“Maraqlıdır, bu dilənçi qonorarları ilə necə normal və rəqabətə davamlı dərsliklər yazılmalı, hansı insanlar öz biliyini, təhsilini, istedadını, zəhmətini, vaxtını, enerjisini qəpik-quruşlara satmalıdır və niyə...” – Sadaxlı 2 saylı ictimai məktəbin müəllimi Natia Mania dərsliklərin hazırlanması üçün verilən qonorarların azlığından danışıb. Dərslik müəllifi sosial şəbəkədə bu haqda məktub yayımlayıb və qeyd edib ki, onda Təhsil Nazirliyini söymək əhvali-ruhiyyəsi yaranıb, çünki builki qonorar müəllimin bir ayının əməkhaqqından azdır. “Bu bizi alçaltmaq və təhqir etməkdir!” – deyə Natia Mania müsahibəsində bildirib. O, müəlliflərin hansı şərtlər altında dərsliklər üzərində işləməli olduqları, keyfiyyətli kitablar əldə etmək üçün nələrə diqqət yetirməyin lazım olduğu barədə də danışıb.
Natia Mania: Qeyri-gürcüdilli məktəblər üçün 5, 6, 7 və 8-ci siniflərin gürcü dili dərsliklərinin həmmüəllifiyəm. Kitablar 2020-ci və 2021-ci illərdə qriflənib. Hər dərslik 3 hissədən ibarətdir: müəllimin kitabı, şagirdin kitabı və şagirdin dəftəri. Müəllimin kitabı müəllimlər üçün metodik məsləhətdir, dərs planları, fəaliyyətlərin siyahısını əhatə edir. Şagirdin kitabı və dəftərində mətnlər, tapşırıqlar, suallar, qrammatik sxemlər var... Şagirdin dəftəri kitabdan əsasən onunla fərqlənir ki, dəftərdə işləmək mümkündür – yazmaq, çəkmək və s. Ancaq şagirdin dəftərinin yaradılması da kitab yaratmaq qədər zəhmət tələb edir. Mən 4-cü sinif üçün nəzərdə tutulmuş 12 kitab həmmüəllifiyəm və mənim builki qonorarım cəmi 1582 laridir.
– Sosial şəbəkədə yazmısınız ki, köçürülən qonorar sizi Təhsil Nazirliyini söyməyə vadar edib. Bu məbləğin necə hesablandığını və müqaviləyə əsasən hansı məbləği gözlədiyinizi bilirdinizmi?
– Bu məbləğin necə hesablandığını dəqiq bilmirəm, çünki hansı kitabın hansı tirajla çap olunduğunu bilmirəm. İlk ildə qonorar xeyli yüksək idi, çünki o zaman kitablar və dəftərlər birlikdə çap olunurdu. Bu il, hesabıma görə, şagirdin dəftəri daha çox çap olunub, çünki hər il kitab çap olunmur, kitablar məktəbdə saxlanılır və şagirdlərə istifadə olunmuş kitablar paylanır. Düşünürəm ki, bu, 5-10 min şagird üçün çap olunan dəftərlərin və daha az kitabların pulu olmalıdır. Əsas nədir bilirsinizmi? – Hər şagird dəftəri üçün nəşriyyata və müəlliflərə 30 tetri ödəyirlər. Təsəvvür edin, adi dəftər artıq bazarda belə aşağı qiymətə satılmır və 141 səhifəlik, mətn, çalışmalar, illüstrasiyalı şagird dəftərinə görə bizə 30 tetri ödəyirlər! Müəlliflər bu təlimatlara inanılmaz əmək qoydular, xüsusən də, qısa müddətə hazırlamalı oluruq. Qrifləmə Komissiyasının qiymətləndirməsindən sonra redaktə işi də qısa müddətdə həyata keçirilir. Yadımdadır, bu kitablardan birini yayda redaktə edirdim, 2-3 həftəyə bitirməli idim. Səhərə kimi yatmırdım, nazirliyin qeydlərini öyrənirdim, eyni fəsli yəqin ki, 50 dəfə oxudum. İki azyaşlı övladım kənddə idi, onlara heç fikir verə bilmirdim. Bəzən qonşumdan xahiş edirdim ki, uşaqlarıma yemək hazırlasın. Axırda bu dərsliyə qrif verdilər. Mən o qədər zəhmət çəkdim, depressiyaya düşdüm və müalicəyə ehtiyacım oldu. Bu il bu zəhmətə görə mənə 1582 lari verdilər. Bu məbləğ və ümumiyyətlə, bir şagird dəftəri üçün 30 tetri vermək alçaltmaq və təhqirdir!
– Aldığınız acı təcrübəyə görə gələcəkdə dərsliklər üzərində işləyəcəksinizmi?
– Çətin məsələdir. Düzünü desəm, ilk vaxtlar həmkarlarla dərsliklər üzərində işləmək barədə danışanda, təkliflər gələndə həmişə dəlilikdir deyirdim. Buna səbəb qrifləmənin elan edilməsi və 6 aydan az müddətdə iki, üç, dörd sinif dərslikləri yazmaq idi. Bu sadəcə mümkün deyil. O vaxt heç bir nəşriyyatla əməkdaşlıq etmək təcrübəm belə yox idi və 6 aya dərslik yaratmağa necə qərar verə biləcəyimi təsəvvür edə bilməzdim. Ona görə də həmişə imtina etmişəm. Sonra elə oldu ki, “Bakur Sulakauri” nəşriyyatının təşəbbüsü ilə 7 nəfərdən ibarət qrup yaradıldı. Mən də onların arasında idim. Nəşriyyat bizə dəstək olurdu, çox idik və qısa müddətdə dərslik yaratmaq şansımız da çox idi. Ona görə də bu işə qoşulmağa cəsarət etdim.
Bu çağırış idi, müəyyən dərəcədə eksperiment idi. Kitablarımızın qriflənəcəyini heç düşünmürdüm, sonra isə qonorarımın gördüyümüz işə nə qədər uyğun olduğunu düşünəcəkdim. Bu gün belə qonorar köçdü, əhvalımı da bilirsiniz, amma möcüzədir ki, mən hələ də dərsliklər üzərində işləmək istəyirəm. Bunun səbəbi yaxşı bir şey dərc etmək istəyimdir. Bunlar bizim ilk cəhdlərimizdir. Qısa müddətdir ki, qeyri-gürcülər gürcü dilini xarici dil və ikinci dilin tədrisi metodundan istifadə edərək öyrənirlər. Üstəlik, demək olar ki, hazırda bu metodika hazırlanır və biz hamımız bu istiqamətdə çalışan pionerlərik. Bu həqiqətən də böyük sınaq və zəhmətdir.
Onu da qeyd edim ki, biz daha çox Azərbaycan və ermənidilli uşaqlar üçün dərsliklər yaradırıq. Onların müxtəlif dil problemləri, öyrənmə xüsusiyyətləri var və bu da kitab yazarkən nəzərə alınmalıdır. Mən çox yaxşı məhsul hazırlamaq və onun yaradıcısı olmaq istəyirəm. İstək var, amma onu nə qədər həyata keçirəcəm, bilmirəm. Çünki eyni zamanda məktəbdə işləməli, sadəcə özümü və övladlarımı dolandırmaq üçün şagirdlərim olmalıdır, uşaqlarımın normala yaxın həyatı olmalıdır və gecələri yatmamalıyam, kitab yazmalıyam, alçaldıcı qonorar almalıyam. Builki qonorarım məktəbdə aldığım bir aylıq əməkhaqqından azdır. Məktəbdə əməkhaqqım kifayət etmir, dolanmaq üçün daha 9 iş görürəm. Bunun fonunda müəlliflik sırf entuziazm və dəlilik üzərində qurulmuş bir zəhmətə çevrilir. Entuziazmla işləyən adamdan isə keyfiyyətli məhsul yaratmağı tələb etmək olmaz.
– Keyfiyyətli məhsulu heç “çatdırmaq” üzərində işləyən adam belə yarada bilməz. Artıq qeyd etdik ki, dərsliklər ən azı 4-6 aya yazılır. Sizcə, nazirlik niyə qısa vaxt qoyur və müəllifin bir kitab yazması üçün təqribən nə qədər vaxtı var?
– Bilmirəm niyə müəlliflərə kitab üzərində işləmək üçün həmişə az vaxt verilir. Səbəb yəqin ki, anlaşılmazlıqdır. Buna başqa nə ad verəcəyimi bilmirəm. Kiminsə bu qədər qısa bir vaxtda kitab yaza bilməyəcəyini və keyfiyyətə fikir verirsinizsə, müəllifin daha çox vaxtının olması lazım olduğunu dərk etmk üçün, məncə, xüsusi biliyə, istedada və bacarığa ehtiyac yoxdur. Bunu nazirliyin rəsmisi və eksperti yox, məktəb şagirdi də anlayar. Bunun niyə baş verdiyi barədə heç bir fikrim yoxdur. İki ildir ki, qrif tamamilə dayandırılıb və biz ölmürük. Necə olması başqa bir məsələdir, amma bir şəkildə tədris prosesi davam edir. Müəllifin bir kitab yazmaq üçün niyə 2 ili yoxdur? Müəllif lazım olan materialları illərlə toplayıb, sonra ancaq sistemləşdirsə bu halda 4-6 ay kifayət edə bilər, amma belə də olmayacaq, çünki axırda nazirlik nəyi necə yazmalı olduğumu mənə sifariş edir. Milli tədris planı nazirlikdə yazılıb və mənim təcrübəmlə daha az əlaqədardır. Mən əvvəlcədən deyə bilmərəm ki, nazirliyin hər hansı ekspertinin başına hansı fikirlər gələcək, bu və ya digər sinif dərsliyi üçün necə plan yazacaq, nə tələb edəcək. Milli tədris planı tez-tez dəyişir. Düşünürəm ki, müəllifin bir dərslik yaratmaq üçün ən azı 2 il vaxtı olmalıdır və kitablar pilotlaşdırılsa çox yaxşı olar. Pilot məktəblər, siniflər olmalıdır ki, orada müəllimlər hər mövzunu, dərsi yoxlayacaq, rəy bildiriləcək, səhvlər təhlil ediləcək və onlar düzəldildikdən sonra yaxşı, keyfiyyətli kitab hazırlanacaq. Səhv etmirəmsə, təxminən 18-20 il əvvəl kitablar pilotlaşdırılırdı.
– Və bu proses özünü doğrultdumu?
– Bilmirəm. Fakt budur ki, artıq belə olmur.
– Siz artıq öz kitablarınızı sınaqdan keçirmisiniz. Yaratdığınız məhsuldan razısınızmı?
– Mənim tərəfimdən qiymətləndirmə çətindir, lakin, məncə, yaradılmasında iştirak etdiyim dərsliklər əvvəlki dərsliklərdən yaxşıdır. Kimə maraqlıdırsa, niyə belə düşündüyümü izah edə bilərəm. Bununla belə, bizim dərsliklərimiz də mükəmməl deyil. Mən özüm də tədris zamanı qüsurları görürəm. Bu təəccüblü deyil, çünki, dediyim kimi, biz qeyri-gürcü şagirdlərə bu üsulla gürcü dilinin tədrisində pionerlərik. Bir çox həmkarlarım razıdırlar, deyirlər: dincəldik, öyrətmək bizim üçün asanlaşdı. Bəziləri bizə məsləhət və qeydlər verir. Yaxşı dərslik təkcə müəllifdən və nəşriyyatdan yox, həm də nazirliyin sifarişindən və milli tədris planından asılıdır. Milli tədris planı isə, məncə, əsassız olaraq çətindir.
– Milli tədris planında konkret olaraq nəyi bəyənmirsiniz və əsassız olaraq çətindir deyəndə nəyi nəzərdə tutursunuz?
– Əsas problem odur ki, milli tədris planı bizə əlçatmaz məqsədi göstərir. Mənə çətin bir proqram verəndə, mənə əlçatmaz bir məqsəd qoyanda və mən də bir təlimatı o məqsədə uyğunlaşdırmaq məcburiyyətində qalanda, o təlimat yaxşı ola bilməz. Çətinlik dedikdə bunu nəzərdə tuturam ki, onlar plan quranda hansısa ideal vəziyyəti təsəvvür edirlər. Bununla belə, biz ideallardan deyil, reallıqdan başlamalıyıq – uşaq nəyi öyrənə bilər və həyatda ona nə lazımdır. Bu, xüsusilə ibtidai səviyyə üçün doğrudur. Orta təhsil pilləsində bu barədə universitetə hazırlıq səviyyəsi kimi danışmaq olar, lakin baza səviyyəsində bütün fənlər üzrə milli tədris planı elə qurulub ki, şagirdlərin böyük əksəriyyəti öhdəsindən gələ bilmir. Buna görə də bu plan tamamilə yalandan ibarətdir və dərsliklər bu yalana uyğunlaşdırılıb. Bunu bilmək isə sadəcə olaraq kitabı başa düşə bilməyən və heç öyrənməyən müəllimin, şagirdin motivasiyasının aşağı düşməsinə gətirib çıxarır. Nəticədə heç nə bilmədən məktəbi bitirən nəsillər yetişir. Oxumaqdan, yazmaqdan başqa demək istəyirdim, ancaq heç bunu da bilmirlər. Oxuyub-yazmaq dedikdə hərfləri tanıyıb yazmağı nəzərdə tutmuram. Oxumaq və yazmaq daha çətin bir şeydir və bunu bilmək o deməkdir ki, siz öz fikirlərinizi anlaşıqlı şəkildə çatdıra, istəklərinizi ifadə edə, funksional mətnlər yarada, həyatınızda istifadə edə, oxuduğunuz hər hansı mətndən uyğun məna çıxara, təhlil edə, tərtib edə biləsiniz. Şagirdlərin çoxu bunu bilmir. Ümid etmək istərdim ki, yeni milli plan yaradanda reallığı nəzərə alacaqlar, heç olmasa bir neçə məktəbdə araşdırma aparacaqlar və yeni sənədi onun əsasında quracaqlar. Bilmirəm, bu ediləcək, ya yox. Hər kəslə əməkdaşlıq edib məsləhət verməkdən məmnun olardım.
– Keyfiyyətli dərsliklər əldə etmək və bir müəllif kimi sizi kitab üzərində işləməyə həvəsləndirmək üçün Təhsil Nazirliyinə nə məsləhət görərdiniz?
– İlk növbədə Təhsil Nazirliyi buludlardan yerə enməlidir. Demək istəyirəm ki, milli tədris planı bir çox regionlarda 19-cu əsr səviyyəsində və infrastrukturuna malik məktəblərdə mövcud olan vəziyyətin ölkəmizin reallığına yaxınlaşdırılmasıdır. Üstəlik, bizdə 21-ci əsr səviyyəsində məktəb olsa belə, bəzi fənlər üzrə proqram o qədər mürəkkəb və şişirdilmişdir ki, şagird yenə də onun öhdəsindən gələ bilmir. Ona görə də ilk növbədə milli tədris planının yenilənməsi yox, sıfırdan yazılması lazımdır. Məqsədimizin nə olduğu və məzunun nəyi bilməsinin mühüm olduğu, özümüzü necə aldatmamalıyıq – bu düşünülməlidir. Biz kağız üzərində heyrətamiz məqsədlər yaza bilərik və heç vaxt onlara nail ola bilmərik. Biz real məqsədlər qoymalıyıq. Yalnız bundan sonra normal dərslik yazıla bilər. Onda indidən düşünməliyik ki, pulsuz dərsliklərin bütün şagirdlərə paylanması nə dərəcədə zəruridir, çünki hamı üçün pulsuz dərsliklər ona gətirib çıxarır ki, kitabların qiyməti, müəllifin qonorarı, nəşriyyatın gəliri və müvafiq olaraq keyfiyyət də aşağıdır. Bayaq qeyd etdiyim kimi, bir dərs vəsaitinin yaradılması və sınaqdan keçirilməsi üçün ən azı 2 il vaxt verilməsini istərdim. Bütün bunların kompleks şəkildə həlli dərsliklərin daha keyfiyyətli olmasının əsasına çevriləcək, müəlliflərin dərsliklər üzərində işləməyə həvəsi artacaq.
Mənbə: edu.aris.ge
Gürcü dilindən tərcümə etdi:
Aynurə ƏLİYEVA