Elizbar CAVELİDZE

(əvvəli burada)

“KOROĞLU”NUN ESTETİK ALƏMİ

 

Tədqiqatın elə başlanğıcında qeyd etdim ki, “Koroğlu” nəsr və nəzmin bir-birini əvəz etməsi ilə, bir-biri ilə qarşılıqlı müqayisə olunmaqla yaranan qəhrəmanlıq eposu növünə məxsusdur. Qəhrəmanlıq eposunun bünyəsinin bu cür memarlığı Yaxın Şərqin folklorunda geniş yayılmışdır. Müvafiq olaraq bu iki qarşılıqlı fərqli təsvir strukturu bir bütöv bədii kətanı yaratdığından və eyni zamanda yenə də bu əsərin tədqiqatının əsas məqsədini təşkil edən etik-estetik məsələləri irəli çəkməyə cəhd edəcəyəm.

 

Əvvəlcə təhlil olunan eposun nəsr hissəsinə toxunaq. Lap elə başdan bəyan etməliyik ki, “Koroğlu”nun nəsr səviyyəsi təkcə Orta əsrlərin xalq yaradıcılığının tələblərini o qədər qane etmir, eləcə də o, bu gün də özünün sadəliyi ilə, süjetin inkişaf dinamizmi ilə oxucuları heyran edir ki, bu da bir növ bolluca qatılan dialoqları canlandırır, ən başlıcası, hadisələrin əmələ gəlməsinin ziqzaqvari yana, haşiyələrə çıxmaları ilə və gözlənilənin gözlənilməzliyi ilə sona yetməsi effekti ilə güclü, emosiyalı təəssürat oyadır.

 

Ümumiyyətlə, həyati reallığın nəzərə çarpdırılması xalq yaradıcılığı üçün mühüm olduğundan dialoq qəhrəmanlıq hadisələrinin nəql edilməsini xarakterizə edir. Təbiidir ki, “Kitabi Dədə Qorqud”da dialoq müəyyən yer tutur. Lakin bu əsərdə fikrin çatdırılması daha çox monoloq xarakteri daşıyır. “Koroğlu”da dialoq prinsipi ön plandadır və bunun vasitəsilə də qəhrəmanların can atma məqsədi yaranır. Bu eyni zamanda həmin fikrin çatdırılmasına təbiilik çaları verir. Başlıcası hər halda odur ki, yuxarıda qeyd etdiyim kimi, nəql bu vasitə ilə dinamikliyə və varlıq hissinə malik olur. Və ən başlıcası, bu verilən dialoqla və demək olar ki, əhəmiyyətsiz cizgilərlə insanın xarakteri və təbiəti aşkarlanır. Buna nümunə olaraq kiçik bir keçidi gətirmək istəyirəm. Rum paşası quyuya salınmış Koroğlunun dəlisi Bəlli Əhmədə ucadan deyir:

 

“– Hə... Mənə də Rum paşası deyərlər. Sənin o Koroğlunu bir Koroğlu eləyim ki, biri də yanından çıxsın.

 

Bəlli Əhməd güldü. Dedi:

 

– Paşa, Koroğluya kələ-kələlər nə eliyə bilib ki, sənin kimi kərtənkələlər nə eləsin?

 

Paşa özündən çıxdı. Əlini atdı böyük bir daşa ki, hərləyib salsın onun başına. Nə qədər zor verdi, gücü çatmadı. Hirsi soyudu. Dedi:

 

– Salardım daşı başına, elərdim səni xıncım-xıncın, ancaq lənət şeytana. Koroğlunun xatirinə, gərək o gəlincə səni saxlayam. Elə ki, o gəldi, onu da tutub, ikinizi də birgə öldürəcəyəm.

 

Bəlli Əhməd dedi:

 

– Paşa, Koroğlunu heç əhrimənlər tuta bilmir. İndi Koroğlu o qədər ölü oldu ki, sənin kimi dılğıra baş verdi?!

 

Paşa yenə hirsləndi. İstədi əlini atsın daşa. Ancaq daşın yekəliyini görcək, yenə hirsi soyudu. Dedi:

 

– Tutaram, tutaram. Buna Məhbub xanım tədbiri deyərlər. Səni quyuya salan, onu da salar. Onda danışarıq.

 

Paşa sözünü deyib, getdi” (Bax: “Koroğlu”, səh. 373; səh. 693).

 

Gətirilən epizod hərtərəfli diqqətə layiqdir. Birincisi, özünün çevikliyi ilə novellaçının dəstxəttini bizə xatırladır. İkincisi, o, incə yumorla hopdurulmuşdur ki, bunu da Rum paşasının davranışı yaradır. Üçüncüsü,  burada dəlinin sarsılmaz xarakteri və eləcə də Koroğluya qarşı möhkəm sədaqəti və nəhayət, Rum paşasının yelbeyinliyi, acizliyi, gücsüzlüyü və əsası laxlamış təkəbbürlüyü özünü büruzə verir.

 

Bu cür epizodların gətirilməsi “Koroğlu”nun yazılışının lakonikliyi üsulundan xəbər verir ki, bu barədə çox demək olar, lakin, düşünürəm ki, deyilənlər də kifayətdir.

 

Və yenə bir faktı irəlicədən qeyd etməliyəm ki, “Koroğlu” eposunu “Kitabi Dədə Qorqud” eposundan fərqli olaraq dini mürəbbilərin təsir izi təqib etmir. Onda nə şamanizm, xristianlıq, nə də islam, daha çox gözlənilən idi, əlamətləri nəzərə çarpır ki, bu da mənim fikrimcə, hər şeydən öncə abidənin nisbətən yeniliyindən və ya da mətnin dolğunlaşdırılmasının və üzərində işlənilməsininin yaxın variantından, yaxud Qafqaz xalqlarının  ənənələri və qarşılıqlı dostluğu dini inancdan daha irəli çəkildiyi bir vaxtda bu abidənin ümumi Qafqaz əhəmiyyətindən xəbər verir. İllah da ki, bu janr spesifikliyinə görə izah edilə bilər ki, bu da haqq-ədalət uğrunda mübarizlərin və xeyirxah qaçaqların apardığı mübarizəsinin özünəməxsus xarakteri ilə şərtləndirilib. 

 

“Koroğlu”nun mətni, ələlxüsus təbiət və zaman silsiləsinin təsviri zamanı yüksək bədiiliyi ilə seçilir və çalarların ahəngdarlığı üsulu ilə klassik ədəbiyyat kətanını daha çox bizə xatırladır. Məsələn, möcüzə yaradan bulağı axtaran Rövşən (Koroğlu) “baxdı ki, bura elə çəmənzar, laləzar bir yerdir, gəl görəsən. Gül gülü çağırır, bülbül bülbülü. Elə bil ki, bu sıldırım qayanın üstündə bir bağça şəkli çəkilib, yetmiş iki qələmlə yetmiş iki rəng vurulub. Ortalıqda qoca bir ağac var, altında da Qoşabulaq durna gözü kimi qaynayır, göz yaşı kimi axıb, ətrafı süd gölünə döndərir” (Bax: “Koroğlu”, səh. 15-16; səh. 27).

 

Bu möcüzəli Adəm bağından indi yazın gəlişinin belə verildiyi Çənlibelə keçək:

 

“Yenə də yaz ayları gəlmişdi. Çənlibeldə başqa bir aləm var idi. Hər tərəf ala, yaşıla bürünmüşdü. Elə idi, elə idi ki, gül gülü, bülbül bülbülü çağırırdı. O necə deyərlər, lalələr bənövşələrə göz vururdu, sıldırım qayalarda xınalı kəkliklər qaqqıldaşırdı. Bülbüllər Koroğlunun səsinə səs verirdi. Çənlibelin ətəklərində ot adam boyu qalxmışdı. Koroğlunun ipə-sapa yatmayan, qoruq-qaytaq bilməyən ayğırları ilxı ilə göy ota buraxılmışdı. Koroğlu bu yaz Düratı da ilxıya qatmışdı. Dürat ola, çöl ola, xam dəli ayğırlar ola, olmuşdu dəlisoy bir şey. Day bir at ilə yol getmirdi. Qapışırdı, vuruşurdu, day, necə deyərlər ilxını götürmüşdü başına” (Bax: “Koroğlu”, səh. 484; 493).

 

Qısası, burada gül gülü, bülbül bülbülü çağırdığı, kəkliklərin qaqqıllaşdığı, atların ipə-sapa yatmadığı bir zamanda yazın yetişdiyi an verilmişdir. Bir sözlə, yüksəliş, təbiətin canlanması və insanın oyanışı məqamıdır. Doğrudur, yuxarıda göstərilən çıxarışlarda bizə stereotip, möhkəm kəlmə rast gəlir: “Gül gülü, bülbül bülbülü çağırırdı”, lakin bu cür möhkəm və stereotip kəlmələrin təkrarı Şərq xalqları, eləcə də klassik ədəbiyyat üçün xarakterikdir. Ən başlıcası odur ki, bu yazın gəlişinin mənzərəsi hec də reallıqdan üzülməmişdir, əksinə, məhz elə bu reallıqla oxucunu özünə cəlb edir, onu estetik duyğu ilə doldurur.

 

Əhəmiyyətlisi odur ki, bu təhlil olunan eposun yaradıcısı elə gücə malikdir ki, insani duyğunun (sevinc olsun, istərsə də kədər) elə dərinlikləri ilə və obrazlı ifadəsi ilə Orta əsrlər və bugünkü oxucunu verilən simalara soyuqqanlıqla yanaşmağa qoymur. Və illah da ki, o, insanı tamamilə bu duyğuların çevrəsinə qatır, onu özünə girov götürür və kədərin həmdəminə çevirir. Məsələn: “Elə bil ki, dəlilərin üstünə su səpdilər. Xanımlar hamısı başlarını aşağı saldılar. Koroğlu dönüb Nigara baxdı. Gördü, vallah, Nigar bir haldadır, bir haldadır ki, alma yanaqlar Səmərqənd kağızı kimi ağarıb. Ala gözlər bahar buludu kimi dolub. Yaqut dodaqlar bir dəqiqədə elə solub, elə bil lalədi, şaxtaya düşüb. Koroğlu elə istəyirdi ağzını açsın, Nigar xanım yerindən qalxdı. Nə Koroğluya baxdı, nə dəlilərə baxdı, yavaş-yavaş təpənin lap ucqarına gəldi. Bir Eyvaz gedən yollara baxdı, bir uzaqdakı başı qarlı dağlara baxdı. Saçından üç tel ayırıb, basdı mərmər sinəsi üstünə və dedi...” (Bax: “Koroğlu”, səh. 235; 258).

 

Nümunələri yenə gətirmək olar, lakin düşünürəm ki, gətirilən çıxarışlar da kifayətdir ki, “Koroğlu”nun nəsr hissəsinin təsvir etmə və obraz yaratmanın dolğunluğuna inanaq.

 

 (davamı burada)

Gürcü dilindən tərcümə edən:

Mirzə MƏMMƏDOĞLU