ŞƏHƏRİN DİLİ
Şəhər əhalisi daim alabəzək və rəngarəng olub. Lakin o həmişə öz dili ilə danışıb: Bu dil şəhər dili idi. Gürcü dilinin səsində-sədasında çox hallarda ərəb-fars, erməni sözləri eşidilirdi, lakin bu sözlər gürcü dilinin canlı ifadələrinə qaynayıb-qarışmışdı. Tiflis müxtəlif millətlərin hüdudlu sözlərini, onun özünəməxsus məlahətini və parlaqlığını ehtiyatla tədbiq edirdi. Tədricən bu sözlər o qədər dəyişdi və çox hallarda gürcü ifadələrində elə bacarıqla işləndi ki, bu lüğəti nə fars və nə da başqa hansısa millət yalnız özününkü kimi daha hesab edə bilmir. Və ya da ““Pələng dərisi geymiş pəhləvan”da ərəb sözləri nəyinə görə eybəcərdirlər? Deməli, Rustavelinin əsəri ərəb və tatar sözlərindən istifadə olunmasına görə alçaldılmış olar?” (Spiridon Çitorelidze: “Sakartvelos moambe” (“Gürcüstanın carçısı”), 1863-cü il, №V, səh. 11. “Gürcü kitabı” nəşriyyatının düşündüyü kimi, nəinki Spiridon Çitorelidze İlyanın deyil (Bax. İlyanın əsərlərinin 4-cü cildi, 1927-ci il, səh. 289-354), eləcə də o dövrkü xadim Mixeil Zaaloviç Kipianinin təxəllüsü idi (Bax. N.Kipiani, “Xatirələr”, “Kvali”, 1893-cü il, №15). İlya Çavçavadzenin 5-ci cildində nəşriyyat 4-cü cilddə olan səhvi düzəldib. Halbuki, dördüncü cildin nəşri zamanı da Spiridon Çitorelidzenin kimin təxəllüsü olduğunun aydınca göründüyü material da mövcud idi. Məsələn, M.Kipianinin vəfatı ilə bağlı İlyanın redaktorluğu ilə çıxan “İveriya”da nekroloq yerləşdirilmişdir, burada da deyilir ki, “Sakartvelos moambe”sində və “İveriya”da yerləşdirilmiş yazılar Spiridon Çitorelidzenin təxəllüsü ilə M.Kipianiyə məxsusdur. (Bax. “İveriya”, 1891-ci il, № 48). “Gürcü kitabı”nın redaktoru üçün aydın olmalı idi ki, diri İlya özü özünə nekroloq yaza bilməzdi.
Müxtəlif nəslin dilində və müxtəlif dillərdə danışan qədim vətəndaşların əksər hissəsi olaraq Tiflisin qıraq məhəllələrində yaşayırdılar. Burada onlar bir-birinə yaxınlaşırdılar, bir-birinin dilini öyrənirdilər və bu, daimi qarşılıqlı əlaqənin təsiri ilə Tiflisin gürcü dili də, ələlxüsus, fərdi və koloritli şəkidə vüsət alırdı.
Bu qarşılıqlı təsir onunla daha da güclənirdi ki, Tiflis nəinki təkcə Gürcüstanın sakin əhalisi üçün deyil, eləcə də kənarda olanlar üçün də mədəni, siyasi və iqtisadi mərkəz idi. Leon Meliksedbeqin məruzəsini xatırlayaq.
“Gürcü dilinin təsiri ilə Tiflisin erməni dialekti elə bir fonetik normaları yaratdı ki, ermənilər üçün də nümunəvi oldu, o qədər nümunəvi ki, tanınmış erməni yazıçısı və pedaqoq rəhmətlik Lazaros Ağayan erməni hərfi barədə özünün 1874-cü ildə nəşr olunan kitabında hərflərin eybəcərləşdirilməsini sevən “şərqli” ermənilərə öz müqabilində gürcülər tərəfindən təlimatlandırılmış tiflisli ermənilərdən nümunə götürməyi məsləhət görürdü” (Bax. “Tselisdeuli” (Gürcü Yazı-Oxu Öyrətmə Cəmiyyətinin toplusu) №1-11, 1923-1924-cü il, səh. 344. Burada Q.Sundukyansın “Pepo” pyesini, bu pyesdə xatırlanan sözlərin və ifadələrin hamısını hər bir erməni başa düşmədiyindən ermənicədən ermənicəyə tərcümə etmək istəyən erməni yazıçısı M.Darbinyanı xatırlamaya bilmərəm).
Sonralar, eləcə də Vaxuşti özünün coğrafiyasında Tiflis əhalisi barədə görək nə yazır: “...Tiflisin sakinləri Qala və Seyidabadın farsları, müsəlmanlarıdır, Qaladan kənar isə daha çox ermənilər və qismən gürcülərdir, əxlaq və davranışlarına görə gürcüdür” (“Gürcüstan coğrafiyası”, M.Canaşvilinin redaksiyası ilə, 1904-cü il, səh.73).
Elə bu mövzu, Tiflisin xüsusi şivəsi barədə, budur Petre Mirianaşvili İlyanın “İveriya”sında nə yazır: “Ümumi olaraq, şəhərli ermənilik və onunla gürcülük də yenə elə bir gürcü dilində danışır ki, böyük diqqət yetirən müşahidəçi bir neçə dəyərli sözü və sözün ahəngdarlığını tapacaq. Demək nə lazım, ehtiyatın və incəsənət işçisinin intizarında olan şəhər bizim dilin xəzinəsi çoxlu yetim mirvarisini əldə edir, yalnız olduqca çox bizim ədəbiyyatda onun yaraşıqlı və mükəmməl söhbətinin şivəsi lazımdır ki, bu da bizim həyatın başında duran vətəndaşlığımız olaraq bu hörmətə layiqdir. Əgər bu hörmətə layiq görülməsək, şəhər tavadlıq (knyazlıq - M.M.) edə bilməz” (Petre Mirianaşvili “Şəhər nə günah iş gördü?”, “İveriya”, 1900-cu il, №208).
Şəxsən mən şərq duyğusallığının bir həmsüfrə üzvü olaraq bu Tiflisin gözəl sözlərini sevirəm. Tiflisin söz və ifadələri, öz həcminə görə və spesifik durumuna görə olduqca səslidir və əfsanəlidir. Buna görə də bu dilin təsbehini yırtıcı əlimlə dağıtmıram. Hər bir ifadəyə zərifliklə qayğı göstərirəm, hər bir ayrı-ayrı sözləri tuturam və onun əvəzi olmayan sözün tapılmadığı yerə qoyuram. Bəzi rus sözlərinin yerinə başqa sözlə əhatələnmək üçün öz lüğətimə müraciət edirəm (“Tiflisin gürcü lüğəti”) və ifadə də hazırdır.
(Bir neçə nümunə gətirirəm:
Çarozi-десерт, sərğupi-отступные, satli-ведро, təmas-рейка, gülkəndə-ожерелье, şimşa-линейка, ortomel- бокал, niyazi-интерес, malali-хрупкий, calaşa-марля, leilaği-жасмин, naraci-компот, mumbaraki-новоселье, salti-холостой, güləmbəri-нагрудник).
Bizim abidələrimizin danışdığı və hazırda heç də yeni yazıların yazılışından yüklənməyən Tiflisin üzdəniraq “qaraçoxeli sözləri” - gürcücədir, dilin tərkib hissəsidir və yad sözlər deyil, onun ciyərparəsidir. Artıq da deyəcəm: Bəzi sözlər Gürcüstanın bəzi guşələrinə nisbətən Tiflisdə daha çox saxlanılıb. Buna görə də Tiflisin lüğət materialı da ədəbi gürcü dili üçün də istifadə olunsa, onda bu ədəbi gürcü dili daha xeyirdə qalardı.
Şəhər dilinin müxtəlif çalarlığı heç kimi qorxutmasın. Çox qədim vaxtlardan əldə olunan leksik material gözəlliyini də onun ümumi quruluşunda, onun ümumi təbiətində, onun ümumi sintaksisində axtarmalı olduğumuz dili eybəcərləşdirə bilməz.
Saracişvilinin kiçik, gözəl yazısı yadıma düşür:
Sırf gürcü
(filoloji traktat)
İndi gürcü dilinin pozulmasından kim şikayət etmir!
Getdi, saf gürcü, şirin gürcü dili daha yoxdur...
Kimin günahıdır? Ən ümdə yazıçılardan şikayət edirlər. Dili ən çox onların pozduqlarını deyirlər.
Bəli, haqlı məzəmmətdir, çünki gürcü yazıçısı üçün gürcü dilini bilmək nə vaxt məcburi olmayıb. Lakin dilin pozulmasında yazıçılardan başqa rus sözlərini işlətməyin savad olduğunu düşünən bizim alverçilərin də böyük günahı var.
Bundan öncə bir alverçi belə bir əhvalat danışdı:
“- Bir manufakturanın mağazasına bizim pristav daxil oldu və saroçkaları soruşdu.
- Hansı saroçkaları istəyirsən, deyə kupets soruşdu, - palatnialı, yoxsa şolkovi?
- Mən nejnad böyüməmişəm, sitə də saqlasni olaram.
Prikaşçik polkadan bir paçka saroçka götürdü və prilavkanın üstünə düzdü.
Pristav müxtəlif rəngli dörd saroçka seçdi. Lilovi, qoluboy, kariçnivı, sirenivı. Bumaqaya bükdürdü və veşlərlə dolu olan sakvoyajına qoydu.
- Başqa bir şey istəmirsinizmi, - deyə kupets soruşdu, - Novomodni yubkalıq şerstanoy materiyallarım var, sukno, lionski, barxat, fay, paduşka üzü, burso, cürbəcür şelkovı materiallar.
- Yox, nəyi istəyirdimsə, başqa yerdən aldım, - pristav cavab verdi, - saroçkalara nə verim?
Kupets çotkaya aldı: Hərəsinə dva rubli tritset, summa devid rubley dvatsat kopeyk edər.
Pristav karmana əl atdı və... Quruş-qapeyki yoxu imiş. Portsmanı evdə qoymuş olardı.
- Bağışlayın, naliçni üstümdə yoxdur. Mənə borc olsun!
- Sizi kimi kupatelə kreditlə deyil, darom da istəsə, uvajeniya edərəm, - dedi kupets”.
Nasionalistin gürcü dilinə bu cür hörmətsizliyi yaman xətrimə dəydi. Bu eybəcər əhvalatı yadımda saxladım və onu sözbəsöz yazdım.
Hirs məni boğurdu. Məgər Rustavelinin dili bu cür kasıb olub ki, bir adi əhvalatı rus sözlərini qatmasaq deyə bilməmişik?
Həmin tacirin əhvalatını götürüb gürcü dilinə tərcümə etdim və rus sözlərinin yerinə hansı gürcü sözlərini işlətdim, onu qeyd etdim.
Bax, necə alındı.
Bizim bokaul (türk-monqol sözü, bukabul, Çar Rusiyasında polis bokaulu, kiçik inzibati vahidin-qəzanın və şəhər məhəlləsinin, kiçik şəhər və qəsəbə polisinin rəisi - M.M.) parça dükanına daxil oldu və köynəkləri soruşdu.
- Hansı köynəkləri istəyirsiniz deyə tacir soruşdu, - parçadan, yoxsa ipəkdən?
- Mən zərif böyüməmişəm, çitdən də olsa mənə qəbuldur.
Nökər rəfdən bir dəstə köynəyi götürdü və piştaxtanın üstünə düzdü.
Bokaul müxtəlif rəngli dörd köynək seçdi: Süsən, lacivərd, mixəyi və yasəmən rəngli. Kağıza bükdürdü və əşya ilə dolu xurcununa qoydu.
- Başqa bir şey buyurmursunuz ki? - daxıldar soruşdu, - yenicə dəbə minmiş yubkalıq şallarım var. Mahud, məxməri, daraya, balış üzü, qanaoz, müxtəlif parçalar...
- Yox, nəyi istəyirdimsə, başqa yerdən aldım, - deyə bokaul cavab verdi, - köynəklərə nə verməliyəm?
Tacir də hesabladı: Hərəsinə iki manat altı şaa, cəmisi doqquz manat bir abbası edir.
Bokaul cibinə əl atdı və pulu yox idi, evdə unutmuş olardı.
- Bağışlayın, nəğd üstümdə yox imiş və mənə borc olsun.
- Sizi kimi müştəri nisyə deyil, müftə istəsə, xətir edərəm, - deyə sövdəgər cavab verdi.
Bu ki, sırf gürcücədir, öz ürəyimdə dedim. Lakin vay sənin düşməninin halına, mənim ki, başıma gəldi. Xətt çəkilmiş sözləri gözdən keçirəndə tamamilə tatar, fars, ərəb, erməni və latın çıxdı!
Mənim gürcüləşdirdiyim hardan gürcü olub?
Sən demə, sırf gürcü də yoxumuzdur və nə də olmayıb!
Qoy, guya da ki, saflığın özünəməxsus sintaksı deyil, özünəməxsus sözlərin olduğunu düşünən bizim düşmən sevinsin” ( “Niş”, 1907-ci il, №14).
Gürcü dilindən tərcümə: Mirzə MƏMMƏDOĞLU