Mixeil Çxenkeli təhsil və elm naziri vəzifəsini tərk edib. Onun yerinə təhsil və elm komitəsinin sədri Giorgi Amilaxvari təyin olunub. Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.

 

Xatırladaq ki, Mixeil Çxenkeli iki dəfə təhsil naziri olub. İlk dəfə 2017-ci ildə nazir vəzifəsinə təyin olunan M.Çxenkeli 2018-ci ilin 14 iyuluna qədər bu vəzifəni tutub; ikinci dəfə isə 2019-cu ilin 13 noyabrında təhsil və elm naziri vəzifəsinə təyin olunub. M.Çxenkeli, həmçinin, Baş nazir Giorgi Qaxarianın zamanında onun təhsil məsələləri üzrə məsləhətçisi olub. Nazir vəzifəsinə qədər isə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin prorektoru olub. O, doktor elmi dərəcəsinə sahibdir və ABŞ Universitetləri Professorlar Assosiasiyasının üzvüdür.

 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Mixeil Çxenkeli ilə vida görüşü keçirərək ona təhsil və elm naziri olduğu dövrdə göstərdiyi xidmətə görə minnətdarlığını bildirib və gələcək fəaliyyətində uğurlar arzu edib. M.Çxenkeli öz növbəsində hökumət başçısına minnətdarlığını bildirərək qeyd edib ki, Baş nazir İrakli Qaribaşvilinin komandası ilə işləmək onun üçün böyük şərəf idi.

 

Qeyd edək ki, Mixeil Çxenkeli akademik fəaliyyətinə qayıdır və Kutaisi Beynəlxalq Universitetinin Beynəlxalq Məsləhətçilər Şurasına sədrlik edəcək.

 

Yeni təhsil naziri Giorgi Amilaxvari Moskvada dünyaya gəlib. İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1999-2000-ci illərdə ABŞ-ın “Alamo” ali məktəbini, 2016-cı ildə Maks-Plank Beynəlxalq Özəl və Müqayisə üzrə Hüquq Araşdırmaları İnstitutunu bitirib.

 

2004-cü ildə “Klinton Davis Pallis – Vəkillər”də vəkil müavini olub (London, Böyük Britaniya); 2007-2008-ci illərdə Dövlət Naziri Aparatında Avropa və Avro-Atlantikaya inteqrasiya məsələləri üzrə baş mütəxəssis olaraq işləyib; 2008-2010-cu illərdə “Saverus” MMC Litva investisiya şirkətinin Gürcüstandakı filialı “Saverus Georgia”nın baş hüquqşünası olub.

 

2010-2020-ci illərdə Tbilisi Açıq Tədris Universitetinin hüquq üzrə rektor müavini, rektoru, dosenti; 2018-2019-cu illərdə Təhsil Proqramları üzrə Akreditasiya Şurasının sədr müavini;

2020-ci ildə isə “Gürcü Arzusu – Demokraik Gürcüstan” partiyasının siyahısı ilə 10-cu çağırış Gürcüstan Parlamentinin üzvü olub. Hüquq üzrə doktordur.

 

 

Mənbə: etaloni.ge