Dünyada fərqli dinlərə, fərqli millətlərə aid fərqli təqvimlər istifadə edilməkdədir. Bu gün islam aləmi üçün də hicri-qəməri adı verilən ayla (hilalla) təsbit edilən bir təqvim istifadə olunur. Qəməri təqvim deyilməsinin səbəbi də budur. Bizim bu gün ölkə olaraq istifadə etdiyimiz təqvim miladi təqvim adlanır. Bu təqvim isə günəşlə tərtib olunur.

 

Həzrət Peyğəmbərin Məkkədən Mədinəyə hicrətinin reallaşdığı və Rəhmət Peyğəmbərinin “Allahın ayı” olaraq xarakterizə etdiyi Məhərrəm ayına qədəm qoymuşuq. Bir çox qaynaqlara əsasən, həzrət Ömərin xəlifəliyi dövründə toplanan şura iclasında həzrət Əlinin təklifi ilə hicrət təqvim başlanğıcı olaraq qəbul edilmiş və o gündən etibarən islam aləmində 1 Məhərrəm hicri təqvimin başlanğıcı sayılmışdır.

 

Əgər hicrəti tərif edəsi olsaq, belə demək daha doğru olardı məncə: hicrət, Allaha və onun elçisi Rəhmət Peyğəmbərinə könüldən bağlılığın bir ifadəsi, dostluğa, qardaşlığa, irfana, mədəniyyətə və elmə açılan səfərin hekayəsidir.

 

Hz. Adəm və Həvva anamızın cənnətdən yer üzünə enməsiylə başladı insanlığın ilk hicrət hekayəsi. Ardından bir çox hicrətlər baş verdi. Gah bir gəmi ilə tufanlara üz tutuldu, gah dağlardan aşıldı, çöllərdən, dənizlərdən keçildi. Gah Kəbəni fəth etmək oldu hicrətin səmərəsi. Bəzən Yəsribin mədəniləşməsi, mədəniyyət günəşinin oradan doğması oldu. Bəzən də fədakarlığın və vəfanın adı oldu hicrət. Kimisi də hicrət əziyyətinin şirin dadını ənsar-mühacir qardaşlığında və dostluğunda daddı. “Fəthdən sonra hicrət yoxdur” buyuran Əfəndimiz qiyamətə qədər ümmətin əsl hicrətinin Allahın qadağan etdiyi şeylərdən uzaq durmasıyla reallaşacağını xəbər verirdi.

 

Məhərrəm ayı eyni zamanda Hz. Peyğəmbərin (s.ə.s.) nəvəsi Hz. Hüseynin və Əhli-Beyt mənsubu olan 70-dən çox insanın siyasi ehtiraslar uğruna Kərbəlada şəhid edilməsi səbəbiylə müsəlmanların ortaq yaddaşında böyük bir ağrının tarixidir. Bu ürək ağrıdan hadisə xüsusilə məzhəbi nə olursa olsun, bütün müsəlmanların ortaq acısıdır. Kərbəlada mərhəmətsizcə şəhid edilən Hz. Hüseyn və yoldaşlarının bu hadisədəki mərd duruşları və haqsızlıqlar qarşısındakı şərəfli mübarizələri bütün möminlərin könüllərində taxt qurmuş, Hz. Hüseyn və yaxınlarına bu zülmü rəva görənlər isə insanlığın qınağına məhkum edilmişdir.

 

Kərbəla hadisəsi islam cəmiyyətlərinin hamısında əhəmiyyət daşıyan bir hadisədir. Bu əhəmiyyətə istinadən Məhərrəm, Aşura və Kərbəlanın islam cəmiyyətlərinin dini-mədəni həyatında da bəzi əksini tapmışdır. Müsəlman coğrafiyasında bu ayda tutulan oruclar, bişirilib paylanan aşuralar və Kərbəlada Hz. Peyğəmbərin (s.ə.s.) nəvəsi Hz. Hüseyn ilə birgə ailəsi və yanında olanlardan şəhid olanların yad edilməsi bunların başlıcalarıdır. Necə ki Hz. Hüseynin şəhadətinə duyulan kədər şeirlərə, mərsiyələrə əks olunmuş, bu sahədə bir çox əsər qələmə alınmışdır. Bunlardan birində Aşiq Yunus duyğularını belə dilə gətirir:

 

Şəhidlərin sərçeşməsi, Ənbiyanın bağrı başı,

Övliyanın gözü yaşı Həsən ilə Hüseyndir.
Həzrət Əli babaları, Məhəmməddir dədələri,

Ərşin iki küpələri Həsən ilə Hüseyndir.
Kərbəladır yazıları, şəhid olmuş qaziləri,

Fatma ana quzuları Həsən ilə Hüseyndir.
Dərviş Yunus dünya fani, bizdən əvvəl gələn hanı,

İki cahanın sultanı Həsən ilə Hüseyndir.

 

İndi bütün müsəlmanlara düşən əhəmiyyətli vəzifələrdən biri bu cür hadisələrdən ibrət götürmək, dərslər çıxarmaq və birlik və bərabərliyimizi zədələyəcək hər cür mənfi hərəkət və davranışlardan qaçınmaqdır.

 

Hacı BƏKİROĞLU