Qoçulu elində ömrü əsrə bərabər bir şair yaşayırdı Dünyamalı Kərəm adlı. Biz 26 iyulda dəyərli şairimizi itirdik – ruhumuzda, yaddaşımızda özəl yeri olan Dünyamalı müəllimi. Ömrünün 104-cü ilində əbədiyyətə qovuşdu qoca çinar...
Çoxəsrlik Borçalı mədəniyyətinə və ədəbiyyatına əvəzsiz töhfə vermiş şairimiz ömrünün böyük hissəsini xalqımızın maariflənməsinə, inkişafına və mədəniyyətinə həsr etmişdir. O, 1920-ci ildə Borçalı mahalının Qoçulu kəndində anadan olub. Onun doğum tarixi ilə bağlı müxtəlif məlumatlar vardır. Bəzi mənbələrdə onun 1922-ci ildə anadan olduğu göstərilmişdir. Dünyamalı müəllimin tərcümeyi-halı yazılmış mənbələrdən birində anası Xatun xanımın “mənim oğlum yeni hökumət gələndə doğulub” sözləri də yer alıb.
Onun həyatı əzablarla, çətinliklərlə dolu olub. 1936-cı ildə atası Kərəm Sibirə sürgün edilib. Bu onun həyatına təsirsiz qalmayıb. Ailə başçısını itirdikləri üçün onun böyük ailəsi kasıbçılıq və əziyyət çəkməli olub. Ancaq anasının fədakarlığı sayəsində onda olan oxumaq həvəsi ölməyib. Balaca Dünyamalı ibtidai təhsilini öz kəndlərində aldıqdan sonra orta təhsilini qonşu İmirhəsən tam orta məktəbində alıb. 1937-1940-cı illərdə Tiflisdəki Pedaqoji Məktəbdə təhsilini tamamlayıb. O, oxumaqla yanaşı ilk yazılarını yazmağa başlayıb. Onun ilk məqalələri “Al bayraq” qəzetində çap olunub.
Təhsil ocağını bitirən Dünyamalı müəllim təyinatla İmirhəsən və Qoçulu kənd orta məktəblərində direktor kimi çalışıb. Qeyd etmək lazımdır ki, Qoçuluda ilk 7 illik məktəbin açılması onun adı ilə bağlıdır. Dünyamalı Kərəm həyatında müəyyən zirvəyə çatsa da bu onu qane etməyib. Ali təhsil almaq arzusu onu Azərbaycana, Bakıya gətirib. O, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub və 1954-cü ildə təhsilini başa vurub.
Pedaqoji fəaliyyəti dövründə Dünyamalı Kərəm minlərlə gəncin təhsilinə, maariflənməsinə və inkişafına əvəzsiz töhfə vermişdir. Ədəbi yaradıcılığı, eyni zamanda jurnalist kimi fəaliyyəti onu Borçalı mahalının hər bir bölgəsində yaşayan insanlarımızın sevimlisinə çevirmişdir. Uzun müddət “Kommunist” qəzetində çalışdıqdan sonra “Sovet Gürcüstanı” qəzetində məsul katib işləyib. O, Azərbaycanın gözəl diyarı olan Qarabağda, Xankəndində də jurnalist kimi çalışıb. Ömrünün bütün dönəmlərində xalqına xidmət etməklə onun milli kimliyinin, dəyərlərinin, mənəviyyatının zənginləşməsinə misilsiz töhfələr vermişdir.
Dünyamalı Kərəm dövlətimiz tərəfindən müxtəlif mükafatlara layiq görülmüşdür. O, “Şöhrət” ordeni ilə təltif edilmişdir. Gürcüstanın əməkdar jurnalisti olan Dünyamalı müəllimin qələmindən çıxan yazılar Borçalı yurdunun hər bir evinin qonağı olub zaman-zaman. 1994-cü ildə “Borçalım mənim” adlı şeirlər kitabı nəşr olunub. Bununla yanaşı onun müxtəlif dövrlərdə 7 kitabı, yüzlərlə elmi məqaləsi dərc olunub. Dünyamalı Kərəm 1979-cu ildə Gürcüstan SSR-nin “Əməkdar jurnalisti” fəxri adına layiq görülüb.
Dünyamalı Kərəm ömrünün böyük hissəsini “Sovet Gürcüstanı”nda keçirsə də “Şöhrət” ordeninə məhz müasir Gürcüstan dövləti tərəfindən layiq görülüb. Dünyamalı müəllim iki fəxri fərmanla təltif olunub. Dəyərli ziyalımız bir çox nəslin inkişafına, formalaşmasına, mənəviyyatının zənginləşməsinə böyük əmək sərf etmişdir. Dünyamalı Kərəm kimi insanlar bizim milli sərvətimizdir. Onun keçdiyi həyat yolu hər birimiz üçün örnəkdir.
Dünyamalı Kərəm dəyərli şair-jurnalist olmaqla yanaşı böyük ailə başçısıdır. Onun övladları şairin mənəvi dəyərlərinin daşıyıcısıdırlar. Eyni zamanda onun müəllimlik peşəsini də şərəflə və qürurla daşıyan oğlu var. Dünyamalı müəllimin yubiley tarixləri həmişə təntənəli şəkildə qeyd olunub. Qeyd etmək istəyirəm ki, şairin 100 illik yubileyi Bakıda Beynəlxalq Muğam Mərkəzində keçirilib. Həmişə insanın uzun ömür yaşaması özündən asılıdır deyən uzunömürlü şairimiz sonuncu kitabını “Mən ki 100 il yaşamasam” adlandırıb.
Ümidvaram ki, Dünyamalı Kərəm xalqımızın yaddaşında həmişə yaşayacaq. Onun zəngin irsi nəsildən nəslə ötürülərək heç vaxt unudulmayacaq. Onun aşağıdakı şeirində dediyi kimi, o, əsl şöhrət qazanmış, xalqının sevimli şairi, ziyalısı olmuşdur:
Günəş bərq vuranda ulduzlar sönər,
Uca dağ başına buludlar enər.
Dünya yaşadıqca yaşayar hünər.
Qondarma şan-şöhrət istəmirəm mən,
Nəyəmsə, həqiqət istəyirəm mən.
Leyla YUSİFOVA