“Keyfiyyətin inkişafı və peşəkar dəstək qrupu – Müəllimin daxili qiymətləndirilməsi və peşə inkişafına dəstək məqsədi ilə məktəb direktorlarının sərəncamı ilə ümumtəhsil müəssisələri bazasında yaradılmış qrupdur”. Keyfiyyətin idarəsi qrupu məktəb həyatında baş verən hər şeyi müşahidə edir. Müəllimlər Evinin rəhbəri Berika Şukakidze bildirib: “Biz istəyirik məktəbdə keyfiyyətin idarəsi qrupu yaradılsın və qrup əməkdaşlıq formatında dərslərdə iştirak edəcək. Bu, pedaqoqun inkişafına kömək edəcək. Kənar müşahidə və sənəd-sünəd olmamalıdır. Ola bilsin, müəllimin ümumiyyətlə dərs planı yoxdur, ancaq şagirdi dərslə maraqlandırmağı bacarmalıdır. Əsas olan budur. Mən şagirdin dərsi başa düşüb-düşməməsi ilə maraqlanıram. Bizi nəticə maraqlandırır”.
Qaydaya görə, həmin qrup məktəblərdə tədris ili başlayana qədər yaradılmalı idi. Ancaq heç kim Gürcüstanın təhsil sahəsində nəticəsinin nə olacağını bilmir. Məktəblərdə keyfiyyətin idarəsi qrupları yaradılıb ya yox, onlardan konkret nə tələb olunur; Qrup üzvləri hər hansı ödəniş alacaqlarmı və məktəb direktorları qrup üzvlərini nə dərəcədə obyektiv seçəcəklər? – etaloni.ge bu suallarla Müəllimlər Evinin direktoru Berika Şukakidzeyə müraciət edib.
– Keyfiyyətin idarəsi qrupunun yaradılması məktəbin öz qərarıdır. Məktəb öz ehtiyacına əsasən bu qərarı qəbul etməlidir. Keyfiyyətin idarəsi qrupunun cəzalandırma mexanizmi yoxdur. O, yalnız qiymətləndirir və müəllimlərə heç bir ziyan vura bilməz.
– Əgər heç bir üstünlüyü yoxdursa və lazımi addımlar atılmayacaqsa o zaman bu qrupu yaratmağa nə ehtiyac var?
– Polis deyilik ki. Keyfiyyətin idarəsi qrupu istəsə də heç kimi cəzalandıra bilməz. Çünki bu heç yerdə yazılmayıb. Onun yaradılması ideyasının iki məqsədi var: birinci – məktəbin avtorizasiyasına yardım etsin. Bilirsiniz ki, indi məktəblərin avtorizasiyasına başlanılır. Çox sayda anketlər doldurulmalıdır və sonra məktəblərdə tədris, nizam-intizam, maddi-texniki bazada vəziyyət qaydaya salınmalıdır. 1500 şagirdi olan məktəbdə bunların hamısını direktor etməyəcək ki? Keyfiyyətin idarəsi qrupu vasitəçidir, administrasiyaya məktəbi daha yaxşı idarə etməkdə kömək edir.
Müəllimlərə gəldikdə isə, deyim ki, yeni sxemə görə onlar peşə inkişafından keçməlidirlər və keyfiyyətin idarəsi qrupu məhz buna kömək edir. Bundan əlavə, məktəb tədris planını kim yaratmalıdır? Keyfiyyətin idarəsi və əməkdaşlıq qrupu şöbələrdə olan vəziyyət barədə məlumat toplamalıdır və ictimaiyyətin ehtiyaclarına yönəlmiş məktəb tədris planı hazırlamalıdır. Buradan irəli gələrək, keyfiyyətin idarəsi qrupu direktora məktəbi idarə etməkdə, avtorizasiya prosesində kömək edir; müəllimə peşə ehtiyaclarını müəyyən etməkdə, konkret məktəb ictimaiyyətinə yönəlmiş tədris planı tərtib etməkdə kömək edir.
– Cənab Berika, qrup üzvlərinə ödəniş ediləcəkmi?
– Hey eşidirik ki, mentor, aparıcı və baş müəllimlər əlavə maaş alırlar, özləri də təkcə dərs deyirlər və məktəbin həyatında iştirak etmirlər. Təsəvvür edin, müəllim 1250 lari maaş alır və 15 dərs keçir! Ancaq onun öhdəliyi məktəbin idarəsində iştirak etmək olmalıdır. Müəllim bir fənn üzrə dərs keçdiyinə görə bu qədər əlavə maaş almamalıdır! O zaman direktor nə etsin, statuslu müəllimin maaşının yarısını alır və bu qədər məsuliyyət?
– Yəni keyfiyyətin idarəsi qrupunun üzvləri heç bir əlavə ödəniş almayacaqlar. Çünki, hesab edirsiniz ki, müəllimlər onsuz da yüksək maaş alırlar və məsuliyyəti, yaxud işlərini entuziazm əsasında artırmalıdırlar?
– Xeyr, ödəniş olmayacaq, ancaq gələcəkdə bu baxımdan ola bilsin nəsə dəyişsin. Bu, məktəbin qərarıdır və qrupun özünü nə dərəcədə yaxşı əks etdirməsindən, məktəb üçün nə dərəcədə lazımlı olmasından asılıdır.
– Cənab Berika, kreditlər barədə də soruşacam. Elə hallar olub ki, müəllim şikayət etdikdən sonra 0-dan 4 kredit alıb. Burada qiymətləndirmə qrupunun obyektivliyi və kompetensiyalı olmağı şübhə altına düşür, mənimlə razısınızmı?
– Etiraf etməliyik ki, kreditlər və qiymətləndirmə qrupunun fəaliyyəti gözləntiləri doğrultmadı. Həqiqətən də müəllimlərin kreditləri nəyə görə aldıqları aydın deyil və məhz buna görə bu sistemi ləğv etdik.
– Şikayət edirlər ki, kreditləri Berika Şukakidze düşündü və indi də ləğv edir…
– Mən heç nə düşünməmişəm və kreditlərlə də heç bir əlaqəm yoxdur. Kreditlər olanda mən heç bu vəzifədə çalışmırdım.
– Müəllimlər üçün məcburi fəallıqları ki, siz düşünübsünüz. Müəllim kənar müşahidədən keçməzsə və treninqlərdə iştirak etməzsə nə olacaq?
– Müəllimin statusunu əlindən ala bilmərik – o həmişəlikdir. Çox asandır, baş müəllim 20, aparıcı müəllim 12, mentor müəllim isə 8 saat treninq keçmək öhdəliyi daşıyır.
– Aydındır, ancaq prinsipial olaraq buna qarşı çıxırsa? Treninqlərdə iştirak etmək istəmirsə?
– Hazırlaşmaq istəmir nə deməkdir?! İnkluziyada, araşdırmada, fənn tədrisi metodikasında müəllimin hazırlaşmaq istəməməsi təsəvvür edilməzdir… Əgər treninqləri istəmirsə o zaman necə inkişaf etməlidir! Belə olmaz! Sonra da məktəb direktoru məktəbdə belə bir müəllimin olub-olmamasına qərar verir.
– Təcrübəçilərin imtahana qeydiyyatı artıq elan edilib. Testdən keçə bilməyəcək müəllimlər üçün başqa müəyyən güzəştlər planlaşdırılırmı?
– Bu sonuncu şansdır. Faktdır ki, sxemdə bu adamlar yoxdur və təbiidir, yalnız bu sonuncu imtahanla kompetensiyalarını artıra bilərlər.
– Tez-tez qınaq obyektinə çevrilirsiniz… Sakitliyinizi qoruyursunuz, ancaq yəqin ki, müəllimlərin şikayətləri sizi incidir.
– Düzünü desəm, elan etdiklərimizin hamısı araşdırmaya əsaslanır. Bizim qrup indi də müəllimlərin peşəkar inkişafı proqramı barədə beş araşdırma hazırlayıb. 1863 məktəb direktoru ilə pedaqoqların ehtiyacları barədə sorğu apardıq. Müəllimlərin peşə ehtiyaclarını və inkişaf etmək istəklərini araşdırmağı planlaşdırırıq. Bilirsiniz, nə zaman təəccüblənərdim? Əgər nəyisə öz fikrimə əsasən edərdimsə və onun möhkəm əsası olmazdısa. Köhnə sxemin araşdırmasını apardıq, gördük ki, işləmir və müəllimi sinif otağından nə uzaqlaşdırırdısa hamısını sxemdən çıxardıq.
Sakitliyə gəldikdə isə, deyim ki, dövlət məmurunun yüksək səbr göstərmə öhdəliyi var. Dövlət işində ilk dəfə işləmirəm və bunu yaxşı bilirəm. Çox hallarda sərt sözlərlə lənətləyiblər, bəzisi məni qalstuklu kəpənək adlandırır… Nə edək, insanlardır, əylənirlər… Mənim işim çoxdur. Bəzisi əsəbidir, bəzisinin ailəsində problem var və acıqlarını məndən çıxırlar. Ancaq bu, gündəlik aldığım təşəkkürlərin yanında heç nədir.
– Deyirlər ki, treninqləri trenerlərin ciblərinə pul qoymaq və bizə əzab vermək üçün düşünüblər.
– Müəllimlər Evi treninqlərə görə heç bir gəlir almır. Əksinə, biz dövlətdən ayrılmış məbləği xərcləyirik. Gələcəkdə treninqləri yalnız Müəllimlər Evi keçirməyəcək, bunu başqa provayderlər də edəcəklər.
– Özəl provayderlər treninq keçirəcəklərsə, bu o deməkdir ki, müəllimlər üçün bu treninqlər pullu olacaq?
– Dövlətin vauçer ayırmağa imkanı olsa və müəllim həmin vauçerlə istədiyi provayderin yanına getsə yaxşı olar. Çalışıram donorlar axtarım ki, dövlət və müəllimlər məbləğ ödəməli olmasın və buna görə də məni lənətləyəcəklər. Lənətləsinlər, fikir vermirəm.
– Deyirlər, müəllimlər imtahanı bezdirib. Ləğv etməyi düşünmürsünüzmü?
– Sertifikatlaşdırma imtahanı dünyanın bütün ölkələrində var. Sertifikatlaşdırma müəllimin fənn və metodika istiqamətindəki kompetensiyasını müəyyən etmək üçün vasitədir. Belə ki, imtahanların ləğvini planlaşdırmırıq.
Gürcü dilindən tərcümə edən: Aynurə ƏLİYEVA