Yaşadığımız dövrdə demək olar ki, bünyanın əksər ölkələrində ictimai nəqliyyat vasitələri olaraq son model nəqliyyatlar fəaliyyət göstərir. Bu istər şəhərlər və ya ölkələrarası qatar olsun, istər metro vaqonları olsun, istərsə də avtobuslar olsun – eynidir. Eləcə də ölkəmizin bir çox böyük şəhərlərində bu vəziyyət mövcuddur. Bəli, bəlkə də bir çox şəhərimizdə son model avtobuslar istifadə olunmur, ancaq təmiz, kondisionerli və komfortlu avtobuslar istifadə olunur.
Son zamanlar işə gedib-gəlmək üçün çox vaxt ictimai nəqliyyat vasitələrindən istifadə etməli oluram. Axşamçağı işdən qayıdarkən dayanacaqda avtobus gözlədikdə insanın içini, xəcalət hissimi deyim, paxıllıqmı deyim, qəribə bir duyğu bürüyür. Bu hiss həmçinin paytaxtda, eləcə də digər böyük şəhərlərdə ictimai nəqliyyat vasitələrindən istifadə edərkən də sənə tərəf qaçır. Çünki oradakı vətəndaşlar təmiz, komfortlu, kondisionerli avtobuslardan istifadə edərkən, biz qapıları təhlükəsizlik kəmərləri ilə tənzimlənən, pəncərələri açılmayan, 16 nəfər üçün nəzərdə tutulmuş, ancaq 26 oturacaq quraşdırılmış, oturanlardan çox ayaqda şərnişin daşıyan, amartizatorları belə işləməyən (texniki baxışdan necə kiçdiyi bəlli olmayan) “marşrutka”larla gedib-gəlmək məcburiyyətində qalırıq. Bu mənzərə sadəcə komfortun yoxluğu deyil, həm də hər gün yüzlərlə insanın həyatını və sağlamlığını texniki cəhətdən vaxtı keçmiş dəmir parçalarına əmanət etmək məcburiyyətidir.
Bu qədər problem yetməzmiş kimi, bəzi “ağıllı” sürücülərimizin harada gəldi saxlayıb qəza işıqlarını qoşaraq durması yarım-yamalaq təmir olunmuş yollarımızın üstündə bizə təqdim olunmuş bonusu kimidir. Bu yerdə adam həm də şükür etməli olur ki, nəzarətsiz qalan bir tək marşrutkalarımız deyil, bir də yanından polis maşını keçən, yolun ortasında qəza işıqları qoşulu olaraq duran avtomobillər də var.
Mən hər dəfə bu mikroavtobuslara mindikdə özüm-özümə sual verirəm: “Görəsən bizim rayonun əhalisi nə vaxt dövlət tərəfindən müxtəlif bələdiyyələrə hədiyyə edilən “yaşıl avtobuslar”a minəcəklər, yeni ictimai nəqliyyat vasitəsindən istifadə edəcəklər?”
Bu yaxınlarda yenə bir məclisdə bu mövzuya toxunuldu və belə bir söz ifadə edildi ki, “linyadakı “marşrutka” sürücülərinin qorxusundan kimsə bu məsələyə yaxın dura bilmir”. Doğrusu, mən bu “tezisə” inanmaq istəmirəm. Çünki demokratik bir ölkədə yaşayırıq. İnanıram ki, əlaqədar qurumlar və yerli özünüidarəetmə orqanları bu məsələdə vətəndaşların səsini eşidəcək, dövlətimizin regionların inkişafı naminə yaratdığı geniş imkanlardan istifadə edərək bu problemi həll edərək arxivə göməcəklər. Çünki bizim bölgəmiz də, bizim insanlarımız da o “yaşıl avtobusları” çoxdan haqq edib.
İkinci bir məqam da var: deyək ki, ifadə edilən sözlər doğrudur. Bəs o zaman burada ədalət harada qalır. Bir neçə nəfərin çörəkpulu qazanması üçün cəmiyyət bu qədər çətinliyə dözmək məcburiyyətindədirmi? Əgər bu sürücülərdən çəkinilirsə, bunun da əlacı var. O zaman yeni avtobuslar gətirilsin və həmin o sürücülər də bu avtobusları idarə etsinlər. Hətta bu addım sürücülərin özü üçün də böyük bir sosial təminat olar. Onlar gün ərzində plan doldurma qorxusu ilə stress içində sərnişin toplamaq yarışına girməzlər. Rəsmi maaşlı, sığortalı və normal iş qrafiki olan peşəkar sürücülərə çevrilərlər. Beləliklə, sistem elə qurular ki, həm fərd qazanar, həm də cəmiyyət.
Əgər mövzu ilə əlaqəli məqamlar bu ictimai nəqliyyat məsələsini ələ alası olsalar, bir də buna əlavə olaraq Qardabanidən ətraf kəndlərə marşrut xətlərinin nəzərdən keçirilməsini də təklif edərdim. Çünki oradakı əhali də bu mövzuda əziyyət çəkir.
“Yaşıl avtobus” arzusu yolunda yaşıl işıq yandırılması arzusu ilə.
Hacı Bəkiroğlu