Elizbar CAVELİDZE

(əvvəli burada)

“Aşıq Cünun buna bir leylacı nəzər saldı. Baxdı ki, gözəl, nə gözəl... Tellər qara, xallar qara, qaşlar qara, saçlar qara, dişlər ağappaq mirvari kimi, dodaqlar yaqutun kənarı kimi, gözlər elədi ki, eşq əhlinə öldürrəm deyir. Gör qız nə qədər gözəl idi ki, Cünun bir baxımda ağlı sərdən verib, durdu tamaşa eləməyə” (Bax: “Koroğlu”, səh. 357; “ქოროღლი”, səh. 380). “Məhbub xanım gözəllikdə elə idi ki, elə bil, qüdrətin yetmiş iki qələmindən yetmiş iki rəng alıb bəzənmişdi. Ağılda, kamalda da Əflatuna loğmanlıq edərdi. Loğmana əflatunluq” (Bax: “Koroğlu”, səh. 358; “ქოროღლი”, səh. 381). Bu dəfə xanımın gözəlliyini vermək üçün divan ədəbiyyatının müqayisə ünsürləri gətirilib, lakin Məhbub xanım cürətləndiyi anda daha təəssüratoyadıcıdır: “Birdən onun qaşları çatıldı. Amma çatıldı, nə çatıldı... Vallah, demə görməmişəm, elə bil ki, iki dənə şahmar ilan quyruğunu qaldırıb qara gözlərin üstünə yatdı...” (Bax: “Koroğlu”, səh. 365; “ქოროღლი”, səh. 389). Gətirilən cüzi cizgi də bizi əmin edir ki, dastanı söyləyənin insanın daxili əhval-ruhiyyəsini səmərəli şəkildə vermək, gözlənilməzliklə müqayisə olunan, ən başlıcası, fəaliyyətdə olan qəhrəmanın üzü ilə və mimikası ilə hansı mənəvi və daxili coşqunluğa məruz qaldığını oxucuya əmin etmək qabiliyyətinə malikdir. Qısası, emosiyalı-estetik kod yüksək istedadla ekstramətn səviyyəsində özünü büruzə verir.

 

Daha bir cizgini gətirirəm ki, bununla da iki aşiqin qarşılıqlı gizli istəyi aşkarlanır: “Koroğlu dönüb Ayvazın  baxdığı tərəfə baxanda nə gördü? Gördü Hürü xanım qulaş saçları töküb gərdəninə, boynunu qoyub çiyninə, elə baxır, elə baxır ki, elə bil bir yaralı ceyrandı. Koroğlu məsələni başa düşdü” (Bax: “Koroğlu”, səh. 567; “ქოროღლი”, səh. 599).

 

Koroğlu isə bu cür baxışın nə olduğunu anlayır. Ümumiyyətlə, oxucu bunu az-çox dərk edir. Onun fikrincə, qəlbi dağlı, qəmə-qüssəyə batmış, aşiq olmuş qızın baxışıdır. Lakin ekstramətn səviyyəsində “yaralı ceyranın baxışı” ifadəsi metafora xarakterini daşıyır və onun dərk edilməsi müxtəlif cürdür, dürlü-dürlüdür ki, bu da bu obrazın anlaşılmasının yeknəsəqliyi və bir növlülüyünü açıqlayır. Məhz elə bu qavrayışın müxtəlifliyi kontekstin bədiiliyini şərtləndirir, estetik məkanı zənginləşdirir və əlahiddə fikirlə onu doldurur.

 

Təhlil olunan epos Çənlibel dəlilərinin portretləri ilə də zəngindir ki, bu da “Koroğlu”nun bədii kətanında həddindən artıq təsvir edilmişdir. Bu portretləri gətirməklə oxucunu bir daha yormayacağam, lakin, hər halda, gənc Eyvazın simasının Cünun sayağı təsvirini xatırlamaq istəyirəm: “Aşıq Cünun baxdı ki, məclisin lap başında bir oğlan durdu ayağa, bir oğlan durdu ayağa ki, heç Yusif onun əlinə su da tökməyə layiq deyil. Bu elə bir oğlandı ki, boy, buxun, qaş, göz, elə bil ki, qüdrətin qələmi ilə çəkilmiş bir şəkildi durub” (Bax: “Koroğlu”, səh. 178; “ქოროღლი”, səh. 205). Aydındır ki, Eyvazın zahiri görünüşünün bu cür hiperbolikləşdirilməsi yalnız bir fikrin ifadə olunmasına xidmət edir: heç kimin onu övladlığa götürülməsinə, elə götürək, şan-şöhrətli Koroğlunun, çəkingən Nigar xanımın qulp qoymadığı oğlandır.

 

Bu dəfə məni ümumxalq tərəfindən tanınan şan-şöhrətli, haqq-ədalət uğrunda mübarizə aparan Koroğluya hansı təbiətə malik dəlinin layiq olduğu daha çox maraqlandırır. Qul ərəbi sınaqdan çıxaranda bu barədə özü bizə söhbət açır. Onun fikrincə, saz, söz, səs insana təsir etməsə o, həqiqətən namərddir və onu sınağa çəkən Koroğlu sazda oxuyanda onun mahnısı qula tamamilə təsir etmədi, Koroğlu ona belə müraciət edir: “Oğul, mənim ki, nə sazım, nə sözüm, nə səsim sənə əsər eləmədi, səndən Koroğlu dəlisi olmaz. Amma mən namərd deyiləm. Ətəyimdən tutan əli kəsmərəm. Qal, ye, iç, dolan!” (Bax: “Koroğlu”, səh. 409; “ქოროღლი”, səh. 430).

 

Gətirilən epizod hərtərəfli olaraq diqqətə layiqdir. Birincisi, Koroğlunun alicənablığı və mərhəmətliliyi açıq şəkildə özünü büruzə verir. İkincisi də, onun fikrincə, musiqini, mahnını və sözü anlamayan kəs nakişi və namərddir, ən başlıcası, Koroğlu üçün dəlilik təkcə fiziki cəhətdən güc və döyüş sənəti deyildir. Dəli, hər şeydən öncə, poeziyanı, musiqini qavraya bilən, canı yanan, həssas insan olmalıdır. Və yaxud igid, hər şeydən öncə, estet olmalıdır və sonra igid və igidlik əxlaq məcəlləsinin müdafiəçisi olmalıdır. 

 

Dəlilər özlərinin davranışlarının və döyüş qaydalarının möhkəm müdafiəçiləridirlər. Onlar üçün Koroğlunun sözü qanundur və onu yerinə yetirməmək xəyanətə bərabərdir. Onlardan bir növ istisnalığı Gürcüoğlu təşkil edir. O, qanuna tabe olan dəlilərə nisbətən daha çox dəli-divanə və aşiq tipini bizə xatırladır. O, elə ilk baxışdanca dəlicəsinə “şam kimi şölə verən, çıraq kimi işıq saçan, elə bil ki, zalımın qızı büllurdan yaranan” Ruqiyyə xanımı sevdi. Onu görən Gürcüoğlu dedi:

 

“– Dəmirçioğlu, Koroğluya məndən salam yetirərsən. Deyərsən ki, Gürcüoğlu Məmməd oldu eşq dəlisi! Day ondan Koroğlu dəlisi çıxmaz. Məndən ümidini üzsün. Mən dönüb oluram Məcnun” (Bax: “Koroğlu”, səh. 457; “ქოროღლი”, səh. 474).

 

Lakin elə həmin Gürcüoğlu qardaşlığı və qarşılıqlı çiyin-çiyinə durmağı yaxşı mənimsəyib. Bu, Dəmirçioğlunun düşmən qoşununu görəndə yarısını öz üzərinə götürdüyü, yarısını isə vuruşmaq üçün Tanrıtanımaz və Gürcüoğlunun öhdəsinə buraxdığı zaman aydın görünür.

 

“– Dəmirçioğlu, orasını düz deyirsən ki, “söhbətdimi, sazdımı ola”... çoxdandı ki, dava eləməmişik. Bu dava bizim üçün elə söhbət-saz kimi bir şey olacaq. Amma yarı özünə götürüb, yarı bizə verməkdə yaxşı eləmirsən. Bu yoldaşlıq olmadı. Sən bizim ikimizi bir adam, özünü də bir adam hesab eləyirsən. İndi ki, belə oldu, mən gedirəm” (Bax: “Koroğlu”, səh. 453; “ქოროღლი”, səh. 470).

 

Şəksiz, dəlilərin dostluq və yaxud igidlik məcəlləsinin başlıca prinsipi döyüş və çətinlik zamanı qarşılıqlı həmrəylik, acıya, qəm-qüssəyə şərik olmaq, dostu darda qoymamaqdır, xeyirə və şərə birgə və qardaşcasına şərik olmaqdır.

 

İndi ayrı-ayrı dəlilərin özünəməxsus xarakteri barədə söhbəti bir daha davam etdirməyəcəyəm. Çünki demək mümkündür ki, onların hamısı bir-birindən insani təbiəti ilə, xarakteri ilə fərqlənir, bu da tamamilə adi hal olaraq anlaşılır. Lakin bu dəfə onları bir-birindən ayıran təbiət-xarakter ilə deyil, onları bir-birinə birləşdirən  ümumi inanc maraqlandırır. Və bu qəhrəmanlıq eposunun əsasını təşkil edən əxlaqi-estetik model maraqlandırır. Bu modelin yaradıcısı konkret halda təkcə əsərdə verilən dastanların süjetlərinin birləşdirici sima, daha doğrusu, fəaliyyətlərin dairəvi inkişaf mərkəzi Koroğludur. Belə ki, buradan başlayır və mənəvi, istərsə də fiziki ehtiraslar; istər bu tragizm olsun, istərsə də xoşbəxtliyin oyadıcısı olsun harasa istiqamətlənir, eləcə də bütün bu gözəl qəhrəmanlıq eposunun hərəkətverici enerjisi bütün bu əsərin kətanını əxlaqi-estetik  iplərlə qəşəngcə naxışlayır. Buna görə də bütün diqqəti onun üzərinə yönətməliyik.

 

Hər şeydən öncə qeyd etməliyəm ki, Koroğlu əfsanəvi şəxsiyyətdir ki, onun da Koroğluya çevrilməsini mistik sirr və kosmik qüvvələr şərtləndirir: Doğrudur, o adi, halbuki təcrübəli ilxıçının oğlu Rövşən idi, lakin onun taleyini yönləndirən dəryadan çıxan iki ayğır oldu ki, bunların da iki madyanla yaxınlıq etmələri  nəticəsində iki daylaq, sonra iki sirli şəkildə gələn atlar: Qırat və Dürat dünyaya gəldi. Elə burada vurğulayacağam ki, bu atlar, ələlxüsus isə Qırat, böyük Koroğlunun yenilməzliyində mühüm funksiya yerinə yetirir. Bir sözlə, Koroğlu Qırat yanında olanda yenilməzdir. Koroğlunun yenilməzliyini onun uşaqlıq vaxtları tapdığı qara daşdan atasının ustaya düzəltdirdiyi qılınc bərkidir. Bu, “misri qılıncdır”, magik qüvvə daşıyıcısıdır. Halbuki Koroğlunun qəribə yenilməzliyinin əsas səbəbi, hər halda, Qoşabulağın iki axının yeddi ildən yeddi ilə cümə axşamı məşriq tərəfdən bir ulduz, məğrib tərəfdən də bir ulduzun toqquşduğu, bu toqquşma zamanı Qoşabulağa tökülən köpüyündədir. Atanın tövsiyəsi ilə köpükdən bir qab doldurub başına tökür. Bu isə onun misilsiz igidliyini əmələ gətirir. Onu içməklə isə misli olmayan aşıq və elə səsə malik olur ki, onun səsinə, nərəsinə aslanlar təşvişə düşər, quş uçsa qanad salar, qatır keçsə dırnaq salar. Bax, bu, Koroğlunu əfsanəvi Koroğluya və yaxud yenilməz qəhrəmana, igidə çevirən mistik qüvvədir. Qısası, bizim qəhrəman ilahi istedadla, qüvvə ilə, məharəti ilə mübarək olub. Əgər Koroğlunun savaşlarını və sərgüzəştlərini xatırlasaq, Qırat həmişə onun yanındadır, qılınc və sazı əldən qoymur. Alı kişinin ölümündən öncə dediyi vəsiyyət elə bundan xəbər verir ki, bunu da öncə vermişəm və indi bir daha təkrar etməyəcəyəm.

 

Lakin bu dəfə mənim üçün o diqqətə layiqdir ki, Koroğluya yenilməz qüvvə ilə yanaşı qoşma qoşmaq, mahnı oxumaq istedadı da verimişdir, bu da onu dolğun bir varlığa (əsərə) çevirir.

 

Bu məsələ ilə əlaqədar artıq iki dəfə ifadə etdim və yenə də təkrar edirəm ki, ümumiyyətlə, o cümlədən təhlil olunan əsərə uyğun olaraq insanın dolğunluğu, fiziki bünyəsi, qüvvəsi, eləcə də onun mənəvi zənginliyi və ağıl yetkinliyi özünü büruzə verir. İlk göstərici onu yenilməz döyüşçüyə və döyüşün yenilməz ustasına çevirir. İkinci isə, onun daxili, mənəvi, istərsə də əxlaqi-estetik inancının zənginliyindən xəbər verir. Nəhayət,  qılıncını münasib zamanda çalan, mahnı, poeziya, musiqi və yaratmaq, qavramaq istedadına malik olan təkmilləşmiş igiddir. Bunu ona görə dəfələrlə təkrar etdim ki, insanın dolğunluq obrazı və onun düşüncəsi məhz elə Koroğlunun bədii aləminin, istərsə də mənəvi məbədinin açarıdır.

(davamı burada)

Gürcü dilindən tərcümə edən:

Mirzə Məmmədoğlu