ALEKSANDRE ORBELİANİ

 

(əvvəli)

 

O hadisələrdə çar İraklinin yanında olan ilk meyitlər, lap başdan son ana kimi olanların adları itməməli, burada yazılmalıdır.

 

Birincisi. Çar İraklinin oğlu Vaxtanq (adı Almasxan). Üç yüz atlı aznaur övladları öz xidmətçiləri ilə birlikdə, hamısı müharibədə həlak olan, başlarını orada qoyan araqvililər onunla idi. Bu şahzadə heç nədən üç yüz döyüşçü deyil, o vadinin osetinləri, yaxşı adamları ilə üç min nəfər gətirə bilərdi, amma şeytanlar ora gizlicə soxulub onların qarşısını aldılar. İkincisi. Çar Georginin oğlu şahzadə İvane həmişə ayrılmadan babasının yanında olub və hər müharibədə qorxmaz qəhrəman kimi vuruşub. Dəfələrlə çarın üzərinə dolu kimi güllə yağdırılanda şahzadə İvane irəli durub sinəsini gərirdi. O zaman Ksani onun əlində idi, min atlı çıxarda bilərdi, ancaq əlliyə qədərini güc-bəla ilə çıxara bildi. Bu da şeytanların üzündən oldu. Üçüncüsü. Çar İraklinin kürəkəni İvane Muxran batononun arxasını qoruyurdu və ayrılmadan həmişə yanında idi, nə qədər təhlükədən onu sovuşdurmuşdu. Bu da minə qədər atlı çıxara bilərdi, amma onun altmışa qədər atlısı var idi. Təbii ki, burada da Muxran düzündə şeytanlar var idi. Heç də iki-üç yerdə deyil, bütün Gürcüstanda mənfur, xain adamlar, şeytanlar var idi. Dördüncüsü. Çar İraklinin kürəkəni həmin müharibələrdə fərqlənən  tavad Zaxariya Andronikaşvili (bunu yuxarıda da qeyd etdik) və tavad İvane Abaşidze hər zaman çarın yanında idilər. Bu ikisi öz qohumları və xidmətçiləri ilə hansı tərəfə hücuma keçsəydilər düşmənlər dərhal qaçacaqdılar, lakin xidmətçilər müharibədə çox az qaldılar. Beşincisi. Çarın miskərbaşı İoseb Bebutaşvili və həmin sarayın adamı gənc oğlan Arsen də birinci müharibədə çarı müşayiət edirdilər, lakin həmin bazar gecəsi gizlicə qaçdılar, Vera vadisinə üz tutaraq sığınanların yanına getdilər. Arsenin özündən eşitmişəm: “Çarın özü bizi buraxıb, bəs nə deməli idim?” Bununla özünü doğruldurdu, amma mən dəqiq bilirəm ki, qaçıb gizləniblər. Arsen mənim yaxşı tanışım idi, ondan o vaxtların çox xəbərlərini eşitmişəm. Altıncısı. Otar Amilaxvari də o dəhşətli müharibələrdə çar İraklinin yanında idi və digər tavadlar da o qədər yaxşı işlər görürdü ki, çar İraklinin iki min döyüşçüsünə münasib idi. Belə ki, orada öz həyatlarının son damla qanına kimi fədakarlıqla vuruşurdular (Ağa Məhəmməd şah Qacarın müharibəsi xəbərini tavad İoseb Amilaxvarinin oğlundan da eşitmişəm, o da orada idi). Şişirdilmiş tərif nəyə lazımdır? – O iki min gürcü döyüşçüsü özlərinin knyazları ilə bir-birindən üstün idilər. Knyazların xidmətçiləri özlərini daha çox təsdiq etdilər. Demək olar ki, düşmən tərəfindən hamısı həlak oldu və əgər kimsə qaldısa, bəli, çox az qaldı.

 

Təsəvvür edin, Gürcüstanda hansı xəyanət olmalı idi, bütün Gürcüstandan və tatarlardan iki mindən çox döyüşçü çar İraklinin yoxu idi? Bu qədər şeytanlıqla dolu, allahsız, xəyanətkar haradasa olubmu?

 

Çar İrakli və onun gürcüləri ertəsi gün səhər açılmamış Saquramodan yığışıb yola düşdülər və həmin gün Mtiuletiyə çatdılar – Ananurinin yuxarısındakı qalanın ətəyində yerləşən kəndə. Və oradan da ertəsi gün tezdən Batatantgilin sarayına çatdılar ki, burada çar İrakli sığınmışdı.

 

Çariça çar İrakliyə baxıb onun dəmirin pası rəngli üzünü görəndə dəhşətli bir şəkildə qışqırdı: Vay halıma, yazıq şəhər məhv oldu. Və özündən getdi. Başına yığıldılar və bir saatdan sonra çətinliklə onu özünə qaytardılar. Sonra qəmli-qəmli sözlərlə ağı dedi, orada elə hönkürtü başladı ki, dərə də əks-səda verirdi,   uğultuya bənzəyirdi. Ürəyi sınmış, ürəyi qırılmış, göz yaşı tökmədən başını aşağı salmış halda bədbəxt çar İrakli xeyli müddət susmuşdu. Nəhayət, başını qaldırıb çariçaya dedi:

 

– “Mənim sevimli çariçam, səbir elə, qadan alım”.

 

Sonra bu cür durumda necə səbir etməyi ona danışdı. O birisi gün yığışıb getməyi buyurdu və oradan Burdulgilin qapısına gəldilər.

 

İlk dəfə qızılbaşlar şəhərə daxil olanda, Ağa Məhməmməd şah gürcülərin ələ keçirilmiş toplarının yanında dururdu ki, bu vaxt xəbər gəldi: Şəhəri aldıq. Onda sevinclə gəldi və çarın sarayını gördü, çox xoşuna gəldi və dedi: “Mən İranın hökmdarıyam, mənim belə sarayım yoxdur”.

 

Sonra çarın xəzinəsini görüb sərvətinə heyrət etdi. Sonra dönüb Çərşənbə axşamı hamamında yuyundu və bu günə kimi onun çimdiyi hovuza “Şah hovuzu” deyirlər. Yuyunub oradan çıxdı və çox məmnun halda Soğanlığa getdi. Oradan əmr verdi: Gürcüstanın üzərinə talançılar getsin, amma haradasa kiçik bir ordu görsəniz, dərhal dönüb geri gəlin.

 

Talançılar Kartlinin Tirifona düzənliyinə qədər getdilər və daha irəli getməyə cəsarət etmədilər, bütün boşalan kəndləri çapıb talan etdilər. Hətta yolda kimə çatdılar, kim müqavimət göstərdisə öldürdülər, kim müqavimət göstərmədisə əsir götürdülər. Kaxeti isə əmin-amanlıqla xilas oldu. Lilodan o yana qoşun getmədi.

 

Doqquz gündən sonra onlar daha irəliləyə bilmədilər və qoşun bütün şəhərin qırağına toplandı; Ağa Məhəmməd şah Qacar onların içinə girdi, şəhəri dolandılar. Sololak dağını aşıb İran tərəfə üz tutdular. Cavad xan soruşdu: “Niyə belə tez buyurub gedirsiniz?”

 

– “Tez getsək yaxşı olar. Çar İrakli ağıllı adamdır və çox şeydə təcrübəlidir. O, şəhəri qəsdən bizim öhdəmizə buraxdı; kirimişcə qoşunları gətirmək və hamımızı birlikdə qırmaq istəyir. Buna görə də tez getməyimiz daha yaxşıdır”. Bu Ağa Məhəmməd şah Qacarın cavabıdır. Cavad xanın İrakli ilə söhbəti və yenə başqa şeylər...

 

Tiflis şəhəri də belə idi. Qalan camaatı əsir aldılar, ölümlə heç kimi o qədər də cəzalandırmaldılar. Əgər bir kimsə müqavimət göstərməsə idi, əl qaldırmasa idi, heç kim onları öldürməzdi. Bundan əlavə, şəhərin bir çox binasını yandırmadılar, lakin daha yaxşı binalar və çar İraklinin sarayı da yandırıldı. Bundan sonra çar İrakli öz qəyyumları ilə Telaviyə getdi. Xəstə çariçanı ora yerləşdirdi. Taqətsizlik üzündən istisi qalxmağa başladı. Özü qəm-qüssəyə batmış, sığınmış camaatın toplaşdığı Tiflis şəhərinə gəldi. Çar İraklinin köməkliyi ilə binaları yenidən tikənlərə bacardıqca təsəlli verdi. Halbuki çar İraklinin də çariçanın yığışıb getdiyi zaman götürülən şeylərdən başqa heç nəyi qalmadı (Yuxarıda da deyildi). Ağa Məhəmməd şah Qacar beləcə çarın sarayını tar-mar etdi. Amma o, hər halda çar idi, öz imkanlarına görə camaata yardım edə bilərdi. Etdi də. Çar  İrakli təəccübləndi: “Mən daha çox başqa cür fikirləşirdim. Camaata böyük amansızlıqlar edərdi. Allahın köməkliyi ilə o əsirləri xilas edəcəyik”, – dedi, axırda elə də oldu, orada az əsir qaldı. Amma Ağa Məhəmməd şah Qacar tərəfindən şəhərin alınması çar üçün ağır idi və onun barəsində çox fikirləşirdi: Onun tərəfindən  yurdun bərbad edilməsi onu çox incidirdi. Halbuki öz dövründə məğlub olmayıb. Son vaxtlar Ağa Məhəmməd şah Qacar çar İraklinin üzərinə hər halda yenə qoşun yeridəcəkdi. Belə ki, İrandan xəbər gəldi: Ağa Məhəmməd şah Qacar yenə gəlmək niyyətindədir.

 (davamı var)

 

Gürcü dilindən tərcümə edən:

Mirzə MƏMMƏDOĞLU