“Yeni əməkhaqqı qaydası 2024-cü ilin 1 iyulundan qüvvəyə minəcək”. Bu barədə təhsil və elm naziri Giorgi Amilaxvari noyabrın 24-də Təhsil və Elm Nazirliyində müəllimlərin əməkhaqqı siyasəti mövzusuna həsr edilmiş brifinqdə bildirib.
“Hazırkı əməkhaqqı formulu üzərində işlənməli və dəyişdirilməlidir. Nazirlikdə yeni formul üzərində işləyirik və dekabrda baş tutacaq təqdimatda ictimaiyyətə geniş məlumat veriləcək. Biz fundamental islahatımızın olmasını istəyirik, buna görə də yalnız yanvardan 125 larilik artımla kifayətlənmədik, nəticəsi olmayacaqdı. Tədris ili başa çatan kimi, ilk gündən, 1 iyuldan yeni əməkhaqqı formulu həyata keçiriləcək və bu, müəllimlərin demək olar ki, 75 %-nə aid olacaq. Ümumi təhsil islahatı çərçivəsində bizim əsas qayğımız müəllimlərdir”, – deyə Giorgi Amilaxvari bildirib.
Onun sözlərinə görə, dərs yükü tam olmayan müəllimlərin də əməkhaqqı artırılacaq: “Ola bilsin 500 lari artırılmadı, amma 100 laridən çox olacaq”.
Məlum olduğu kimi, maliyyə nazirinin parlamentdə etdiyi açıqlamadan sonra müəllimlərdə ruhdan düşmə və aldadılma hissi yarandı. Nazir 2024-2025-ci tədris ilində müəllimlərin əməkhaqqının (tam dərs yükü olduğu halda) 500 lari və ya daha çox artacağını bildirmişdi. Müəllimlər 2024-cü ilin yanvar ayından əməkhaqlarının artırılacağını gözləyirdilər. Yeni ildən əməkhaqqının artırılması tələbi ilə pedaqoqlar Təhsil və Elm Nazirliyinə məktub göndəriblər. Həmin tələblə yaradılmış petisiyanı isə artıq minlərlə müəllim imzalayıb.
Giorgi Amilaxvari əməkhaqlarının sentyabrdan artırılacağını inkar edib. Ancaq onun bildirdiyinə görə, pedaqoqların əməkhaqqı növbəti aylar ərzində də dəyişməyəcək – söhbət 1 iyuldan gedir.
Nazirin Təhsil və Elm Nazirliyi tərəfindən yayımlanan tam çıxışı isə bu cürdür:
“Mənim nazir olduğum ilk gündən Baş nazir İrakli Qaribaşvilinin güclü dəstəyi ilə ümumi təhsil pilləsində olan bütün əsaslı problemlərin aşkarlanması üzərində işləməyə və onların həlli yollarının düşünülməsinə başladıq.
Bilirsiniz ki, nazirlikdə ümumi təhsil istiqamətində bəzi məsələlər üzərində işlənilir. İctimaiyyət yekun nəticələrlə bağlı məlumatı dekabr ayında keçiriləcək təqdimatda alacaq.
Bir daha qeyd etmək istəyirəm ki, ümumi təhsil islahatı çərçivəsində bizim əsas qayğımız və obyektimiz bizim layiqli, əməkdar müəllimlərimizdir. Onların peşə inkişafı sistemini formalaşdırmaq, əməkhaqqı siyasətini yaxşılaşdırmaq və onlar qarşısında olan problemləri həll etmək bizim əsas prioritetimizdir.
Mən pedaqoqlarla Tbilisidə, eləcə də regionlarda fəal görüşlər keçirirəm. Onlarla birlikdə bütün aktual məsələləri müzakirə edirik və müxtəlif problemlərlə bağlı onların fikirlərini dinləyirəm. Onların qarşısında bu gün duran problemləri yaxın gələcəkdə onların iştirakı və pedaqoqların maraqlarını nəzərə alaraq həll etməyi planlaşdırırıq.
Müəllimlərin qiymətləndirilməsi və onlara layiqli əməkhaqqı təklif edilməsi məqsədilə yeni əməkhaqqı siyasətinin formalaşdırılması, eləcə də başqa dəstək proqramlarının təklif edilməsi həyata keçirilir.
Ayrı-ayrı siyasi partiyaların və onların nümayəndələrinin, həmçinin siyasi fəaliyyətlə məşğul olan şəxslərin müəllimlərin əməkhaqlarının artırılması ilə bağlı qərara kölgə salmaq məqsədi daşıyan zərərli dezinformasiya kampaniyasına başlaması tamamilə qəbuledilməzdir.
İctimaiyyətə xatırlatmaq istərdim ki, 2012-ci ildə, “Gürcü Arzusu” hakimiyyətə gələnə qədər müəllimlərin orta əməkhaqqı 330 lari idi. Bu gün orta əməkhaqqı demək olar ki, 300 % artaraq 1230 lari olub.
Bu əhəmiyyətli artıma baxmayaraq, biz hesab edirik ki, müəllimlər daha yüksək əməkhaqqına layiqdirlər və hazırda sistemdə mövcud olan əməkhaqqı formulunun işlənib-hazırlanmasına və dəyişdirilməsinə ehtiyac var. Təhlillərimiz, araşdırmalarımız və müəllimlərlə fəal ünsiyyətimiz nəticəsində nazirlik yeni əməkhaqqı formulu üzərində işləyir və onun konkret təfərrüatları, qeyd etdiyim kimi, dekabr ayında keçiriləcək təqdimatda ictimaiyyətə açıqlanacaqdır. Bununla belə, biz burada bir daha təsdiq edirik ki, yeni əməkhaqqı konsepsiyası müəllimlərin əməkhaqqı artımını ehtiva edir və hazırkı əməkhaqqı ilə münasibətdə tam qrafiklə işləmək şəraitində müəllimlərin əməkhaqqı artımı son illərdə əvəzsiz olacaq. Tam ştatlı müəllimlərin əməkhaqları orta hesabla 500 lari və daha çox artırılacaq. Bu bir il ərzində orta əməkhaqqının təxminən 35 % artmasıdır ki, bu da uzun illər müəllim korpusunda həyata keçirilməyib. 2024-cü ildə artan təhsil büdcəsinin böyük bir hissəsi məhz dövlət məktəblərində müəllimlərin əməkhaqlarının artırılmasına ayrılır. Biz əməkhaqqı siyasətində əsaslı dəyişiklik etmək və müəllimlərə layiqli əməkhaqqı təklif etmək istəyirik. Buna görə də biz daha asan qərar yolu ilə getmədik və yanvar ayından müəllimlər üçün cəmi 125 lari əməkhaqqı artımını yetərli hesab etmədik. Hesab edirik ki, bu əsas əməkhaqqı yanaşmasını dəyişə bilməzdi. Buna görə də əməkhaqqı siyasətinə yenidən baxış edərkən biz əsas diqqəti əməkhaqqının artırılmasına yönəldəcəyik.
Müəllimlərin əməkhaqlarını 2024-cü ilin sentyabrından artırmağı planlaşdırdığımız barədə məlumat tamamilə yalandır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, statusun yüksəldilməsi halında müəllimin əməkhaqqı yeni tədris ilindən, yəni 2024-cü ilin sentyabrından artacaqdı, lakin biz 2024-cü ilin sentyabrını gözləmək fikrində deyilik və cari tədris ili başa çatdıqdan dərhal sonra yeni əməkhaqqı formulunun tətbiq edilməsini planlaşdırırıq.
Sistemin yeni əməkhaqqı formuluna keçməsi vacibdir. Bu məqsədlə cari büdcədən ayrılan və tam şəkildə müəllimlərin əməkhaqlarının artırılmasına yönəldilmiş vəsait çərçivəsində 2024-cü il iyulun 1-dən yeni əməkhaqqı formulu tətbiq ediləcək – bu 6 aylıq şərtlərdə belə, 2024-cü ilin illik şərtləri ilə müəllimlər üçün yanvar ayından artırılacaq 125 lari əlavədən 4 dəfə çox olacaq.
Bu əvəzsiz və tarixi əməkhaqqı artımı islahatı prosesində bütün maraqlanan tərəfləri bizə qoşulmağa çağırırıq. Bu proses müəllimlər üçün əvvəllər heç vaxt həyata keçirilməmişdir. Bu, statusundan asılı olmayaraq bütün müəllimləri artırılmış, layiqli əməkhaqqı ilə təmin edəcək və uşaqlarımıza daha yaxşı, keyfiyyətli təhsil təklif etmək imkanı verəcək”.
Mənbə: edu.aris.ge