Yeddi ildir Azərbaycanın quru sərhədləri bağlıdır. Doğma vətənimiz, qonşu ölkəmiz Azərbaycana həsrət qalmışdıq. Bu illər ərzində sərhədlərin açılacağı ilə bağlı dəfələrlə vədlər verildi. Hər dəfə ümidlə yolların açılacağını düşündük. Nəticədə isə yenə eyni xəbər başlığı ilə qarşılaşdıq: “Xüsusi karantin rejiminin müddəti uzadıldı”.
Koronavirus əlini bütün dünyadan çəksə də, Azərbaycandan çəkmədi. Bir neçə il sonra hava yolu ilə sərhədlər açıldı, təyyarə biletinin qiyməti od tutub yansa da, ana baladan ayrı durmaz ki, borc-xərc gedib-gələnlər oldu.
Bu karantin rejimində hamının diqqətini çəkən bir şey var, bu virus necə olur ki, təyyarə ilə səyahət edənlərə keçmir? Biletin qiyməti antivirusdurmu?
Azərbaycana getmək istəyən insanların qarşısında əsas seçim təyyarə idi. Təyyarə biletlərinin qiyməti isə hamıya məlumdur. “Od bahası” ifadəsinin nə demək olduğunu bu illərdə Azərbaycana getmək məcburiyyətində qalanlar yaxşı bildi. Ailə ilə səfər edən insan üçün bir neçə təyyarə bileti almaq 2000-3000 lariyə başa gəlirdi. Bu məbləğ bizim ölkəmizdə orta əməkhaqqının üç qatıdır. İndi sadəcə yola bu qədər pul tökməli olan insanları təsəvvür edin...
Nəhayət, uzun gözləntidən sonra may ayında Bakı-Tbilisi-Bakı sərnişin qatarının hərəkəti bərpa edildi. İki ölkənin müstəqillik günlərinin qeyd olunduğu bir vaxtda qatarın yenidən fəaliyyətə başlaması illərdir Azərbaycana gedə bilməyən insanlar üçün sevindirici xəbər oldu.
Bilet qiymətləri məsafəyə görə yenə yüksək sayıla bilər, amma təyyarə ilə müqayisədə qatar bir çox insan üçün daha münasib seçimdir. İnsanlar da “buna da şükür” deyərək bilet axtarmağa başladılar.
Sonra isə yeni problem ortaya çıxdı. Qatar var, yol var, bəs bilet haradadır? Bilet tapmaq az qala ayrıca bir yarışa çevrilib. Səfərindən həftələrlə əvvəl bilet axtaran insanlar belə istədikləri tarixə bilet tapa bilmirlər. Bilet satışının açıldığı anı gözləmək, sistemə daxil olmaq, boş yer tutmaq üçün saniyələr içində yarışmaq lazım gəlir. Bir neçə dəqiqə gecikdinsə, bilet yoxdur. Belə vəziyyətdə insanın qarşısında yenə eyni seçim qalır: aviabilet.
Bilet qıtlığından istifadə edənlər də öz “bizneslərini” qurublar. Sosial şəbəkələrdə müxtəlif şəxslər “bilet var”, “sənin üçün bilet tapa bilərəm”, “əlavə biletim qalıb” kimi təkliflərlə çıxış edirlər. Bilet tapa bilməyən, rəsmi sistemdən istifadə qaydalarını yaxşı bilməyən insanlar da belə elanlara inanaraq pullarını itirə bilirlər. Burada məsələ yalnız saxta bilet satan şəxslərdən ibarət deyil. Əsas sual budur: insanlar niyə belə vasitəçilərə ehtiyac duyurlar?
Rəsmi sistemdə bilet əldə etmək kifayət qədər rahat və əlçatan olsaydı, bu boşluqdan istifadə edən şəxslərin də işi çətinləşərdi. İnsan bilet almaq üçün tanımadığı adama pul göndərmək məcburiyyətində qalmamalıdır. Rəsmi satış kanalı varsa, sərnişinin ilk və son seçimi də həmin kanal olmalıdır.
Bu gün Bakı-Tbilisi qatarına tələbatın nə qədər böyük olduğu artıq aydındır. İnsanlar illərlə bu nəqliyyat vasitəsinin bərpasını gözləyib. Deməli, məsələ sadəcə bir qatar xəttindən getmir. Söhbət iki ölkə arasında ailə, qohumluq, təhsil, iş və digər əlaqələri olan insanların rahat hərəkətindən gedir.
Buna görə də bilet məsələsinin həlli vacibdir. Tələbat varsa, imkan daxilində əlavə vaqonların artırılması, satış sisteminin təkmilləşdirilməsi, biletlərin daha şəffaf şəkildə satışa çıxarılması və sərnişinin bilet əldə etmək imkanının genişləndirilməsi lazımdır. Daha “alverçilərə” bileti alıb sonra istədikləri qiymətə satmalarına icazə verilməməlidir.
Sərhəd açılıbsa, yol varsa, qatar işləyirsə, bilet də olmalıdır.
Aytən Fətullayeva