2024-2025-ci tədris ilində XII sinfə vətəndaşlıq fənni və vətəndaşlıq təhsili layihəsi daxil ediləcək.

 

Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsilin İnkişafı Departamentinin rəhbər müavini Mariam Çikobava tədris başlamazdan əvvəl yayımlanmış məktubda qeyd edir ki, “Gürcü dili və ədəbiyyatı, Gürcüstan tarixi və Gürcüstan coğrafiyasının tədrisi ilə yanaşı vətənpərvər, fəal, vətənin qayğısına qalan, tolerant, özünün və başqasının mədəniyyəti, ənənəsini qiymətləndirən, özünün və başqasının hüquqlarını tanıyan, dəyər verən, demokratik maariflənmiş insan olaraq formalaşmaqda məhz vətəndaş təhsilinin öyrədilməsinin böyük töhfəsi var”.

 

Şagirdlər hansı ideyalar və konseptləri öyrənəcəklər:

 

“Bu il ilk dəfə olaraq 12-ci sinfə vətəndaşlıq fənni və vətəndaşlıq təhsili layihəsi daxil ediləcək. Nəticədə 3-cü sinifdən 12-ci sinfə qədər (III-IV – Mən və cəmiyyət, V-VI – Bizim Gürcüstan və VII-XII – Vətəndaşlıq) vətəndaş təhsili çərçivəsində bu ideyalar və konseptlər öyrənilir:

 

Şəxsi inkişaf və sosiallaşma, məsuliyyət, qayğı, Gürcüstanın etnik, dini və mədəni müxtəlifliyini dərk etmək və müxtəlifliyə müsbət münasibət formalaşdırmaq, demokratiya prinsiplərini həyat vəziyyətləri ilə əlaqələndirmək; özünün və başqalarının hüquq və vəzifələrini bilmək və qorumaq; öz baxışlarının, davranışlarının qiymətləndirilməsi və korrektə edilməsi, emosiyaların idarə edilməsi (özünü əks etdirmə); qısa və uzunmüddətli məqsədlərin müəyyən edilməsi; ideyaların formalaşdırılması və onun həyata keçirilməsi üçün zəruri addımların planlaşdırılması; könüllülük əsasında vətəndaş fəaliyyətində iştirakın vacibliyini dərk edərək demokratiya prinsipləri əsasında fəaliyyət göstərməyin zəruriliyini görmək; vətəndaş iştirakı; təşəbbüskarlıq və sahibkarlıq, maliyyə savadlılığı; davamlı inkişaf və onun prinsiplərinin başa düşülməsi; əsas hüquqi sənədlərə (Gürcüstan Konstitusiyası, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Uşaq Hüquqları haqqında Konvensiya) əsaslanaraq öz qərarlarının/fikirlərinin əsaslandırılması; cəmiyyətdə pozitiv dəyişikliklərə yönəlmiş ideyaların lobbiçiliyi və vəkilliyi, fərqli maraqların daşıyıcısı olan qruplarla və ya dövlət qurumları ilə əməkdaşlıq və sair”.

 

Vətəndaş təhsilində layihə nə deməkdir?

 

“Layihəyə gəlincə, yəqin soruşacaqsınız ki, vətəndaşlıqla bağlı bu qədər işlərdən sonra hələ də vətəndaşlıq fənni üzrə layihəyə (X, XI, XII siniflərdə) ehtiyac varmı? Milli təhsil planı cəmiyyətin ehtiyaclarına cavab verməlidir. Düşünürəm ki, bu gün vətəndaşlığı bu dozada öyrənməyə çox ehtiyacımız var. Vətəndaş layihəsində şagirdin daha da dərinləşdirmək istədiyi və ya məcburi vətəndaşlıq proqramı ilə əhatə oluna bilmədiyi ideyalar həyata keçirilməlidir. Bu baxımdan şagird-müəllimin araşdırma, axtarış, öyrənmək, başqalarını inandırmaq və əvvəlcə yerli, sonra isə qlobal miqyasda müsbət dəyişikliklər etmək azadlığı daha da çoxdur”.

 

Mariam Çikobavanın sözlərinə görə, digər fənlərin standartları kimi, vətəndaş təhsili standartına da yenidən baxılıb və müzakirələr üçün ictimaiyyətə açıqlanacaq.

 

“Biz son formasını alıb təsdiqlənməmişdən əvvəl məmnuniyyətlə məktəb ictimaiyyətinin qiymətləndirməsini və rəyini gözləyəcəyik. Nə yaxşı idisə, itirilməyib və məncə, standart mövcud olandan yaxşıdır”, – deyə Təhsil Nazirliyinin nümayəndəsi bildirib.

 

Mənbə: edu.aris.ge