Məktəbə gedəndə iki əmim, iki bibim və bir dayım müəllim işləyirdi. Anam dəcəl, ərköyün qızına tapşırdı ki, bax ha, onlar evdə qohumdurlar, məktəbdə müəllim! Səhvin olsa danlayacaqlar da, cəzalandıracaqlar da. Çox hörmətli və məsafəli olmalısan. Küsmək, cavab qaytarmaq olmaz. Səni məktəbdən qovarlar.

 

Bax beləcə öyüdlə getdik məktəbə. Tək mən yox. 80-lərin uşaqları. Əmim fizikadan, bibim riyaziyyatdan dərs dedilər. Hamı məndən razı olsa da, onlar razı olmadı, daim daha yaxşı çalış dedilər. İncisəm də, küssəm də dinəmmədim, axı müəllimim idilər.

 

Bakı Dövlət Universitetində tələbə olsam da, məşhur professorlardan dərs alsam da, neçə mötəbər tədbirlərin iştirakçısı olsam da, məktəbli günlərimi xatırlayanda ilk növbədə orta məktəb müəllimlərimi çox böyük hörmətlə xatırlamışam.

 

Məktəbimizdə Əbəş müəllimin şapalağı adla idi. Hər şagird o şapalaqdan sığortalana bilməzdi. İsgəndər müəllimin, Nizami müəllimin, Məsim müəllimin çox vaxt əllərində şuvurtu çubuqları olardı. İstədikləri vaxt o çubuqları pəncərənin önünə də qoya bilərdilər, kimsə risq edib əl vura bilməzdi. Musa müəllim qəflətən oğlanların ayağını basar və qaçmağa qoymazdı, sonra da qulağını burardı. Badisəba müəllimin böyük qaşlı üzüyü dəcəllərin başında taqqıldayardı. Məsim müəllimin zolaqlı çubuğu vardı. Ələddin müəllimin qorxusundan kimsə partaların üstünə xətt belə çəkə bilməzdi. Əlixan müəllimin hökmlü, Nigar müəllimin bəlağətli səsi, Cahangir müəllimin zəhmi, Əşrəf müəllimin mülayim rəftarı... onlarla saya biləcəklərim. Heç unutmadım ki! Unudarammı?!

 

Arı müxtəlif çiçəklərə qonur, onlardan nektar alır, sonra o müxtəlif şirələri öz ağız suyu ilə qarışdırıb təbiətin əvəzsiz möcüzəsini – bal hazırlayır. Balda nektar olmasa da ibtidai şirə var, bax o şirə təkandır.

 

Biz dünyaya fərd kimi gəlirik, sonra həyat bizi bərki, boşu gördürüb götürtməyiylə şəxsiyyətə çevirir. Biz arı kimi təcrübələrimizdən yığa-yığa özümüzü yaradırıq. O yaradılışda Əbəş müəllimin şilləsinin xofu, Məsim müəllimin çubuğunun ağırlığı, Ələddin müəllimin acıqlı səsi, Rasimə müəllimin hikkəsi, Badisəba müəllimin toqqalı üzüyü olmasaydı mən mən olmazdım. Vallah!

 

Mən nümunəvi şagird olsam da bəzən danlanan kütlənin quru odunda yaş olsam belə evdə deyərdimmi ki, danlandım. Desəm belə məni günahkar edərdilər, eləcə də hamımız. Yadıma gəlmirdi ki, hansısa valideyn şikayət edəydi ki, uşağımı niyə cəzalandırırsız. Çünki valideyn anlayırdı ki,müəllim yalnız onun uşağının yaxşılığı üçün danlayır, bu danlaq onu şəxsiyyətə tərəf aparır, bax bu anlayış müəllimi çox hörmətli edirdi.

 

Biz hələ quruluş dəyişən zamana düşdük. Bizdən əvvəl müəllim daha hörmətli imiş, çörək yemir, su içmir düşünməklə müəllimi müqəddəsləşdirirdilər.

 

Əzizim əziz, tərbiyəsi ondan əziz – deməklə sağlam mühit yaratdılar. O mihitin çiçəkləri müəllimlər, arıları da şağirdlər idilər. Sağlam çiçəklərin təmiz xətti – balı yaranırdı.

 

Bəs bu gün?

 

Müəllimlərimizin az qala kütləvi mənən qırıldığı zamanmı gəldi? Nədən axı? Hamımızın həyat yolunda müəllim haqqı yoxmu? O haqqı itirməklə haqqı danmırıqmı? O ağırlıqla necə yaşayacağıq bəs?

 

Abilərimiz öz ləhcəsində müəllimə öyrətmən deyirlər, müraciətdə XOCAM, özü də mənsubiyyətlə. Müəllimə böyük hörmət!

 

Nə gözəl!!!

 

Evdə iki uşağını nizama sala bilməyən ana 25-30 uşağın içində sağlığını şagirdlərinin həyatında şam kimi əridən, işığa can atan uşaqlar üçün bələdçi olan müəllimi necə aşağılayırlar? Güya həmin valideyn öz uşağını heç cəzalandırmır?

 

Faciəmiz bilirsiz nədir? Faciə odur ki, bugünkü nə nektarı, nə də balı tanımayan uşaqlar sabah cəmiyyətin aparıcısı olacaqlar; hörmətsiz, mərifətsiz, böyük-kiçik yeri bilməyən, böyüyünü qiymətləndirməyən cəmiyyət manqurtlaşacaq! Belə cəmiyyətə virus lazım deyil, onlar elə öz-özlərini tükədəcəklər, ağzı açıq quyudakıların ayaqdan çəkmələri kimi.

 

Bu gün haradasa bir müəllimə hörmətsizlik görəndə demək istəyirəm: “Dayan, Yer kürəsi, mən düşmək istəyirəm”. Sonra bir “Sehirli xalat” istəyirəm. Məni məktəb illərinə qaytarsın, o əvəzsiz günlərə, xatirəsi daim əziz olan müəllimlərimlə yenidən şagird həyatıma.

 

Əziz müəllimlərim, Sizin sayəsində Kim oldum! Hər addımımda, hər günümdə, hər sözümdə sizləri

 

xatırlayıram! Həyatımda gördüyüm minlərlə insanların cərgəsində ön sırada dayanan müəllimlərim mənəviyyatımın müqəddəsləridir. Qarşılarında baş əyirəm!

 

Esmira ƏLƏKBƏRLİ