Xeyri yoxdur! Vallah xeyri yoxdur! Milyon dəfə de, milyon dəfə göstər, yenə də xeyri yoxdur! Lap yanında yıxıl öl, deyəcək əcəli gəlmişdi, öldü. Gərək özü yıxıla ölə, o zaman inana, necə deyərlər, son ayaqda imana gələ. Onda da çifayda? Gecdi artıq. İt də gedir, ip də.

 

Zalımın balası harda görür uzaqdan sağ əlininin barmaqlarını düzəldərək, qolunu uzadıb düz üstünə tuşlayaraq sanki istiqaməti itirməsin deyə əlindən naviqator kimi istifadə edir, iri və cəld addımlarla yaxınlaşır ki, birdən qaçırar səni, elə ki, yaxınlaşmağa bir-iki addım qalır, bayaq uzaqdan ox kimi gələn əli sənin əlini tapıb möhkəm sıxaraq qarnına sancılır, əgər hədəfi düz nişan alıbsa əyilib yanağından, yox əgər hədəfi düz nişan ala bilməyibsə boğazından bir öpür ki, marçıltısına tum satan qarının ətrafına yığılmış sırtıq sərçələr hürküb uçuşur, ərincək küçə itləri hürüşməyə başlayır, hamı dönüb sənə baxır.

 

Sonra da bayaq tələskənliyindən saxladığı məsafəni də aşaraq düz ağzının içinə girib kefini-əhvalını soruşur:

– Necəsən? Nə var, nə yox? Evdəkilər necədir?

 

Bir addım geri çəkilib nəfəs almaq üçün məsafə yaratmaq istəyirsən ki, sən aralandıqca bu yenə də sənə yapışır. Sən aralanırsan, bu yaxınlaşır, sən aralanırsan, bu yaxınlaşır, it əl çəkir, motal əl çəkmir. Avstriya kansleri Sebastyan Kurts Avropa Komissiyasının sədri Jan-Klod Yünkeri öpüşərək görüşməmək üçün itələdiyi kimi, sən də az qalırsan bunun yaxasından tutub itələyərək deyəsən:

– Ay zırrama, sənə nə var necəyəm, sənin kimilərinin ucbatından lap pisəm. Korsan ya kar? Dünyadakı və ölkədəki vəziyyəti görmürsən, ağzımın içinə girirsən. Nə olasıdı? Sənin kimi məsuliyyətsiz qanmazların zibilinə düşüb dünya. Hanı sənin maskan? Hanı sənin sosial məsafən? Hanı sənin qanacağın? Bu salamı adam balası kimi uzaqdan verib, uzaqdan kefimi, halımı soruşsan xəncərinin daşımı düşər? Kim bilir mənə qədər neçə nəfərlə belə qucaqlaşıb öpüşmüsən. Bəlkə yoluxmusan, bəlkə yoluxdurmusan. Mənim günahım nədir ki, sənin kimi yaramazın ucbatından hallarını soruşduğun evdəkilərin yanına gedə bilməyim indi. Cəhənnəm ol, məndən uzaq dur.

 

AMMA

– Çox sağ ol, yaxşıyam. Evdə də, şükür, salamtçılıqdır. Sən necəsən? – deyib dözməli olursan.

 

Və bütün bunlar azmış kimi keçir ağıl verməyə, taxdığın maskaya gülür və üstəlik də çıxarmağı məsləhət görür:

– Ə, sən canın çıxar bunu. Mən taxmıram, niyə virus tutmuram? Hamısı oyundu. Camaat mitinqə yığılmasın deyə edirlər. Virus-mirus boş şeydi...

 

Boş sənin kəllə sümüyünün içidir. Ay bədbəxt, əvvəl seçkiyə görə edirdilər, indi də mitinqə görəmi oldu?.. Bütün dünyanı yoluxma və ölüm halı sənin balaca ölkəndəki mitinqə görəmi bürüyüb? Bu analoqu olmayan məntiqinə heç hind filmləri də çata bilməz. Günah səndə deyil, günah səni maskasız küçədə istədiyin kimi gəzməyə göz yumanlardadır, kağız üzərindən fəaliyyətə keçə bilməyən qanun-qaydalardadır. Adamsan, adam balasısan, bambılı olma, özünü vətəndaş kimi apar. Bəlkə səndə öküz immuniteti var, uşaqlara, qocalara, xəstələrə yazığın gəlsin.

 

İndiki durumda əl tutaraq, öpüşərək görüşmək mədəniyyətsizliyin yekəsidir. İndi bir dəfə salamlaşmaq, bir öpüş bir neçə ailənin, hətta kəndin, şəhərin, bəzən ölkənin də faciəsi ola bilər.

 

Azər MUSAOĞLU