Orta məktəbdə xarici dilin tədrisi yeniyetmələrin gələcək peşələrində uğur qazanmaları üçün vasitələrdən biridir. Ona görə də bütün dünyada xarici dilin tədrisinə böyük diqqət yetirilir.
Maraqlıdır, digər ölkələrdə şagirdlər hansı dilləri öyrənirlər? Məktəblərdə hansı dil daha məşhurdur?
Aşağıda bir neçə ölkə və həmin ölkələrin orta məktəblərində tədris olunan xarici dillərin siyahısı ilə tanış ola bilərsiniz:
İngiltərə – fransız, alman, ispan dili.
İngiltərədə şagirdlər dilin tədrisinə məktəbdə ikinci pillədən başlayırlar. Həmçinin ikinci dilin öyrənilməsinin könüllü olması faktı da maraqlıdır.
Dövlət alman və fransız dillərindən başqa xarici dilləri bilən şagirdləri dəstəkləyir və dilin tədrisində onlara hər cür köməklik etməyə hazırdır. Ekspertlərin qiymətləndirməsinə görə, ərəb və çin dili ölkəyə lazım olan dillərdəndir. Güman ki, gələcəkdə bu dillər məktəblərdə, eləcə də ali təhsil müəssisələrində və böyüklər arasında populyar olacaq.
Almaniya – ingilis, fransız, latın, italyan, holland, polyak, ispan dili.
Almaniyada dillərin öyrənilməsi populyardır. Ona görə də hələ uşaq bağçasından uşaqlara eyni zamanda iki xarici dil tədris olunur. Gördüyünüz kimi, dil seçimi zəngindir. Öyrəniləcək dilin seçimi təhsil müəssisəsinin coğrafi mövqeyindən asılıdır. Almaniyada məktəb təhsili bütün pillələrdə federal torpaqların cavabdehliyinə daxildir, ona görə də məktəblərdə dilləri öyrənmək üçün vahid meyarlar yoxdur.
Məktəb şagirdləri xarici dilin öyrənilməsinə həftədə 6 saatdan 8 saata qədər vaxt ayırırlar. Almaniyada xarici dilləri bilmək insana yalnız layiqli peşəyə sahib olmağa deyil, həmçinin karyerada və hərtərəfli inkişafa kömək edir.
Maraqlıdır ki, Almaniyada müəllimlər dillərin öyrənilməsi zamanı tədrisin kommunikativ medotlarına üstünlük verirlər. Ona görə də almanların əksəriyyəti ikinci dildə yaxşı danışa bilirlər.
ABŞ – ispan, fransız, alman, latın, yapon dili.
Amerika Birləşmiş Ştatlarında ispan dilinin öyrənilməsi məşhurdur. ABŞ Meksikadan sonra daimi immiqrasiyaya görə ispandilli əhalinin sayında dünyada ikinci yerdədir.
Ölkədə məşhurluğuna görə isə ikinci yeri fransız dili tutur. Aşağı siniflərdə şagirdlər xarici dil öyrənmirlər. Orta məktəb şagirdləri isə istədikləri xarici dili seçə bilirlər. ABŞ məktəblərində təhsil səviyyəsi kifayət qədər yüksəkdir, amma gənclər əksər hallarda qeyd olunan fənnə qarşı böyük maraq göstərmirlər.
Çin – ingilis, fransız, rus, alman dili.
Çinlilər üçün ingilis dilini öyrənmək vacibdir. İngilis dili ali təhsil almaq və karyerada irəliləmək üçün mütləqdir.
İngilis dilinin tədrisi məktəblərdə üçüncü sinifdən başlayır. Buna görə ölkədə dilləri daha erkən mərhələdə öyrədən özəl məktəblər məşhurdur. Belə məktəblərdə uşaqlar adi qaydada eyni zamanda bir neçə dil öyrənirlər. Çox öyrədilən dillər arasında fransız, rus və alman dilləri də var.
Mənbə: etaloni.ge