Bu il Axaltsixedən olan 45 yaşlı Meqi Tateşvili vahid milli imtahanlarda iştirak edib. Uşaq bağçasında müəllimin köməkçisi işləyən Meqi stereotipləri qırmağa qərar verərək təhsilə başlamağın heç vaxt gec olmadığını sübut edib. O, gürcü dili və ədəbiyyat fənni üzrə özü hazırlaşıb.
“45 yaşım var, 7 övlad anası, 2 nəvənin nənəsiyəm. Bu il vahid milli imtahanlara qoşuldum. Bu yaşda mənim qəbul etdiyim qərar, yəqin ki, çoxlarına qəribə gəlir...
1995-ci ildə jurnalistika fakültəsinə qəbul oldum. Ailə şəraitinə görə, təəssüf ki, ikinci kursdan təhsilimi davam etdirə bilmədim. Əlbəttə, buna görə həmişə təəssüf edirdim.
Yoldaşım 3 ildir ki, dünyasını dəyişib. Ondan sonra tək qaldım. İnsan, qadın üçün öz imkanlarından maksimum istifadə etməyin, təhsilin, ali təhsil almağın əhəmiyyətini analiz etdim. Mən isə bunların hamısından məhrum idim.
Çoxsaylı qarşı çıxmalara baxmayaraq yenə də stereotipləri qırmağa qərar verdim və bu yolla hamıya, həmçinin özümə göstərdim ki, qarşına hansı məqsəd qoysan, çox cəhd göstərsən yaş, ümumiyyətlə, heç nə demək deyil.
İndi uşaq bağçasında işləyirəm. Müəllimin köməkçisiyəm. Gələcəkdə də təhsil sahəsində inkişaf etməyi planlaşdırıram. Gürcü dili və ədəbiyyat fənni imtahanı üçün özüm hazırlaşdım. Ümid edirəm, hər şey alınacaq”, – deyə Meqi Tateşvili bildirib.