Lermontovun yaradıcılığı Qafqaz ilə üzvi şəkildə sıx bağlıdır. Lermontovun Qafqazda olmasının onun yaradıcılığına nə dərəcə təsir göstərməsi məlumdur. Burada aldığı təəssürat və zəngin yerli folklor ilə tanışlıq nəticəsində onun yaradıcılığı “Mtsıri”, “Demon”un Qafqaz versiyası, “Fərari”, “Kazak beşik laylası”, “Görüş”, “İsmayıl bəy”, “Hacı Abrek” və sair kimi incilərlə zənginləşmişdir.

 

Qafqaz folkloru ilə Lermontovun maraqlanmasını və ona məftun olmasını onun populyar romantik dastan mətninin nağıl kimi nəql olunduğu “Aşıq Qərib” əsərində asanca hiss etmək olar.

 

Lermontov “Aşıq Qərib”i 1837-ci ildə Tiflis yaxınlığında hərbi hissədə olarkən yazmışdı. Əsər Lermontovun ölümündən sonra 1846-cı ildə “Вчера и сегодня” ədəbi almanaxında dərc olunmuşdu. Nağılda mənbə barəsində nə məlumat var, nə də Lermontovu bu folklor abidəsi ilə tanış edən şəxsin kimliyi açıqlanır. “Aşıq Qərib” başlığından sonra “Türk nağılı” (“Турецкая сказка”) şərhi verilmişdi. Bu məqam, demək olar ki, süjetin açıqca türk mənşəli olmasını göstərirdi və uzun müddət tədqiqatçılar arasında şübhə doğurmurdu. Lakin Lermontovun arxivi ilə tanışlıqdan sonra “Aşıq Qərib”in əlyazmasında onun türk mənşəli olması barəsində nə bir başlığın, nə də bir qeydin olması aşkar olunmadı. Müəyyən edildi ki, başlığı, eləcə də qeydi mətndə mövcud Şərq gerçəkliklərinə və türk ifadələrinə uyğun olaraq mətnin tərtibi və türk nağılı hesab edilməsi jurnalın redaktoru Soloquba məxsusdur (1). Belə bir məqam müəyyən maraq doğurmuş və tədqiqatçıların diqqətini bu əsərin yaranma mənbəyinin axtarılmasına yönəltmişdir.

 

“Aşıq Qərib” Şərqdə kifayət qədər yayılmış dastandır. O, poetik ifadənin yüksək səviyyədə ustalıqla açıqlanması ilə, qəhrəmanların nəcib simaları ilə, güclü və ilahi sevgini əks etdirməklə dinləyicinin diqqətini xüsusilə özünə cəlb edir. Cəlbedici süjetlərlə və nəsr mətninə əlavə edilmiş incə lirizmlə dolu olan şeir-mahnıların sayəsində bu dastan aşıqların ifaçılıq repertuarında sevimli əsərlər kimi özünəməxsus yer tutur. Məhz elə bu xalq ozanları-aşıqları vasitəsi ilə o, yayılaraq populyar folklor abidələrindən birinə çevrilmişdir. Bu dastanın versiyalarına Orta Asiya folklorunda: türkmən, özbək, qarakalpak, eləcə də Qafqaz şifahi xalq ədəbiyyatında: Azərbaycan, gürcü, erməni, kalmık və kabarda arasında rast gəlinir. Dastan eləcə də Türkiyə və Bolqarıstanın türk əhalisi arasında da yayılmışdır. Təbii ki, tədqiqatçıların diqqəti, hər şeydən öncə, türk versiyası üzərində dayanmışdır. Lakin bu dastanın türk versiyaları mürəkkəb süjetli geniş əsərlərdir, hər bir epizodun müstəqil hadisə kimi inkişaf etdiyi fərqli mətni əhatə edir. Dastanın nəzm hissəsi nəsr hissəsini, demək olar ki, kölgədə qoyduğundan o, Lermontovun nağıl mənbəyinə çevrilə bilməzdi.

 

Geniş süjet gərgahı bütün Orta Asiya versiyasını xarakterizə edir. Baş qəhrəmanların roman sərgüzəştlərinə paralel olaraq digər roman epizodları da tapılır ki, bu da əksər hallarda əsas süjet xəttinin yüklənməsinə səbəb olur. Bütün versiyalarda dini elementlərə bolluca rast gəlinir. Məhz elə bunlara görə bütün Orta Asiya versiyaları açıqca Lermontov mətnindən uzaqlaşmışdır.

 

Oxşarlıqların müəyyən edilməsi nəticəsində 1864-cü ildə Lermontov nağılının Atajukin tərəfindən kabarda dilinə tərcümə olunandan sonra, şübhəsiz, yaradılması mümkün olan, kabarda şifahi xalq ədəbiyyatına təsir göstərən və eyni süjetlər ilə bənzəri olan variantlarının əmələ gəldiyi kabarda versiyası da istisna olundu (2).

 

Nağılda Qərb gerçəklikləri və Azərbaycan sözləri (“ana”, “Rəşid”, “salamməleykim”, “görərsiniz” feil forması yalnız Azərbaycan dialektini xarakterizə edir (3). Bu günə kimi Azərbaycan dilində mövcud variantdan heç biri süjet olaraq Lermontovun nağılına uyğun gəlmir. Lermontovun “Aşıq Qərib”inin mətni yalnız gürcü variantları ilə olan oxşarlıqları əks etdirir. Vaxtilə İ.Andronikov (4) və S.Yaqubova (5) bu halı qeyd etmişdilər. Doğrudan da Ş.Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun folklor arxivində və Batumi Elmi-Təhqiqat Folklor Fondunda mühafizə olunan bir neçə gürcü variantı məhz elə dastanın Lermontovun nağılında verilən hissəsini əhatə edir və onda Şahsənəmə vurulana kimi aşığın həyatı əks olunduğundan bütün Azərbaycan mətni üçün xarakterik və vacib olan geniş giriş buraxılmışdır.

 

Eyni zamanda, gürcü variantları qismən Mahmudbəyov tərəfindən 1892-ci ildə yazılmış Azərbaycan mətninə uyğun gəlir. Gürcü variantlarının qeyri-gürcülüyünün əmələ gəlməsi aydındır. Bütün hər şey bu əsərləri aşıqlardan eşidən müsəlman gürcüləri tərəfindən yazılmışdır. Bu gürcü nağılçıları əsərin nəsr hissəsini gürcü dilində bizə çatdırırlar, aralarında olan şeyir parçalarını-mahnıları isə tərcümə etməmişlər. Ərazi fərqlərinə baxmayaraq, Mesxetidə yazıldığı kimi, Acarıstanda aşkar olunmuş mətnlər süjet olaraq bir-birlərindən az fərqlənir və göründüyü kimi, bir ümumi mənbədən təşəkkül tapmışdır.

 

Lermontovun nağılına uyğun olaraq, eləcə də gürcü variantlarında olduğu kimi, əhvalat Tiflisdə baş verir. Hər iki qəhrəman: Aşıq Qərib də, qəhrəman qadın Şahsənəm də (Lermontovda Mahul-Mehri) Tiflis sakinləridir. Lermontovun mətni dastan variantlarının oxşar süjet ardıcıllığına riayət edir.

 

1. Sevgililər tərəfindən əhd-peyman bağlanması. Belə ki, yeddi il ayrılıqdan sonra Qərib geri qayıdır. Əks təqdirdə Şahsənəmə (Mahul-Mehriyə) başqasına ərə getmək hüququ verilir.

 

2. Qəribin anasının narahatlığı və ağlamaqdan gözlərinin kor olması.

 

3. Şahsənəm (Mahul-Mehri) tərəfindən vaxt ötdükdən sonra Qəribin axtarılması.

 

4. Uzaq ölkədən Qəribin möcüzə yaradan atlının yardımı ilə qayıtması.

 

5. Qəribin Şahsənəmin (Mahul-Mehrinin) toy günü gəlməsi və onun toyuna aşıq kimi getməsi.

 

6. Oğlunun qayıtmasından sonra Qəribin anasının müalicə olunması.

 

7. Sevgililərin bir-birinə qovuşması və xoşbəxt sonluq.

 

Lakin süjetin bu cür quruluşu az-çox dastanın bütün variantını xarakterizə edir. Odur ki, onlar arasında fərqlər barəsində epizodlarda təsvir olunmuş hadisələr və vəziyyətlər vasitəsi ilə mühakimə yürütmək mümkündür.

 

Qeyd edildiyi kimi, Lermontovun mətni “Aşıq Qərib”in gürcü variantları kimi, qəhrəmanların Tiflis sakinləri olmasını göstərir. Axalsixe rayonunun Tatanisi kəndində 1930-cu ildə Aslan Bliadzedən yazıya alınmış mətnə uyğun olaraq “Qərib adlı məşhur aşıq şahzadə qadına – Şahsənəmə vurulur. Nişanlanır. Lakin onun qismətində olmur. Qadına deyir ki, yeddi il mənə möhlət ver, gedim pul qazanım, gəlim sonra evlənərik. Şahzadə Şahsənəm ona deyir ki, məgər mənim azmı pulum var? Ondan ötrü bir yana getmə, pulu mən verərəm. Aşıq cavab verir: “Sənin pulun mənə lazım deyil. Qorxuram ki, başıma qaxalar”.

 

Lermontovun nağılında da belədir. Varlı Mahul-Mehri Aşıq Qəribə deyir: “Проси мою руку у отца моего... и отец мой сыграет нашу свадьбу на свои деньги и градит меня столько, что нам двоем достанет”, –Хорошо, – отвечал он, – ...но кто знает, что после ты не будешь меня упрекать в том, что я ничего не имел и тебе всем объязан” (6).

 

Belə ki, kasıb Aşıq Qərib arvad pulu ilə yaşamağı özünə ar bilir və buna görə də pul qazanmaq üçün yeddi illiyinə yad ölkəyə işləməyə gedir.

 

Bütün başqa versiyalarda Qəribə pul başlıq üçün lazım gəlir. Odur ki, gürcü variantı yeganədir ki, burada Qəribin getməsi başlıq ilə əlaqədar deyildir. Aydındır ki, gürcü mühitinə düşən mətndən başlıq ilə arvad almaq adəti yad olaraq atılacaqdı. Bu baxımdan güman edilir ki, Lermontovun nağılının əmələ gəldiyi Aşıq Qəribin arvad almasının başlıqla əlaqədar olmamasının mövcud olduğu naməlum variantı da bu cür sosioloji mühitdə cərəyan etməlidir.

 

Aşıq Qəribin axtarılması epizodu da eynidir. Gürcü mətnində oxuyuruq: “Yeddi il tamam oldu, bircə gün qaldı, lakin aşıq öz sevgilisinin yanına gəlmir. Qadının valideynləri Qəribin gəlməsinə şübhə edirlər və onu başqasına vermək niyyətinə düşürlər. Şahvələd adlı birisini tapıb ona nişanlayırlar. Şahsənəm görür ki, işlər pis gedir, belə bir vasitəyə əl atır. Qəribdən hədiyyə aldığı qızıl nimçəni götürüb çarvadara verərək tapşırır: Get Hələb şəhərinə, hamını dəvət et, qızıl nimçəni şərabla doldur. Kim bu nimçəyə sahib çıxsa, deməli o aşıq olacaqdır. Mənim halımı ona söylə, həm də ona de ki, tez gəlsin, yoxsa məni ərə verirlər”. Lermontovda çarvadar (sarvan) karvan ilə alverə gedən tacir ilə əvəz olunmuşdur: “Привызает она купца к себе и дает ему золотое блюдо. “Возьми ты это блюдо, – говорит она, – и в какой бы ты город ни приехал, выставь это блюдо в своей лавке и объяви везде, что тот, кто признается моему блюду хозяином и докажет это, получит его” (7).

 

Lermontovun nağılında gürcü variantında təsvir olunan vəziyyət, demək olar ki, təkrar olunmuşdur. Qərib tərəfindən bağışlanılmış hədiyyə – qızıl nimçə ilə axtarmaq epizodu digər iki Azərbaycan variantında da vardır, lakin orada qızıl nimçə bir variantda üzükdür, o biri variantda isə məktubdur.

 

Qəribin Tiflisə gəlməsi epizodunda da vəziyyət eyni şəkildə cərəyan edir. Sürətlə gəldiyinə görə yolda atı ölür. Bu zaman Xıdır İlyas onun yanında peyda olur. Nağılçının nəql etdiyinə görə, elə həmin müqəddəs Georgi onu atın tərkinə otuzdurur, bir göz qırpımında Qərib Ərzurumda olur, ikinci göz qırpımında Qarsda, üsüncü göz qırpımında isə Kocorda və Tiflisdə olur. Lermontovun nağılında da yad atlı Qəribə yardım göstərir: “Тогда он убедился в душе, что его покровитель был не кто иной, как Хадерилиаз (св. Георгий)” (8).

 

Lermontovun Xıdır İlyas kimi yazdığı Xıdır İlyas və yaxud Həzrət Əli heç bir variantda Müqəddəs Georgi kimi eyniləşdirilməmişdir. Lermontovda yad atlı ağ ata minmişdir (Ağ at isə müqəddəs Georginin atributu kimi məlumdur). Məhdudlaşdırma da eynidir: Ərzurum-Qars-Tiflis. Belə ki, bunlar başqa versiyalarda fərqli olaraq göstərilmişdir.

 

İstifadə olunan ədəbiyyat:

1. И.Андроников, Лермонтов, 1951, с. 221.

2. С.Андреев-Кривич, Лермонтов, Вопросы творчества и биографии, 1954, с.106.

3. И.Андроников, Лермонтов, 1968, с. 252.

4. И.Андроников, Лермонтов, 1951, с. 221.

5. С.Якубова, Азербайджанское народное сказание «Ашыг-Гариб», 1963, с.177.

6. М.Лермонтов, 1969,с. 185.

7. М.Лермонтов, 1969,с. 188.

8. Elə orada, səh. 187.

(davamı növbəti sayda)

Müəllif: Mziya ÇAÇAVA

Gürcü dilindən tərcümə edən:

Mirzə MƏMMƏDOĞLU