərçivəsində hazırlanıb. Layihə “Açıq Cəmiyyət – Gürcüstan”ın maliyyə dəstəyi ilə həyata keçirilir.
Gürcü dilindən tərcümə etdi Aynurə Əliyeva
Mənbə: edu.aris.ge