Gələn ildən Gürcüstan Təhsil və Elm Nazirliyinə Gənclər Agentliyi əlavə olunaraq qurumun adı dəyişdiriləcək. Bu barədə təhsil və elm naziri Giorgi Amilaxvari hökumətin iclası başa çatdıqdan sonra jurnalistlərə bildirib.
Müvafiq qanunvericilik dəyişikliklərini həyata keçirdikdən sonra qurumun adı Təhsil, Elm və Gənclər Nazirliyi olacaq.
“Biz bu gün Gənclər Agentliyinin Mədəniyyət, İdman və Gənclər Nazirliyindən Təhsil və Elm Nazirliyinə keçirilməsi haqqında müzakirə apardıq. Hökumətin müzakirəsi zamanı qərar qəbul edildi. Təhsil və gənclər siyasətini öz proqramlarımızda və nazirlikdə onsuz da əhatə edəcəyik. Ona görə də gənclər siyasəti və təhsilin yaxınlaşdırılması nəticəsində bu agentliyin fəaliyyətinin Təhsil və Elm Nazirliyində davam etdirilməsini məqsədəuyğun hesab edirik. Nəticədə qanun layihələrinin siyahısı parlamentə təqdim olunacaq və gələn ildən Gənclər Agentliyinin də əlavə olunacağı yeni nazirlik – Təhsil, Elm və Gənclər Nazirliyi formalaşdırılacaq”, – deyə Giorgi Amilaxvari bildirib.
Mənbə: etaloni.ge