2023-cü ildən məktəblər müəllimlərin analıq məzuniyyətini ödəmək məsuliyyəti daşıyırlar. Müəllimin analıq məzuniyyətinin 6 aylıq əməkhaqqı ilə maliyyələşdirilməsi qərarı 2022-ci ildə parlamentin səhiyyə və təhsil komitələri ilə məsləhətləşmələr nəticəsində hökumət tərəfindən qəbul edilib. Parlamentin sədri Şalva Papuaşvili məktəb müəllimi və iki uşaq anası Tamar Tsanavanın parlamentə təqdim etdiyi qanunvericilik təklifindən sonra, hələ 2022-ci ilin yanvarında analıq məzuniyyətinin ödənilməsi məsələsinə baxılmasını müvafiq komitəyə tapşırıb.

 

Bu gün 2023-cü ildə Milli Müəllim Mükafatının ən yaxşı onluğuna düşmüş və öz peşəsində vətəndaş fəallığına görə xüsusi mükafata layiq görülmüş Tamar Tsanava analıq məzuniyyətinin ödənilməsi məsələsində həmkarlarının üzləşdiyi maneələri fəal şəkildə öyrənməyə davam edir və öz imkanları daxilində onlara müvafiq reaksiya göstərir. Tamar Tsanava müsahibəsində məktəblərin bir qismində bu baxımdan problemlərin olduğunu və bəzi hallarda mühasiblərin müəllimlərə analıq məzuniyyəti haqqını vermədiklərini bildirir.

 

– Tamar, müəllimlərin analıq məzuniyyətinin maliyyələşdirilməsi ilə bağlı fəal təbliğatınız nə vaxtdan həyata keçirilir və nümunə olaraq bir müəllimin timsalında əməkhaqqı sistemi necədir?

 

– Dəyişiklik 2023-cü ilin 1 yanvarından qüvvəyə mindiyinə görə artıq demək olar, 1 il olur ki, Gürcüstanda müəllimlər də ödənişli analıq məzuniyyətindən faydalanırlar.

 

Mövcud qanuna görə, 183 gün (doğuş üçün 126 gün, uşağa qulluq üçün 57 gün – bunu ata da öz üzərinə götürə bilər), əkiz uşaq olduqda isə 143+57 gün ödənişlidir. Qeysəriyyə əməliyyatı zamanı bu, 200 gündür. Müəllim 27-ci həftədən analıq məzuniyyəti götürə bilər. Onun məzuniyyətə gedə biləcəyi son gün doğuş günüdür.

 

Lazımi tədbirlərə gəldikdə, analıq məzuniyyəti bülleteni ödənişli günlərin sayının yazıldığı xəstəxanada doldurulmalıdır. Müəllim iki məktəbdə işləyirsə, xəstəxana iki forma verməlidir. Bundan sonra müəllim analıq məzuniyyəti bülletenini məktəbin müsahibinə aparır. Həmçinin bank rekvizitləri, uşağın doğum haqqında şəhadətnaməsinin surəti və ananın şəxsiyyət vəsiqəsinin surəti lazımdır. Bundan sonra məktəb mühasibi sənədləri sosial xidmət orqanına aparır və sənədlər təqdim edildikdən sonra 1-2 ay ərzində bank hesabına 2000 lari köçürülməlidir. Bu 6 aylıq əməkhaqqından tutulacaq (əmək haqqına həm sertifikat əlavəsi, həm də müəllimin aldığı sinif rəhbərliyi və digər əlavələr daxildir) və artıq nə qalırsa onu məktəb köçürür (hər ay və ya bütövlükdə). Məktəb büdcəsində pul yoxdursa, məktəb Təhsil Nazirliyinə müraciət edir və nazirlik pulu məktəbin büdcəsinə köçürür.

 

Müəyyən edilmiş müddətlərə baxmayaraq, bəzən sosial xidmətdən, məktəbdən ödəniş gecikir. Belə hallar daha çox region məktəblərində olur və bunun qarşısını almaq üçün bütün məktəblərə dəqiq göstərişlər vermək lazımdır ki, müəllimlər həm sosial xidmət qurumundan, həm də məktəbdən öz haqqını vaxtında alsınlar.

 

– 2023-cü ildə müəllimlər ödənişli analıq məzuniyyətindən nə dərəcədə fəal istifadə ediblər və onlarla əlaqəniz necədir?

 

– Mənim yaratdığım, bir-birimizə fəal köməklik göstərdiyimiz, təcrübə mübadiləsi apardığımız feysbuk sosial şəbəkəsində “Müəllimlərə analıq məzuniyyətinin ödənilməsi” adlı qrupun nümunəsindən istifadə edərək deyə bilərəm ki, bu il 100-ə yaxın müəllim analıq məzuniyyətinə çıxıb. Bu fakt məni çox sevindirir, çünki bu qrupa daxil olan 1700 müəllimdən 100-nün müsbət nəticəsi artıq qanunun qəbulunun həqiqətən də təcili və zəruri olduğunu göstərir. Elə gün olmur ki, bu mövzuda müəllimlərdən rəy almayım. Bəziləri mənə sadəcə təşəkkür edir, bəziləri isə təfərrüatlarla maraqlanır və mən öz bacarığım əsasında hər kəsə məsləhət verməyə çalışıram. Deyə bilmərəm ki, bütün təfərrüatları hərtərəfli bilirəm, amma müəllimlərin analıq məzuniyyəti məsələsi ilə bağlı artıq müəyyən təcrübə toplamışam.

 

– Bu rəyləri nəzərə alaraq, icra prosesi ilə bağlı hansı məlumatlara maliksiniz, məktəblər bu xəbəri asanlıqla qəbul edib?

 

– Bu, çox maraqlı prosesdir və şəxsən mənə gələn bütün işləri izləyirəm. Qanunda müəllimin neçə gün analıq pulu almaq hüququ olduğu açıq-aydın göstərilsə də, dəyişiklik bütün məktəblərə göndərilsə də, mühasiblərin müəllimlərə əməkhaqqı verməkdən imtina etməsi halları hələ də var. Səbəb kimi məktəbin kifayət qədər büdcəsinin olmaması göstərilir. Amma qanunda açıq-aydın yazılıb ki, belə olan halda məktəb Təhsil və Elm Nazirliyindən məbləği tələb etməlidir, onlar məzuniyyət pulunu köçürəcəklər.

 

Məndə belə bir təəssürat yaranır ki, bəzi məktəb direktorları və mühasiblər məktəb büdcəsini elə qəbul edirlər ki, sanki analıq məzuniyyətini öz ciblərindən ödəyirlər və mən hamını qanuna yenidən baxmağa çağırıram.

 

Məsələn, regionlarda yaşayan müəllimlər tez-tez mənə yazırlar ki, direktorla münasibətlərini korlamaq istəmirlər və görəsən necə hərəkət etməlidirlər – analıq pulunu tələb etsinlə, ya yox? Mən isə suala sualla cavab verirəm: Öz övladınızın firavanlığı daha önəmlidir, yoxsa direktorun sizə münasibəti?..

 

– Və bundan sonra hansı nəticə əldə olunur?

 

– Çox müəllimlər mənimlə söhbətdən sonra özlərində güc toplayıblar və yazıblar ki, cəsarət göstərib haqlarını tələb ediblər. Direktor da qanunu daha diqqətlə oxuyub və əmin olub ki, müəllim öz haqqını boşuna tələb etmirmiş. Əgər fərqli vəziyyətdirsə və mən aydınlaşdıra bilmirəmsə, bu halda Təhsil Nazirliyi, Ümumi Təhsilin İdarə Edilməsi və İnkişafı Departamentinin rəhbərləri ilə ünsiyyət qururam, məlumat verirəm, nazirliyin hüquqşünasları məktəblə əlaqə saxlayırlar.

 

Baxmayaraq ki, məktəblərə sentyabrda sənəd də göndərilib, orada analıq məzuniyyəti ilə bağlı çox suala cavablar qeyd olunub, görünür məktəblərin bir qismində hələ də problemlər var. Düşünürəm, bütün dəyişikliklər kimi buna da bir az vaxt lazımdır ki, hamı başa düşsün və ümid edirəm, gələn il məktəbin müəllimə analıq haqqını verməkdən imtina etməsi, müəllimin isə direktorun xətrinə dəyməmək üçün səsini çıxarmayacağı halları olmayacaq. İnanın, övladınızın rifahı susmaqdan da, səbir etməkdən də önəmlidir.

 

– Necə düşünürsünüz, “Bu ölkə sənindir” mükafatına layiq görülmüş müəllimin vətəndaş fəallığı nümunəsi olması nə dərəcədə və kimlər üçün mühümdür?

 

– Ola bilər bütün müəllimlər məktəbdən kənar fəal vətəndaş olmasın, amma düşünürəm ki, sinifdə bütün müəllimlər fəndən əlavə düzgün vətəndaş dəyərlərini şagirdlərə ötürməyə çalışmalıdırlar. Yəqin tez-tez unuduruq ki, bu uşaqlar bizim gələcək nəslimizdir və əgər onları ədalətli, məsuliyyətli vətəndaş olaraq yetişdirməsək bizim yaşlılığımız da stabil, təminatlı olmayacaq. Çox müəllimlər bunu başa düşmür və dövlətdən verilən “gücdən” əksər hallarda ölkənin firavanlığı üçün istifadə edə bilmirlər. Bizim ölkənin isə yaxın iyirmi ildə Gürcüstanı daha yaxşı vəziyyətə gətirəcək azad düşüncəli gənclərə hava kimi ehtiyacı var. İlk növbədə şagirdlər, sonra digər vətəndaşlar üçün nümunə olmalıyıq. Onlar bizə baxanda, ola bilsin, problemlərin həlli barədə düşünməyə başlayacaqlar, ədalətsizliyə etiraz edəcəklər. Başqa cür, problemlər daha da artacaq.

 

“Bu ölkə sənindir” mükafatını 2023-cü ildə Milli Müəllim Mükafatının finalında aldım və çox sevindim. Məhz pedaqoqun analıq məzuniyyəti haqqının qanuniləşdirilməsində iştirakım, müəllimlərin başqa problemlərinin işıqlandırılması və fəallığım üçün mükafatlandırdılar. Bu sevinc yəqin ki, həyatımın sonuna qədər mənimlə qalacaq, çünki yalnız mən bilirəm bu bir il ərzində analıq məzuniyyəti üçün mübarizə aparanda nə dərəcədə narahat oldum. Bu mübarizədə qəlbimlə inanırdım ki, qanun dəyişəcək və bir saniyə də olsun düşünməmişəm ki, bunun qarşılığında nə zamansa mükafat alacam. Bir daha əmin oldum ki, əgər səmimi mübarizə aparırsansa, əgər ürəkdən dəyişiklik istəyirsənsə, onlar mütləq baş tutacaq və bunun hamısına görə sənə minnətdarlıq bildirəcək adamlar olacaq.

 

– Analıq məzuniyyətinin maliyyələşdirilməsi mövzusu kimi, müəllimlərin və cəmiyyətin iştirakı ilə uğura nail olmaq istədiyiniz istiqamətlər hansılardır?

 

– 2023-cü ildə müəllimlərə layiqli pensiyanın təyin edilməsi ilə bağlı petisiya hazırlamışdım. Düşünürəm ki, 40-50 il stajı olan müəllimlər polis və digər strukturların nümayəndələri kimi həqiqətən də fərqli pensiyaya layiqdirlər. Əgər müəllimlərin zəmanətli və ləyaqətli qocalığı olarsa, o zaman 70-80 yaşa qədər peşədə qalmayacaqlar və məktəbə qəbul olması ciddi problem olan gənclərə yol verəcəklər. Artıq bir çox müəllimlər bu məsələdən danışıblar və əminliklə deyə bilərəm ki, indiyədək heç bir siyasi partiya, təşkilat bu məsələni gündəmə gətirməyib. İlk dəfə nazirlikdən və səhiyyə komitəsindən rədd cavabı almağımıza baxmayaraq (təbii ki, bunun səbəbi maliyyə çatışmazlığıdır) mən təslim olmaq fikrində deyiləm və gələn ildən bu məsələnin təbliğatına başlayacağam. Bilirəm ki, bir çox müəllimlər mənə böyük ümid bəsləyir və onları məyus etməmək üçün əlimdən gələni edəcəyəm. Çalışıram və inanıram ki, ürəkdən istədiyimiz hər şey alınacaq!

 

Mənbə: “edu.aris.ge”

Gürcü dilindən tərcümə etdi: Aynurə ƏLİYEVA