CEHİZ

 

“Cehiz” bizdə ta qədimdən bu günə qədər gəlib çıxan həyat və məişətin bütöv zəncirinin həlqələrindən biri idi, amma son zamanlar bu adət həddindən artıq eybəcər şəkil aldı. Ərgən oğlan qızın mənəviyyatına və zahiri gözəlliyinə heç də dəyər vermirdi və yalnız cehiz tələb edirdi.

 

Əgər müsəlman ölkələrində qız valideyn üçün gəlir mənbəyi (Ərgən oğlan qızın valideyninə 50 dəvə və ya 500 qoyun verirdi) idisə, bizdə əksinə, qızı ərə verirdilər və həm də öz ağırlığında qızıl yollayırdılar. Türklərin bizim barəmizdə bir lətifəsi də vardır: Gürcüstanda iki şeyi müftə verirlər və üstünə də pul qoyurlar – zibili və ərgən qızı.

 

Türk qadınları yaxşı qiymətə alınanda fəxr edirdilər, bizim qadınların xoşbəxtliyi isə öz nişanlısına bahalı cehiz və “cib pulu” (rüşvət) aparmaqda idi. Bu məsələ səksəninci illərdə mübahisəyə də səbəb oldu. N.Nikoladze ərgən oğlanlara bu cür sözlərlə müraciət edirdi: “Arvad alan zaman cehizdən daha çox xasiyyətinə və əxlaqına fikir verin” (Bax. N.Nikoladzenin “Yazısı”, I kitab, 1890-cı il, səh.25).

 

Bu epidemiya aşağı təbəqəni daha çox bürüdü. Bizimsayağı gəlin hiss edirdi ki, cehizsiz ər ailəsində zülmə məruz qalacaqdı və buna görə “itilənmiş qılınc kimi” valideynlərin gözünə girirdi:

“İndiki qadınlar,

İtiləmiş qılınclar,

Analarına yalvarırlar,

Bizə hazırlayın rüşvətləri”.

 

Əgər bu “indiki qadınlar” belə mühakimə edirdilərsə, “indiki oğlanlar” da onlardan geri qalmırdılar:

“Suda balıq üzür,

Quyruğunu bulayır, başını yox,

İndiki oğlanlar,

Rüşvət gəzirlər, arvad yox!”

 

Şəhər xalq poeziyasında bunun barəsində bütöv ədəbiyyat mövcuddur. Bax, o dövrkü ərgən oğlan nə deyir:

“İndi bizim zamanda,

Qızın varsa əgər quruşu,

Lap elə götürək, olsun kötüyü.

Dursun qəssabxanada.

                              Təki  bircə pulu olsun,

                              Alaram, allahıma, dinimə and olsun!..

Lap elə döymək bilsin,

Versin mənə əzab, işgəncə.

Guya bəyənməyim?

Yox, mənim günəşim!

                               Təki  bircə pulu olsun,

                              Alaram, allahıma, dinimə and olsun!..

Lap olsun acı dili,

Şən həyatımı zəhərləsin,

Pulun xətrinə, pula görə,

Olmalıdır məndə səbr.

                               Təki  bircə pulu olsun,

                              Alaram, allahıma, dinimə and olsun!.. (“İveriya”,1974-cü il, № 167 (Şeir Anton Qanciskareliyə məxsusdur).

 

Bu oğlan əgər  belə  “oxuyursa”, o biri ərgən oğlan birbaşa kinayə ilə bəyan edir:

                                 “Arvad almaq istəyirəm,  hazırlaşın analar,

                                  Gətirin şəhərə, evinizdə oturub qalanı!”

 

Və sonda vurğulayır ki, mənim nişanlımın şəksiz, “böyük-böyük evləri”, “təzə-təzə mebelləri”, Avropasayağı bəzədilmiş otaqları, “yataqda mərmər vannaları” və sair olmalıdır. Təsəvvür edin, bu cür şeirlərə Nino Orbeliani də əks-səda verib. O bu cür “istəklərin” müəllifinə cavab verir və qeyd etmək lazımdır ki, “yataq vannaları” barədə yazır:

“Sən neyləyirsən mərmər vannaları,

Əgər istilənsən - Kürdə də çimərsən,

Sən axtar gözəl-göyçək qızları,

Əgər başqası rast gəlsə, ona gözün düşsə,

Sən ara-axtar, mənim isə yoxdur vaxtım,

Sənin ricana çox gülməyim gəlir” (Nino Orbelianinin  “Şeirləri”, 1885-ci il, səh.35).

 

Nino Orbelianinin şeirindən Mixeil Qordadze yararlanır. O bu cür “cehizə” qarşı çıxır:

“Mən neyləyirəm, cehizi və pulları?

Pullar üçün gözlərimi bağlayım,

Gözəl və ləçər arvad alım,

Babamın ruhu xeyir duasını versin?

Çirkin olsun, fəqət olsun ağıllı,

Utancaq, yaxşı, nəvazişli,

“Modna” barəsində narahat etməsin,

Və evdə nəyisə hazırlamağı bacarsın” (M. Qordadzenin “Şeirləri”, 1893-cü il, səh.12).

 

Əlbəttə, bu cür ədəbiyyat öz yolu ilə gedirdi, həyatın ağrı-acısı da öz yolu ilə. Cehizin siyahıları isə hər halda yox olmadı.

 

Bu cehiz üçün siyahılar zamana və zümrəyə uyğun olaraq tədricən dəyişirdi, maddi dəyərləri ilə, eləcə də zahiri üsulu ilə.

 

Bizim əlimizdə bu cür “siyahıların” bir neçə nümunəsi vardır. Gürcüstanda cehizə elə qədim dövrün özündə də necə bir əhəmiyyət verilməsi, sonralar bu “siyahıların” necə də cılızlaşması və sonda bu ənənəvi “rüşvətin”  hansı şəkillə və hansı  üsulla bizə qədər gəlib çıxması barədə oxucuda təsəvvür yaratmaq üçün onları qismən sadalamaq lazımdır.

 

Əgər Anuka Batonişvilinin cehiz siyahısında “İnsanlar tərəfindən verilən sərvət və mirvarilər” xatırlanıbsa, əvəzində, son dövrkü cehizin  siyahıları birbaşa...

 

Lakin başdan başlamağımız daha yaxşıdır:

Birinci siyahı:

Onlardan cüzisini sizə nəql etdiyimiz cehiz yanımızdadır – Və bu “kiçik” 16 səhifəlik dərc olunmuş vərəqdə sərgilənib – İnsanlar tərəfindən verilən bəzək-düzək əşyaları və sərvət, təmənnasız mirvarilər, siyahıya alınmamış qızıl və gümüş, qulluqçular özlərinin güllə qutuları ilə, aznaurlar özlərinin sərəngləri ilə (sərəng – ictimai asayiş qoruyucularının rəisi – M.M.) 

 

Gürcü ədəbiyyatı: Rəngli rəsmlərlə “Pələng dərisi geymiş pəhləvan” cazulu ilə (bəzəkli boxçası ilə – M.M.) bir ədəd, “Leyli və Məcnun” bir ədəd, “Yusif və Züleyxa” bir ədəd, “Saamiani” (Qədim gürcü ədəbiyyatının tərcümə olunmuş abidəsi, Firdovsinin “Şahnamə”sinin  gürcü versiyaları silsiləsi əsərlərindən biri) bir ədəd.

 

Vaxt keçirmək üçün idrak əyləncələri: Oyun üçün şahmat, şırmayı nərd, qancafa, savzisur (İrandan götürülmüş oyun – M.M.),  dovşan və ov quşu, siçan-pişik və sair başqa xırda oyuncaqlar. 

 

Qadın bəzək-düzək şeyləri: Bir çox xırda orta iri incilərlə siyah samur dərisindən tikilmiş mirvari papaq, yelpik, yaxşı və mərifətli ağız mirvarisi (Qədim Tiflisdə dişləri mirvari ilə təmizləyirdilər – M.M.), bir cüt qulaq tənəsi, iki qırmızı Badaxşan ləli ilə, iki yetim incisi ilə (Qədim əfsanəyə görə, mirvari dul və yetimin göz yaşlarının rəmzidir – M.M.), iki Nişapur firuzəsi ilə özünün qəşəng boyunbağları ilə, içində yerləşdirilib  otuzaltı yaqut, yaxşı və mərifətli bir boyunbağı doqquz qızıl külçəsi ilə, içində mərifətli zümrüd, yeddi qırmızı, iyirmi yaqut, orta mirvari əlli doqquz, onun boyunbağısı özünün qarmağı ilə və qızıl kəpənək qanadları ilə, yaxşı bir qamçı mərifətli mirvarisi ilə, qızıl külçə ilə və qan ilə bəzədilmiş, bir cığa içində üç mərifətli yetim mirvari, dörd qırmızı yaqut və qırx dörd orta mirvari özünün budaqları ilə, boyunbağısı ilə, bir cüt qızıl dünbərçə, bir əmbərçə boyunbağı, köynək yaxalığı, qolbağı və sair. 

 

Tualet üçün: Gümüş səbət, ənlik-kirşanı çəkmək üçün ləvazimat özünün gümüş sinisi ilə, qızıl qutu. Qızıl ilə bəzədilmiş qəşəng güzgü özünün mirvari çərçivəsi ilə, mirvari ədviyyat qabı, sabun nəlbəkisi və sair.

 

Hamam ləvazimatı: Bir süzən (taxt üzərinə sərilən ala-bəzək parça – M.M.), iki qədifə (hamamda bədəni qurutmaq üçün mələfə – M.M.) xalis qumaş, iki əl-üz dəsmalı, iki daraya (böyük ipək örtük, parça – M.M.)  boxçası, bir iki üzü də xovlu olan kiçik xalı, bir keçə, çimmək üçün bir böyük gümüş cəm, çoğrato (su qabı –M.M.) hamam üçün bir teşt, bir su qızdırmaq üçün kuzə, bir qazan.

 

Alt paltarları: Köynək və onun dəsti doqquz-doqquz, Bursanın doqquz, Mərdinin doqquz, Ferrand novu doqquz (Qırmızı qadın şalvarı – M.M.); köynək düyməsi mərifətli incidən doqquz gilə, şeidişi (Qırmızı rəngli yuxa ipək parça – M.M.).

 

Donlar: İsfahan dəbli sarı firuzə ilə işlənmiş don, qızıl Gilan düyməsi ilə; qırmızı İsfahan qumaşından don, doqquz mirvari düymələr və özlərinin yuvaları ilə; bənövşə rəngli qumaş Yəzd donu, sıra ilə tikilmiş Gilan düymələri və onların yuvaları ilə; sarı qızıl saplarla toxunmuş don, sıra ilə düzülmüş Gilan düymələri ilə;  qırmızılı və yaşıllı, çəkili don, yeddi mirvari düyməsi və özünün yuvası ilə; fransız atlas don, küləş rəngli iki həşgə ilə, doqquz cüt qızıl çəprəsti ilə (qaşla-inci ilə – M.M.); ipək parçadan doqquz ədəd bafta don:  üçü qırmızı, üçü bənövşəyi və üçü yaşıl; zərçəkili don beş, sadə çəkili don doqquz; sadə qəşəng fransız donu rəngli-rəngli doqquz; firuzə rəngli iki, nar çiçəyi rəngində iki, fıstıq rəngində üç, narıncı rəngində bir və sair.

 

Yataq otağı üçün: böyük Kirman keçəsi, qızıl saplarla tikilmiş süzən, xalis dovri (plov qabı – M.M.) bir gümüş tulufdan (tulub, su qabı – M.M.), dörd pərdə, taxçapuş altı (taxça üzərinə salınan pərdə – M.M.).

 

Qab-qacaq: Çin və Venesiya nimçəsi və cəmi, surə, kiçik büllur bakal, qızıl kasa, gümüş piyalə, sanajure-gümüş qab (şərabın artığını tökmək üçün – M.M.), gümüş tasğaşuğ (tas qaşığı, çömçə - böyük taxta qaşıq –M.M.), qızılı bəzədilmiş süfrə bıçağı.

 

Mətbəx üçün: Pişbuxar (Buxarın önünə qoymaq üçün sipər – M.M.), özünün naxışlı atəşgahı ilə şəbəkə və nəqqaşı ilə, bahalı dəridən zirandaz (ayaq altına salınan kiçik palaz – M.M.), tava və tangira (qulpsuz iri mis qazan – M.M.), Ğabi (qab – M.M.) və sərpuş, avgərdən, ət qızartmaq üçün tava, xakəndaz, manqal, niamdan (bahalı qabların saxlanıldığı qutu- M.M.), şiş, xatriti (şişlər üçün içi dərin gildən yanları deşik gil qab – M.M.) və sair (Yazı-pozu cəmiyyətinin əlyazması, № 1287, tərtib etdi “İveriya”, 1889-cu il, № 234 və “Gürcüstanın qədim əşyaları”, 1910-cu il, III cild, səh. 482, 485, 490.

 

İkinci siyahıda əşyaların düzülüşü qaydası birinci siyahıda olduğu kimi eynidir. Fəqət fərq yalnız bir əşyadadır: bu siyahıda güzgünün yerinə  “Micvritina” qeyd olunub (“ştempellə kəsilmiş  gümüş micvritina”).

 

Qadın tualeti üçün qeyd olunub: Balıq dişi ilə bəzədilmiş daraq – bir ədəd, haşiyə ilə kəsilmiş daraq; dörd dəmir daraq, sürmə sancaq, tük çıxardan sancaq və sair.

 

Hamam üçün elə birinci siyahıda xatırlanan eyni əşyalardır, yalnız “baş örtüyü teşti” və “bəzədilmiş ayaq daşı” əlavə olunur.

 

Gürcü ədəbiyyatına bu siyahı ilə “İrduxtiani” əlavə olunur.

 

Oyuncaqlar: “Balıq dişlərindən bəzədilmiş” xataband nərdi.

 

Yataq örtüyü: ikixovlu, çecim, taknabad (əla keyfiyyətli yapıncı - M.M.), keçə, süzən (taxtın üstünü örtmək üçün alabəzək parça - M.M.) dori (söykənmək üçün yastıq - M.M.).

 

Yorğan-döşək və balış: Kəşan bəzəmələri ilə, şalğutan astarı ilə döşək, bənövşə rəngli zərbab tükü; ət rəngli Yəzd yorğanı, daraya bafta və Fatan ğutanı ilə ipək parçadan örtük, özünün yerə sərilən mahud xalçapuşu ilə (divar pərdəsi, xalçası - M.M.); Yəzd qumaşından balış və qulaq balışı.

 

Bayır geyimi: Şirmayı haşiyələrlə bürüncək, özünün boxçası ilə; bir ədəd çəkmə, bir ədəd əldə tutulan yelpik və sair (“Gürcüstanın qədim əşyaları”, 1910-cu il, III cild, səh. 495).

 

Üçüncü siyahı içində saysız-hesabsız qaşların, incilərin xatırlandığı qədər bizim üçün diqqətə layiqdir. Məsələn:

Yelpik – dörd min xoşor (orta - M.M.) mirvarisi ilə.

Taflaki (incilərlə, qaşlarla bəzədilmiş baş örtüyü - M.M.) – on beş min xoşor incisi ilə.

Boyunbağı – yüz qırx mirvari ilə.

Ağız mirvarisi – səksən üç ədəd.

Döşə taxılan bəzək-düzək əşyası – üç min mirvari ilə.

On min murasa (qəşəng - M.M.) düymə don üçün – iki yüz yaqut ilə və s. (P.İoseliani: “On üçüncü Giorginin həyatı və Gürcüstanın Rusiya ilə birləşdirilməsi”, 1895-ci il, səh. 39).

 

Dördüncü siyahı özünün zənginliyi ilə ilk üç siyahıdan geri qalmır. Burada da 1260 incinin taxıldığı bir don xatırlanır və sair. Bu siyahıdan biz burada gürcü kitablarını qeyd edəcəyik: Kim bilir, bəlkə o dövrkü gəlinin idrakı və mənəvi inkişafını xarakterizə etmək üçün yararlı olsun. Hər yerdə olduğu kimi, bu siyahıda da birinci yeri dini kitablar tutur, “onlarsız” qeyd edilib:

“Gürcüstan həyatı”,“Sözlər çələngi”, “Kəlilə və Dimnə”, “Zeilaniani”, “Qızılgül və bülbül”, “Şam və pərvanə”, “Yazla payızın mübahisəsi”, “Əlifbanın tərifi”, “Macama” (”Məcmuə”), “Qrammatika”, “Ritorika”, “Dialektika”, “Kateqoriya”, “Uydurmanın hikməti”, “Visramiani”, “Çardavrişiani”, “Mirianiani”, “Dəfnə şəhəri”, “Ğaramaniani” (Н.Эристов-Шервашидзе, “Книга о приданном царевны Нины Георгиевны”, 1916-cı il, Moskva, səh. 13-14).

 

Bu kitablar hamısı əl ilə yazılmışdı, dini xarakterli kitablardan başqa.

 

Elə bu siyahıya daxil edilib: “Hindistan və Çindən gətirilən mürəkkəbqabı”, bu da o zaman, güman ki, nadir əşya idi.

 

Beşinci siyahı onunla diqqətə layiqdir ki, burda “Vaxtanqiani” kitabı və başqa siyahılarda bizə rast gəlməyən bu aşağıda sadalanan əşyalar qeyd edilib:

Qara mərcan təsbeh.

Dizə örtmək üçün dəsmal, bir dəstə küləş qaşığı.

Üç dəniz nimçəsi.

Həştərxan sandığı.

Hamam köynəyi, özünün baş qurudanı ilə.

İki güzgü – biri otağın, o birisi qapaqlı.

İki yorğan – biri Təbrizin, o biri rusun.

Bığı burmaq üçün mirvari ilə tikilmiş parça.

Diş qazı.

Yəhər – bəzəksiz qaşı ilə.

Büllur araq piyaləsi.

Bürünc çaydan.

Qadın qəhvədanı.

Dolça – özünün zənciri ilə, kəndiri ilə.

Qoyun cəmdəyi yerləşən bir böyük qazan (“Gürcüstanın qədim əşyaları”,  I cild, 1899-cu il, səh. 403),

 

Altıncı siyahı olaraq Sameqrelo muzeyində saxlanılan V Levanın arvadının dövrün ruhu daxil olduğu cehiz siyahısı bizim üçün yararlı olar. Məsələn, bu siyahıda  “rus dəmir tualet qutusu”, qızıl saplı, haşiyəli rus baş örtüyü və sair xatırlanır.

 

Yeddinci siyahıda isə daha çox Tiflis məqamı gözə çarpır. Bu siyahıya da dövrün üsulu qarışıb, P.İoselianinin “köhnə vaxtlar  bolluca saxlayırdılar” deyə nəql etdiyi saysız-hesabsız qızıl-gümüş və mirvari daha bizə rast gəlmir.

 

Qarşıdakı siyahıda bizim monoqrafiya üçün çoxlu xarakterik cizgilər var:

“Terminasovun qızı Yekaterineni İsaia Elisbarinin oğlu Babilaşviliyə ərə verdik (1854-cü il).

Səksən tümən ağ pul,

Məxməri katiba (üst qadın geyimi - M.M.),

Atlasdan güllü don,

Qızıl saplardan tikilmiş qurşaq,

Qızıl saplardan tikilmiş qulispiri (gürcü milli kostyumu - M.M.),

Qızıl saplardan tikilmiş atlas cikola (gürcü milli geyimi - M.M.),

Mirvari boyunbağı,

Boxça (yoxsa baxça?), qızıl sancaqlı-mirvarilərlə,

Qızıl sırğa, mirvarili,

Üç qızıl üzük: zümrüd, ləl və mirvari qaşlı,

Saçaqlı ipək şal,

Baş örtüyü,

İpək parça boxçası,

Atlas baftadan arxalıq,

Blondin çikilası ağaclı (üstündən ağaclarmı çıxıb?),

Yarım düjün Bağdad dəsmalı,

Bir düjün baş örtüyü,

Bir düjün kopi (gürcü baş örtüyünün tərkib hissəsi - M.M.),

Üç yupka,

Bir Mərdin köynəyi özünün sığalı ilə (E.Kirionun lüğətinin şərhi ilə,“sığal” – köynəyin tayıdır” (“Dzveli Sakartvelo” (“Qədim Gürcüstan”), III cild, III şöbə, səh. 31),

Bir ipək parça boxçası,

Hamam köynəyi dəsmalı ilə,

Süzən,

Çulku,

Başmaq,

Önə qoyulan güzgü,

Bir ipək qutusu,

Podnos sandığı.

Bir cüt balış qaz tükündən, elə özünün üzü ilə və özünün ağaban haşiyəsi ilə (keyfiyyətli ağ parça - M.M.) və sair” (Bu siyahını bizə A.Perşangişvili söyləmişdir ki, bunun üçün də ona minnətdarlığımı bildirirəm).

 

Lakin, ey oxucu, indi tamam başqa üsul və başqa qayda ilə olan cehizin siyahısını dinləməyə hazırlaşın... Bu ikinciyə əlavə səkkizinci siyahı tamamilə xüsusi diqqət tələb edir. Bu “siyahı” son vaxtların qaraçoxelilərinin  irsinin toy fərmanıdır ki, bu da yazılandan sonra artıq bir ailədən başqa ailəyə elə cehizin özünün aparılmasına aid edilir.

 

Oxucu, ola bilsin ki, belə cehiz siyahılarını heç də görməyəsən, heç də oxumayasan, amma əgər tiflislisənsə və heç də çox cavan deyilsənsə, güman ki, cehiz verməyin bu cür mərasimini görmüş olarsan:

İrəlidə bu hadisə üçün  xüsusi hava, “toy havası” çalan  zurna gedir. Sonra sinəsinə güzgü basan balaca oğlan gedir, bu güzgülü oğlanın arxasınca başlarında qıraqları haşiyələrlə bəzədilmiş balış üzləri çəkilmiş, mavi rəngli baftalar ilə bağlanmış cüt-cüt balış iki-iki gənc gedir. Sonra mütəkkələr (bu da cüt-cüt) qələmkarın incə naxışlarla, haşiyələrlə işlədiyi saçaqlı, ipək material ilə və hər mütəkkənin yanında qəşəng qatlanmış butalı qanaöz parçadan yorğan, sonra mürəbbə teşti (ləyəni), özünün xırda-xuruş əşyaları ilə mücrü, sonra şkaf, kamod, məfrəş və sonda bir cüt “podnos kraoti” (və ya ikiyataqlı kaot); çox hallarda bu kraotların üzərində qonşuların gözlərini heyrətləndirmək üçün şir şəkilli rus xalı və sair olur.

 

Bu, nümayiş üçün çıxarılan cehizdir. İlk dəfə olaraq “bəy”in ailəsinə bu əşyalar daxil olur. Qalan xırda şeylər isə siyahıya uyğun olaraq boğçaya və sandığa yığılır...

 

Bu siyahı da budur:

“Atanın adı ilə, müqəddəs ruhun adı ilə, amin!

Mənim əziz qızıma nəyim varsa verirəm:

Bir bəzənmiş gəlincik,

Bir abanoz (möhkəm və qara ağac - M.M.) şifanerkası,

Dörd balış, özünün üzləri ilə,

Dörd qapı-pəncərə pərdəsi,

Bir çörək sandığı,

Təndirdən çörəyi çıxartmaq üçün iki şiş (qarmaqlı və kürəcik),

Bir təknə, özünün balaca dəmir kürəyi ilə (köhnə vaxtlar hər bir ailənin öz təndiri var idi, çörəyi evdə bişirirdilər),

Bir düjün şimşad qaşıq, yaxşı fabrik istehsalı,

Həvəngdəstə, özünün ağacı ilə. “Qədimlərdə yazırdılar “bir əvən və əvəndəstə” ( P.İoseliani: “Çar on üçüncü Giorginin həyatı”, 1895-ci il, səh. 41),

Mdivanovun gürcü təqvimi (Serq-Step. Mdivanov gürcü təqvimini demək olar ki, 50 il ərzində nəşr edirdi. Onun təqvimi sadə camaat arasında geniş yayılmışdı. Mdivanov şeirlər də yazırdı və elə o 1894-cü ildə “Min bir gecə nağıllarını” çevirmiş və iki kiçik kitabça şəklində nəşr etmişdir),

Hamamda ayaq kərpici (Bu günə qədər qalmışdır. Köhnə siyahılarda yazırdılar: “Bir ayaq daşı dəmirə tutulmuş”),

Bir  hamam  azğudu (Qolsuz, beldən yuxarı qadın geyimi - M.M.),

On altı fəsil “Ğaramniani”,

Bir cüt xəpəng,

“Zinger” tikiş maşını,

12 tağalaq tikiş sapı,

İki mumlanmış şibak (beşiyə bağlanan, sidiyin axması üçün ağacdan düzəldilmiş mil - M.M.) – biri oğlan üçün, biri qız üçün,

Bir gümüş padnos – 8 girvənkə və 83 misxal çəkidə,

Hamam boxçası, özünün kisəsi ilə,

Mürəbbə teşti,

Mis ləyən və dolça,

Yarım düjün sarı Kutais süpürgəsi,

Aşsüzən,

Böyük kəhrəba təsbeh,

Qayınana üçün üstündə şahın rəsmi çəkilmiş burunotu qutusu.

Qayınana üçün rufak (rüfəqa ərəb sözüdür - rəfiqlər, yoldaşlar deməkdir - M.M.), Kirman şalı və ya donluq,

Qayın arvadı üçün bahalı yun şal,

Yuxa ipək baş örtüyü,

Paltar yumaq üçün teşt, üç qazan, sacayağı və fırın tavası,

Altı ədəd Bağdad şalı,

Dəmgilli baş örtüyü,

Ənlik və kirşanı çəkmək üçün sədəf piyaləsi,

Yunla doldurulmuş bir cüt mütəkkə, iki qat yorğan-döşək,

İki xalça, özünün çırpmaq üçün dəyənəyi ilə,

Paltar kəndiri, özünün şpilkaları ilə,

“Karabadini” (qədim Gürcüstanda müalicə kitablarının ümumi adı - M.M.),

Beş kündə halında bərkidilmiş keçi piyi,

Bir çərək həna və nar qabığına qarışmış basma – baş ağrısı üçün yaxşıdır,

Bir asım kol armudu qaxı – “bəy”in qarın ağrısına getdiyi vaxtlar müalicəvi dərmandır və sair” (Bu siyahını Yelisabet Kakaçevin ailəsində gördük, bir az dəyişikliklə D.A.Ğazarov tərəfindən “Masabəyinin duası”nda  dərc olunub, 1917-ci il, səh. 10).

 

Şərh çoxdur!

 

Bu son siyahıda vaxtın müddəti əks olunub!

 

Bura, gördüyümüz kimi, xırda və ucuz ailə əşyalarından başqa “Karabadini”dən götürülmüş reseptlər də daxil edilib. Nə gözəl paraleldir! Qədimdə əgər qıza cehizdə “Pələng dərisi geymiş pəhləvan”ı verirdilərsə, son dövrün cehiz siyahılarında ünlü Mdivanovun ünlü təqvimi xatırlanır! Bu siyahı qədim Tiflisin orjinal leksikasının tədricən necə hörmətdən düşdüyünün və necə bir varvarizmlə bizim göycək gürcü dilini  zibillədiklərinin gözəl nümunəsidir.

 

Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU