Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin direktoru Nino Tsereteli olacaq. O, bu günə qədər Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyində Ali təhsilin və Elmin İnkişafı Departamentinin rəhbəri vəzifəsini tuturdu.
Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyi Nino Tseretelinin təyin edilməsi haqqında məlumatı 20 fevralda yayımlayıb:
“Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin direktoru vəzifəsinə Nino Tsereteli təyin olunub. Gürcüstan Təhsil, Elm və Gənclər naziri Giorgi Amilaxvari görüş keçirərək yeni rəhbəri mərkəzin əməkdaşlarına təqdim edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nazir görüşdə qeyd edib ki, təhsil sistemində Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz mühüm funksiyalardan birini yerinə yetirir və imtahanların təşkil edilməsi baxımından mərkəzin uğurlu fəaliyyətinin davam etməsi, yaxşılaşdırılması mühümdür.
Görüşdə Gürcüstan təhsil , elm və gənclər nazirinin müavini Qela Qeladze də iştirak edib.
Nino Tseretelinin təhsil sahəsində 20 illik təcrübəsi var. O, müxtəlif vaxtlarda Təhsil və Elm Nazirliyində, eləcə də Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəzdə işləyib. 2019-cu ildən bu günə qədər isə Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin Ali təhsilin və Elmin İnkişafı Departamentinin rəhbəri vəzifəsini tuturdu”.
Xatırladaq ki, Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin direktoru Sopio Qorqodze 2024-cü ilin 1 yanvarından vəzifəsini tərk edib.
Qaydalara əsasən, Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin direktoru “Təhsil nazirinin təqdimatı ilə Gürcüstanın Baş naziri tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir”.
Mənbə: edu.aris.ge