Məktəb ekskursiyaları ilə bağlı məhdudiyyət qaldırılıb. Bu barədə Gürcüstan Təhsil və Elm Nazirliyi ölkənin təhsil resurs mərkəzlərinə məlumat göndərib. Sənəddə ekskursiya üçün nəzərdə tutulmuş transportun sürücüsünün öhdəlikləri də ətraflı şəkildə qeyd edilib.
“Tədris ilinin sonuna yaxın məktəb ekskursiyalarının həyata keçirilməsi ilə əlaqədar tənzimləmələrin dəqiqləşdirilməsi üçün müraciətlər artıb.
Bildiyiniz kimi, ötən iki il ərzində nazirlik tərəfindən ölkədə olan pandemiya vəziyyətini nəzərə almaqla məktəb ekskursiyalarının 150 km radiusda həyata keçirilməsi tövsiyə olunurdu. Bu qərar epidemioloji vəziyyətin yaxşılaşdırılmasına xidmət göstərirdi. Hazırda mövcud olan stabil epidemioloji vəziyyəti nəzərə almaqla qeyd olunan məhdudiyyət vacib deyil.
Məktəb ekskursiyaları ilə əlaqədar, “Yol hərəkəti haqqında” Gürcüstan qanunu, “Ümumtəhsil müəssisəsi şagirdlərinin ekskursiyalar həyata keçirməsi qaydasının təsdiqlənməsi haqqında” Gürcüstanın təhsil, elm mədəniyyət və idman nazirinin 2019-cu il 31 may tarixinə olan 719 nömrəli sərəncamı kimi tənzimləmələr qüvvədə qalır.
“Yol hərəkəti haqqında” qanuna görə, ekskursiya məktəbəqədər təhsil müəssisəsi və ya ümumtəhsil müəssisəsi tərəfindən təşkil edilmiş əyləncəli, maarifləndirici, yaxud təhsillə bağlı tədbirdir. Bu tədbir sərnişinlərin nəqliyyat vasitəsi ilə daşınmasını nəzərdə tutur. Tədbirin təşkil edilməsi haqqında müəssisə direktoruna hüquqi akt verilib.
“Yol hərəkəti haqqında” Gürcüstan qanunu ilə ekskursiya çərçivəsində nəqliyyat sürücüsünün öhdəlikləri də nəzərə alınıb, həmçinin:
Məktəb ekskursiyası zamanı sürücülük edən şəxs Gürcüstan Daxili İşlər Nazirliyinin səlahiyyətli şəxsi tərəfindən tələb edildiyi halda özü ilə götürməli olduğu aşağıdakı sənədləri təqdim etməlidir:
1. Son 6 ay ərzində verilmiş, nəqliyyat vasitəsinin dövri texniki baxışdan keçirildiyini təsdiq edən sənəd.
2. Müvafiq tibbi müəssisə və ya dövlət ekspert müəssisələri tərəfindən son 1 ay ərzində verilmiş narkoloji yoxlayış haqqında arayış. Müvafiq arayış sürücünün narkotik vasitədən istifadə etməməsi faktını və narkoloji qeydiyyatda olmadığını təsdiqləyir.
3. Ümumtəhsil müəssisəsinin direktorunun hüquqi aktı və ya onun təsdiqlənmiş surəti. Həmin sənəddə ən azı ekskursiyanın təşkilatçısı olan müəssisə, müəssisənin ünvanı, direktorun kimliyi, ekskursiyanın yetkinlik yaşına çatmış rəhbərinin kimliyi, ekskursiya nəzərdə tutulmuş bütün bələdiyyələrin adı, ekskursiya çərçivəsində gedilməsi nəzərdə tutulan təxmini məsafə qeyd olunub.
Sürücünün müvafiq kateqoriyada nəqliyyat vasitəsinin idarə edilməsi hüququnu əldə etməsindən 5 il keçməlidir.
Ekskursiya çərçivəsində nəqliyyat vasitəsinin hərəkəti zamanı sərnişinlərin sayı həmin nəqliyyat vasitəsini hazırlayan zavod tərəfindən müəyyən edilmiş oturacaqların sayından çox olmamalıdır.
Ekskursiya çərçivəsində nəqliyyat vasitəsinin hərəkəti zamanı bütün sərnişinlər təhlükəsizlik kəmərindən istifadə etməlidirlər.
Ekskursiyada fiziki imkanları məhdud şəxsin iştirak etməsi halında onun ehtiyacları nəzərə alınmalıdır.
Əgər ekskursiya zamanı gediləcək təxmini məsafə 500 km-dən çoxdursa, sürücünün yanında qanunla tətbiq edilmiş tələbləri qane edən şəxs olmalıdır.
Ekskursiya çərçivəsində nəqliyyat vasitəsində yanğınsöndürən və ilkin tibbi yardım qutusu saxlanılmalıdır”.
Mənbə: etaloni.ge