HAZİRA VƏ SON SÖZ
Teatra aşıqların dəvəti barəsində Hazira öz avtobioqrafiyasında sonralar yazır: “Hələ indi teatrın işi nədir ki, onda nə ola idi (1880-ci il nəzərdə tutulur). Lakin əgər desək ki, aşağı təbəqənin camaatı teatra mənim mahnılarıma görə gedirdi, həddi aşmaq olmazdı. Bir sözlə, teatrı teatrın nə olduğunu bilməyən bu cür camaatla doldururdum. Eyni zamanda mənim yetmiş beş şəyirdim: gürcü, erməni, tatar (azərbaycanlı nəzərdə tutulur - M.M.) var idi. Müxtəlif sakinlər: quriyalı, duşetli, kisti, kürd və sair. Hamısı gürcü dilini sırf olaraq bilirdi. Onları səmərəli və oyadıcı şeirlər ilə təchiz etdim, bütün Gürcüstana və Qafqazın bütün guşələrinə səpələdim” (Bax: “Canavarlaşmış quzu”, 1902-ci il, səh. 25).
Haziranin özünün mənalı şeirləri ilə xalqın özünüdərketmə işində böyük xidməti vardır. Kim sayar onun şirin mahnıları sayəsində nə qədəri oxumağa acgözlüklə girişənləri. Sonra Hazira necə də təhsilə-maarifə vurğun idi. Özünün təhsili az olsa da, başqasını hər halda həvəsləndirirdi:
“Ah, mexrenin (böyük kotana qoşulmuş öküzü idarə edən şəxs, cütcü - M.M.) arabada “İberiya”nı oxuduğunu görəydim”.
Haziranın şirin və kəskin mahnıları köhnə şərab kimi dinləyicini gizlicə ələ keçirirdi. Hər xanada “Ağlayıram ki, ağlayıram”la bitdiyi onun bir şeirini unuda bilmərəm.
Hazira bu gözəl şeiri oxuyanda hiss edirdin ki, bu mahnı deyildi, həyatın haqsızlığı üzündən əmələ gələn təbil idi, ağı deyib ağlamaq idi, dəhşət idi:
“Hamı məni qorxaq hesab edir, halbuki, qəhrəmanam;
Bu böhtana dözə bilmirəm, ağlayıram ki, ağlayıram;
İçimdən həyacanlıyam, bir ov olaraq,
Cavabı ərk edə bilmirəm, ağlayıram ki, ağlayıram.
Axmaq və səfeh məni ağıllını adlandırırlar,
Çoxları da razılıq əlaməti olaraq onlara züy tuturlar;
Bu dərd məni narahat edir, bu bəla məni öldürür,
Düşünürəm və dəli oluram, ağlayıram ki, ağlayıram.
Nədən ötrü düzlüyün tərəfdarısan deyirlər,
Onda əzab çək və boğul, deyirlər;
Bizdə kişi tapmaq çətindir, çətin,
Bunun üçün dərd çəkirəm, ağlayıram ki, ağlayıram.
Kimə gül verdim, verdi mənə tikan,
Düşmən mənə qılınc çaldı, qardaşım bıçaq soxdu,
Yaram məni narahat edir, uca səslə bağırıram,
Heç kimi başa sala bilmirəm, ağlayıram ki, ağlayıram.
Kimə mən neylədim, görəsən, Allah,
Nədən ürəkdən yazım, nə edim,
Ümid verən də, dilini dəyişdi,
Təsəllisiz qaldım, ağlayıram ki, ağlayıram!” (Bax: Çərənçi Haziranın seçilmiş mahnıları, 1903-cü il, səh. 4).
Orada, bədxah otların yolunması üçün insanın əlinin taqətdən düşdüyü yerdə Hazira özünün şeirlərinin yanğını ilə bu xəstəliyə düçar olmuş yerləri məhv edirdi.
“Çərənçiyəm və çərənçi də deyirlər, ona görə ki, ərk edirəm, boşboğazlıq edirəm,
Bizim camaatın karlığını və lallığını daim qınayıram.”
Hazira çox hallarda Ezop dilindən istifadə edirdi və bu “çərənçilik”lə camaata öz qüsur və əskikliyi gətirməyə cəhd göstərirdi. Budur, onun başlığı “Eşşək” olan alleqorik şeirlərindən biri:
“Bütün heyvanlar güclüdür, sən taqətsizsən, ey eşşək,
Keyfiyyətcə də aşağıda durursan, zövqverici deyilsən, ey eşşək,
Atın xeyirxahlığı səni incitmir, paxıl deyilsən, ey eşşək,
İstərsə də əzab versinlər, incitsinlər, qədirbilməz deyilsən, ey eşşək.
Təvazökarsan, ürəyi yumşaq, yazıq və zavallısan,
Hər bir çətinliyə dözürsən, istər günün qara gəlsə də,
Bu gün və ya sabah, dalınca nə düşübsən, əgər sənin dərin canavarındırsa,
Yalnız sənə saman və arpa versinlər, qulluqda duracaqsan, ey eşşək!
Aləm dəyişdi, sən hələ yenə də eşşəksən,
Sahibin üçün xeyirsiz, aləm üçün böyük bəlasan,
Sənin anqırtını eşidən düşünər ki, div-qəhrəmansan,
Səsindən hər halda utanmırlar? Anqırtından utansınlar, ay eşşək!
Niyə utanmırlar, aləm eşşəyin üstünə gülür,
Sən işləyirsən, at yeyir, həm də ağız-burnunu qırırlar,
Palanını dəyiş, xasiyyətini dəyişmək sənə layiq olmadı,
Eşitdin sənə nə dedim, qulağını təmizlə, ay eşşək!
Ölsən, heç kimin sənə kömək uzadası əli yoxdur,
Sən özün özünə çarə qıl, başqasından əlac gözləmə,
Heç kimə sən inanma, zəhərləyərlər ilan kimi,
Yalandan ümid verir, əmin edirəm səni, səni aldadır yol azdıran, ay eşşək!
Eh, nə söyləyirəm, nə çərənləyirəm, mənim beynim ağlımı əzir,
Çoxu məni təhqir edir və söyür, çoxu da mənə qarşı itiləyir bıçağını,
Hamı öz işini bilir, elə əkir və elə səpir,
Hazir, sən özün üçün ol, əgər loxma çörəyin varsa, ay eşşək!
Sizi məlumatlandırmaq istəyirəm ki, bu halal heyvan barədə bəzən böyük şairlər də yazmağı sevirdi, lakin eşşəyin adını belə xoştəmlə, belə bacarıqla heç kim xatırlamayıb!
Haziranın şeirində İlyanın “döyülmüş möhkəmlilik” və Akakinin “toxuma yürüşü” yoxdur. O, analogiya üçün yaşıllaşmış çölü bir qələm çəkməklə belə yaradan Vaja kimi təbiətə də müraciət etmir:
“Meh çeynəyirdi katibi (Katib - bahalı xəzdən, atlas və məxmərdən tikilmiş bahalı geyim - M.M.)
Büllur-emal dişlərilə”.
Lakin Haziranın şeirlərində sətrin nəsə özünəməxsus istiliyi, səmimiliyi, cürətliliyi vardır:
“Ümidimi puç etdin, öldü ürəyim,
Yada saldım, xoşbəxt keçmişi...
Bu ölü ürəyin dərinliyindən çıxan
Ah-vayım dirəyə çevrildi, səmaya söykəndi!”
Bu poetik hiperbola güclüdür və həddindən artıq orjinaldır. Burada ah-vaya və qəm-qüssəyə işgəncənin yüksək təsviri verilir. Ümumiyyətlə, şəhər poeziyası təbəssümün göz yaşı ilə naxışlanmış ah-vayın və qəm-qüssənin bütöv boxçasıdır:
“Vah! nə pis dövrana düçar oldum, zəmanə xarab olub,
İnsan öz qanacağından daha istifadə edə bilmir,
Yaxşı bilin, qardaşlar, dövran bu cürdür:
Kasıbı hamı qınayır, varlı haqlıdır.
Halal, doğru insan çox çətin tapılır,
Oğru və qan düşmənləri çox hallarda saysız-hesabsızdır,
Kimi azca incitsən, başına bəla olar;
O kəslər xoşbəxtdir, hazırda ölüdürlər.
Bu dünyada biləyində gücü olan yaşayır,
Halsız, pulsuz, bunlar yazıqlanasıdır,
Hamı başına vuracaq, istər doğru olasan da;
Günah dəryaya çevrilib, mərhəmət isə bir damladır” (Bax: “Çərənçi Haziranın şeirləri”, 1914-cü il, səh. 17)
Hazira çox populyardır. Xeyir və şər işi önsuz təsəvvür olunmaz idi. Əgər Hazira hansısa süfrədən əskik olardısa, onun havası ifa olunurdu (Haziranın sağ əli xalq nəğməkarı Qiqo (1920-ci il dekabrın 25-də vəfat edib) idi. O, halbuki məşhur Əbdülbaqinin şəyirdi idi. Lakin Haziranın təlqini ilə Qiqo bizim klassiklərin şeirlərini sevdi və eybəcərləşdirmədən gürcü şifahi xalq ədəbiyyatının gözəl havalarını yayırdı (Bax: “Mərhum barədə bizim yazımız”, “Saxalxo sakme” (“Xalq işi”), 1920-ci il, 31 dekabr). Qeyd etmək lazımdır ki, 16 düdük ilə dəfni ilk dəfə Hazira Qiqonun dəfnində qaydaya saldı).
Demək lazımdır ki, Hazira öz incəsənətini peşəsinə çevirmədi. Doğrudur, o, hər cür şənlik-məclislərdə oxuyurdu. Doğrudur, bu kirayələnmiş mahnı onun üçün həyatın bir növ mənbəyi də idi. Lakin Hazira özünü həmişə ləyaqətlə aparıb:
“Cəsarətlə, vüqarla özümü dartıram”.
O özünün poetik təbiətini pula xırdalamayırdı:
Elə hal olmuşdur ki, sərxoş qonaqlar arasında Hazira oxumayıb. Böyük ziyafətin variasiyasını qavalın səs tembrində saxlayırdı. Hazira qonaqların həddindən artıq şərab içdiyini hiss etdikdə “Mən indi burada artığam” deyib qavalı götürərdi və aradan çıxardı:
“Sevmirəm, yox, sevmirəm,
İkiüzlü, hiyləgər insanı.
Mən onun çörəyini heç yemərəm,
Lap elə acından ölsəm də.
Hay vermərəm ona ürəkdən,
Yatan oyanmasın deyə,
Heç onun körpüsündən də keçmərəm,
Lap elə çay məni boğsa da” (Bax: “Çərənçi Haziranın şeirləri”, 1914-cü il, səh. 17).
Haziranın hər bir aforizmi xalq müdrikliyinin əsas əmlakını təşkil edir. Bu müdriklik onun şeirlərində dəfin sədəfləri kimi parlaq şəkildə düzülmüşdür. Müxtəlif cür müğənnilər “şərabı, qadını və düdüyü” mədh edirdilər. Hazira, bu qədim Tiflisinin yeni Sayat-Novası belə bir şüarlarla hədəfləyir:
“Aman tanrı, düşmənin axırına çıxmaq olardı,
Bizim hamımızın bir üzümüz olsaydı”.
Hazira “Mart ayı” kimi güclü müxəmməsini yazır. Bu məşhur şeir alleqorik şəkildə azadlığın vurğunu olan xalqı axsaqlandıran Çar Rusiyasını əks etdirir. Bu şeirə görə bizim müəllif dəfələrlə həbsxanada yatmışdır. Bu gün isə Haziranın yaradıcılığına hörmət əlaməti olaraq və xatirəsini yad etmək əlaməti olaraq Tiflisdə onun adına küçələr də vardır (Keçmiş Noraşen küçəsi və onun dörd küçəbəndi bu gün “Haziranın küçəsi” adlanır (Bax: Tiflis küçələri, 1926-cı il, səh. 59)).
Doğrudur, Haziranın şeirlərinə müasirlik baxımından sığal çəkilməmişdir və onun ritmləri də iptidai icma quruluşunun daşını – küncsüz-bucaqsızı və çölün gülü kimi kəskin ətrini bizə xatırladır, lakin onun sözləri çəkic kimi insana dəyirdi ki, büdpərəst həyatın yeknəsəkliyini ayırd edəydi və öz durumu ilə özü məşğul olaydı. Bu durum isə aysız gecə kimi mütəfəkkir insanın fantaziyasını uzadırdı. Akaki fəaliyyətsiz dövrü cəmi bir-iki sözlə xarakterizə edib:
“Daha nə dağ, nə aran bizə kömək edəcək,
Ağlı heç yerdə axtarmırıq,
Düşmənin baltasına sap oluruq,
Və başımıza onun küt tərəfini vururuq!” (“İveriya”, 1904-cü il, № 126).
Bu zaman müstəzadın çox zərif musiqisi daha lazım deyildi... Xalqın həyatında elə bir anlar vardır ki, dəfdəf (Hər iki tərəfdən dərinin çəkildiyi zərb aləti - M.M.) ən yaxşı musiqiyə çevrilir. Haziranın son vaxtlarını şeirləri də xalqı oyadan və ən yaxşı gələcəyə doğru çağıran dəfdəf idi:
“Ax, ölməz övladlar,
Hələ yeniyetmələr, körpələr,
Zamanla qırmızı geyinibsiniz,
Bu gün qara geyimlə gələnlər”.
Hazira 1905-ci ili, azadlığın bu ilk şəfəqini necə qarşıladı? Bunu aydın şəkildə elə bu il yazılmış onun quda barədə alleqorik “müxəmməsi” bizə təqdim edir:
“Gəl, qardaşlar, toplaşaq, bizim qudamız öldü,
Onun dəmir həyatı külə-toza döndü,
Beləliklə, ölkədən bədbəxtlik sovuşdu,
Köhnə rejim süqut etdi, yenisi ayağa qalxdı.
Gəl indi toplaşaq, ilənmiş leşi dəfn edək,
Onun rədd edilməsi üçün şənlik-kef məclisi quraq,
Alabəzək cır-cındırlar yerinə qırmızı bayraq ucaldaq,
Bu əzab çəkən güc-bəla ilə sevindi.
Getsin, itilsin, bir daha görməyək onun üzünü,
Bəsdir, nə qədər əzab verdi, ayaq altına tələ qoydu,
Nəyi məzarda arzulayırdımsa, indi gözümlə gördüm,
Hazira yuxu bildi, sən demə, aşkarda baş verib!”
Haziranın aşıqlıq təbiəti, onun inqilabi demokratizminin yolunun cığırları belə idi.
Hazira inanır ki, onun şeirləri “bu balaca dünyaya” yayılır. O, öz şeirlərinə müraciət edir:
“Qorxmadan keçin, istər içəridə, istər bayırda,
Və pozğun şeirlərdən bir az kənar gedin”.
Hazira öz şeiri ilə başqasının şeiri arasında fərqi hiss edir. O, əmindir ki, onun sətirləri “isti şiş kimi” oxucunun qəlbinə sancılır:
“Götürün isti şişi, oxucunun qəlbinə sancın!”
Hazira Tiflisin başqa xalq şairləri arasında ilk dəfə olaraq “məzlum” və “zəhmətkeşi” vəsf etmişdir, amma onun fəhləsi qəzzaz - Osepa (qəzzaz - ipək sap əyiricisi və dolayıcısı - Müəllif) deyildi. Bu əllinci illərin xalq şairinin “hambalı” deyildi ki, bunun barəsində də söyləyirdi: “Fəhlə arxasını zora verir, beli bükülüb” və sair. Haziranın fəhləsi nə də “Bokuladze” idi, nə də İlyanın “Orta bazarlı”sı, bunlar da gəzib dolaşırdılar, nəql edirdilər, işləyirdilər, yaşayırdılar və ölürdülər... Haziranın fəhləsi güclü iradəyə malik idi və bəsirətli ağıla malik vətəndaş idi ki, bu da öz durumunu yaxşı dərk edirdi və hamıya əvəzini ödəyirdi: “Yaxşıya yaxşı, pisə pis”.
Və axı, 1920-ci ildə mayın 24-də Fəhlələr klubunda Haziranın fəaliyyətinin yubileyini yenə bayram etdilər. Qocaman fəhlələr bayram etdilər ki, onların da gecə-gündüz beyinlərinə yeridirdilər:
“Sən yatma, sən,
Xoruldama sən...”
Bir yazıçı “talenin nifrət etdiyi insanların dostu və unudulmuşların arxa-dayağı, yiyəsi” adlandırdı məni. Mən istəyirəm ki, sözlər Haziraya aid olsun.
Haziranı şəxsən tanıyırdım. O, şəxsiyyət olaraq həddindən artıq məsum idi. Təvazökar, cazibədar, həmişə kefi kök, əliaçıq, baməzə, hazırcavab, söz-cavab xəzinədarı idi. Lakin nə dəhşətli imiş bu dünya! Haziranı son dəfə görəndə tanıya bilmədim. Öz məzarının abidəsinə bənzəyirdi. Dəhşətli dərəcədə dəyişmişdi. Akakinin sözləri yadıma düşdü:
“Keçmişin qaraltısı var,
Və gələcəyin kölgəsi”.
Qədim Tiflisin nəğməkarlarından biri daha yoxdur.
Hazira vəfat etdi və onun məzarı önündə bürünc alətlərin matəm himni eşidilmirdi. Çianurinin son dəfə öz gəncliyi əldən getdi və çianurilər son dəfə ah-zar etdilər. Onun şəyirdləri mərhumun məzarı önündə şənlik etdilər. Bəli, yas deyil, şənlik! Bəy qaraçoxeli bəzən öz atasının qəbri üstünə gedərək zurna havasında rəqslə xeyir-duasını dilədiyi kimi, Haziranın şəyirdləri onun məzarı önündə Haziranın sevimli havalarını çaldılar ki, onun mərhəmətli istedadı şəyirdlərinə keçsin və Hazira sayağı havalar uzun müddər yaşasın. “Məsrəf”i (Matəm havası, cənazə torpağa tapşırılandan sonra ifa olunan hava - Müəllif) ifa etdilər, şeirlər söylədilər, sonra qədim adətə görə onun məzarı üzərinə çalğı alətlərini düzdülər. Sözsüz, onun vəsiyyətinə əməl olunmasına and içdilər və əllərində yandırılmış şamlarla Haziranın mənzilinə qayıtdılar. Sanki bu camaat Haziranın dəfnində deyil, toyunda iştirak edirdi.
Haziranın canını tapşırdığı otağında qırx gün ərzində onun şəyirdləri növbə ilə gecələyirdilər ki, mərhumun ocağı soyumasın və dəyişkən ruhu şəyirdlərinin yaradıcılığında daim olsun.
Onun şəyirdlərinin toplaşdığı qəhvəxanada (demək lazımdır ki, bu aşıqların heç birinin əməli qabiliyyəti yoxdur, əlbəttə, istedadlı Ohanezişvilidən başqa) Haziranın qavalı divardan asılıb ki, heç kim də ona əlini vurmur. Ölümün orjinallığı vardır: Hazira can verəndə öz qavalını istəyib, çalıb və qavalı çalan zaman canını tapşırıb. Əfsanədir və bu əfsanəyə onun şəyirdləri inanır ki, mərhumun qavalı ilməli ipdən qopur və havada silkələnərək öz-özünə sahibinin havalarını çalır.
Hazira özünün Tiflis temperamenti ilə fantastik simadır həqiqətən. Avlabar körpüsündən çox bardaq su ötüb gedəcək və Tiflisin Hazira kimi aşığı daha olmayacaq.
Hazira vəfat etdi və karvan kimi Hazira tərəfindən təlimlənən aşıqların çıxıb gəldiyi darvazanın qapıları bağlandı. Hazira vəfat etdi və gözündə də Qədim Tiflisin ədəbi bohemasının kəkilini darandığı şəffaf bulaq bulandı.
SON SÖZ
Bir dəfə Çexova yaxşı geyinmiş üç nəfər qadın qonaq gəldi. Yazıçının otağını ipək donun xışıltısı və qızılgül suyunun kəskin ətri bürüdü. Hər üçü ev sahibi ilə üzbəüz əyləşdilər və guya siyasətdən maraqlanırlarmış kimi sualları yağdırdılar:
- Sizin fikrinizcə, müharibə nə ilə başa çatacaq?
Çexov yumşaq nəvazişlə və ciddi avazla cavab verdi:
- Güman ki... sazişlə.
- Əlbəttə, sazişlə, amma maraqlıdır ki, qalib kim olacaq: Osmanlılar, yoxsa yunanlar? Kim üstələyəcək?
- Məncə, güclü olan.
- Kimdir güclü?
- Yaxşı qidalanan.
- Siz? Siz daha çox kimi sevirsiniz? Osmanlıları, yoxsa yunanları? – qadınların yığnağı dinclik bilmirdi.
Çexov nəvazişlə qadınlara nəzər yetirdi və təbəssümlə cavab verdi:
- Mən... marmelad sevirəm.
***
Və nədən eyib olacaqdır, əgər mən, şair bu möhtəşəm olaylar zamanı öz arxaik kitablar anbarında qapanım və dostların suallarına bu kitabın səmimiliyi ilə cavab verəm:
Mən Tiflisi sevirəm!
Tiflis!..
Qədim Tiflisin boyanmış dolğunluğu qəribədir!.. Zamanın gedişi bu sirrə qəlbini açdı. Burada qədim Tiflisin qəlbinin dərinliyində təbii vedza (turş mineral su - M.M) – dumduru bulaq və möcüzəli gözəl poeziyanın başlanğıcı əmələ gəldi. Bu bulaq ilə hər iki əlimi doldurdum və fəxr edirəm ki, mənim damarlarımda onun mərhəmətli axını qaynayır.
Mən deməyəcəyəm: “Necə ki, başçılar tərəfindən üstü örtülən istedadı bir çox anlardan, illərdən sonra tapdıq”. Mən yalnız sevgi ilə şəhərin xalq poeziyasının qidalılığının tamına baxdım, “elmi ülgüc ilə bütün faktları təraş etdim” və tədricən unudulmağa doğru gedən və bir çox şairinin ilhamını pərvazlandıran o naməlum guşənin üzərinə işıq saldım.
Mən Tiflisi sevirəm!..
Lakin mən Baram deyiləm – Güləndamın sevgilisi, nə də Leyli üçün dəli olan Məcnun və nə də Ramin sayağı Visin yolunda zəlil olan. Mən müasir insanam, qədim Tiflisin sağlıqları ilə böyüyən, qürurlu və gözəllik arayıcısı. Və mən söyləyirəm: Dostlar, yazıçılar, şairlər, Tiflisi arxeoloqlara güzəştə getməyək. Bilavasitə onu tanıyaq, onun havası ilə, küçəbəndi ilə, xarabalıqları ilə nəfəs alaq, bizim ilk şeirimiz kimi onu sevək.
Mən Tiflisi sevirəm...
Tiflisin hər bir dar küçəsi, işığı əfsanəvi simalarla doludur. Bu əyri, köndələn küçələr və qaranquş yuvası kimi yapışmış evlər, müasir texnikaya uyğun olaraq nə gigiyenik olsun, nə də bədii cəhətdən gözəlləşdirilmiş olsun, amma mənim üçün, təkcə mənim üçün deyil, eləcə də qədim ədəbiyyatın xam torpağında ruhunun rüşeymləri də dərinə işləyənlər üçün Tiflisin hər bir kiçik daşı, Tiflisin hər bir taxta löhvəsi şeirlərin ifadəçisidir, əhəmiyyətlidir.
Mən Tiflisi sevirəm...
Həyata yeni texnikanın, yeni ruhun, yeni düşüncənin, bir sözlə, insan psixikasının yeni konstruksiyasi ilə daxil olduğu kimi, eləcə də ədəbiyyatda romantik ruhun xüsusiyyəti və fərdiçiliyi yox oldu. “Lopiananın (Lopiana Q.Orbelianinin şeirinin qəhrəmanının adıdır - Müəllif) dərdləri” üçün və kamançanın həzin melodiyaları üçün kimin vaxtı var?! Kimə lazımdır “hamam şənlikləri” və küçələrdə yanan müqəddəs şamlar altında gəzmək?!
Lakin...
Mən Tiflisi sevirəm...
Sevirəm bu poeziyanın qədim beşiyini, qayğısız bohemanı, bu Gürcüstanın çırpınan ürəyini, bu... mənim varlığımın başlanğıcı və sonunu.
Tbilisi-Tsağveri.
1926-cı il, 18 may-1927-ci il, 10 sentyabr.
Gürcü dilindən tərcümə edən:
Mirzə MƏMMƏDOĞLU