XXI əsrdə yaşasaq da, hələ də su, yol və nəqliyyat dərdindəyik. Deyirlər, XXI əsr texnologiya əsridir. Robotlar insan əməyi ilə yarışır, insanlar Marsdan ərazi satın alırlar, süni intellekt isə artıq bir çox sahədə söz sahibinə çevrilib. Bütün bu inkişaflar fonunda isə bəzilərimiz hələ də ən ilkin ehtiyaclarımız üçün mübarizə aparırıq – içməli su üçün, yollar üçün, normal nəqliyyat üçün.
Bəzi bölgələrdə insanlar hələ də bidonla uzaq məsafələrdən su daşıyırlar. O suyun keyfiyyəti isə sual altındadır. Kanalizasiya sistemi, su təmizləyici qurğular ya yoxdur, ya da düzgün işləmir. Yol və nəqliyyat problemi də eyni dərəcədə ağrılıdır. Əsas magistral yollardan kənara çıxan kimi vəziyyət dəyişir. Kələ-kötür yollar, qışda palçığa, yazda toza dönən küçələr, qəzalı körpülər və bərbad ictimai nəqliyyat sistemi. İnsanlar məktəbə, xəstəxanaya, işə çatmaq üçün saatlarla gözləyirlər. Xüsusilə regionlarda bu problem özünü daha kəskin göstərir. Məsələn, bir ildən artıqdır ki, Qardabani – Rustavi yolu pis vəziyyətdədir, yola çıxmadan öncə ürək bulantısının qarşısını almaq üçün dərman qəbul etmək, yanında mütləq su götürmək lazımdır. Adamın içi eşiyinə çıxır. Qış aylarında çox hiss etməsək də, son vaxtlarda yayın qızmar günəşi bir yandan, “marşrutka” sürücülərinin basabas doldurduğu mikroavtobuslar bir yandan, bir də, yetmirmiş kimi, yolların bu vəziyyəti insanı lap çilədən çıxardır.
Bizim gözləntimiz böyük texnologiyalar deyil, sadəcə normal həyat şəraitidir: təmiz su, işlək yollar, vaxtında gələn nəqliyyat. Bu qədər sadə və bu qədər çətin.
Sanki bəzi yerlərdə zaman dayanıb. Biz isə bu zamanın içində durmadan eyni problemlərlə üz-üzəyik.
Qardabani şəhər statusu alıb, yəni rəsmi olaraq kiçik şəhərdir. Amma hələ də kənd səviyyəsindəki problemlərlə üz-üzədir. Bu statusun kağız üzərində qalması, insanların gündəlik həyatına heç bir rahatlıq gətirməyib. Burada hələ də növbə ilə işləyən az sayda mikroavtobuslar var. Səhər və axşam saatlarında camaat dayanacaqda uzun-uzadı gözləyir ki, nəqliyyat gəlsin. Yayın 42 dərəcə istisində ayaq üstə gözləyən yaşlı da var, kursa, işə, təlimə, idmana tələsən gənc də.
Hər gün demək olar ki, mikroavtobus sürücüləri sərnişinlərdən biri ilə dava edir: “Sən haradan mindin, yol pulunu əskik verdin” və s. Bu məsələnin çox asan həlli var: bilet almaq. Sürücüdən soruşdum ki, nə ehtiyac var dava etməyinizə, alın biletinizi satın, məsələ də kökündən həll olunsun. Məndən onun nə olduğunu soruşdu. Dedim bəs necə Marneuli, Bolnisi sərnişinləri bu şəkildə hərəkət edirlər, nə ayaqda qalan olur, nə də yol pulunu əskik verən. “Bilmirəm, başım çıxmır” deyib məni başından sovurdu. İş elə gətirdi ki, sənəd lazım oldu, bir neçə gün bu məsələ ilə məşğul olmalı oldum. Sonunda bu ictimai nəqliyyatın müdürü ilə tanış oldum. Biraz söhbət etdik, dedi: “Bu məsələni dəfələrlə gündəmə gətirmişik, ancaq hələ də həll olmur. Bir Qardabani “marşrutkaları” qalıb ki, növbə ilə işləmirlər, ona görə də bilet sata bilmirik. O biletdən bizə sadəcə 10 faiz qalır, onlar isə bunu qəbul etmirlər, nə edə bilərik”. Bir sözlə, bir daha anladım ki, hər kəs öz mənfəəti üçün çalışır.
Ən acı mənzərə isə su ilə bağlıdır. Qardabanidə içməli su gündə sadəcə müəyyən saatlarda verilir. Gündüz çöldə oynamağa çıxan uşaqların gözləri boş hovuzdadır. Onlar axşam saat beşin olmasını gözləyirlər. Çünki ancaq o zaman su gələcək, o da damla-damla. Uşaqlar niyə bu qədər sadə bir ehtiyaca görə gözləməyə məhkum olmalıdırlar?
İnsan bu mənzərəni görəndə düşünür, əgər bir yerdə uşaq su üçün saatlarla hovuza baxaraq gözləyirsə, bu artıq təkcə texniki yox, mənəvi və sosial problemdir. Əgər şəhər adını daşıyan bir məntəqədə hələ də “marşrutkalar” gecikirsə, yollar bərbaddırsa və su ehtiyacı təmin olunmursa bu, həmin bölgənin deyil, sistemin problemidir.
Status kağız üzərində heç kimə lazım deyil, əhalinin gündəlik həyatında hiss olunmalıdır. Qardabani kimi yaşayış məntəqələrinə “şəhər” adı verməklə iş bitmir. Əgər o şəhərdə insanlar suya, nəqliyyata, normal yollara hələ də möhtacdırsa, bu adlar sadəcə rəsmi sənədlərdə göz oxşayır, amma reallıqda heç nəyi dəyişmir.
Ən acısı isə budur ki, bu problemlər illərdir mövcuddur, yerli əhali isə bu vəziyyətə alışıb. Suyu gözləmək, “marşrutkaya” çatmaq üçün tez çıxmaq, tozlu yollarla barışmaq – bütün bunlar normaya çevrilib. Halbuki bunlara öyrəşmək yox, dəyişmək lazımdır.
Əgər vəzifə sahibinin evində fasiləsiz su, işıq, istilik varsa, altındakı maşınla rahat şəkildə hərəkət edə bilirsə, kondisonerli kabinetində rahat oturursa, o zaman cəmiyyətin digər təbəqəsinin problemləri onun üçün ya görünməz olur, ya da sadəcə statistik rəqəmə çevrilir. Halbuki idarəçilik, xüsusilə yerli özünüidarəetmə və sosial məsuliyyət prinsipləri bunu tələb etmir. Dövlət və bələdiyyə strukturlarında çalışan şəxslər cəmiyyətin bütün təbəqələrinin ehtiyaclarını eyni dərəcədə diqqətə almalı, infrastruktur və sosial xidmətlərdə ədalətli bölgü təmin etməlidirlər.
Ən təəssüf doğuran məqam isə budur ki, bu cür məsuliyyətsizlik yalnız fiziki çətinliklər yaratmır, həm də ictimai nəticələr doğurur. Su problemi yaşayan insan artıq dövlətə və cəmiyyətə olan inamını itirir. Uşaqlar yaşadıqları mühitin onları necə əhəmiyyətli və ya əhəmiyyətsiz gördüyünü hiss edirlər. İnsanlar susuzluğa və yolların əyri-üyrülüklərinə öyrəşdikcə bu problemlər normaya çevrilir. Halbuki bu vəziyyət tamamilə yolverilməzdir.
Buna görə də bu cür məsələlərin ictimailəşdirilməsi, mediada gündəmə gətirilməsi, sakinlərin birgə müraciətləri və ictimai nəzarət son dərəcə vacibdir. Burada tək-tük fərdlərin səssiz narazılığı kifayət deyil. Gərək cəmiyyət birləşsin, səsini ucaltsın, sual versin. Nə vaxt su fasiləsiz veriləcək? Nə vaxt gedəcəyimiz yerə vaxtında çata biləcəyik? Əgər biz bu sualları verməsək, cavab da olmayacaq. Biz susduqca, onlar rahat oturacaqlar. Biz tələb etmədikcə, onlar heç nəyi dəyişməyəcəklər. Əgər biz bu problemi birlikdə gündəmə gətirsək, sözümüz gücə çevrilə bilər. Əgər su axmırsa, səsimiz axsın, bu, sadəcə su dərdi deyil, hüquq dərdidir. Və bu hüququ qorumaq hər birimizin vətəndaş borcudur.
Aytən FƏTULLAYEVA