2025-ci il təhsil sahəsi üçün yeniliklər ili oldu. Gürcüstanın Təhsil Nazirliyi hökumətlə birlikdə ictimaiyyətə mühüm dəyişikliklər təqdim etdi. Elan edilmiş islahatları tamamlasalar həmin dəyişikliklərin nəticələri də qısa dövr ərzində hiss olunacaq. Strategiya və konsepsiyaların tez-tez dəyişdirilməsində Təhsil Nazirliyi seçilir və bunun təsdiqi olaraq 2025-ci ildə qəbul edilmiş qərarlar da kifayətdir.
Ötən ildə təhsil sahəsində baş verən dəyişiklikləri birlikdə gözdən keçirək. Ancaq bu dəyişikliklərdən danışana qədər qeyd edək ki, ənənə bu il də pozulmayıb – 2025-ci il Aleksandre Tsuladzenin nazirliyi ilə başladı və hələ ki Givi Mikanadzenin nazirliyi ilə davam edir. Təhsil, Elm və Gənclər Nazirliyində rəhbərlərin tez-tez dəyişməsi artıq heç kimi təəccübləndirmir. Hər yeni nazirin qəbul etdiyi dəyişiklik və ya ləğv etmə yenilik deyil və ötən il də buna yaxşı nümunədir.
2025-ci ilin başlanğıcında öyrəndiyimiz mühüm dəyişikliklərdən biri bu idi ki, baza pilləsi 9 il əvəzinə 10 illik olur. Ancaq qeyd edək ki, bu dəyişiklik də qısamüddətli oldu və baza pilləsi yenə 9 illik qalır. Ümumtəhsil islahatının yeni konsepsiyasında belə yazılıb. Həmin konsepsiyanı təhsil naziri Givi Mikanadze təqdim edib.
Qeyd edək ki, ötən il ilk dəfə 2025-ci ilin 31 dekabrında 6 yaşı tamam olan uşaqlar birinci sinfə qəbul oldular. Amma bu qayda da yenidən dəyişdi və 2026-cı ildən 15 sentyabra qədər 6 yaşı tamam olan uşaqlar məktəbə gedə biləcəklər.
Struktur dəyişiklikləri baxımından da mühüm dəyişikliklər müzakirə edildi. Təhsil Nazirliyində iki dəfə reorqanizasiya həyata keçirildi. Birinci dəfə apreldə, Aleksandre Tsuladzenin nazirliyi dövründə aparılan reorqanizasiya nəticəsində onlarla adam işsiz qaldı, şöbə və agentliklər ləğv olundu. Təhsil Nazirliyi İnklüziv Təhsilin İnkişafı İdarəsini ləğv etdi. Bu valideyn və mütəxəssislərin böyük narazılığına səbəb oldu. Ancaq qurumdan bildirmişdilər ki, idarə ləğv edilməyib, Strateji Planlaşdırma İdarəsinə birləşdirilib. Tez zamanda aydın oldu ki, Məktəbəqədər Təhsil İdarəsi də ləğv olunub. İyunda isə Təhsil və Elm İnfrastrukturu Agentliyinin ləğv edilməsi haqqında da məlumat yayıldı. Agentliyin funksiyaları üç nazirliyə bölündü.
İyunun sonunda Aleksandre Tsuladze vəzifəsini tərk etdi və təhsil naziri olaraq Parlamentin Təhsil, Elm və Gənclərin işi Komitəsinin sədri Givi Mikanadze təyin olundu. O, qeyd etdi ki, aparılan islahatlar qüvvədə qalacaq və onların həyata keçirilməsi tezləşdiriləcək. Ancaq ilin ikinci hissəsində planlar dəyişdi – ali və ümumi təhsil islahatı konsepsiyasının səsləndirilməsi bir çox əvvəlki fərmanları, dəyişiklikləri ləğv etdi.
Yeni nazirin təyin edilməsindən bir ay ərzində müəssisədə yenidən reorqanizasiya işləri başladı. Nəticədə Beynəlxalq Təhsil Mərkəzi və Peşə Bacarıqları Agentliyi ləğv olundu.
Dövlət məmurları üçün ikinci işdə işləməyin qadağan edilməsi mühüm dəyişiklik idi. Noyabrdan qüvvəyə minən həmin qanuna əsasən, pedaqoqlara ikinci məktəbdə, təhsil mərkəzində və ya başqa işdə işləmək üçün direktorun yazılı razılığı lazım oldu.
2025-ci ildə ilk dəfə dövlət dilində imtahan keçirildi. Ali və ümumi təhsil istiqamətində mühüm dəyişikliklər planlaşdırıldı.
Parlament konsepsiyanı təsdiq edib və müvafiq fərman da verib. İslahata görə, 3+1 sistemi təsis edilir. Yəni bakalavr təhsili 3 il, magistratura təhsili isə 1 il olacaq. Peşələrin əsas hissəsi tam qrafiklə işləyəcək və dövlət universitetlərində eyni fakültəyə qəbul olmayacaq. Ali təhsilin maliyyələşdirilməsi sistemi də dəyişəcək. Ancaq konkret olaraq necə olacağını hələ də bilmirik. Həmçinin istisna hallardan başqa dövlət ali təhsil müəssisələrinin xarici ölkə tələbələrini qəbul etmək hüququ olmayacaq.
Ali təhsildən sonra dəyişikliklər küləyi ümumtəhsil istiqamətində də əsdi. Bildirildi ki, ümumi təhsil 11 illik olacaq, ancaq xüsusi siniflər olacaq ki, şagirdlər qeydiyyatdan keçməklə 12 il oxuyacaqlar. Eləcə də dərs prosesində mobil telefonlardan istifadə etmək qadağan olunur. Birinci sinifdən altıncı sinfə qədər məktəbli forması məcburi olur, baza pilləsi isə yenidən 10 illik olacaq. Dəyişikliklər dərsliklərə də aid olacaq – Nazirlik özü tədris üçün dərsliklər hazırlayacaq. Özəl məktəblərin də bu dərsliklə tədris aparmaq öhdəliyi olacaq. Ancaq ümumtəhsil islahatı hələ də təsdiq olunmalıdır. Ona görə də dəyişikliklər yenidən müzakirə oluna bilər.
Əməkhaqqı ilə bağlı qeyd edək ki, məktəbin texniki heyətinin və administrasiyanın əməkhaqqı 2026-cı ildən 20 % artır. Ancaq yeniliklər müəllimlərə aid deyil. Çünki maliyyə nazirinin müavini Giorgi Kakauridze bildirib ki, “müəllimlərin əməkhaqqına üçillik proqnozla nəzərdə tutulmuş məbləğ artıq əlavə olunub, bu il əməkhaqları artmayacaq”.
Qeyd edək ki, dekabrın sonunda Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz 2026-cı ilin imtahan proqramını yayımlayıb. Proqrama əsasən, gürcü dili və ədəbiyyatına, eləcə də tarix proqramına ötən ilin imtahanlarından götürülmüş bütün məsələlər əlavə olunub. Proqramın genişləndirilməsi səbəbləri ilə bağlı heç kim şərh bildirməyib. Ancaq 2024-cü ildə Baş nazir bildirmişdi ki, “şagirdlərin tələbi ilə proqramdan bu əsərləri çıxarmışıq”...
Təhsil ilinin yekunlaşdırılması zamanı məktəbəqədər təhsili də unutmamalıyıq. 2025-ci ilin mühüm yeniliklərindən biri uşaq bağçalarında avtorizasiya prosesinin başlanmasıdır. Bir neçə illik təxirdən sonra 2025-ic ildə Təhsilin Keyfiyyəti üzrə Milli Mərkəz uşaq bağçalarından avtorizasiya prosesinə başlayıb. Bağçalar isə illik özünüqiymətləndirmə formasını doldurmağa başlayıblar.
Bu mərhələdə yalnız Tbilisi uşaq bağaçalarına aid olan dəyişikliklərdən biri elektron qeydiyyat sisteminin qəbul olunmasıdır. 2026-cı ilin 15 yanvarından paytaxtın bütün uşaq bağçalarında müəllim və uşaqların bağçaya gedib-qayıtması elektron qaydada qeydə alınacaq. Qeyd edək ki, bağça əməkdaşlarının əməkhaqqı 1 yanvardan 10 % artırılacaq.
Göründüyü kimi, 2025-ci il həqiqətən də yeniliklərlə yüklü il idi. Bu dəyişikliklər təhsilin keyfiyyətinə müsbət təsir edəcəkmi, etməyəcəkmi – bunu gələcək göstərəcək.
Mənbə: etaloni.ge
Gürcü dilindən tərcümə etdi:
Aynurə Əliyeva