“Yaxın gələcəkdə etnik azlıqlar üçün gürcü dili üzrə hazırlıq təhsil proqramı 1+4 lazım olmayacaq”. Bu barədə mayın 5-də Təhsil, Elm və Gənclərin İşi üzrə Komitənin sədri Givi Mikanadze komitənin iclasında bildirib.
Onun sözlərinə görə, Gürcüstanın qeyri-gürcüdilli vətəndaşlarının dövlət dilini bilmə səviyyəsi yaxşılaşıb.
“Xüsusilə qeyd etmək istəyirəm və biz bunun şahidiyik ki, son illər ərzində bu yöndə vəziyyət radikal şəkildə dəyişib. Bizim erməni və azərbaycandilli həmvətənlərimizdə, xüsusilə də gənclərdə vəziyyət yaxşıdır”.
Givi Mikanadze komitə üzvlərini Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Nazirliyin araşdırmasının göstərdiyi statistik məlumatla tanış edib. Həmin statistikaya əsasən, qeyri-gürcüdilli gənclərin 93 %-i gürcü dilini yaxşı səviyyədə bilir.
“Əlbəttə, işimiz hələ çoxdur və bu baxımdan həmin işlər artacaq, azalmayacaq. Belə göstəricilər bizim motivasiyamızı artırır və mən düşünürəm ki, əgər proses bu göstəricilərlə davam etsə bir neçə ilə biz ümumiyyətlə 1+4 sistemindən imtina etməliyik. Çünki həmvətənlərimizi qeyri-bərabər vəziyyətə salmağımız da qismən düzgün deyil. Ona görə də indiki gösətricilər, bu statistik analizin əsasında yaxın gələcəkdə 1+4 proqramının ləğv edilməsi barədə düşünməyə bizə imkan verir. Çünki bütün vətəndaşlar arasında gürcü dili biliyi yüksək səviyyədə olacaq. Bu, əlbəttə, bizə sistemi artıq ləğv etmək imkanı verir”, – deyə komitə sədri bildirib.
Mənbə: edu.aris.ge