Beynəlxalq Tələbə Qiymətləndirməsi Proqramı PISA (Programme for International Student Assessment) 2022-ci ilin ilkin hesabatına əsasən, Gürcüstanda 15 yaşlı şagirdlərin nəticələri yalnız dəqiq fənlərdə artıb və bu artım 1 bal təşkil edir. Araşdırmaya görə, orta nailiyyətin qısamüddətli təhlilinə əsasən, 2018-ci ilə nisbətən riyaziyyatda nailiyyət 8 bal, oxumaqda isə 6 bal azalıb.
“2022-ci il silsiləsində Gürcüstanın nəticələrində azalma qeydə alınıb. Ancaq 2018-ci ilin nailiyyətləri ilə müqayisədə bu azalma statistik baxımdan əhəmiyyət kəsb etmir”, – hesabatda yazılıb.
Beynəlxalq Tələbə Qiymətləndirməsi Proqramı (PISA) 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmlərində bilik və bacarıqlarını qiymətləndirir. PISA qiymətləndirməsinin məqsədi 15 yaşlı şagirdlərin müasir ictimaiyyətdə tam iştirak etmək üçün xüsusilə oxu, riyaziyyat, təbiət elmləri sahəsində mütləq olan bilgini nə dərəcədə əldə etdiklərini müəyyən etməkdir. PISA-nın qiymətləndirməsi 15 yaşlı şagirdlər tərəfindən biliyin reproduksiya edilməsi bacarığı ilə yanaşı şagirdlərin öyrəndiklərini nə dərəcədə ekstrapolyasiya edə və onun həm məktəbdə, həm də kənarda tanış olmayan mühitlərdə tətbiq edə bildiklərini müəyyən edir.
PISA 2022-ci ilin göstəricilərinə görə, Gürcüstanda şagirdlərin 34 %-i riyaziyyatın 2-ci baza səviyyəsinə nail olublar. Bu da İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrinin orta (İƏİT ölkələrinin orta göstəricisi – 69 %) göstəricisindən aşağıdır. Təxminən 33 % oxunun 2-ci və ya daha yüksək səviyyəsinə (İƏİT-də orta göstərici – 74 %), təxminən 35 % isə təbiət fənlərində (İƏİT-də orta göstərici – 76 %) nailiyyət əldə edib.
Hesabatın müəllifləri yazırlar ki, PISA 2022-də iştirak edən ölkələrin/iqtisadiyyatların əksəriyyətində şagirdlərin nailiyyəti statistik olaraq qiymətləndirmənin hər üç sahəsində də mühüm dərəcədə pisləşib. Orta hesabla İƏİT ölkələrində 2018-ci ildən 2022-ci ilə qədər riyaziyyat üzrə göstəricilər demək olar ki, 15 bal səviyyəsində pisləşib. Bu 2015-2018-ci illərdə stabil tendensiyadan sonra və 2018-ci ilə qədər nailiyyətlərin dəyişdirilməsinə yanaşmada əvəzsiz azalmadır. Burada silsilədən-silsiləyə fərq 4 baldan artıq olmurdu.
“Gürcüstan PISA 2022-də iştirak edən, stabillik göstərən və nəticələri 2018-ci illə müqayisədə hər üç sahədə statistik baxımdan mühüm dərəcədə dəyişməyən ölkələr sırasındadır. PISA 2022-də iştirak edən 24 ölkə/iqtisadiyyat, həmçinin Gürcüstan riyaziyyat sahəsində (390 bal) 2018-ci ilin göstəricisini saxlayıb. Oxu və təbiət elmlərində Gürcüstanın göstəricisi 374 və 384 baldır”, – hesabatda yazılıb.
Çoxsəhifəli araşdırmaya əsasən nailiyyətlərin nəticələri məktəbin tipinə, yerinə, testin dilinə və şagirdin cinsiyyətinə görə verilib. Buna əsasən, aydın olur ki, özəl məktəb şagirdləri statistik baxımdan ictimai məktəb şagirdləri ilə müqayisədə riyaziyyatda (özəl – 445, ictimai – 384), eləcə də oxumaqda (özəl – 426, ictimai – 369) və təbiət fənlərində (özəl – 436, ictimai – 379) yüksək nəticələrə nail olurlar.
PISA 2022-də Gürcüstanda riyaziyyat üzrə məktəb məkanına görə Tbilisidə yaşayan şagirdlər (417 bal), sonra digər şəhərlərdə (383 bal) və kəndlərdə yaşayan şagirdlər (369 bal) yüksək nəticələrlə fərqləniblər. Ən aşağı nəticələr kənddə yaşayan şagirdlərdə (344 bal) qeydə alınıb. Oxu və təbiət fənlərində də oxşar nəticələrdir.
PISA müəyyən edib ki, iştirakçı ölkələr və iqtisadiyyatlarda qızlar oxumaqda oğlanlardan, oğlanlar isə riyaziyyatda qızlardan üstündürlər. Gürcüstan PISA 2009-2022-ci illərdə araşdırmada iştirak edən, stereotiplərin qızların nailiyyətlərinə az təsir göstərdiyi ölkələr sırasına daxildir. Gürcüstanda qızların hər üç sahədə oğlanlardan daha yüksək qiymətləndirməsi var.
PISA 2022-nin nəticələrinə əsasən, Gürcüstanda oğlan və qızlar orta hesabla oxşar səviyyədə riyaziyyat tapşırıqlarını yerinə yetiriblər. Oxumaqda qızlar oğlanlardan 35 bal (qız – 392 bal, oğlan – 357 bal) üstün olublar. Dəqiq fənlər üzrə qızlar oğlanlardan 14 bal çox toplayıblar (qızlar – 391 bal, oğlanlar – 377 bal).
Gürcüstan PISA 2022-də iştirak edən qızların göstəriciləri oğlanlardan üstün olan ölkələrin siyahısına daxil edilib. Bruney, Şimali Makedoniya, Filippin, Mərakeş, Albaniya, Fələstin, Monqolustan, Azərbaycan (Bakı), Dominikan Respublikası, Finlandiya və digər 6 ölkənin göstəriciləri Gürcüstanla oxşardır.
PISA sosial-iqtisadi indeksinə əsasən nəticələrə gəlincə, araşdırmada bildirilir ki, Gürcüstandan olan şagirdlər 2022-ci il dövrünə qatılan ən ehtiyaclı şagirdlər arasındadır. Türkiyə və Vyetnamda hər üçüncü şagirdin sosial-iqtisadi vəziyyəti Gürcüstandakı kimidir.
“2015-2022-ci illərdə Gürcüstanda sosial-iqtisadi vəziyyətə əsasən riyaziyyat nəticələrində fərq azalıb, İƏİT ölkələrində orta fərq sabit qalıb. Onu da qeyd etmək lazımdır ki, Gürcüstanda sosial-iqtisadi baxımdan imkanlı şagirdlər (sosial-iqtisadi vəziyyətə görə yuxarı 25 %) riyaziyyat fənni üzrə imkansız şagirdləri (aşağı 25 %) 65 bal üstələyiblər. Bu göstərici İƏİT ölkələrində iki oxşar qrup arasındakı orta fərqdən (93 bal) azdır. Gürcüstanın iqtisadi cəhətdən ehtiyacı olan 15 yaşlı şagirdlərinin təxminən 14 %-i riyaziyyatdan ən yüksək bal toplayıb və yüksək nəticə göstərən şagirdlərin ilk 25 %-i arasına düşüblər. Bu şagirdləri akademik cəhətdən sabit hesab etmək olar, çünki onlar sosial-iqtisadi vəziyyətdən asılı olmayaraq Gürcüstanın digər şagirdləri ilə müqayisədə ən yüksək nəticə əldə ediblər. Müqayisə üçün, İƏİT ölkələrində iqtisadi cəhətdən zəif olan şagirdlərin yalnız 10 %-i riyaziyyatdan ən yüksək qiymətlər əldə edib və müvəffəqiyyət qazananların ilk 25 %-i sırasına daxil ola biliblər”, – PISA 2022 hesabatında yazılıb.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) himayəsi altında Beynəlxalq Tələbə Qiymətləndirməsi Proqramı (PISA) 2000-ci ildən (üç ildən bir) həyata keçirilir. Qiymətləndirmə əməkdaşlıq əsasında hazırlanır, hər bir iştirakçı ölkə/iqtisadiyyat ilə razılaşdırılır və milli mərkəzlər tərəfindən aparılır. Gürcüstanda qiymətləndirməni Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz həyata keçirir. Gürcüstan PISA-ya 2009-cu ildə qoşulub, qiymətləndirmələr 2015, 2018 və 2022-ci illərdə aparılıb.
PISA 2022-də 81 ölkədən və iqtisadiyyatdan təxminən 690000 şagird iştirak edib ki, bu da təxminən 29 milyon 15 yaşlı gənci əhatə edir. Sınaq imtahanında Gürcüstandan 267 məktəbdən 6583 şagird iştirak edib. 267 direktor məktəb direktoru anketini, 3202 pedaqoq müəllim anketini, 6252 valideyn/qəyyum isə valideyn anketini doldurub. PISA 2022 imtahanı zamanı Gürcüstanda 15 yaşlı şagirdlərin 76 %-i 10-cu sinif şagirdi olub.
PISA 2022-yə görə Sinqapur məktəb təhsili istiqamətində liderlik edir.
Mənbə: edu.aris.ge
Gürcüs dilindən tərcümə: Aynurə Əliyeva