Azərbaycan dili xalqımızın milli kimliyinin ayrılmaz hissəsidir. Tarix boyu şairlər, yazıçılar, alimlər bu dili zənginləşdirmək, inkişaf etdirmək üçün çalışıblar. Lakin təəssüf ki, son illərdə bəzi insanlar bu dilə hörmətsizlik etməyi bir norma kimi qəbul edirlər. Xüsusilə də qrammatikanı lağa qoymaq, bəzi sözləri məqsədli şəkildə təhrif edərək mənasını dəyişdirmək adi hala çevrilib.

 

Son zamanlar sosial şəbəkələrdə və gündəlik həyatda müəyyən feillərin yanlış kontekstdə işlədilməsinin artdığını görürük. Feillər dilin ən əsas hissələrindən biridir və onlar hərəkəti ifadə edir. “Vermək”, “almaq”, “götürmək”, “qoymaq”, “girmək”, “çıxmaq” kimi sadə və funksional sözlərə qeyri-etik mənalar yüklənir. Normal söhbət etdiyin yerdə başlayırlar gülməyə, bir saat fikirləşirsən ki, necə danışım ki, pis yerə yozulmasın. Sanki bu və bunun kimi feilləri işlətmək artıq gülüş mövzusudur. Bu cür yanaşma cəmiyyətin dilə qarşı münasibətində ciddi problemlərin olduğuna işarədir.

 

Televiziya, radio və sosial şəbəkələr bu məsələdə böyük rol oynayır. Lakin bəzi televiziya proqramlarında və sosial media səhifələrində Azərbaycan dilinin təhrif olunmasına yol verilir. Aparıcılar və tanınmış şəxslər bəzən dil qaydalarına əməl etmir, bəzi ifadələri gülüş obyektinə çevirirlər. Əgər kütləvi informasiya vasitələri dili yanlış təqdim edirsə, gənc nəsil də bunu normaya çevirəcək.

 

Bəzi insanlar düşünə bilər ki, bu, sadəcə zarafatdır, burada problem yoxdur. Lakin həqiqətdə məsələ düşündüyümüzdən daha ciddidir. Dilin müəyyən sözlərini təhrif edərək, onları məişət səviyyəsində bayağılaşdırmaq bir xalqın mədəni səviyyəsinə təsir edən amillərdən biridir. Əgər cəmiyyətin böyük bir qismi bu cür tendensiyaları normal qəbul edirsə, demək ki, dilə qarşı həssaslıq artıq zəifləyib. Bu isə birbaşa milli dəyərlərin aşınmasına gətirib çıxarır.

 

Dil yalnız ünsiyyət vasitəsi deyil, o, həm də düşüncə tərzimizin daşıyıcısıdır. Əgər biz dilimizə hörmətsizlik edərək bəzi sözləri işlətməkdən çəkiniriksə və ya onları gülüş obyektinə çeviririksə, bu, bizim ifadə imkanlarımızı məhdudlaşdırır. İnsanlar bir-biri ilə ünsiyyətdə olarkən artıq bəzi sözləri deyərkən tərəddüd edir, çünki başqalarının reaksiyasından çəkinirlər. Bu isə sonda cəmiyyətin dilin təbii inkişafını məhdudlaşdırmasına səbəb olur.

 

Digər bir problem isə məktəb və universitetlərdə bu məsələyə diqqət yetirilməməsidir. Azərbaycan dili fənni şagirdlərə daha çox qaydalar toplusu kimi təqdim olunur, lakin onlara dilin dəyəri, onun qorunmasının əhəmiyyəti izah edilmir. Gənclər dildən düzgün istifadə etməyin, ona hörmət etməyin vacibliyini anlamadan böyüyürlər. Bu boşluq isə özünü sosial şəbəkələrdə, gündəlik ünsiyyətdə və mediada açıq şəkildə göstərir.

 

Azərbaycan dilinin bu cür bayağılaşdırılmasının qarşısını almaq üçün ilk növbədə maarifləndirmə işləri aparılmalıdır. İnsanlar anlamalıdırlar ki, dilə hörmətsizlik təkcə qrammatikanı pozmaq və ya sözləri səhv işlətmək deyil, həm də onlara yanlış mənalar yükləməkdir. Cəmiyyətdə bu məsələ ilə bağlı daha çox müzakirələr aparılmalı, məktəblərdə və universitetlərdə dilə sevgi aşılayan proqramlar tətbiq edilməlidir. Eyni zamanda media və ictimai fiqurlar bu məsələyə daha həssas yanaşmalı, dilin dəyərini insanlara çatdırmalıdır.

 

Nəticə olaraq demək olar ki, Azərbaycan dilinin təhrif olunması və ona qarşı hörmətsiz yanaşma yalnız fərdi problem deyil, ümumi bir tendensiyaya çevrilməkdədir. Əgər bu vəziyyət nəzarətsiz buraxılarsa, gələcək nəsillər öz ana dillərinə daha da yadlaşacaq və bu dilin orijinallığını qorumaq çətinləşəcək. Dilimizə qarşı məsuliyyətli olmalı, onun hər bir sözünə, ifadəsinə dəyər verməliyik. Unutmayaq ki, dilinə sahib çıxmayan xalq, kimliyinə də sahib çıxa bilməz! Hər kəs öz dilinə hörmət etməklə onun gələcək nəsillərə sağlam şəkildə ötürülməsinə töhfə verməlidir.

 

Aytən FƏTULLAYEVA