NƏ VAXTSA AĞI QARADAN SEÇMƏYİN VAXTI GƏLƏCƏK
(Türk folklorunun estetikası və mənəvi əqidəsi)
Elizbar CAVELİDZE
İndi “Qazılıq Qoca oğlu Yegnək boyu”nu da xatırlayaq. Bu boyun süjeti sadə və düzxətlidir. Bir qayda olaraq Bayandır xanın ziyafətinə Oğuz bəylərinin toplanması və yemək-içməklə başlayır. Bayandır xanın vəziri Qazılıq Qoca şərabı başına çəkəndən sonra xandan ona hücum barədə icazə verməsini xahiş etdi, o da razılaşdı. Qazılıq Qoca qoca igidləri bir yerə topladı, dağları, dərə-təpəni keçdi və dəniz kənarında yerləşən Düzmürd qalasına çatdı və düşərgə saldılar. Bu qalanın böyüyü Arşın oğlu Dirək təkur idi. Altmış arşın boyu vardı və altmış batman da gürzdən istifadə edirdi. Onunla təkbətək mübarizədə Qazılıq Qoca məğlub oldu və on altı il qalada dustaq qaldı.
Qazılığın oğlu vardı, Yegnək. Bunu əmin etdilər ki, atan ölüb. Oğlan bəylərdən biri ilə narazılıq elədi və bu sonuncu deyir: Burada nə sözünü göyərdirsən, ərlə savaşmaq istəyirsən, get atanı qurtar, on altı ildir dustaqdır. Gənc bu xəbəri eşitcək ürəyi yerindən oynadı, Bayandır xanın yanına getdi, onun şəninə çox xoş söz söylədi və atasını xilas etmək üçün qoşun istədi. Bayandır xan iyirmi dörd sancağın bəylərini topladı, onlara Yegnəyə yoldaşlıq etməyi əmr etdi.
Burada maraqlı və diqqətəlayiq odur ki, bu epizodda əvvəlki boyda oğuzların cəngavərlik sadalamasında rast gəlməyən bəzi bəylər xatırlanır. Məsələn: Qıyan Səlcik oğlu Dəli Dondar, İlək Qoca oğlu Dülək Uran, Yağrıncı oğlu Elalmış, Doğsun oğlu Rustəm, Dəli Əvrən, Sovğan Sarı və sair. Bu ondan xəbər verir ki, vaxt ötdükcə, oğuzların mübarizə arenasına yeni nəsil gəlir, bu da öz əcdadlarının ənənəsini davam etdirir. Eyni zamanda bu fakt bizi onu düşünməyə vadar edir ki, bu boyların özü möhkəm bərqərar olunmuş ənənələrə və qaydalara uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif ozanlar tərəfindən yaradılırdı.
İlk boyun müzakirəsi zamanı qeyd etdim ki, qədim oğuzlarda yuxunun funksiyası, insanın gələcək taleyini müəyyənedici kimi yayılmış və ənənəvi olaraq qəbul edilmişdir. Yuxunun funksiyasının kökləri artıq ən qədim sivilisiyalarda özünü büruzə verir. Elə götürək, şumerlərin ən gözəl eposu olan “Bilqamıs”ın qəhrəmanları Bilqamıs və Enkidunun yuxuları elə bundan xəbər verir. Və yaxud da İncildə qənirsiz gözəl Yusifin yuxuları və sair. O cümlədən Yegnəyin və dayısı Əmənin söhbəti elə yuxudaca həqiqətin duyulmasına səbəb olur. Ala yatan dağları aşdı və irəli yatan Qara dənizə girdi və onu oxla vurmaq istəyən bir igid gözünə sataşır. Lakin bu naməlum adam onun dayısı imiş. Dayısı Yegnəyə bu qalaya hücum etməyi məsləhət görmür. Çünki onun özü yeni bayırın qurduna bənzər igidlərin müşayiəti ilə yeddi dəfə yeddi yol bu qalaya hücun etdi və onu heç bir vəchlə ala bilmədi. Lakin Yegnək elə yuxusundaca bu məsləhətə məhəl qoymur və belə cavab verir: “Birincisi, yanında beş axçalıq qorxaq atlı var idi və buna görə də qalanı ala bilmədin və ikincisi də:
Kəsə-kəsə yeməgə yəxni yaxşı.
Kəsər gündə sərçeşmə yügrək yaxşı.
Daim gəldügində dursa, dövlət yaxşı.
Bildügin unutmasa, aqıl yaxşı.
Qırımından dönməsə-qaçmasa, ərlik yaxşı, - dedi
Bu düşi Yegnək yoldaşlarına hekayət eylədi ( D.D.K., səh. 128; D.D.K., səh. 101; O.D.D.K.K., səh. 150).
Qısası, Yegnək və dostları Düzmürd qalasını mühasirəyə alırlar. Bunu duyan Arşın oğlu Dirək təkur həmin an qaladan çıxdı və rəqibini çağırdı. Bu kafir əvvəlcə Dəli Dondarı, sonra Dülək Uranı məğlub etdi. Qısası, iyirmi dörd sancağın bəyinin öhdəsindən gəldi. Nəhayət, sıra Qazılıq Qoca oğlu Yegnəyə gəldi, bu da ki, əbədi olan Tanrını şöhrətləndirdi. Bu mədhdə qədim oğuzlar tərəfindən Tanrının atributları çox dolğun verilib və təsdiq-inkar formasında, yaxud Tanrı anlayışı mövcudluğunun dərk olunması katafatik və apofatik təsvir edilmişdir. Bu geniş şeiri tamamilə verməyi özümə rəva görürəm:
“Yucalardan yucasan,
Kimsə bilməz necəsən, əziz Tanrı!
Anadan toğmadın sən, atadan olmadın.
Kimsə rizqin yemədün.
Kimsəyə güc etmədin.
Qamu yerdə əhədsən, Allahu səmədsən!
Adəmə sən tac urdun,
Şeytana lənət qıldın.
Bir suçdan ötüri dərgahdan sürdün.
Nəmrud gögə ox atdı,
Qarnı yarıq balığı qarşu tutdun.
Ululuğuna həddin,
sənin boyun-qəddin yoq!
Ya cismlə cəddin yoq!
Urduğun ulatmayan ulu Tanrı!
Basduğı bəlürtməyən bəllü Tanrı!
Götürdügin gögə yetürən görklü Tanrı!
Qaqıduğın qəhr edən qəhhar Tanrı!
Birligünə sığındım, çəlabım,
Qadir Tanrı!
Mədəd səndən! Qara donlu kafirə at dəpərəm, işümi sən onar! – dedi” (D.D.K., səh. 129; D.D.K., səh. 105; O.D.D.K.K., səh. 154).
Tanrı doğrudan da Yegnəyin işini xeyirxahlıqla yoluna qoydu və o, qara geyinmiş kafirin başını vurdu.
Dustaq olan Qazılıq Qocanı buraxdılar. Ata-oğul arasında poetik deyişmə baş verir, bunun vasitəsilə də ata başa düşür ki, onu xilas edən onun oğludur. Ata-oğul bir-birinə sarıldılar, izsiz yerin qurdları kimi ulaşdılar və böyük qənimətlə evə döndülər.
Dədə Qorqud gəldi və boy boyladı...
***
Növbəti “Basatın Təpəgözü öldürdüyü boy” onunla diqqətəlayiqdir ki, öz tematikası ilə, istərsə də motivləri ilə, elə götürək, düzüb-qoşma konstruksiyası ilə “Dədə Qorqud”un kompozisiya strukturunun qurulması zamanı möhkəm qorunan qanuna əsaslanan modelə uyğun gəlmir. Müvafiq olaraq, bu dəfə bir qayda olaraq oğuzların məşvərət toplantısı ilə, şənliklə başlayan ənənəvi proloqumuz yoxdur. Və ya da oğlun dünyaya gəlməsi, sonra onun cəsura, igidə çevrilməsi və adının qoyulması mərasimi ilə davam etməsi və nə də ata-oğlun, istərsə də ana-oğlun bir-birini xilas etməsi və kafir düşmənin məğlubiyyəti ilə bitmir ki, bu da bu eposun fikir inkişafının əsasını təşkil edir. Və oxucu, yaxud dinləyici də təbii olaraq qavrayır. Eləcə də boy tamamilə gözlənilməz məlumat-girişlə başlayır: “Bir gün Oğuz otururkən üstinə yağı gəldi. Dün içində ürkdi, köçdi” (Bax: Griam W., Kleinere Schriften, Bd. IV, Berlin, 1887, p. 428-462. Миллер В.Ф., Кавказские сказания о циклопах, Этнографическое обозрение, кн. IV, №1, 1890, стр. 26-43. В.М.Жирмунский, Огузский героический эрос и «Книга Коркута», в кн.: «Книга моего Деда Коркута», М.-Л.,1962, стр. 215-224).
Birincisi, bu girişlə anlayırıq ki, boy oğuzlar hələ öz torpaqlarında məskunlaşan zaman qədim dövrü belə nəql edir. İkincisi də, hadisə elə başlayır ki, nəyinsə baş verdiyi gözlənilir. Baş verir də. Qaçan zaman Aruz qoca kiçik oğlunu itirdi ki, bu da gələcəkdə böyük qəhrəmanlıqlar göstərməlidir. Lakin oğlanın qəhrəmanlığına toxunana kimi, daha münasibdir ki, irəlicədən qeyd edim ki, bu boyda “Təkgöz Siklopun” əhvalatı verilmişdir, bu da, az-çox fərqliliyi ilə, nağıl və ədəbi növlə Şərqin və Qərbin bir çox xalqlarının mifologiyasında, istərsə də folklorunda yayılmışdır. Buna sübut olaraq onu xatırlamaq mümkündür ki, bu süjetin 200-ə qədər yunan, italyan, fransız, alman, fin, rus variantı mövcuddur və eləcə də o, Qafqazda, Yaxın Şərqdə və Orta Asiyada geniş yayılmışdır. Homerin “Odisseya”sının IX fəslində artıq bu süjetin bədii şəkildə işlənilməsini görürük, bu da ən qədimdir, halbuki, düşündürücü haldır ki, ilkin mənbə deyildir.
Yuxarıda xatırlanan mövzunun əsas kərgahı qısaca olaraq bu cürdür: Qəhrəman tək, istərsə də dostlarının müşayiəti ilə adamyeyən Təpəgözün yaşadığı mağaraya gedir. Nahar vaxtı o bir neçə adamı şişə çəkib yeyir. Xilas olmuş qəhrəman onun gözünü yatdığı vaxt şişlə oyur. Acışmış və kor olmuş Təpəgöz mağaranın qapısı yanında dayanır və öz qoyunlarını bir-bir əlinin sığalı ilə yoxlayır və bayıra elə buraxır. Lakin qəhrəman qoyun dərisinə bürünür və beləcə özünü xilas edir. Nəhayət, bu şər qüvvənin öhdəsindən gəlir.
Bu əsas təməldir ki, onun üzərində də fərqli naxışlarla və çalarla gözəlləşdirilmiş cürbəcür fasad inşa olunur. Bu müxtəlif variantlar barədə V.V.Jirmunski (В.М.Жирмунский., adı çəkilən əsəri, səh. 216-224.) kifayət qədər geniş müzakirə edir. Buna görə də sözü uzatmayacağam, artıq qeyd etdiyim kimi, bu motiv çox qədimdir və o oğuzların folklorunda mövcud olan ən qədin köklərdən əmələ gəlmişdir. Bu əfsanənin qədimliyini o da təsdiq edir ki, o, bizə artıq XIV əsrin tarixi əsərində rast gəlir ki, bunu da əslən səlcuq (belə ki, Oğuz) olan Əbubəkr ərəbcə yazıb. Doğrudur, bu əsərdə verilən hadisə Dədə Qorqudun süjetindən fərqlənir və qəhrəman tərəfindən Təpəgözün ölümü müxtəlif səbəblərlə və məqsədlərlə şərtləndirilib. Lakin Təpəgözün özünün mənşəyinin və fiziki qüvvəsinin eyniliyi bu mövzunun hər şeydən öncə vahid mənşə köklərini şəksiz göstərir.
Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU