HAZİRA

 

Hazira!

Bu ozanı çərəz olaraq axıra saxladıq.

Hazira ayrıca olaraq durur. Hazira Sayat-Novanın adlı-sanlı varisi idi. Onun mahnılarının davamçısı, Yetim Gürcünün “Mən ikinci Sayat-Novayam” deyimi daha çox Haziranın haqqıdır, onun halal adıdır. Sonra Haziranın yaraşıqlı bədəninə Sayat-Novanın uzun biləkli əbası necə də yaraşırdı. Hazira da Sayat-Nova kimi şeirin müəllifi, bu şeirin avazının yaradıcısı da və ifaçısı da idi. Doğrudur, Haziranın səsində son vaxtlar qüsur əmələ gəldi, elastik və dolğun deyildi, lakin onun sətirləri isə həmişə səmimi və mənalıdır:

“Mənə nə xeyri müğənninin hündürdən bağırtısının,

Əgər sözlərin mənası yoxdursa”,

Hazira bir şeirində deyir.

Haziranın soyadı Abramov, adı Abram idi. 1845-ci ildə Şulaver (Borçalı qəzası) kəndində anadan olub. 1922-ci ildə vəfat etmişdir. Yanvarın 14-də dəfn edilib. Məhz elə Vaso Abaşidzenin Rustaveli teatrında özünün 50 illik yubileyini keçirən gün. Sevimli aktyoru onun istedadının pərəstişkarları dövrəyə alanda və hisslərlə dolu sözlərlə təriflər yağdıranda Haziranın tabutunu onun şəyirdləri çianurilər çalaraq “bir nəfər yolçunun da geri qayıtmadığı” mənzilə yola salırdılar.

XVIII əsrdə D.Quramişvilinin və XIX əsrdə Akaki Seretelinin xalq ləhcəsini gətirdiyi və möhkəmləndirdiyi  kimi Tiflisin aşağı təbəqəsi arasında Haziranın yaradıcılığı şəhər xalq poeziyasının formaları və məğzinin əks etdiricisinə çevrildi.
Aşıqların da öz həmkarı var idi.

Hazira bu baxımdan böyük əmək sərf edib. Həmkarın rəsmi ustabaşısı olaraq o, şəyirdlərini (çox hallarda gözdən əngəlli olanları) toplayır, çalıb-oxumaq öyrədirdi. Onlara artıq ad verərək oxumaq üçün gah küçələrə, gah qəhvəxanalara, gah da məclislərə göndərirdi və beləliklə Tiflisin yoxsul və kasıblarına loxma çörək  tapdırırdı.

Gözdən əlil aşıqları camaat sevirdi və onlara hörmət edirdi. Onların ictimaiyyətin bütün gözdən əngəlli olanları kimi iti dinləmə qabiliyyəti var idi. “Əgər təbiət doğulduğu andanca onların görmə qabiliyyətini əksiltmişdirsə, əvəzində mahnını öyrənmək üçün musiqiyə sevgisini və qeyri-adi istedadı içinə hopdurmuşdur”. Mənim axşamlarımda məşhur, özünün gözəl “Səhər” havası ilə iştirakçıları özünə valeh edən, çianuri çalan, rəhmətlik, gözdən əngəlli Yaqora yadıma düşür. Qeyd etmək lazımdır ki, bu gözdən əngəlli aşığın Qriqol Orbeliani barədə xatirəsini mənim “Sayat-Nova”mda yazmışam. Bir neçə dəfə belə hallar olub ki, kef məclisindən sonra bu gözdən əngəlli Yaqora hansısa bir əyyaş dostunu evinə aparıb. Bir dəfə Skandarnova haradasa keflənmişdir və onu evə gözdən əngəlli Yaqora aparmışdır. Şair o birisi gün məzələnirdi: “Belə bir kişiliyə nə deyəsən, kor görəni gəzdirir”.

Kor aşıqlar əsasən çianurini sevirdilər. Səhər (“Saar”) mahnısını bu gözdən əngəlli aşıqların şirin və  duyğusal çaldığı kimi heç kim ifa edə bilmirdi.

Mən burada aşıqların digər xidmətləri barədə daha danışmayacağam. Məsələn, onlar qoşunun önündə dayanırdılar və özlərinin çalğısı ilə gürcü qoşunu üçün təşəbbüsdə bulunurdular (Bax: D.Çubinaşvili “Müntəxəbat”, 1863-cü il, səh. 179 və mənim “Sayat-Nova”m). Yalnız deyə bilərik ki, bu aşıqlıq dövrü xarakterizə edən hadisə idi. Aşıqlar heyrətedici intuisiya ilə odövrkü ictimai ağrı-acıları və cəhdləri mənimsəyir və bizə ötürürdülər. Aşıqlar olmasaydı, bizim bir çox mahnılarımız, elə mətnlərimiz də unudulardı. Bizim gürcü musiqimiz Şərqlə həvalə olunub və melodiyaları saxlayanlar Tiflis aşıqları olublar.

D.Arağişvili musiqi məktəbinin ilk təsisçilərindən X.Savanelini xatırlayır və o cümlədən söyləyir: “Savaneli xalq musiqi yaradıcılığına böyük diqqət yetirirdi, qoca sazəndələri axtarırdı, havaları yazırdı və onların mahnılarından ləzzət alırdı” (Bax: Arağişvili, “Gürcü musiqisi”, 1925-ci il, səh. 43).

Seminariyanın regenti M.Maçavariani 1878-ci ildə notlar üzərinə köçürülmüş “Vətənin səsləri”ni nəşr etdirdi ki, bura da şəhər mahnıları çox daxil edilmişdir. Bu toplunun bir rəyçisi tamamilə haqsız olaraq “Kintoların səsləri” adlandırmışdır (Roman Samsiyev, “İmedi” (“Ümid”) jurnalı, 1881-ci il, № 9, səh. 93). Bizim uzaq mədəni nailiyyətlərimizin əlaqədar olduğu Şərq havaları gürcü musiqisinin inkişafı işində böyük xəzinəni təşkil edir. Onun tələsik dəyərləndirilməsi, başqa şey deməsək, bağışlanılmaz və qəbuledilməzdir.

Çianuri çalan A.Ohanezişvilinin fikrincə, orientalist bəstəkar Şərq musiqisinin menzural nəzəriyyəsini, çianurinin cizgilərini, qavalın, nağaranın, dəfin vəznini şəksiz bilməlidir. Düdük və salamurinin üfürmə qaydaları ilə tanış olmalıdır ki, bunun sayəsində də sinfonik orkestrin kvarteti, nəfəsli və zərb alətləri elə səslənməlidir ki, havanın çaları kəskin şəkildə qorunub saxlanılmalıdır (Bax: “Gürcü sözü” qəzeti, 1924-cü il, № 21).

Bütün bu Şərq musiqi alətləri sazəndə və zurnaçılar dəstəsində yer almışdır.

Sazəndənin tərkibi: çianuri, saz, tar, nağara (diplipito) və dəf (Çox hallarda sazəndənin dəstəsində iki dəfçi olur. İkinci dəfçi xanəndənin yardımçısı, onun müşaiyətçisi hesab olunur).

Zurna üç nəfərdən ibarətdir: çalan (birinci səs), züy tutan (dəmkeş) və dəfçi (Lüğətdə bu çalğı alətlərinin təsvirinə bax).

Bir rus yazıçısı söyləyir: Şarmankanı və doqquzuncu sinfoniyanı bir növ incəsənətin sinfinə aid edə bilərik (Bax: “Вопросы философии и психологии”, 1914-cü il, 121(1) kitab). İllah da ki, bizdə qədimlərdə daha artıq mürəkkəb emosiyalara səbəb olan və həqiqi ləzzətin vasitəsinə çevrilən sazəndə və düdüyün incəsənətlə daha çox əlaqəsi var.

Sazəndə daha çox zərifdir, poetikdir və dözüləndir. Zurna yeknəsəkdir və çığırtılıdır. Halbuki, əcnəbiyə görünən kimi “vəhşicəsinə” deyildir (Bax: “Акты”, X cild, səh. 881).

Gürcülər arasında da sazəndəyə olduğu kimi zurnaya da əyri baxanlar var idi. Məsələn, David Maçabelinin fikrincə, “Sazəndə, halbuki, olduqca xoşagəlimlidir, lakin ehtiraslar başa vurub və saf əxlaqa ziddir” (Bax: “Siskari”, 1864-cü il, № 5).

D.Maçabeli üçün sazəndədən alınan ləzzət, az olmasın, keşiş İvane Qvaramianın ucuz mənəvi sentensiyalarını bizə xatırladır. O unudurdu ki, sazəndə və zurna estetik duyğudan başqa daha mürəkkəb hissləri də oyadırdı. Məsələn, Vaxtanq Orbeliani bir dəfə zurnanın çalındığı gürcü pyesində iştirak etdi, şair salonu tərk etdi və dedi: “Bu çalğının səsi farsların Gürcüstanı zurna ilə başına götürdüyü həmin köhnə vaxtı yadıma salır” (Z.Cicinadze, “Vaxtanq Orbeliani”, 1892-ci il, səh. 29).

***

Haziranın sevimli çalğı aləti qaval idi. O, öz içinin qəm-qüssəsini bu alətin akkompanimentinə toxuyurdu (Qavalı qədimlərdə hər yerdə görə bilərdiniz, sanki bütün ərgən qızlar qavalda çalırdı. Əgər kişilər sazəndə ilə kef çəkirdilərsə, ailə ənənələri ilə əl-qolu bağlanmış qadınlar bəzən özlərinin evlərinin damlarında bazar günü, istirahər günləri kiçik şənliklər qururdular).

Hazira özünün şüarı ilə həqiqi bohema idi. O öz şeirlərini şifahı olaraq uydururdu və əgər öz yazdıqlarını kağıza köçürməsəydi, heç bir halda, nəinki başqa kimsə, özü də oxuya bilmirdi! Bir dəfə mənə dedi, mənim hər bir əlyazmam ilə mən özüm getməliyəm. 

Doğrudur, Hazira aşıq adlanırdı, lakin aşiq, erotik şeirlərin vurğunu olmayıb:

“Yaxşı ol, bədxah olma, Sulocan.

Mənim başım sənə qurban, Sulocan.

Mənimlə ol, sən kaş ki, Sulocan.

Qara günlərimi qırmızıla, Sulocan.

 

Yalvarıram və səcdə edirəm, Sulocan,

Yaxşıya üz tut, yaramaza meyl etmə,

Başdan rədd eylə Şadimanları,

Sev, böyük mouravini, Sulocan.

 

Hazir, yaxşı fikirləri seç,

Dostuna, qardaşına, qonşuna bax.

Başqa yerdə bahalı saraydansa

Gürcüstanda məzarı seç, Sulocan.” (Bax: “Gürcü şeirləri və mahnıları”, 1892-ci il, səh. 6).

Bundan başqa, “Böyük mouravi”ni poeziyada ilk dəfə olaraq Hazira canlandırmışdır. Bu şeirdə mülki niyyətlər və Tiflisə qarşı sevgi çox yüklənib. Bu vətəndaş duyğu daha çox sonrakı məşhur şeirdə özünü büruzə verir:

“Gəl, bala, mənim yanıma,

Ürəyimə bıçaq soxma;

Gürcüstanın övladısan, bala,

Tanı öz vətənini.

 

Vətənin üçün canından keç,

Düşmənlə üzbəüz dur,

Nurlandırılmış ölkələrdə, bala,

İnsan olaraq xatırlan.

 

Hazir, əzab çək,

Ataya, qardaşa yardım et,

Bir vaxt bunu yerinə yetir, bala,

Qəbirdə sevindir məni!” (Bax: “Canavarlaşmış quzu”, 1914-cü il, səh. 26).

Hazira gürcü döyüşçünün dili ilə deyir:

“İstəyirəm Gürcüstan dağının ətəyində dəfn edələr,

Mənim qəhrəmanlığımı oxutduraydılar Haziraya...

Və mənim özüm barədə nəzmə çəkilmiş hadisə,

Bizim gələcək nəslə qalaydı”.

Və ya yenə:

“Mən ki, özümdən şikayət etmirəm, amma

O kədərlənsin, kimin dünyada nəyi varsa,

Qoy, mən olmayım Hazira, Abrama,

Fəqət, səninsə qadan alım, ey gürcü!”

Hazira sözdə əsirgəməklik bilmir. Onun bəzi şeiri müxəmməs formasına qapanmasaydı inciməli olmazdı. Müxəmməs şeirinin sətirləri isə gözlənilməzlik hissilə isinmişdir. Hazira Gürcüstanın heyranı olmuş mədhiyyəçisidir. Onun ilk dövr şeirləri vətənpərvərliyin tiryəki ilə dada gətirilib.

Kim bilmir:

“Qalx, qalx, çar Tamar,

Səndən ötrü ağlayır Gürcüstan!..”

Haziranın yaradıcılığı yavaş-yavaş demokratik ritmlərə keçdi. Doqquz yüzüncü illərdən o, sosial məişətin  misilsiz əksetdiricisini yaratdı. O, bu baxımdan şəhər xalq şairləri arasında ən yüksək yeri tutur. Haziranın 1892-ci ildə “İveriya”da odövrkü ictimai ağrılar barədə bir necə yazısı da yerləşdirilmişdir. Bizim aşığı hər yerdə və həmişə zəhmətkeşin taleyi narahat edir:

 

“Hardadırsa, işıqlanacaq,

Qalx, ey fəhlə, bir bax,

Gözəl günə çıxacaqsan,

Yatma sən, xoruldama sən,

Ey fəhlə, ey fəhlə, sən!”

 

Haziranın bu mahnısını, məncə, hamı yaxşı xatırlayır (Bu melodiyanı A.Ohanezişvili (Bax: “Teatr və həyat”, 1924-cü il, № 12) və K.Potsxveraşvili (Bax: “İnqilabın mahnıları”, 1923-cü il, səh. 38) notlara köçürmüşdür). Hazira müxəmməs formasına xəyanət etməyib. Onun bütün şeirləri mahnı üçün – hər bir xanasının son sətri ilk xananın sonuncu sətrinə əks-səda verən müxəmməs qaydasında yazılmışdır. Nəğməkar şeirin başlanğıcının iki sətrini, mahnı zamanı, hər bir xananı bitirəndən sonra təkrar edir, bununla, sanki yetim qoyulmuş ritmi qeyd edir və mahnı həddindən artıq məlahətləşir. Bu cür fəndlə müğənni doğrudan da öz məqsədinə çatır: Burada bütün xanaların əsas damarı son sətrə keçirildiyindən fikrə qarşı məramın tabe olunması mövcuddur, şeir daha çox sözü qoparılmış kimi çıxır:

 

“Qara dənizin sahilində bizim evlər,

Qədimdən qədimdir, yeni deyillər,

İndi orda durur bizim qudalar.

Bizim günahımızdır, itirdik izi,

Halımız daha yoxdur, ixtiyarımızı bizdən aldılar.

 

Atamız öldü, qaldıq yetim olaraq,

Anam başqasına getdi ocağını qalamaq üçün,

Bizim üçün iş öz qaydasında getmir.

Tale üzümüzə gülmədi, evimiz yıxıldı,

Atımız yıxıldı, daha qalxa bilmir.

 

Nə vaxt olacaq ki, yaxşı günümüz olsun,

Bizim ev və qapı-baca bizə qismət olsun,

Hazira heç kimdən yan durmadı.

Düşüncələr əzab verir, güc gəlir,

Özünü qurban verir, onun üçün ölür.” (Bax: “Müxtəlif yeni şeirlər”, 1894-cü il, səh. 3).

 

Burada hər bir xananın ilk üç sətri və son xananın iki sətri müxtəlif templə nəzmə çəkilib və orjinal ölçü ilə gedir. Ritmlərin özləri də örtülüdür və ikinci qövslə çarpazlaşmır.

 

“Bizim günahımızdır, itirdik izi, halımız daha yoxdur,

                                            ixtiyarımızı bizdən aldılar.

Bağçada qızılgüllər yetişəcək, ürəyimdə dərdlərim

                                                            daha olmayacaq!”

 

Bu cür quruluş, əlbəttə, fars poeziyasının təsiri ilə əmələ gəlmişdir. Mahnı zamanı son sətirlərin qılıncı qızıl kimi ağır gəlirdi və gümüş kimi cingiltili idi.

Bizim köhnə ədəbiyyatımız fars vəznində yetişib. Sanki bütün gürcü şairlər müxəmməs üsulunda da şeirlər yazırdı: Şeir ki, mahnıdır və bizim ozanlar da oxuyurdular, mahnı ilə musiqi və misilsiz deyişmələr yaradırdılar: “qafi” (qafi -şeir növlərindən biridir, mahnıda qara sevdalı havadır - Müəllif), “müstəzad, “cinas”, müxəmməz və sair.

Ən populyar “müxəmməz” və “qafi” idi.

“Müxəmməs” Platon İoselianinin izah etdiyinə görə, “canlı və lakonik sözlərdən qurulub. O, çevik, sıxılıb şirəsi çıxarılmış şeir formasıdır” (П.Иоселиани: “Путевые записки от Тифлиса до Мцхеты”, 1871-ci il, səh. 64). “Qafi” “insanın mənəvi xəstəliyinin və qəm-qüssəsinin nəfəsliyinin küləyə verilməsi üçün oxunurdu. Yazı, Oxu Cəmiyyətinin əlyazmalarında çariça Məryəmin çoxlu mahnı üçün olan şeirləri qorunub saxlanılır. Bir şeirin yazısından məlum olur ki, “həbs olunanda, kədərə qərq olmuş çariça Məryəm bu qafini onda deyib” (Bu əlyazmanı mərhum D.Karicaşvili mənə göstərdi. Əlyazma hələlik kataloqa yazılmamışdı).

Lap əvvəllər çariça Ketevan cəzadan öncə “əlif-lam mədhini şeirlə qafi avazında dedi və bununla İranda olan gürcülərin həbsi ifadə olunub. An – ondan şikayət edirəm, ban – qaranlıqda oturan, qan – qəlbi dolmuş, don – ağlamış” (“Gürcülər İranda”, 1907-ci il, səh. 5, 7).

Elə yaxın dövrün şairləri də (Q.Orbeliani, Akaki, Raf. Eristavi, Nino Orbeliani, Luka İsarlov, “Siskareli”-Dim. Beriyev və sair) yaradıcılığının antraktı zamanı müxəmməs sayağı şeirlər də yazırdılar. Q.Orbelianinin gözəl müxəmməsini yada salın:

 

“İstəyirsən lap yatım, hər halda ruhumda oturubsan,

Açıram gözümü, kirpiklərin üstündə oturubsan...  (“Bu şeir ilk dəfə əyyaşsayağı müxəmməs adlanıb (Bax: “Gürcüstan xəbərçisi”, 1863-cü il, № 11).

Corc Sand oğlan paltarı geyinərək, əlində papiros gəzəndə tənqidçilər onu “Parisin poheması” adlandırırdılar. Bizim Nino Orbeliani, halbuki, kübar qadın idi, Abaşidzenin qızı və Cambakur Orbelianinin gəlini idi, lakin hər halda ictimaiyyətin dedi-qodusuna baxmayaraq Tiflisin əyyaş bohemaçılarına belə bir müxəmməs həsr edirdi:

 

“Bu gün ürəkdən istəyirəm, qardaşlar, sizinlə şənlik edim,

Di, Kaplo, bardaq ilə şərab ver,

Bizim sayağı Çarxların yanında Ortacalada,

İstər elə bun gün sal məni xatabalaya.

Niyə bağırırsan, oğlan, həmişə şəhərdə,

Bir dəfə oturaq kölgə altında, yaşıl otluqda...

Kampaniya, var olsun, içək,

Bu kefdə istərsə də canımızı verək”. və sair (Nino Orbeliani, “Şeirlər dəftəri”, 1905-ci il, səh. 33).

Akaki? Akaki özünün gəncliyi dövründə yazırdı: “Köhnə kitabları mən də oxumuşam, Gürcüstanda olmuşam və yox, əgər ki, Besikinin və onun həmkarlarının yazdığı şeirlərini eşitmişəm, yenə də mənim özüm zümzümə etmişəm. Vaxt var idi ki, onun “Tano Tatano”, “Qara qəfəsdə oturanlar” və “Sevda bağına girdim”  şeirləri məni heyran edirdi, indi gizlətmirəm, o şeirlər asudə insanın şüuruna ləzzət verir (Nino Orbeliani, “Şeirlər dəftəri”, 1905-ci il, səh. 3).

Akaki bu sətirləri yazanda iyirmi beş yaşında gənc idi, bir neçə on illərdən sonra isə Akaki də “vaxt tapdı” ki, bu mahnı üçün şeirlərin müəlliflərini təqlid etdi və lətafətli axıcılığı olan müxəmməs yaratdı: 1. “Mənim başım, bəxtin yoxdur”, 2. “Yoxuş-yoxuş mən gedirdim yavaşca”, 3. “Ey dərdlərə əlac edən, mənim ürəyimin telisən”, 4. “Tfu, mənim ulduzuma və mənim bəxt yazıma” və sair (Bu sonuncu şeir ilk dəfə “müxəmməs” adlanırdı (Bax: İvliane Xetereli tərəfindən nəşr olunan “Knari”yə, Kutaisi, 1896-cı il, səh. 149).

1893-cü ildə Kutaisidə Akakinin mahnı üçün “Salamuri” şeirlər toplusu nəşr olundu ki, burada da bu cür başlıqlar doludur:

Səh. 11. “Şikəstə” (Necə ki, xəstənin dərdinə şərik olmaq),

Səh. 15. “Müxəmməs” (Ömrün yarı yolunu keçdim),

Səh. 22. “Kintauri” (Bilsən mənim qəlbimin dərdlərini),

Səh. 37. “Qızılgül avazında” (Mən çonqurini onun üçün istəyirəm).

Burada Akakinin “şikəstələrin”, “sırtıq söhbətlərin” dolu olduğu pyesi (“Kinto”) barədə daha heç nə söyləmirəm:

  1. “Sevgilimin eşqindən,

               Şərab içmişəm mən”...

  1. “Mən də bir kintoyam,

             Mənim də sevgilim var”...

  1. “Knyaz, hirslənirsən?

             Başında sərçələr olan,

             Bir yaxşısını vuraram,

             Və rahatlanarsan” (Bax: Akakinin toplusu, 1889-cu il, № VII, səh. 69, 70, 74).

Akaki Haziranı sevirdi. “Suliko”nu Gürcüstanın qəsəbə və kəndlərində ilk dəfə Hazira yaydı. Hazira Akakinin mahnı üçün müxəmməsləri barədə sonralar yazır: “Akaki və Sayat-Novanı xalq eyni cür sevirdi, hər ikisi xalqın qulu və xidmətçiləri idilər. Akaki Sereteli ortaya çıxanda həmin dövrlər aşıqlıq artıq sıxışdırılırdı və köhnə öz yerini yeniyə güzəştə gedirdi. Ozanın böyük istedadı bitib tükənməyən yerdən çıxan bulaq kimi qaynayırdı və aşıb-daşırdı. Akaki köhnə səslərə fikir verdi və saysız-hesabsız qiymətli əşyaları yazmağa, biçməyə, tikməyə və dəzgah üzərində düzməyə başladı, amma bədbəxtlikdən alverçi heç yerdə görünmürdü” (Hazira, “Akaki və Sayat-Nova” (“Teart və həyat”, 1916-cı il, № 46 və mənim “Sayat-Novam”)).

Və budur, bu cür “alverçilər” aşıqlar idilər ki, bunlar da Haziranın başçılığı ilə bu əşyalara “müştərilər” buldular, havaları qaydaya saldılar və böyük şairlərin poeziya nümunələrini də camaat arasında yaydılar. “Hansı bir yazıçı, hansı bir mürəbbi, hansı bir məruzə, hansı bir moizəçi bizim şirin çalğımızla və mahnımızla camaata təlqin etdiyimizi edə bilərdi”.

Odövrkü həyat çox primitiv idi. Bizim indi təsəvvür etdiyimiz şəkildə də heç bir ağlabatan əyləncə mövcud deyildi. Yeganə olaraq gürcü teatrı idi və bu teatrda da antraktlarda Haziranın dəstəsi çalırdı. Burada adi mahnılardan başqa pyesin müvafiq şeirlərini də oxuyurdular və Haziranın “qəlbi sınmış sözləri” eşidilirdi:

 

“Yad vüqarlı, təkəbbürlü soyadından

Mənim təvazökar soyadım yaxşıdır,

Onların sarayının çox gözəl qapısından

Bizim daxmanın çubuq qapısı yaxşıdır.

 

Mən gəzirəm öz babamın dolaşdığı yerdə,

Gəzmərəm başqasının yolu ilə, izi ilə,

Yad soyadın xoşbəxt canlısından

Bizim bədbəxt ölümüz yaxşıdır.

 

Mənə nə xeyri başqasının pulundan və dövlətindən,

Əgər kişiyəmsə və ağlım başımdadırsa,

Yadın soyadının dənizi niyə xoşuma gəlsin,

Bizim bulağın bir şehi yaxşıdır”. (Bax: “Canavarlaşmış quzu”, 1902-ci il, səh. 25).

(davamı var)

 

Gürcü dilindən tərcümə edən:

Mirzə MƏMMƏDOĞLU