Məktəb “deformasının” “illik hesabatı” üstəgəl 2026-2027-ci tədris ilinin çağırışları...
Nə planlaşdırılmışdı və nə alındı/alınmadı?
Mövcud fəaliyyətlər planlaşdırılan/arzu olunan PR nəticələrini nə dərəcədə verir?
Məsələ 1: Birinci sinif şagirdlərinin qeydiyyatından “deformanın başlığı” yarada bilmədilər. Onlar özlərini prosedur və icraya gəldikdə güzəştsiz ola bilən administrasiya kimi təqdim etmək , “deforma” çərçivəsində “qanun hər kəs üçün qanundur” illüziyasını yaratmaq və burada artıq “zəng vurub-xahiş etmək” üçün yer qalmadığını göstərmək istəyirdilər.
Ancaq heç nə alınmadı... Kimsə “zəng vurub xahiş etdi” və planları pozdu. Məcbur qalıb bəyan etdilər ki, sentyabrın 15-nə deyil, dekabrın 30-dək doğulan uşaqların da birinci sinfə qəbulu artıq problem olmayacaq;
Məsələ 2: Məktəb formalarından da heç nə çıxmadı. “Deformanı” həm “sovet nostalji reallığını” qaytaran, həm məktəb mədəniyyətini yaxşılaşdıran, həm də hökumət-nazirliyin qüdrətini nümayiş etdirən elementlərlə zənginləşdirmək istəyirdilər.
Ancaq heç nə alınmadı... Məktəb formaları layihəsinin reallaşdırılma hissəsində o qədər qüsurlar aşkar olundu ki, ilkin mərhələdə ona “heyran olan” insanlarda belə kəskin suallar yarandı:
- Niyə şagirdin məktəb forması 100 faiz poliester parçadan tikilib;
- Dərslikləri pulsuz payladığınız bir şəraitdə məktəb formasına niyə bu qədər pul ödətdirirsiniz – bu isə artıq “sosialist siyasəti” olmur;
- Niyə düşünürsünüz ki, məktəb forması məktəb mədəniyyətini inkişaf etdirəcək? – Axı hələlik biz bunu yalnız onun daha da qarışması perspektivi kimi görürük;
- Niyə düşünürsünüz ki, məktəb forması sosial bərabərsizliyin işarələnməsini və vurğulanmasını azaldacaq? – Əgər sosial cəhətdən həssas təbəqəni ayrıca qrup kimi ayırırıqsa (formasını dövlət alsın deyə), bu, əksinə, bərabərsizliyin daha qabarıq şəkildə büruzə verməsinə səbəb olmayacaqmı?
Heç kəs dəqiq deyə bilməz ki, sentyabrdan nə baş verəcək, amma bir həqiqət faktdır – “həqiqətən də güc nümayiş etdirmək” və 1-ci sinifdən 12-ci sinfə qədər bütün şagirdlərə məktəb forması geyindirmək onların inadkarlığının indikatoru olacaq və başqa heç nə. Bununla xalqa “deformanı” artıq sevdirə bilməyəcəklər və “Gürcü arzusu”na əlavə dəstək qazandırmayacaqlar.
Məsələ 4: Müəllimlərin inkişafına qayğı imitasiyası da daha uğurlu alınmadı. Köhnə “Müəllimlərin karyera inkişafı və peşəkar inkişafı sxemini” yenidən təsdiq etmək və onu “inqilabi yenilik” kimi təqdim etmək istəyirdilər.
Ancaq heç nə alınmadı... Heç kəs “yeni sxemdə” hər hansı yeni bir şey görə bilmədi; nə irəliləyiş, nə də maddi vəziyyətin yaxşılaşdırılması üçün əməlli-başlı perspektiv nəzərə çarpmadı. Hər kəs onu anladı ki, konseptual olaraq bütün bunlar peşəkar inkişaf deyil, “boş quyuya su tökmək”, “yerində saymaq” və “sonsuz olaraq dairə vurmaqdır” (xüsusilə “keçən dövrədə” qalib gəlmiş müəllimlərə “siz əvvəldən bəri axtardığımız insanlar deyilsiniz” deyiləndən sonra);
Məsələ 4: Ruhanləri məktəbə daxil etmək ideyası kimisə nədəsə əmin etməkdən çox, suallar doğurur. Nazirlik “dəyərlər təhsilini” “müqəddəs qanun” və “Gürcü arzusu konfutsianizmi” ilə eyniləşdirmək və bununla da məktəbdə “unudulmuş” tərbiyə komponentini aktivləşdirmək illüziyası yaratmaq istəyirdi.
Ancaq burada da heç nə alınmır... Düzdür, hələlik ruhanilərin məktəbə buraxılması barədə tənqidi danışmaqdan çəkinirlər (hər halda söhbət kilsədən gedir, həm də bu proqramın tədris resursları ictimai deyil), lakin əslində hər kəs bilir ki, Müəllimlər Evi tərəfindən yaradılmış “ruhanilərin yenidən hazırlanması proqramı” bu ictimai hüquqi şəxsin (İHŞ) illər boyu müəllimlərin peşəkar inkişafına çalışdığı təlim modullarından heç də yaxşı deyil.
Həm də hər kəs gördü ki, “dəyərlər komponentini” din xadimləri ilə eyniləşdirməklə nazirlik müəllimləri alçatdı (bilərəkdən və ya bilməyərəkdən bilmirəm) – bununla qərar qəbul edən top-menecerlər pedaqoqlara birbaşa dedilər ki, pedaqoqun işi faktları əzbərləmək və şagirdin bacarıqlarının inkişafına repetitor səviyyəsində qayğı göstərməkdir, “dəyərlər və münasibətlər” isə din xadimlərinin işidir (düşünmürəm ki, məktəbdə hər hansı bir müəllim buna sevinərdi).
Məsələ 5: Qaranlıq olaraq qalır ki, “islahatın təsdiq edilmiş konsepsiyasında” gurultu ilə elan edilmiş sözdə “fundamental fənlərin” gücləndirilməsi nədə ifadə olunacaq; yaxud orta məktəb pilləsinin orijinal konsepsiyasını hazırladıqlarını deyərkən nəyi nəzərdə tuturlar (o qədər orijinaldır ki, 12-ci sinfin ləğv edilməsi və 11-ci sinfin repetitorizmə çevrilməsi müsbət hadisələr kimi görünür).
Görünür, fundamental fənlərin gücləndirilməsi istiqamətində də heç nə alınmır... Hələlik təhsil islahatının yeni konsepsiyasına uyğun milli tədris planı da yarada bilməyiblər (halbuki islahat konsepsiyasına uyğun yeni məktəb kitablarını sentyabrın 15-dək məktəbə gətirməyi planlaşdırırlar – qanun onları kitablar yazılmamışdan əvvəl tədris planını təsdiq etməyə məcbur edirdi).
Məsələ 6: Peşə təhsilində nəyi və necə planlaşdırırlar, bu da qeyri-müəyyəndir. Son üç nazir: Giorgi Amilaxvari, Aleksandre Tsuladze və Givi Mikanadze – hər üçü çox istəyirdi ki, peşə təhsilini və əmək bazarını öz islahatlarının ən mühüm mərhələsi/PR-şüarı kimi təqdim etsinlər.
Lakin çoxlu cəhdlərə baxmayaraq, kolleclərin və orta məktəbin məqsədlərini/təhsil sistemindəki yerini bir-birinə “qarışdırmaqdan” və əvvəlki dövrdə yaradılmış məhsul/xidmətlərdən səhv istifadə etməkdən başqa yaxşı heç nə düşünə bilmədilər.
Pilotlaşdırma prosesinə də başladılar – özü də bir neçə dəfə, lakin maraqlanan ictimaiyyətlə bu prosesin nəticələrini bölüşmədilər. Hətta “Peşə Bacarıqlar Agentliyini” ümumiyyətlə ləğv etdilər və indi peşə təhsili istiqamətində kimdən nə tələb etməli olduğunu başa düşə bilmirsən.
Bir sözlə, son vaxtlar bu istiqamətdə tam xaosdur.
Məsələ 7: İnklüziv təhsil istiqamətində nə planlaşdırdıqları da qeyri-müəyyəndir. İstəyirlər ki, bu istiqaməti prioritet olaraq saxlasınlar və bununla “deformaya” PR xalları əlavə etsinlər.
Ancaq heç nə alınmır... Görüşlərin şəkillərini tez-tez paylaşırlar, lakin öz planları ilə bağlı heç bir konkret və maraqlı şey deyə bilmirlər. İslahat konsepsiyasında yazıblar ki, inklüziya baxımından ibtidai pillənin bütün müəllimlərini yenidən hazırlayacaqlar (yəni onlara psixoloji məzmunlu biliklər verəcəklər ki, bundan əvvəllər çoxsahəli komanda üzvləri də praktiki istifadə etməkdə çətinlik çəkirdilər), lakin heç kəs izah etmir ki, bu, kütləvi-mərkəzləşdirilmiş, yoxsa fərqlənən və əvvəlkindən fərqli təlimlər olacaq.
Məsələ 8: Dünya Bankı ilə əməkdaşlıq edərək guya Təlim İdarəetmə Sistemlərini (Learning Management Systems – LMS) inkişaf etdirirlər. Hətta Dünya Bankından borc götürülmüş pulların “məqsədli xərclənməsi” illüziyasını yaratmaq üçün 20 məktəbdə pilot layihə də başladılar.
Ancaq heç nə alınmadı... “Deformanın” digər fəaliyyətləri Dünya Bankı ilə əməkdaşlığın da mənasını itirdi. Xüsusilə, nazirlik bazasında yazılmış “bir dərslik, bir fənn” siyasətini elan etdilər. Bir dərslik kultunun olduğu sistemdə isə LMS “meymun eynəyidir” və başqa heç nə. Bunu başa düşmək üçün əslində təhsil eksperti olmaq lazım deyil.
Məsələ 9: “Neoliberalizmə” qarşı böyük hay-küy ilə elan edilmiş mübarizənin necə getdiyi də qeyri-müəyyəndir. Nazir guya bu ideoloji xətti hər şeyin əsası elan etdi – işi elə təqdim etmək istəyirdi ki, guya təhsil sistemindəki “liberal bədxərcçiliyə” son qoyub.
Qaydasında heç kəs izah edə bilmədi ki, “düşmən obrazı elan edilmiş” liberializmlər harada gizlənmişdi və nəyi nəzərdə tuturdu. Əvəzində hər kəs gördü ki:
(a) 2006-cı ildə təsdiq edilmiş ümumi təhsilin məqsədlərini yalnız formal olaraq dəyişdilər – sadəcə olaraq “vətənpərvər sözlərin tavtologiyasını” gözəçarpan etdilər;
(b) Hara baxırsansa, ancaq əmək bazarından və inklüziv təhsildən danışırlar, halbuki təhsildə neoliberallıq məhz əmək bazarına orientasiya olunmaq və inklüziv təhsil haqqında psixoloq perspektivindən danışmaq deməkdir, yoxsa yox: gürcü dili proqramında 27 şeirin artıq və ya əskik olduğunu hesablamaq; tarixin iki fənn kimi, yoxsa bir fənn kimi öyrənilməsi; kimya dərsliyinin üzərində şərab presinin, yoxsa Mendeleyev cədvəlinin çəkilməsi...
Bir sözlə, elə çıxdı ki, nazirlik liberallığı söyüş sözünə çevirdi, əməldə isə neoliberallıq prioritetlərinə istiqamətlənir (bəlkə ikiüzlülükdən, bəlkə də səriştəsizlikdən).
Məsələ 10: İslahat konsepsiyasında [məktəblərin] maliyyələşmə modeli və valideynlərin iştirakı barədə də yazıblar, lakin bu istiqamətdə hələ ki müzakirələrə start verməyiblər.
Hələlik yenə də Amilaxvari dövrünün “əməkhaqqı islahatı” ilə öyünürlər. Valideynlərin iştirakı isə yalnız Givi Mikanadzenin və onun administrasiya üzvlərinin regional görüşləri ilə assosiasiya olunur.
Yuxarıda deyilənlər əsla şişirtmə deyil. Bir ildir bizə “təhsilin fundamental islahatı” kimi təqdim etdikləri bütün istiqamətləri qeyd etməyə çalışdım. Hər şeyə dair iki fikir ola bilər, amma bilmirəm islahatın yuxarıda sadalanan hər bir bəndinin nazirliyin indiki administrasiyasını tərifləmək üçün nə dərəcədə əsas yaratması üzərində mübahisə etməyə dəyərmi (cari proseslərə hansı gözlə baxırsan bax).
Yalnız bir istiqamət qaldı ki, ona çox böyük ümidlər bağlayırlar.
Məsələ 11: Sentyabrdan növbə yeni dərsliklərindir. Böyük ümid edirlər ki, məktəbləri yeni dərslikləri bəyənməyə “məcbur edəcəklər”. Həm də ümid edirlər ki, müəllimlər “başa düşməyəcəklər” / “özlərinə sığışdırmayacaqlar” ki, sentyabr ayında yeni kitablar əvəzinə, yenidən bükülmüş köhnə kitablardan və tədris resurslarından çıxarılmış materiallar gəlib çıxacaq.
Görək nə baş verəcək – məktəb cəmiyyətinin “yeni” kitablara reaksiyası necə olacaq.
Əgər reaksiya kəskin mənfi çıxarsa, bu, “məktəb deformasının” da sonu olacaq. Gözləmək lazım deyil ki, kimsə çıxıb üzr istəyəcək və ya vəzifəsini tərk edəcək. Sadəcə görəcəyik ki, nazirlik rəhbərliyinin ritorikası dəyişəcək (vəziyyətdən necə çıxacaqlarına köklənəcəklər). Bu isə bizə yenidən imkan verə bilər ki:
– 12-ci sinfi geri qaytaraq;
– repetitorizmi ləğv edək;
– orta və peşə təhsilini bir-birindən ayıraq;
– ruhani missiyalarının məktəbə soxulmasının qarşısını alaq (heç olmasa bu missiyaların miqyasının sonrakı artımını dayandıraq);
– məktəb formasını və telefonları hər bir məktəbin muxtar işi edək;
– heç bir şey verməyən müəllimin peşə inkişafı sxemini (bir neçə il dayandırılmışdı) ləğv edək;
– ümumi təhsil məktəblərinin akkreditasiya prosesini (son vaxtlar yalnız makulatura artırır) yenidən baxılan predmeti edək;
– sistemə milli tədris planını qaytaraq (heç olmasa kitablar yazılmazdan əvvəl dərc olunsun);
– təhsil siyasətinin bir hissəsi yenidən islahatın açar istiqamətlərinin peşəkar dairələrdə müzakirəsi prosesinə çevrilsin (bu gün qərarlar elə qəbul olunur ki, heç kim heç nəyi müzakirə etmir).
Başqa sözlə desək, “deforma” ideyasının iflası (rəsmi olaraq etiraf olunmasa belə) təhsil sistemini elə bir məcraya salmaq üçün “imkanlar pəncərəsi” yarada bilər ki, heç olmasa nə barədəsə düşünməyə dəyər.
“Deformanın geri çəkilməsi” bu prosesi yalnız müəllimlərin David Quramişvilinin həqiqəti söyləmək prinsipini qoruduqları halda mümkündür:
“Kaxaber olmayan kəsə Kaxaber deməyək”.
Bu prinsipin reallaşdırılması üçün mitinqə çıxmaq və tətil etmək vacib deyil. Kifayətdir ki:
– Deformanın heç nə deməyən bəyanatlarını əks etdirən postları bəyənməyəsiniz, paylaşmayasınız və müsbət şərh yazmayasınız;
– İşgüzar görüşlərdə tam mənzərəsini heç kimin sizə göstərmədiyi islahatlara həddən artıq heyran olmayasınız;
– Sentyabrdan görəcəyimiz dərsliklərlə bağlı vəziyyəti bəzəməyəsiniz.
Müəllif: Niko Silaqadze,
Qafqaz Universitetinin professoru, Təhsil Nazirliyinin milli tədris planının inkişafı üzrə keçmiş koordinatoru.
Mənbə: edu.aris.ge
Gürcü dilindən tərcümə etdi:
Aynurə Əliyeva