Minaya Ramazanovanın günü toyuqlara və iki qoyuna qulluq etməklə başlayır, bağ və həyət işləri ilə davam edir.
Biz onun qapısına xəbərdarlıq etmədən getdik və onu ev işlərindən ayırdıq. O isə bizdən üzr istəyərək evə keçdi və əynini dəyişdi. Göz qırpımında meyvə yığdı və şirin süfrə açdı. Həyəcanlı idi, görünürdü ki, onun əvvəlcədən planlaşdırılmış, sakit gününü pozmuşuq.
Minayanın 64 yaşı var, Kvemo Kartlinin kiçik, kasıb və sanki dünyadan qopmuş Kosalar kəndində tək yaşayır.
Axşamlar dəzgahın arxasına keçir və xalça toxumağa başlayır. Günlərin qısa, çöl işlərinin isə az olduğu qış fəslində toxumağa daha çox vaxt ayırır. Bir xalçanı təxminən 20 günə bitirir. İldə 6-7 xalça toxuyur.
Deyir ki, hər tamamlanmış xalça tənhalıq yükümü yüngülləşdirir və məni qürurla doldurur. “Nəticəyə baxanda xoşuma gəlir, əl işimlə fəxr edirəm. İstəyirəm ki, məni xalça toxuyan və don tikən biri kimi tanısınlar”, – deyir Minaya.
Onun adı artıq Borçalı xalçaçılıq ənənəsini yaşadan sonuncu ustaların siyahısına yazılıb. Borçalı tarixən etnik azərbaycanlıların məskunlaşdığı Marneuli regionunun qədim adıdır.
Kosalar və qonşu Qaraçöp kəndində toxunmuş unikal xalçalar bu gün dünyanın bir çox muzeyində qorunub saxlanılır. Vaxtilə bu kəndlərdə demək olar ki, hər evdə xalça dəzgahı var idi, indi isə köhnə ustalardan yalnız bir neçəsi qalıb.
Minaya anasından yadigar qalan, qayğı ilə saxlanılmış xalçaları bizə göstərir. Onun toxuduğu xalçalar da 150 il əvvəlki nümunələri demək olar ki, dəyişməz şəkildə təkrarlayır – qalın yun toxunuş, kəskin həndəsi kompozisiyalar və simvollar: səkkizbucaqlılar, xaçvari ulduzlar, romblar və yenilənmə ilə davamlılığın rəmzi olan həyat ağacı.
Borçalı toxucuları bu gün də yerli təbii boyalardan və xaricdən gətirilən yüksək keyfiyyətli yun saplardan istifadə edirlər. İdxal olunan yun, təbii boyalar və ənənəvi ustalıq Borçalı xalçalarını nəinki dəyərli, həm də bahalı edir.
Zemfira toxumağı 16 yaşında qayınanasından öyrənib. İndi 65 yaşı var, görmə qabiliyyəti zəifləyib, amma yenə də toxuyur. Dəzgahın arxasına axşamlar keçir, həm də musiqiyə qulaq asır. Əvvəllər özü də zümzümə edərdi. İndi toxumaq onun üçün həm də fikirlərdən və gündəlik qayğılardan uzaqlaşdığı bir növ sığınacaqdır.
Sap hazır olduqda, toxucular onu dəzgaha bağlayırlar. Dəzgah taxta bir çərçivədir. Qadınlar alçaq kətillərdə oturur və saatlarla işləyirlər. Bu, fiziki əməkdir: minlərlə kiçik düyün vurulmasını, hər sıranın dəmir daraqla (həvə ilə) döyülməsini və ornament xəttinin dəqiqliklə qorunub saxlanılmasını tələb edir.
“Mənim üçün toxumaqda çətin heç nə yoxdur, bu mənim həyatımdır”, – deyir Zemfira.
Kosalar kəndində cəmi 10-a yaxın toxucu qadın yaşayır. Gənclər artıq dəzgah arxasında aylar keçirmək istəmirlər. Kvemo Kartlinin azərbaycanlı qızlarının bu gün məhdud da olsa başqa imkanları da var.
Xalçalar baha olsa da, onların istehsal xərcləri də böyükdür. Toxuculuqdan gələn gəlir az deyil, lakin təkcə bununla yaşamaq mümkün deyil.
Qədimdən Borçalı xalçaları ailənin var-dövlət və ləyaqət rəmzi hesab olunurdu. Qadınlar onları tez-tez cehizlik üçün toxuyurdular və məhz onların təxəyyülü bu gün Borçalı xalçalarının unikallığını müəyyən edən vizual dili yaratmışdır.
Qafqazda xalça toxuma mədəniyyətinin ən qədim izlərinə Gürcüstanda rast gəlinir – Muquti mağarasında tapılmış xovlu xalça fraqmentləri təxminən 1400 il əvvələ aid edilir. Həmin eksponat hazırda Bolnisi muzeyində qorunur. Sonralar bu bölgədə yaşayan ermənilər və türkdilli müsəlmanlar bu gün Borçalı, Şulaver və Faxralı adları ilə tanınan fərqli xovlu xalçalar toxuyurdular.
Sənətşünas İrina Koşoridzenin sözlərinə görə, yeni mühitdə məskunlaşan müsəlmanlar daş məbədlər, freskalar və xristian ikonoqrafiyası ilə qarşılaşdılar. Tədricən bu simvollar Şərq ornamentləri ilə zəngin olan öz ənənələri ilə qaynayıb-qarışdı və Şərq həndəsi motivləri yerli xristian simvolları və memarlıq formaları ilə vəhdət təşkil etdi. Məhz bu xüsusiyyət Borçalı xalçalarını Bakı, Qarabağ və ya İran nümunələrindən fərqləndirir.
Zemfira öz əl işləri arasında ən çox ailəsi üçün toxuduğu güllü xalçanı sevir.
“Xalçalarda çox sayda kiçik, sanki “cəlbedici” detallar var – heyvan, gül və kiçik rozet təsvirləri. Toxucunun bu xırda ornamentlərlə xalçanın haşiyəsini və ya kompozisiyanın digər hissələrini doldurmaq üçün tam azadlığı var. Bu, qadının fərdi özünüifadə formasıdır”, – deyir “reWoven”in kreativ direktoru Kosima Stüart.
“Mənim üçün Qafqaz xalçalarını anlamaq, elə Qafqazın özünü anlamağa çalışmaqdır”, – deyə artıq iki onillikdir Gürcüstanda yaşayan britaniyalı jurnalist Vilyam Danbar bizimlə bölüşür. Xalçalara olan marağı da elə Gürcüstana gəldiyi vaxtlarda yaranıb.
“İlk dəfə 20-ci əsrə aid Kaxeti süjetli xalçaları bəyəndim”, – deyə o xatırlayır. “Onlarda xüsusi bir gürcü ruhu var idi – yazılar, təsvirlər. Onlar mənə unikal gürcü artefaktları kimi göründü və mən onları toplamağa başladım. Sonra, tez-tez olduğu kimi, məndə də “xalça virusu” adlandırılan o hal yarandı”.
2014-cü ildə Vilyam “reWoven” şirkətinin təsisçisi Rayan Smitlə tanış olur. Qeyri-kommersiya layihəsinin məqsədi Borçalı xalçaçılıq ənənəsini qoruyub saxlamaq olan Rayan onun üçün bir növ bələdçiyə çevrilir; onlar birlikdə Kvemo Kartli və Kaxetinin kəndlərini gəzdilər. Orada etnik azərbaycanlı qadınlar hələ də qədim üsulla, əllə qurulmuş dəzgahlarda yun saplarla məşhur Borçalı xalçalarını toxuyurdular.
Smit ailəsinin faciəsindən sonra Vilyam Danbar “reWoven” layihəsinin idarəçiliyini öz üzərinə götürdü.
Bu gün “reWoven” alıcılara ildə 30-50 xalça göndərir. Böyük ölçülü nümunələrin qiyməti 2000-3000 dollara qədər çatır. Gəlir kəndə qayıdır, yuna, boyalara və layihənin davam etdirilməsinə xərclənir.
İnsan toxuculuqla 34000 il əvvəl məşğul olmağa başlayıb – Gürcüstandakı Dzudzuana mağarasında tapılan və dünyanın ən qədim toxuculuq nümunəsi hesab edilən kətan lifi buna sübutdur.
Toxuculuq dünyanın hər bir guşəsində öz dilini yaradıb. Çində ipək imperiyanın gücünü və dünya ticarətini simvolizə edirdi. Perunun dağ kəndlərində inklər rənglər və ornamentlər vasitəsilə öz tarixlərini nəql edirdilər. Afrikada Kente parçası bu günə qədər insanların sosial kimliyinin simvoludur. Avropada yun və kətan toxuculuğu Florensiya, Lion və Flandriyanı iqtisadi və mədəni mərkəzə çevirdi.
Gürcüstanda isə Kvemo Kartli və Kaxeti xalçaları həmin bölgələrin çoxmillətli mühitini əks etdirirdi. Tuşetidə yun toxuculuğu iqtisadi təhlükəsizliyin əsas dayağı idi. Bu ənənə çobanlıq dövrü ilə sıx bağlı idi və insan əməyinin təbiətlə necə qaynayıb-qarışdığını aydın şəkildə göstərirdi. “Göy süfrə” (Lurci supra) isə bir sosial-mədəni ritual kimi gürcü süfrə mədəniyyətinin maddi rəmzinə çevrildi.
Bu gün sənaye tekstili dövründə, yun sapların al qırmızı və indiqo rənglərini fabrik xalçalarının darıxdırıcı tonları əvəz edib. Toxuculuq ənənələri sanki yox olur. Bununla bərabər, saplara hopmuş kollektiv yaddaş da silinir.
Qədim toxuculuq nümunələrini qoruyub saxlamaq təkcə etnoqrafik əhəmiyyət kəsb etmir. Bu, həm də zamanın ruhunu itirməmək üçün bir cəhddir. Köhnə bir xalça naxışına toxunduqda, biz yalnız materiala deyil, həm də əsrlər əvvəl insanların özünüifadə formasına çevirdiyi o səslərə və sükuta toxunuruq.
“reWoven”in ən iddialı məqsədi ənənəvi toxuculuğun bütün ekosistemini bərpa etməkdir. Komandanın arzusu – tamamilə “Gürcüstan istehsalı” olan ilk xalçanı, yəni yerli yun və yerli təbii boyalarla hazırlanmış xalçanı ərsəyə gətirməkdir. Bunun üçün vacibdir: çobanları yunu satmağa razı salmaq; təbii boyaları yerindəcə hazırlamaq; emalatxanalar və yunun yuyulub-əyrilməsi üçün infrastruktur yaratmaq. Bununla belə, ilk addım artıq atılıb – Tbilisidə xalçaların yuyulması və son tamamlanma işləri üçün məntəqə açılıb.
“Təbii ki, əllə toxunmuş Gürcüstan xalçalarının dünyada çox böyük miqdarda satıldığı o dövrə bir daha heç vaxt qayıda bilməyəcəyik. Lakin bu gün də xalça toxumağı bacaran insanlar var”, – deyir Danbar.
Bəs yenə də bu səylər niyə vacibdir? Bu, yerli icmalara və ümumilikdə mədəniyyətə nə verir?
“Bizim rəngkarlıq əsərlərimiz, müxtəlif media formalarımız, fiqurativ təsvirlərimiz, portretlərimiz və sair var. Lakin toxunma ornamentləri və rəngləri ilə xalçalar, insanın yaratdığı və sahib olduğu ən mühüm əşyadır. Bu xalçalar konkret icmalar üçün mədəni və bədii özünüifadə formasıdır”, – deyə Kosima Stüart bildirir.
Xalçalar yalnız sənət nümunələri deyil, onlar həm də sosial və iqtisadi tarixin açarıdır. Vilyam onların həm mədəni, həm iqtisadi, həm də coğrafi aspektlərini araşdırmaqda maraqlıdır: “Niyə Tuşetidə bu qədər çox xalça var, Xevsuretidə isə yox? Cavab budur ki, Tuşetidə çoxlu qoyun saxlayırdılar. Bəs niyə çoxlu qoyunları var idi? Çünki Baxtrioni üsyanından sonra onlara qışda qoyunları saxlamaq üçün Vaşlovani ərazisində torpaq verilmişdi”.
Tekstili öyrənmək tarixin özünü öyrənməkdir. “Xalçaları necə, niyə və kim yaradıb? Onların Tiflis və Şeytanbazarın tacirləri ilə, Moskva və İstanbul ilə hansı əlaqələri olub? Sonra isə Nyu-Yorkda, Beşinci Avenyudakı Qızıl Dövrün saraylarını təsəvvür edin – orada insanlar Qafqaz xalçalarının üzərində gəzirdilər. Bu barədə düşünmək mənə həmin əşyaların gözəlliyi qədər həyəcan verir,” – deyir Danbar.
Lakin xalçaların gündəlik istifadəsi sanki onların əhəmiyyətini bizə unutdurur. “Xalçaların üzərində gəzdiyimiz üçün bir çoxları onları sadəcə köhnə bir döşəmə örtüyü hesab edir. Amma bu xalçaları nəsillər boyu tanınmayan qadınlar yaradıb, öz əlləri ilə toxuyublar. Onlar Qafqazda, bizim yaşadığımız yerlərdə, gəzdiyimiz kəndlərdə yaşayıblar,” – deyə Vilyam xatırladır.
Xalça zamanın görünən metaforudur. Borçalı xalçaları saysız-hesabsız naməlum hekayəni qoruyub saxlayır; hər bir düyün qaranlıqda dəzgah arxasında əyləşib öz fikirlərini materiala çevirən o qadının səsidir. Hər yeni toxunmuş xalça isə bu ənənənin yenidən sağ qalacağına dair bir ümid işığı yandırır.
Mənbə: “Azadlır Radiosu”
Müəllif: Nino Apakidze
Gürcü dilindən tərcümə: Aynurə Əliyeva